Məhkəmə qərarları › İş №1(002)-85/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-85/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-85/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, evli, işsiz, 2-ci qrup əlil, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, cəzasının əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmış və 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 05 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Məcburi Köçkünlər şəhərciyi 4 nömrəli binanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş polis şöbəsində xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 0.357 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin 23 yanvar 2024-cü il tarixli məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o İİ qrup əlil olmaqla 17 yaşından narkotik vasitələrdən istifadə edir. Həmin gün səhər saat 11- 12 radələrində yaşdığı Müşfiqabad qəsəbəsində evdə olarkən qapı döyülmüş və qapını açarkən polis əməkdaşları evə daxil olmuşlar. Bu zaman həmin evdə ondan başqa Sevinc və Azər adlı iki nəfər tanışıda olmuşdur. Onlar birlikdə narkotik vasitədən istifadə edirdilər. O polis əməkdaşlarının içəri daxil olduqlarını görüb salfetkanın içərisində olan “kakosu” və “patını” pəncərədən çölə atmışdır. Bunu görən polis əməkdaşları o cümlədən sahə inpektoru olan Emin adlı polis əməkdaşı onu döyərək evdə olan tanışları ilə birlikdə onu 10-cu PŞ-ə gətirmişlər. Məhkəmənin 18 aprel 2024-cü il tarixli sonuncu iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində Məcburi köçkünlər şəhərciyində yaşayırmış. Narkotik vasitələrdən istifadə etmişdir. Əvvəllər məhkum olunmuşdur. O, 2023-cü ildə azadlığa buraxılmışdır. Uşaqlıqdan fiziki qüsuru olmaqla İİ qrup əlildir. 05 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Müşviqabad qəsəbəsində yaşadığı binanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının olmasını deyib onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsinə gələndən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Ona üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi deyilmişdir. O da video çəkilişin aparılmasına etiraz etməmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərində qanunsuz əşya, maddə olması soruşulmuş və əgər varsa, təqdim etməyi təklif edilmişdir. O da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli selofan kağızına bükülmüş bir ədəd bükümü masanın üzərinə qoymuşdur. Ondan həmin maddənin nə olması və haradan əldə etməyi barədə suallar veriləndə o da həmin bükümün narkotik vasitə "kakos", yəni heroin olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bildirmişdir ki, həmin narkotik vasitəni 05 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsindən tanımadığı şəxsdən 20 manata almışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. O öz ifadəsində son olaraq törətdiyi əməldən səmimi peşman olduğunu, ikinci qrup əlil olmaqla bir uşağa görə aliment ödəməsini nəzərə alaraq məhkəmədən ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti olmamışdır. O, 05 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, şöbənin sahə inspektoru Fuad Fǝrǝcullayevin iştirakı ilə əməliyyat qrupu yaradılmışdır və həmin əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Müşviqabad qəsəbəsi Məcburi Köçkünlər şəhərciyi 4 saylı binanın yanına getmişlər. Saat 17:30 radələrində həmin ərazidə onlar müşahidələr aparmışlar. Müşahidələr nəticəsində Təqsirləndirilən şəxs həmin ünvanda binanın yanında olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə olması ilə bağlı məlumatla əlaqədar onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar polis şöbəsinə gəlmişlər. Şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçi dəvət ediləndən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah etdikdən sonra polis şöbəsində videoçəkiliş vasitəsilə onun üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkiliş Fuad Fǝrǝcullayev tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya yaxud əşyalar varsa könüllü təqdim etsin. Bu zaman o, könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofanın içərisinə bükülmüş halda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütləni masanın üzərinə qoyaraq özünə məxsus olduğunu, 05 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin selofan açıldıqda müəyyən edilmişdir ki, içərisindəki qəhvəyi rəngli, iyisiz, toz halında narkotik vasitə heroinə bənzər kütlədir. Həmin kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır və möhürlə bağlanılmışdır, iştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru polis baş leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5225 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N222" dairəvi möhür eksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs "yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,357 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi- 0,357 qram, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,307 qr. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 16 dekabr 2023-cü il tarixli, 8255 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 11 dekabr 2023-cü il tarixli, 3442 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi mənşəli emosional-labil pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təhqiqatçı O.Ocaqov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyriqanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edib masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən içərisində spesifik iyə malik toz şəkilində qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təhqiqatçı O.Ocaqov şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs də həmin bükümün içərisindəkinin kakos, yəni narkotik vasitə heroin olduğunu, həmin gün, yəni 05 oktaybr 2023-cü ildə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilərək iştirakçılar tərəfindən protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş №106455 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıdan müddətsiz olaraq İİ qrup əlildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü və xəsarətlər aldığını bildirdiyinə görə bu xususatların araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna rəsmi qaydada müraciət edilmişdir. Qaradağ Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 tərəfindən 31 yanvar 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək ona xəsarət yetirilməsi barədə verdiyi məlumat öz təsdiqini tapmadığından Azərbaycan Respubliakası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmsı rədd edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, cəzasının əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmış və 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olması və İİ qrup əlil olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 05 oktyabr 2023-cü il tarixdə, saat 17:30-da tutulmuş və 07 oktyabr 2023-cü il tarixdə, saat 15:10-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə vəsatət Qaradağ Rayon Prokurorluğu tərəfindən rədd edilmiş, Qaradağ rayon RPİnin İŞ-nin mütəntiqi Ülvi Abdullayev tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Daha sonra təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun barəsində müstəntiq tərəfindən axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, 06 noyabr 2023-cü il tarixdə saat 01:10-da Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmiş və onun barəsində Qaradağ Rayon Məhkəməsinin 08 noyabr 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.307 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 gün (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 06 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan və tədqiqatdan sonra ümumi qalıq çəkisi 0,307 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar