Məhkəmə qərarları › İş №1(002)-86/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-86/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-86/2023 04.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış, habelə cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Belə ki, o, satış məqsədi olmadan və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürmək məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,037 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımaqla, həmin narkotik vasitəni cəzaçəkmə müəssisəsində saxlanılan qohumu, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə 13 (on üç) il azadlıqdan məhrum edilmiş məhkum Şahid2 yoxlamadan gizlətməklə ötürmək məqsədilə bir ədəd sellofan paketdə qablaşdırıb ağız boşluğunda gizlədərək xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən AR ƏN PX-nin 8 saylı CÇM-nə sonuncu ilə görüş üçün müraciət etdikdən sonra cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda keçirilmiş axtarış və götürmə zamanı ağız boşluğunda gizlətdiyi həmin çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyündən bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, qohumluq əlaqəsi olan Şahid2 törətdiyi qəsdən adam öldürmə cinayət əməlinə görə məhkum olunmuş və hal-hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Rəsulla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Rəsul cəzaçəkmə müəssisəsinə 2018-ci ildə göndərilmişdir. Belə ki, Rəsul cəzaçəkmə müəssisəsində olan zaman 2022-ci ilin iyun ayının əvvəllərində, axşam saatlarında onunla yaxınlıqda qalan qohumumun evinə zəng edərək danışmaq istədiyini bildirdiyinə görə həmin vaxt onunla ev telefonu ilə danışmışdır. Rəsul hal-əhval tutduqdan sonra yanına gəlməyini istəmiş və söhbəti olacağını demişdir. İlk dəfə 2022-ci ilin iyun sonlarında, hal-hazırda dəqiq xatırlamadığı gündə Rəsulla görüşmək üçün 8 saylı cəzaçəkmə müəssisəsinə getmişdir. Müəssisəyə gedən zaman ilk dəfə ona yeməklər aparmışdır. Həmin vaxt orada yoxlama olduqdan sonra Rəsulla görüşə icazə verilmişdir. Danışıb söhbət etmişlər. Söhbət zamanı Rəsul bildirmişdir ki, qardaşı İslamla görüşməlidir, İslamın verəcəyi dərmanları ona gətirib verməlidir. Həmin vaxt Rəsuldan nə dərmanlarını gətirməyi istədiyini soruşduqda o, demişdir ki, həmin dərmanlar ağrıkəsici adi aptekdə satılan dərmanlardır. Həmçinin o, qeyd etmişdir ki, İslam ona bir ədəd bükümdə dərman verəcək, həmin dərmanı gizlin şəkildə gətirib ona verməlidir. Nəyə görə həmin dərmanı ağzında, gizlin gətirmək lazım olduğunu ondan soruşduqda, Rəsul demişdir ki, güclü dərman olduğuna görə buraxılmaya bilər, ona görə də ağzında gizlin gətirməyi ondan istəmişdir. Həmçinin həmin vaxt Rəsulla danışıq belə olmuşdur ki, İslam zəng edib dərmanları gətirəcək. Soruşmuşdur ki, İslam özü nə üçün dərmanları gətirmir. Rəsul İslamın məhkəmə işi olduğuna görə gələ bilməyəcəyini demişdir. Bundan sonra cəzaçəkmə müəssisəsindən çıxıb evinə getmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saat 22-23 radələrində İslam hal-hazırda dəqiq xatırlamadığı mobil nömrədən istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edib Rəsulun dediyi dərmanları səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Koroğlu metrostansiyasının çıxışında verə biləcəyini bildirmişdir. Onunla razılaşmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat təxminən 09:30 radələrində Koroğlu metrostansiyasının çıxışında İslamla görüşmüşdür. İslam Rəsul dediyi dərmanları vermişdir. Belə ki, o, bir ədəd kiçik ölçülü sellofan bükümü çantanın üzərinə qoyub demişdir ki, saxla özündə Rəsula verəcəksən. Həmçinin İslam da həmin vaxt demişdir ki, verdiyi bir ədəd sellofan bükümü ağzına qoyub gizlətməklə cəzaçəkmə müəssisəsinə keçirib Rəsula versin. Həmin bükümü elə oradaca ağzına qoyub dişlərinin arasında sıxıb gizlətmiş, digər dərmanları isə, yəni Rəsulun tapşırığına əsasən aldığı 1 ədəd karvalol, 2 ədəd listdə spazmaqol, 2 ədəd listdə mezim, 01 ədəd listdə validolu çantasına qoymuşdur. Koroğlu metrostansiyasından Qaradağ rayonu 8 saylı cəzaçəkmə müəssisəsinə gəlmişdir. Həmin vaxt Rəsula meyvə, yemək, siqaret, sular gətirmişdir. Müəssisəyə daxil olduqdan sonra xüsusi ayrılmış otaqlardan birində üzərinə və çantaya baxış keçirilmişdir. Çantada olan yemək, su, siqaret, meyvəyə və qeyd etdiyi 1 ədəd karvalol, 2 ədəd listdə spazmaqol, 2 ədəd listdə mezim, 01 ədəd listdə validol dərmanın baxış keçirilmişdir. Baxış zamanı ağzını açmağı da tələb edilmişdir. Ağzını açdıqdan sonra dişlərinin arasında sıxdığı, İslamın verdiyi bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümü ağzından çıxarıb yoxlayıcıya təqdim etmişdir. Digər əməkdaşların iştirakı ilə bir ədəd sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı ağzında saxladığı həmin bir ədəd sellofan bükümün içərisində nə olduğunu soruşduqda, hal-hazırda ifadəsində göstərdiyi kimi olanları danışmışdır. Heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, yaxud da satışı ilə məşğul olmamışdır. Yalnız Rəsulun tapşırığı ilə ona ağrıkəsici dərman lazım olduğunu dediyi üçün və həmin dərmanı İslamdan götürüb gizlin şəkildə, cəzaçəkmə müəssisəsinə keçirməyini tapşırdığı üçün bunu etmişdir. Həmin bükümün içərisində narkotik vasitə və ya hər hansı bir qadağan olunmuş kütlə olduğunu bilməmişdir. Həmin kütləyə baxış keçirildən sonra və rəy alındıqdan sonra bilmişdir ki, həmin kütlə narkotik vasitə heroindir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olduğunu, oğlu X7 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edildiyini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid3 öz ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2011-ci il tarixdən ədliyyə orqanında, 8 saylı cəzaçəkmə müəssisəsində isə 2019-cu il tarixdən xidmət aparır. xx.xx.2022-ci il tarixdə, saat 11.30 radələrində Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə cəzaçəkən məhkum Şahid2 ilə qısa müddətli görüşə gəlmişdir. Təqsirləndirilən şəxs gətirdiyi sovqata və üzərinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs sovqatın içərisində və üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və bu barədə iltizam alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərinə axtarış, baxış keçirilərkən ağzının içərisindən bir ədəd ağ sellofana bükülmüş narkotik vasitəyə bənzər, spesifik iyə malik maddi aşkar edilmişdir. Həmin maddə götürülərəkən protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid4 və Şahid5 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını hazırda 8 saylı cəzaçəkmə müəssisəsində çəkir. Təqsirləndirilən şəxs ilə aralarında qohumluq əlaqələri vardır. Bundan başqa onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində, axşam saatlarında cəzaçəkmə müəssisəsindən qohumunun evinə zəng edərək Liana ilə əlaqə saxlamışdır. Liana ilə söhbət edib yanına gəlməyini istəmişdir. İlk dəfə 2022-ci ilin iyun ayının sonlarında, hal-hazırda dəqiq xatırlamadığı gündə Liana görüşmək üçün 8 saylı cəzaçəkmə müəssisəsinə gəlmişdir. Müəssisəyə gələn zaman o, yemək də gətirmişdir. Danışıb söhbət etmişlər. Söhbət zamanı Lianadan xahiş etmişdir ki, ağrıkəsici adi aptekdə satılan dərmanlardan karvalol, spazmaqol, mezim, validolu alıb gətirsin. Səhhəti ilə bağlı biraz problemlər olduğuna görə görüşə yanına gələcək yaxınlarına, tanışlarına da həmin dərmanlardan alıb gətirməklərini xahiş etmişdir. Bundan sonra Liana çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Liana yanına gəlməli olmuşdur. Həmin gün sonradan öyrənmişdir ki, Liana yanına görüşə gələn zaman üzərinə baxış keçirilmiş və ağzında qadağan olunmuş maddə saxladığına görə saxlanılmışdır və sonradan öyrənmişdir ki, həmin maddə bir ədəd bükümdə narkotik vasitə heroin olmuşdur. Əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır, ondan ifadəsində göstərdiyi dərmanları gətirməyini xahiş etmişdir. Başqa heç bir şey istəməmiş, nə də ki, İslamla görüşməyini xahiş etməmişdir. Hesab edir ki, Liana özü narkotik vasitə istifadə etdiyinə görə ağzında gizlədibmiş. Heç vaxt narkotik vasitə və ya digər maddələrdən istifadə etməmişdir. Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, ünvan 3 ünvanda faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşayır. Astma-bronxit xəstəliyindən əziyyət çəkir. İfadəsinin müstəntiq tərəfindən komputer vasitəsilə yazılmasına heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs qardaşı Rəsulun qohumudur, bundan başqa onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Şahid2 ögey qardaşıdır. Rəsul qəsdən adam öldürmə cinayətinə görə hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Rəsul cəzaçəkmə müəssisəsində olan zaman 2022-ci ilin may ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə, bir dəfə də 2021-ci il tarixdə, dəqiq xatırlamadığı tarixdə Rəsulun yanına görüşə getmişdir. Həmin görüşlərdə də Rəsula ehtiyacı olan geyim, ərzaq və siqaret aparmışdır. 02 iyul 2022-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Rəsulun yanına görüşə gedəcəyini deyib ona nə köməklik üçün yol pulu, həm də Rəsul istədiyi bəzi şeyləri almaq üçün pul lazım olduğunu demişdir. Razılaşmışlar ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Keşlə qəsəbəsində, yaşadığı evin yaxınlığında görüşsünlər, ona pul versin. Belə də olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Liana Keşlə qəsəbəsində yerləşən “İlahə” gözəllik salonunun qarşısında olduğunu demişdir. Həyat yoldaşı Akifə Abbasovadan 200 manat pulu Lianaya göndərmişdir. Həyat yoldaşına tapşırmışdır ki, pulu Lianaya verib qayıtsın. Akifə pulu Lianaya verib qayıtdıqdan sonra Liana zəng edib həyətdə ayaqyoluna getmək istədiyini bildirmişdir. Buna etiraz edib icazə verməmişdir. Eyni zamanda həmin vaxt Liana xahiş etmişdir ki, onun üçün taksi sifariş etsin. Evdə olan zaman Lianaya taksi sifariş etmişdir. Taksi onu “İlahə” gözəllik salonunun qarşısından 8 saylı cəzaçəkmə müəssisəsinə aparmalı idi. Pulu isə Liana ödəməli idi. Bundan sonra taksi sürücüsünü telefondakı “bolt” proqramı ilə izlədiyinə görə dayandığını görmüşdür. Zəng edib nə üçün avtomobili saxladığını sürücüdən soruşduqda, tanımadığı taksi sürücüsü Liananın mağazaya getdiyini, buna görə avtomobili saxlayıb onu gözlədiyini demişdir. Bundan sonra taksini izləmiş və cəzaçəkmə müəssisəsinə çatdığını görmüşdür. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə məlumat almışdır ki, Liana ögey qardaşı Rəsula ağzında narkotik vasitə keçirdiyinə görə saxlanılmışdır. Hadisə ilə bağlı deyəcəkləri bu qədərdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, Liana yalan danışır, ona həmin yerdə görüşüb heç bir sellofan büküm təqdim etməmişdir. Liananın əvvəlcədən zəng edib dediyinə görə həyat yoldaşı Akifədən ona 200 manat pul göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2022-ci il tarixli, 6/3650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı cəzaçəkmə müəssisəsi zərflər üçün” dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,037 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 1,037 qr., sərf edildi: 0,050 qr., qalıq: 0,987 qr; Ekspertiza tədqiqatının dəyəri 40,91 (qırx manat doxsan bir qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2022-ci il tarixli, 6/3702 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş olunmuş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı cəzaçəkmə müəssisəsi ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,987 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,987 qr., sərf edildi: 0,050 qr., qalıq: 0,937 qr; Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 3932 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinodilərdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə aşkar edilərək götürülmüş və təmiz çəkisi 1,037 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroinin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,937 qram 01 ədəd sellofan bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən Qaradağ RPİ-nin İstintaq şöbəsinə xx.xx.2022-ci il tarixli, BKC/LGL-12028/22 saylı məktubla göndərilmiş 01 ədəd kompakt diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə, saat 23:27:45-də 58 saniyə danışıq olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X9 anası Təqsirləndirilən şəxsdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə doğulmuş X7 anası Təqsirləndirilən şəxsdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının № İ-47098 və № İ-4971 saylı vəsiqələrinin surətindən görünür ki, X13 “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı rayonu İHB-nin Piasllahı qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 338 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi oğlu X5 və X8 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmasını, oğlu X7 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının və CM-nin 29,317-1.1-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş islah işləri cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.3.1-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 03 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 iyul 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,937 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 105,91 (yüz beş manat doxsan bir qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən istintaq zamanı 60 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yaz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 29,317-1.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01(bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 29,317-1.1-ci maddəsinə əsasən təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01(bir) il 06 (altı) ay müddətə islah işləri cəzası 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 4 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,937 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 105,91 (yüz beş manat doxsan bir qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yaz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar