Məhkəmə qərarları › İş №1(002)-85/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-85/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-85/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Şahid məxsus, sonuncunun razılığı ilə avtotəmir işi ilə məşğul olduğu həyətyani sahədə yerləşən avtomobillərin təmiri emalatxanasında, Zərərçəkmiş şəxs Şahid tərəfindən təmir edilməsi üçün saxladığı "Honda CRV" markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində quraşdırılmış səs boğucusunun içərisindən tamah məqsədilə 01 ədədinin dəyəri 650 manat, 01 ədədinin dəyəri isə 700 manat olan 02 ədəd katalizatorları söküb Zərərçəkmiş şəxs ümumilikdə 1350 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lökbatan qəsəbəsində Xələf ustanın yanında təqribən 7-8 il olar ki, köməkçi kimi çalışmışdır. xx.xx.2022-ci il tarixdə Xələf ustanın tanışı “Honda CRV” markalı avtomobili təmir məqsədilə Xələfə təhvil vermişdir. Xələf usta 8-ci kilometr bazarına material almaq üçün getdikdə Rövşən Xələf ustanın ona tapşırdığı işləri görmüşdür. O, “youtube” sosial şəbəkəsində katalizatorların yüksək qiymətə alışı barədə məlumat əldə etdikdən sonra Rövşənin avtomobilin üzərində iş görməklə məşğul olmasından istifadə edərək, həmin avtomobilin katalizatorunu sökmək qərarına gəlmişdir. Lakin bu barədə Rövşənə heç nə deməmişdir. Daha sonra səsboğucunun daxilində olan iki ədəd katalizatoru söküb həyətin kənarına qoyduqda Rövşən ondan həmin hissələr barədə soruşduqda ona sadəcə ehtiyat hissəsi olduğunu bildirmişdir. Təxminən sentyabr ayının 5-də müştəri avtomobilini apardıqdan sonra Xələfə zəng edərək avtomobildə injektorun işığının yandığını bildirərək avtomobilin düz işləməməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə polisə çağırılmışlar və orada onlara avtomobilin sahibinin oğurluq barədə ərizə verdiyi bildirilmişdir. Həmçinin həmin oğurluq hadisəsinin Xələfə məxsus kameralar vasitəsilə qeydə alınması da onlara deyilmişdir. Bu hadisəni tək törətdiyini və oğurladığı katalizatorları Xırdalan qəsəbəsində səyyar əlvan metal qəbuluna tanımadığı şəxsə 300 manata satdığını bildirmişdir. Oğurluq etmə səbəbi kimi şəxsi problemlərinin və maddi sıxıntıların olmasını göstərmişdir. Polis bölməsinə gətirilən zaman orada ona qarşı fiziki zorakılıq və işgəncə hallarına yol verilməmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, “HONDA CRV” minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsində və arxa sağ qapısında təmirə ehtiyacı olduğundan Lökbatan qəsəbəsində, öz evində fəaliyyət göstərən Xələf adlı ustaya müraciət etmişdir. Xələf maşına baxıb görəcəyi təmir işlərinin ümumilikdə 650 manat olacağını demiş və o, xx.xx.2022-ci il tarixdə avtomobilini təmir üçün Xələf ustaya təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00-da zəhmət haqqı pulunu ödəyib avtomobili Xələfdən götürmüş, avtomobili sürüb həyətə gətirəndə injektorun işığının yandığını görmüş, əvvəlcə maşında olan yanacağın keyfiyyətini itirməsi səbəbindən həmin işığın yandığını düşünmüşdür. Həmin gün axşam şəhərə gedərək avtomobilinə yanacaq doldurmuş, lakin işığın sönmədiyini müşahidə etmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə təkrar “Honda” servis mərkəzinə getmişdir. Avtomaşını orada yoxladıqdan sonra katalizator adlanan hissənin işləmədiyini bildirmişlər. Xələfə zəng edərək bu barədə məlumat vermiş, axşam saatlarında isə Xələfin təmir işləri aparan yerə gəlmişdir. O da Xələfin həyətində olan müşahidə kamerasına baxış keçirərkən ona məxsus avtomobilin səsboğucusunun daxilindən katalizatorun usta tərəfindən oğurlanmasını müəyyən etmişdir. xx.xx.2022-ci il tarixdə “Honda” servis mərkəzinə getmiş, katalizatorun yerləşən hissəni açdırmış, həqiqətən hər iki katalizatorun yerindən çıxarıldığını müəyyən etmişdir. O, yenidən Xələfə zəng etsə də, Xələf telefona cavab verməmişdir və məcbur olub 102 xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermiş, sonra isə 10-cu polis bölməsinə ərizə yazmışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında qeyd etmişdir ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Lökbatan qəsəbəsi, massiv 4, döngə 2, ev 11 ünvanında özünə məxsus həyətyanı sahədə avtomobillərin təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Rüfət adlı qəsəbə sakini özünə məxsus “Honda” CRV markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmirə ehtiyacı olduğu üçün ona məxsus avtomobil təmiri sexinə gətirmişdir. Rüfətlə qiymət danışdıqdan sonra avtomobili ona təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə material almaq üçün 8-ci kilometr bazarına getdikdə yanında rəngsaz işləyən Rövşənə avtomobildə bəzi işlərin görməsini tapşırmışdır. Həmin vaxtı Elnur da həyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə avtomobili təmir edib Rüfətə qaytarmış, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rüfət onlara gələrək avtomobilinin onun həyətində dayanan zaman səsboğucusunun daxilindən katalizatorunun oğurlandığını bildirmişdir. Belə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu bildirsə də daha sonra quraşdırdığı müşahidə kamerasına baxdıqda Elnura həmin avtomobillə bağlı iş tapşırmamasına baxayaraq, onun da Rövşənlə birlikdə avtomobilin üzərində iş görməsini müəyyən etmişdir. Daha sonra Rüfət bu barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında Şahid ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, ona aid avtomobil təmiri sexində çalışır və ilk dəfədir ki, belə hadisə ilə qarşılaşır. Həmçinin qeyd etmişdir ki, onda olan məlumata görə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş zərər tam ödənilmişdir və onlar barışmışlar. Cinayət işinin 1-ci vərəqəsində olan 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 31-ci vərəqəsində olan 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:45-də tutulmuşdur. Cinayət işinin 71-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin 88-90-cı vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 122-ci vərəqəsində olan 21 oktyabr 2022-ci il tarixli əşyanın götürülməsi haqqında qərardan görünür ki, Şahid təqdim etdiyi cd disk maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Cinayət işinin 133-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 9/7530 nömrəli rəyində göstərilir ki, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqındaqərarda göstərilən 2014-cü il buraxılışlı, “Honda” markalı, “CRV24RVİ” model, 99GP250 dövlət qeydiyyat nişanlı minik avtomobilinə məxsus katalizatorların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ayrı-ayrılıqda nəzəri hesablama yolu ilə təminən 1 ədəd 18150R5A000 seriyalı katalizator 650,00 manat, 1 ədəd 18190R5AA00 seriyalı katalizator 700,00 manat müəyyən edilir. Cinayət işinin 132-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 145-147-ci vərəqələrində olan cinayət işi üzrə əməlin tövsif edilməsi və şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 152-ci vərəqəsində olan 24 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 166-167-ci vərəqələrində olan həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş, o dərhal Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 168-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli, 16 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon, Lökbatan qəsəbəsi, massiv 4, ev 3-də qeydiyyatdadır və yaşayır. Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon İcra hakimiyyəti Başçısının X1 ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət materialı daxil olmamışdır. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 182-186-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə oğurlanmış əmlak əldə edilmədiyindən həmin əmlakın dəyəri Zərərçəkmiş şəxs və xx.xx.2022-ci il tarixli 9/7530 nömrəli ekspert rəyində göstərildiyi kimi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, görüntü mobil telefonun daxilində qeydə alınıb və digər mobil telefonla çəkilib. Həmin görüntüdə bir nəfər şəxs müşahidə edilir. Təqsirləndirilən şəxs həmin görüntülərə baxdıqdan sonra avtomobilin Zərərçəkmiş şəxs məxsus avtomobil olduğunu görüntüdə əks olunan şəxsin yəni avtomobilin qabaq və sağ tərəfinə hərəkət edən şəxsin o olduğunu təsdiqlədi. Həmçinin avtomobilin qarşısında və sağında əks olunan video görüntüdə avtomobilin səsboğucusunun daxilindən katalizatorları oğurladığını qeyd etdi. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, onun 22 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək yəni 02 (iki) ay 02 (iki) gün həbsdə olma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 04 (dörd) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin maddi sübut və ekspertiza xərci bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək yəni 02 (iki) ay 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar