Məhkəmə qərarları › İş №1(002)-86/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-86/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-86/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, 10.01.2022-ci il tarixdə saat 21.30 radələrində Qaradağ RPİ-nin CAŞ-ın əməkdaşları xidmətdə olduqları zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin yanında olan zaman psixotrop maddələrin təsiri altında olması ilə bağlı şübhəli olduğu üçün saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,490 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, fərdi qaydada ev təmirində elektrik ustası işləyir. Təxminən hadisədən 2-3 ay əvvəl olar ki, patı deyilən psixotrop maddə qəbul etmişdir. Psixotrop maddəni müxtəlif şəxslərdən əldə etmiş, lakin yeni başladığı üçün elə də çox istifadə etməmişdir. Sonuncu dəfə 10 yanvar 2022-ci il tarixdə səhər saatlarında Lökbatan qəsəbəsində olan marketlərin birində whatsapp nömrəsi ilə danışdığı əvvəllər tanımadığı şəxsin verdiyi hesab nömrəsinə “Milliön” aparatı vasitəsilə 40 AZN pul göndərmişdir. Bir neçə saat sonra 01 (bir) ədəd bükümdə olan patı deyilən psixotrop maddəni Lökbatan qəsəbəsində yerləşən 233 saylı tam orta məktəbin yanında yerdən götürüb çəkdiyi siqaretin qutusunun içərisinə qoyub orada gizlətmişdir ki, münasib zamanda istifadə etsin. Həmin gün, yəni 10 yanvar 2022-ci il tarixdə saat 21:30 radələrində Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin yanında olan zaman mülki geyimdə iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Daha sonra onu narkotik vasitə və psixotrop maddələrin daşınması və istifadəsində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O da polis əməkdaşlarına etiraz etməmişdir. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməsini bildirmişdir. O da əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 qutu “Rothmans” markalı siqaret qutusu, sağ yan cibindən isə üzərində olan 26 manat pul və 01 ədəd alışqanı çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı siqaret qutusunu açmış, siqaret qutusunun içərisində siqaret dənələrinin arasında 01 ədəd ağ rəngli sellofan bükümü götürüb açmışdır. Həmin büküm açılmış, içərisində ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Bükümün içərisində olan maddənin patı olduğunu, bu gün yəni, 10 yanvar 2022-ci il tarixdə əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. O ifadəsində qeyd etdiyi whatsapp nömrəsini təqdim edə bilməmiş, çünki telefonu xarab olmuş, whatsapp proqramı silinmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2009-cu ildən və hazırda tutduğu vəzifədə isə 2020-ci ildən xidmət aparır. 10 yanvar 2022-ci il tarixdə saat 21.30 radələrində Qaradağ RPİ-nin CAŞ-in kiçik inspektoru Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət olan zaman Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin yanında bir nəfər şəxsin psixotrop maddə və psixotrop maddələrin sərxoşluğunda şübhəli bilindiyi üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində raport yazdıqdan sonra Təqsirləndirilən şəxs PB-in təhqiqatçısı, polis baş leytenantı Orxan Ocaqov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunu, sağ yan cibindən isə 26 manat pul, 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Pul Təqsirləndirilən şəxs qaytarılmış, siqaret qutusunun içərisinə baxış keçirilmiş, içərisində siqaret dənələri və 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılmış, sellofan bükümün içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan psixotrop maddəni tanımadığı “whatsapp” nömrəsindən 40 manat Milliön aparatından göndərməklə almışdır. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə onlara qarşı müqavimət göstərib hadisə yerindən qaçmaq istəsə də tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsindəki 233 saylı tam orta məktəbin yanında saxlanılaraq Polis bölməsinə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli 6/147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 222” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,490 qr. ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,490 qram, tədqiqata sərf edildi-0.05qram, qalıq-0,440 qram. Ekspertiza tədqiqatının dəyəri 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 21 yanvar 2022-ci il tarixli 270 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.490 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,440 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyriqanuni əşya (lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunu, sağ yan cibindən isə 26 manat pul, 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Pul Təqsirləndirilən şəxs qaytarılmış, siqaret qutusunun içərisinə baxış keçirilmiş, içərisində siqaret dənələri və 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılmış, sellofan bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 10.07.2012-ci il tarixdə doğulmuş X4 və 06.03.2014-cü il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, psixotrop maddənin növünü və miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 10 yanvar 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 12 yanvar 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,440 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,440 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar