Məhkəmə qərarları › İş №1(002)-83/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-83/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-83/2024 29.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay (himayəsində üç azyaşlı uşağı olan), əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,223 qram, 0,211 qram və 0,165 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,599 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən “Rauf” marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə həmin çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Evdən su almaq üçün marketə getmiş, həmin marketin qarşısında polis əməkdaşları onu tutub polis bölməsinə gətirmişlər. Həmin gün o, həm də narkotik vasitənin təsiri altında olmuşdur. Ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, belə ki, o, narkotik vasitədən istifadə etsə də satışı ilə məşğul olmamışdır, tutularkən isə narkotik vasitənin təsiri altında olsa da üzərində narkotik vasitə olmamışdır. Polis bölməsində üzərindən aşkar olunaraq götürülmüş 3 büküm narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun narkotik vasitənin satışı ilə məşğul olması görüntüsü yaratmaq məqsədilə qurulmuşdur. Videoçəkiliş aparılmaqla onun üzərinə axtarış və götürmə istintaq hərəkəti keçirilərkən polis əməkdaşlarının ona çəkilişdən əvvəl verdikləri tapşırıq formasında, müdafiəçinin iştirakı zamanı təqdim olunan bütün bükümlərin ona məxsus olduğunu demişdir. Çəkiliş zamanı həmin bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Ünvanlanmış sualları cavablandırarkən isə polis əməkdaşları tərəfindən döyülmədiyini, işgəncəyə məruz qalmadığını, həmçinin məhkəməyə son sözünün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü, təqsirləndirilən şəxsin telefon məlumatlarının olduğu CD diskdə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində saat 19 radələrində əməliyyat qrupunun üzvü Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən “Rauf” marketin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyəsində şübhəli olduğunu bildirmiş, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində baş təhqiqatçı Əlizamin Ağayevin xidməti otağında, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üç ədəd gümüşü rəngli siqaret kağızında olan bükümləri çıxarmış, masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. O, öz ifadəsində təqsirləndirilən şəxsin onlara müqavimət göstərmədiyini, təqsirləndirilən şəxsə də onlar tərəfdən heç bir təzyiq göstərilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi Şahid2 və əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Qaradağ RPİ-nin 11ci PB-nə gətirilmişdir. Daha sonra Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı Əlizamin Ağayev tərəfindən xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən videoçəkiliş onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən üç ədəd gümüşü rəngli siqaret kağızında olan bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində narkoik vasitə “kokos” olduğunu bildirmişdir. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. O, məhkəmə iclasında suallara cavab olaraq təqsirləndirilən şəxsin üzərinə hər hansı narkotik vasitəni qoymadığını, təqsirləndirilən şəxsin tutulmasında iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin sabiq, 38-ci PB-nin hazırki sahə rəisi Şahid2 Şahid1 və Şahid3 ifadələri ilə eyniməzmunlu ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və digər şahidlərdən əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara narkotik vasitələrin istifadəçisi olduğunu demiş, həmçinin o, tutularkən narkotik vasitənin təsiri altında olmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan 17 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5558 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 223” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd büküm.. “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd kağız zərfdəki 03 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,223 qram, 0,211 qram və 0,165 qram, ümumi təmiz çəkisi 0,599 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bir ədəd zərfdəki ümumi sayı 03 (üç) ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin təmiz çəkisi -0,599 qram, tədqiqata sərf edildi – 0,090 qram (hər ob.dən 0,030 qram olmaqla), qalıq – 0,509 qramdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 48-49-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:15) Cinayət işinin 71-74-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və cinayət işinin 102-111-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-117-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,223 qram, 0,211 qram və 0,165 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,599 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,509 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdən görünür ki, 17 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Əlizamin Ağayevin xidməti otağında müdafiəçinin iştirakı ilə, həmçinin videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Ona hüquqları izah edilir. Əvvəlcə ona üzərində saxladığı qanunsuz maddə və ya əşyanı təqdim etməsi təklif olunur o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri masanın üzərinə qoyur. Həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, 16 oktyabr 2023-cü il tarixdə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində öz istifadəsi üçün aldığını bildirir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilir, hər hansı qanunsuz əşya və predmet aşkar olunmur. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X3, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü narkotik vasitələrin satışı ilə məşğul olmasında təqsirli bilməməsinə, həmin bükümlərin hamısının ona məxsus olmaması barədə qeyd etdiklərini özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli “Telefon danışıqlarına dair məlumatların götürülməsi” haqqında qərarının icrası həvalə edilmiş "xxxx" MMC tərəfindən cavab məktubu və ona əlavə edilmiş CD disk xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin CD diskdə olan sms mətnləri məhkəmə iclasında tədqiq edilərkən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə daxil olan mesajlardan “əmi yüngül nəyinsə var etməyə? Düzələnə kimi”, “emi qalmışam küçədə bir söz dedə” “emi düşə bilmirəm sene yol üstəyəm imkan var?” “oyaqsansa mənə zəng vurasan vəziyyətim pisdir ağrıyıram, heç nədə yoxumdu” “bir dəqiqəyə dörd manat tapıb gətirərəmdə 16 manat üstümdədi, bir deq. Səbrli olda mən başqa kimə deyim” “emi yanımda adam var, çatım yığıram. Yüz faiz götürəcəm çatan kimi” “çatdı qaqa sağol” emin ne danışırsan xesteyem men ağır yatıb qalmışam, düzəlir? Hə yox et toya gedəcəm” qaqa belə yeri varsa pulu ilə götürəye vəziyyət xarabdı” “emoğlu yığarsanda məni biraz amanat var dedim verərdim onu” və s. kimi yazışmalar olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsdən həmin mesajlarda nədən söz getdiyi soruşulmuş, lakin cavab vermək istəmədiyini bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verdiyi ifadəsində də narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Subaydır. İşləmir. Təxminən 4 ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata 3 büküm narkotik vasitə heroin almışdır. 17 oktyabr 2023-cü il tarixdə evdən çıxıb həmin narkotik vasitəni istifadə etmək üçün gedən zaman Ələt qəsəbəsi, Axundov küçəsində yerləşən “Rauf” marketin qarşısında polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan adının Tərlan olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin, qanunsuz dövriyyəsində, şübhəli olduğu bildirilmiş və onu 11-ci PB-yə gətirmişlər. Müdafiəçi gəldikdən sonra 11-ci PB-də üzərinə şəxsi axtarış keçirilərkən, könüllü olaraq, üzərindəki əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. O da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş olan bükümü çıxarmış, masanın üzərinə qoyaraq, bükümün içərisindəki narkotik maddənin heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını, öz istifadəsi məqsədilə saxladığını bildirmişdir. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik maddə olan heroinə oxşar, kütlə, aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Narkotik maddəni kiməsə satmaq və ya pay vermək niyyəti olmamış, üzərində narkotik maddə olması barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai isintaq dövründə, həm də məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etsə də, sonuncuya məxsus telefon nömrəsinə daxil olan və çıxan mesajlar bunun tam əksini göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədilə əməlini təkzib etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin SMS mətnlərinin olduğu CD disk ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 01 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq iki il keçmədən yəni 17 oktyabr 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirən və ağırlaşdıran halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 27 noyabr 2023-cü il tarixli 7758 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,509 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6, məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 01 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,509 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6, məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar