Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-84/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, 18 oktyabr 2023-cü il tarixdə, saat 02.35 radələrində Qaradağ RPİ-nin 38-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən 7 saylı binanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol qol cibindən 01 ədəd kağız bükümün içərisində təmiz çəkisi 0,240 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 0,442 qram ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddələrin qəbulu ilə məşğul olur. Qeyd edilən tarixdə atasının yaşadığı ünvana gedirmiş.Həmin vaxt üzərində bir büküm metamfetamin və bir büküm marixuana olmuşdur.Yolda hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşmış və üzərində olan narkotik vasitələri aşkar etmişlər.Narkotik vasitəni şəxsi istifadəsi üçün Elçin adlı şəxsin vasitəsilə tanımadığı iran vətəndaşından almışdır Törətdiyi əməldən peşmandır.Evlidir və himayəsində 2 azyaşlı uşağı var.Qeyd edilənlərin nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza veriməsini xahiş edir.. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 38-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə Şahin adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qəbulu, daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Məlumat rəhbərliyə mərruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və qrupun üzvü Rafiq Mirzəyevlə birlikdə təxminən gecə saat 03.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən 7 saylı binanın qarşısında zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını və adının Şahin olduğunu bildirmişdir. Həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün bölməyə gətirilmişdir. Müdafiəçinn və təhqiqatçının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və onun üzərindən bir bükümdə marixuana, bir bükümdə metamfetamn aşkar edilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş kompakt diskdəki videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X1, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkilli Şahid1 və həmin bölmənin sahə inspektoru Rafiq Mirzəyevin iştirakları ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol qol cibindən iki ədəd bükülünü çıxarıb təqdim edir. Həmin bükümlər açılaraq baxış keçirilir və bükümün birinin içərisindən şəffaf, kristal şəklində olan maddə, digərindən ot şəlində maddə aşkar olunur. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1451-6/5586 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,442 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,240 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.Metamfetamin təmiz çəkisi - 0,442 qram, tədqiqata sərf edildi - 0.05qr., qalıq-0,392 qr.Marixuananın təmiz çəkisi -0,240 qram, tədqiqata sərf edilən miqdar- 0,05 qram, qalıq - 0,190 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin xx.xx.2023-cü il tarixli, 8187 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0.240 qram 01 ədəd bükümdə olan narkotik vasitə-qurudulmuş marixuana və təmiz çəkisi 0,442 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,392 qram 01 ədəd bükümündə olan hissəsi və həmin qurudulmuş marixuananın tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,190 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 oktyabr 2023-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdlrması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdlrması cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olması, himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, himayəsində iki azayaşlı uşağın olmasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 18 oktyabr 2023-cü il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,190 qram narkotik vasitə marixuna və 0,392 qram psixotrop maddə metamfetamen məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 39 (otuz) saata görə 234 (iki yüz otuz dörd) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 88 (səksən səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,190 qram narkotik vasitə marixuna və 0,392 qram psixotrop maddə metamfetamen məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 39 (otuz) saata görə 234 (iki yüz otuz dörd) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-84/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-84/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver