Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-87/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də operator köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 19 sentyabr 2022-ci il tarixdə saat 02:30-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşı tərəfində olan dayanacağın yaxınlığında qeyri-rəsmi nikahda olan bacısından ayrılmış Zərərçəkmiş şəxs ilə ayrıldıqdan sonra mütəmadi olaraq narazılıqlar yaratması, habelə yetkinlik yaşına çatmayan qardaşı ilə bu barədə mübahisə edərək ünvanlarına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vuraraq qəsdən sonuncunun sağlamlığına həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, çənənin sol oynaq çıxıntısının yerdəyişən sınığı, sağ qaş nahiyəsinin cırılmış yarası və sağ alt göz qapağının qançırından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Xalidənin keçmiş qeyri-rəsmi əri olmuş, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Xalidə ilə Maxsudun arasında rəsmi nikah olmasa da ər-arvad kimi yaşamış və həmin nikahdan iki övladları olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının sonlarında bacısı Xalidə Maxsuddan ayrılaraq yaşadıqları evə gəlmişdir. Bundan sonra Maxsudla münasibətləri daha pisləşmiş, Maxsud tez-tez anası və bacısını narahat etməyə başlamışdır. O, dəfələrlə Maxsuda onları narahat etməməsini desə də Maxsud ona qulaq asmayıb yenə də mobil telefonla zəng edərək, nalayiq söyüşlər söymüşdür. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində balaca qardaşı Namiq ona zəng edərək Maxsudun onu gecə saat 01:00-02:00 radələrində söhbət etməyə çağırdığını demişdir. Bir müddət sonra Maxsud da ona zəng edərək, nalayiq söyüşlər söyüb qardaşı Namiqi döyəcəyini, onun da gəlməyini demişdir. O, Namiqə zəng edib tək getməməsini onu gözləməsini demişdir. O, işdə olduğu üçün işdən icazə alaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında olan dayanacağa gəlmişdir. Həmin yerə qardaşı Namiqdən tez çatmış və qardaşını gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra qardaşı Namiq də gəlmişdir. Hər ikisi orada Maxsudu gözləmişlər. Təxminən saat 02 radələrində Maxsud oraya gəlmişdir. Onlar görüşmüş və yol kənarında söhbət etməyə başlamışlar. Bu zaman Maxsud anası və bacısının ünvanına nalayiq sözlər deməyə başlamış və onların arasında mübahisə düşmüşdür. Mübahisə zamanı o, Maxsudu sakitçilik olması üçün kənara aparmaq istəmiş, lakin Maxsud buna məhəl qoymayıb yenə də söyüş söyməyə başlamışdır. Maxsudun söyüş söyməsindən əsəbiləşib Maxsudun üz nahiyəsinə iki-üç dəfə yumruq zərbəsi endirmişdir. Maxsudun üz nahiyəsində üst qaşından qan axmasının şahidi olmuşdur. O və Maxsud bir-birlərinin yaxasından tutub dartışmış, qardaşı Namiq isə onları ayırmağa çalışmışdır. O, Maxsudun zərbədən yıxılıb dayandığını görmüş və ondan aralanmışdır. Daha sonra qardaşını götürərək yaşadığı evə gəlmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ikinci Qarabağ müharibəsində iştirak etməklə müharibədə olan vaxt kontuziya almışdır. Buna görə də əsəbiləşəndə bədəni keyiyir. Qardaşı Namiqdə onun keyidiyini görüb, onları aralamışdır. Bundan sonra o evdən 1000 manat pul götürüb barışmaq üçün xəstəxanaya getmiş, lakin xəstəxanada ona Maxsudun qaşına 19 tikiş atılaraq getdiyini bildirmişlər. O, Maxsudun çənəsinə xəsarət yetirməmiş, lakin üzünə vurmuşdur. O, dalaşarkən ətrafda maşın olduğunu görməmişdir. Onlar mübahisə etdikdən sonra bir taksi yaxınlaşmış, onlara dalaşmamaqlarını demiş, o ailəvi məsələ olduğunu demiş, taksi uzaqlaşıb getmişdir. X8 vurmamış, sadəcə ayıranda Maxsud yerə yıxılmışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və ikinci Qarabağ müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildiyini, o cümlədən "xxxx" MMC-də operator köməkçisi vəzifəsində növbəli qrafikə uyğun işlədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X2 ilə 5 ilə yaxın olar ki, qeyri-rəsmi ailə münasibətində yaşamışlar. Onların aralarında rəsmi nikah olmasa da bir yerdə yaşamış və həmin faktiki nikahdan 2 azyaşlı övladları olmuşdur. Şahid və Təqsirləndirilən şəxs onun qayınları olmuşdur. Onların münasibətləri əvvəl normal olsa da 2022-ci ilin aprel ayında münasibətləri pisləşməyə başlamışdır. Buna səbəb də qaynanası Alidənin onların ailə münasibətlərinə qarışması olmuşdur. 19 aprel 2022-ci il tarixdən arvadı Xalidə ilə birlikdə qonaq kimi Alidənin evinə getmişlər. Orada qaynanası Alidə uşağı ondan icazəsiz bağçaya qoyduğu üçün aralarında mübahisə yaranmışdır. Bundan sonra Xalidə anasının təkidi ilə orada qalmışdır. O, məcbur olub uşaqları ilə mobil telefonla danışmış, hərdən görüşmüş və maddi yardım göstərmişdir. 18 sentyabr 2022-ci il tarixdə o, uşaqları üçün oyuncaq avtomobil alıb aparıb vermişdir. Həmin gün axşam o, qaynı Namiqin mobil telefonuna zəng edib uşaqlarla danışmaq istədiyini demişdir. Bu zaman Namiq telefonu uşaqlara verməmiş və onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Buna görə telefonda aralarında mübahisə yaranmış və o, Namiqi Bakı şəhəri, Lökbatan qəsəbəsi, Lökbatan dairəsinin yaxınlığına gəlməsini, orada bu məsələni aydınlaşdırmağı demişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində o, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Lökbatan dairəsinin yaxınlığına getmişdir. Həmin vaxt orada olan avtobus dayanacağında Namiqin qardaşı Zaurla birlikdə onu gözləməsini görmüşdür. O, Namiq və Zaura yaxınlaşıb söhbət etməyə başlamış və iradını bildirib onu nə üçün söymələrini demişdir. Əvvəlcə aralarında xırda mübahisə olsa da sakitçilik olmuşdur. Zaur və Namiq ondan siqaret istəmişlər, o da onların hər ikisinə siqaret vermişdir. Zaur oradan keçən taksini saxlatmış və ona Lökbatan qəsəbəsinə gedib çay içməyi təklif etmiş, həmin vaxt Zaur taksinin pulunu da onun verməsini demişdir. O da Zaura “sizin cibinizdə siqaret almağa, taksiyə verməyə pulunuz yoxdu mənim uşaqlarımı hansı pulla saxlayacaqsınız?!” demiş, Zaur da ona söyüşlə ondan aliment alaraq saxlayacaqlarını demişdir. O, sifətini geriyə çevirən zaman qəflətən Zaur yumruqla onun sifət nahiyəsindən vurmağa başlamışdır. Zərbənin təsirindən sifətindən, yəni qaş nahiyəsindən qan açılmış və çənəsində ağrılar hiss etmişdir. Bu vaxt mübahisə daha da böyümüş və Zaurla Namiq onu vurmağa başlamışdır. O, Zaurla Namiqi itələyib özündən kənarlaşdırmaq istəsə də onları uzaqlaşdıra bilməmişdir. O, müvazinətini itirib yerə yıxılmışdır. Zaurla Namiq onun yıxıldığını görüb ondan uzaqlaşmışlar və qaçaraq oradan getmişlər. O, bir müddət orada qaldıqdan sonra dostu Vüqara zəng edib, vəziyyətinin yaxşı olmadığını və onu gəlib aparmasını xahiş etmişdir. Bir müddət sonra Vüqar oraya gəlmiş və X12 avtomobili çağırıb onu 1 saylı X9 aparmışlar. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, Zaur və Namiqlə görüşərkən onlara “siz cavansız ailə işimə qarışmayın” demiş, bundan sonra onlar onu “Karvansaray” Ticarət Mərkəzi tərəfə aparmağa çalışmışlar, çünki ora sakitçilik ərazi olmuşdur. Daha sonra taksi sürücüsü gəlmiş, ona “pulu sən ver” demiş, o da “sən necə uşaq saxlıyacaqsan” deyə onlara bildirmiş, daha sonra mübahisə böyümüşdür. Bu zaman Zaur ona əl atmış, o, elə bilmişdir ki, Namiq onları ayıracaq, lakin onu çevirib yerə yıxmışdır. Namiq onu qəsdən yerə atmış və başına təpik vurmuşdur. O, öz ifadəsində suallara cavab olaraq Namiqin onu səkiyə vurduqdan sonra çənəsinin yerə dəydiyini, taksi sürücüsünün hadisəni gördüyünü, Zaurgilin taksini ordan uzaqlaşdırdığını, onlar gedəndən sonra taksi sürücüsünün ona yardım etdiyini, ailə məsələsini həll etmək üçün ora getdiyini, əvvəllər də Namiq və Zaurla görüşdüklərini, lakin aralarında əvvəllər dava olmadığını, Namiqin ona “səni vurmağa gəlirəm” dediyini bildirmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş xx.xx.2005-ci il tarixdə doğulmuş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Xalidənin keçmiş əri olmuşdur, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Xalidə ilə Maxsudun arasında rəsmi nikah olmasa da ər-arvad kimi yaşamışlar və həmin nikahdan 2 övladları olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının sonlarında bacısı Xalidə Maxsuddan ayrılaraq yaşadıqları evə gəlmişlər. Bundan sonra Maxsudla münasibətləri daha pisləşmiş, Maxsud tez-tez anası və bacısını narahat etməyə başlamışdır. O və qardaşı Namiq dəfələrlə Maxsuda onları narahat etməməsini deyirmiş, lakin Maxsud onlara qulaq asmayıb yenə də mobil telefonla zəng edərək, nalayiq söyüşlər söymüşdür. 18 sentyabr 2022-ci il tarixdə Maxsud uşaqları üçün oyuncaq avtomobil alıb gətirib vermişdir. Həmin gün axşam Maxsud onun mobil telefonuna zəng edib uşaqlarla danışmaq istədiyini demişdir. O da Maxsuda uşaqların yatdığını demişdir. Bu zaman Maxsud ucadan telefonda danışaraq uşaqları onunla görüşdürmək istəmədiklərini deyib onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. O, Maxsuda nalayiq söz deməyib, uşaqlarla gün ərzində görüşdüyünü demişdir. Bu zaman telefonda aralarında mübahisə yaranmış və Maxsud onu Bakı şəhəri, Lökbatan qəsəbəsi, Lökbatan dairəsinin yaxınlığına gəlməyini, orada bu məsələni aydınlaşdıracağını demişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o, böyük qardaşı Zaura zəng edərək Maxsudun onu gecə saat 01:00-02:00 radələrində söhbət etməyə çağırdığını demişdir. Zaur ona zəng edib tək getməməyini, gözləməsini demişdir. O, Zaurla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında olan dayanacaqda görüşmüşdür. Hər ikisi orada Maxsudu gözləmişlər. Təxminən saat 02 radələrində Maxsud oraya gəlmişdir. Onlar görüşmüş və yol kənarında söhbət etməyə başlamışlar. Bu zaman Maxsud anası və bacısının ünvanına nalayiq sözlər deməyə başlamış və onların aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Zaur sakitçilik olması üçün Maxsudu kənara aparmaq istəmiş, lakin Maxsud buna məhəl qoymayıb yenə də söyüş söyməyə başlamışdır. Zaur Maxsudun söyüş söyməsindən əsəbiləşib Maxsudun üz nahiyəsinə 2-3 dəfə yumruq zərbəsi vurmuşdur. Maxsudun üz nahiyəsində üst qaşından qan axmasının şahidi olmuşdur. Zaur və Maxsud bir-birilərinin yaxasından tutub dartışmış, o isə onları ayırmağa çalışmışdır. Zaur Maxsudun zərbədən yıxılıb dayandığını görmüş və ondan aralanmışdır. Daha sonra qardaşı Zaur və o, yaşadığı evə gəlmişlər. O, öz ifadəsində əlavə olaraq Maxsudun onu görüşə çağırdığını, ilk olaraq Sahil qəsəbəsində görüşmək istədiyini, sonradan isə “Binə” Ticarət Mərkəzi tərəfdə görüşməyə razılaşdıqlarını, qardaşı ilə birlikdə ora getdiyini, Maxsud və Zaur tutaşarkən qardaşının kontuziyası olduğundan keyidiyini gördüyünü, qardaşının həmin an yerə çökdüyünü, buna görə də onları ayırdığını, Maxsudu dartıb kənara atdığını və sonra qardaşını götürüb gəldiyini, taksi sürücüsünün dava qutarandan sonra gəldiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 28 sentyabr 2022-ci il tarixli 712 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-çənənin sol oynaq çıxıntısının yerdəyişən sınığı, sağ qaş nahiyəsinin cırılmış yarası, sağ alt göz qapağının qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər öz boyu hündürlüyündən yıxılması və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ətraf qaranlıqdır və bir minik avtomobil dayanmış, yanında isə 3 nəfər şəxsin söhbət etdiyi görünür. Bu zaman orada olan minik avtomobili sürərək oradan uzaqlaşır. 02:31:47-də oradan olan şəxslərin bir-birləri ilə dartışmaları və yolun kənar hissəsinə çıxmaları görünür. Bu zaman orada bir minik avtomobili saxlayır, lakin heç kimi onlara yaxınlaşmır. 02:33-də dava-dalaş başa çatır, bir nəfər şəxsin orada qaldığı digər iki nəfər şəxsin oradan uzaqlaşması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdəki şəxslərin özü, qardaşı Namiq və keçmiş kürəkəni Maxsud olduğunu, mübahisə zamanı Maxsudu vurduğunu, qardaşı Namiqin isə onları ayırdığını bildirdi. Zərərçəkmiş şəxs isə onu Zaur və Namiqin qəsdən vurduğunu bildirir. "Təhlükəsiz şəhər" sisteminin ərazidə quraşdırılmış müşahidə kameralarında götürülmüş görüntü olan 1 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının № İ-55843 Vəsiqəsinin və Azərbaycan Respublikası Medalının № İ-4923 Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş SX № ******* hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. İş materiallarına əlavə edilmiş vətən müharibəsi veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyinatı haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən təqaüd alır. İş materiallarına əlavə edilmiş EuroMed Tibbi Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş müayinə kağızından görünür ki, Təqsirləndirilən şəxs əsas ritmin ifadələliyi yaşa uyğun deyil, qeyri-mütəşəkkildir, dezorqanizasiyaya meyillidir. Beyin qabığının funksional vəziyyəti azalmışdır. Sağ hemsferdə ləng dalğalarla –teta/6-7 hz/təzahür edir və əsas fon aktivliyini üstələyir. Beyin qabığı paroxizmal və oyanıqdır. Orqanik rezidual fonda diensefal strukturların disfunksiyası/hipoksik səbəbli/ qeyd olunur. Fokal və esileptiform aktivlik yoxdur. İktal pattern yoxdur. Dinamikada müşahidə məsləhətdir nəticəsinə gəlinmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-2023 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin MMC-də operator köməkçisi vəzifəsində növbəli (gecə-gündüz) qrafikə uyğun olaraq işləyir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini etiraf etməsini və ikinci Qarabağ müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək vəzifəsi, onun gecə növbəsində işdə olduğu vaxtlara aid edilməsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-87/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-87/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver