Məhkəmə qərarları › İş №1(002)-83/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-83/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-83/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 vəkili Nümayəndə iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayıram. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (qanuni təmsilçisi) direktorudur. MMC avtomobil vasitələrinin icarəsi ilə məşğul olur. " 09 sentyabr 2024-cü il tarixdə vətəndaş X6 ilə Hyundai Elantra" markalı 77RS025 qeydiyyat nişanlı avtomobilə dair 22 ay müddətinə ayda 994 manat ödəmək şərtilə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi üzrə ödənişlər tam 22 ay ödənildikdən sonra avtomobilin X3 adına sənədləşdiriləcəyi müqavilədə göstərilmişdir. X6 icarə müqaviləsinin şərtləri ilə tanış olmuş, həmin şərtləri qəbul edərək icarə müqaviləsini şəxsən imzalamışdır. Bir neçə ay icarə haqqını ödədikdən sonra icarə haqqını ödəməmiş və "xxxx" MMC-nin adından istifadə edərək kütləvi internet informasiya ehtiyatında müəssisənin və onun şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar yaymış, həmçinin şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Videogorüntüləri CD-R diski vasitəsi ilə təqdim etmişdir. Belə ki, X6 16 fevral 2025-ci il tarixdə "xxxx" MMC-nin və (qanuni təmsilçis) direktor olaraq onun - X1 işgüzar nüfuzuna xələl gətirən, onun şərəf və ləyaqətini alçaldan böhtan və təhqir xarakterli hərəkətlər edərək "YouTube", "İstagram" və "TikTok" internet ehtiyatlarında həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Göründüyü kimi vətəndaş X6 onun şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətini alçaldan məlumatlar yaymış, işguzar nüfuzuna xələl gətirən hərəkətlər etmiş, ona böhtan atmış və təhqir etmişdir. Hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi vardır və vətəndaş X6 həmin maddələrlə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmalı və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi internet informasiya ehtiyatında yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından göründüyü kimi, bu cinayətin, bilavasitə obyekti başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Cinayətin törədilməsinin əsas üsulu məlumatın internet informasiya ehtiyatında yayılmasıdır. Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma dedikdə məlumatın kütləvi nümayiş etdirilməsi başa düşülür. Başqa sözlə, məlumatın internet informasiya ehtiyatında yayılması o halda cinayət məsuliyyəti yaradır ki, həmin məlumat kütləvi nümayiş etdirilmiş olsun. Məlumatın kütləvi nümayiş etdirilməsi dedikdə, həmin məlumatın internet saytlarında, portallarında, sosial şəbəkələrdə (facebook, twitter ) yerləşdirilməsi, elektron poçt ünvanlarına göndərilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin dispozisiyasından görünür ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma dedikdə həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaltma söyməklə, nalayiq sözlər söyləməklə haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Bu cinayət formal tərkiblidir və başqa şəxsin şərəf və ləyaqətinin kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və kütləvi informasiyada nalayiq formada alçaldığı vaxtdan başa çatmış sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 nömrəli 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Sözügedən qərarın 2 və 5-ci bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilmiş ki," cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilǝ- bilə hər hansı şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür ". Həmin qərarın 6 və 7-ci bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Məhkəmələrə tövsiyə edilmişdir ki, " xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, yayılan videogörüntü onun əməkdaşlıq etdiyi şəxslərdə narahatlıq yaratmış, həmçinin oğlunun və ofisinin ön tərəfinin şəklinin paylaşılması ilə şər və böhtana məruz qalmışdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 vəkili Nümayəndə ərizənin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri A.H.Musayev tərəfindən pozulmuş, həmçinin sosial şəbəkədə paylaşılan videogörüntüdə qiymətlərlə bağlı hissə üzəri bağlanaraq paylaşılmışdır. Videogörüntünün ərazi olaraq harada hazırlanması və paylaşılması onlara məlum olmasa da videogörüntünün başlanğıcında “Musayevin şikayəti əsasında” başlığı qeyd olunmuşdur. A.H.Musayev yaydığı məlumatda X2 böhtan atmış, belə ki: “313 Cars adamları aldadır”, “dələduzluq edir” kimi ifadələr böhtan xarakterli məlumatlardır, X4 böhtan xarakterli bütün məlumatları öz şəxsiyyətinə təhqir hesab edir. Odur ki, A.H.Musayevin cinayət məsuliyyətinə cəlb edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 vəkili Müdafiəçi işin icraata qəbul edilməməsini xahiş etmiş və bildirmişdir ki, iş materiallarına əlavə edilmiş video görüntüdən müəyyən olunur ki, hər hansı şər və böhtan xarakterli məlumat yayılmayıb. Həmçinin video görüntüdə qeyd olunan hallar tərəflər arasında imzalanmış iltizamda göstərilən hallar və şirkətin əməkdaşları tərəfindən deyilən sözlər əsasında verilən məlumatlardır. Bundan başqa bu məlumatların kim tərəfindən və necə yayılmasına da qiymət verilməklə həmin məlumatların A.H.Musayev tərəfindən yayılması sübuta yetirilməlidir. Yayılan videogörüntüdə böhtan və təhqir xarakterli məlumatlar olmadığından şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş, məhkəmə işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə hazırlıq iclasında baxış keçirilmiş DVD diskdə olan videogörüntünün kim tərəfindən yayılması ilə bağlı sübutedici dəlillər mövcud olmadığı kimi, həmin videogörüntüdə tərəflər arasında bağlanmış müqavilənin bəndlərinin yayımlanmasının məhz X6 tərəfindən xəbər saytının sifariş verildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə şikayət ərizəsində A.H.Musayevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl iş materiallarında olan dəlillərlə öz təsdiqi tapmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar