Məhkəmə qərarları › İş №1(002)-87/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-87/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-87/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 01 avqust 1996-cı ildə Cəlilabad rayonu, Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massivdə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində Qaradağ RPİ-nin 10cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin qarşısında saxlanılıb 10-cu Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən onun əynində olan cins şalvarının sağ yan cibindən iki ədəd bükümdə, təmiz çəkisi 0.042 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0.435 qram çəkidə ağ rəngli maddələrdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tarixini unutduğu vaxtda, təxminən 3 ay əvvəl saat 10-11 radələrində Lökbatan qəsəbəsində Heydər Əliyev parkının yaxınlığında olduğu zaman polis əməkdaşları onu saxlamış və Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində gətirildikdən sonra üzərində axtarış zamanı iki büküm narkotik vasitə aşkar edilmişdir.Narkotik vasitələri Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır.Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Bir azyaşlı uşağı var.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlayaraq daşıması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta radələrində barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evinin qarşısına getmiş və onu saxlayaraq 10-cu polis şöbəsinə gətirilmişdir.Gətiriləndən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman iki bükümü çıxarıb təqdim etmişdir. İş materillarında olan 13 oktyabr 2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd kompakt diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X2, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 və Qaradağ RPİ-nin 10-cu PŞ-nin yetkinlik yaşına çatmayanlar üzrə inspektoru Şahid2 iştirakları ilə şəxsi axtarış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə olan kütlələri masanın üzərinə qoyaraq təqdim edir. Həmin bükümlər açılarkən içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə, digərində isə kristal halında şəffaf rəngli maddə edilir. Təhqiqatçı həmin maddələrin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümlərdən birində kakos (heroin), digərində isə şüşə (metamfamin) olmasını, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-psixiatrik ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 3419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2023-cü il tarixli,3-16-16/2-6/5395 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” və s. sözləri, soyad və imzalar olan zərfdə iki ədəd bükümdə, onlardan bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, digər bükümdə isə təmiz çəkisi 0,435 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin 24 oktyabr 2023-cü il tarixli, 6964 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin tədiqata sərf olunan 0,03 qramı çıxılmaqla qalıq 0,012 qram çəkidə narkotik vasitə heroin və təmiz çəkisi 0,435 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 0,05 qramı çıxılmaqla qalıq 0,385 qram metamfetamin maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış olma mərhələsindən sonra qalıq 0,012 qram çəkidə narkotik vasitə heroinin və qalıq 0,385 qram psixotrop maddə metamfetaminin saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini səmimi etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0.12 qram narkotik vasitə heroin və 0,385 qram psixotrop maddə metemfetamin məhv edilməlidir. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0.12 qram narkotik vasitə heroin və 0,385 qram psixotrop maddə metemfetamin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar