Məhkəmə qərarları › İş №1(002)-88/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-88/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-88/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Füzuli rayonu, Zərgar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,159 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ərazisində yerləşən “Şəms” restoranının qarşısında saxlanılaraq Qaradağ rayonu 38-ci PB-nə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd boz rəngli zərli kağız bükümün içərisində olan təmiz çəkisi 0,159 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edirmiş. Əvvəl bir dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Şəxsi istifadəsi üçün narkotik vasitəni ayrı-ayrı şəxslərdən əldə edir. Sonuncu dəfə 26 yanvar 2022-ci il tarixdə, saat 14.30 radələrində Yasamal rayonu, “20 Yanvar” dairəsi deyilən yerdə olan vaxt bir nəfər tanımadığı şəxslə təsadüfən söhbət edən zaman onun da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Ondan şəxsi istifadəsi üçün kakos, yəni narkotik vasitə hesab edilən heroin istəmişdir. Həmin şəxs də bunu təşkil edə biləcəyini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra o yanına gəlib bir ədəd boz rəngli zərli kağızda olan büküm verib içərisində “kakos” olduğunu demiş və əvəzində ondan 10 manat pul istəmişdir. Onunla razılaşıb həmin bükümü alıb 10 manat pul vermişdir. Bükümü də əynində olan qara rəngli şalvarıNın sol yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. Həmin gün axşam saatlarında qəsəbəyə qayıtmışdır. Saat 20 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ərazisində yerləşən “Şəms” restoranının qarşısında dayanmışdır. Bu zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş, onların polis olduğunu bilmiş və 38-ci polis bölməsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə 38-ci Polis bölməsinə gəlmişdir. Bölmədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra polis bölməsində vəkilin, polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya və vasitə varsa təqdim olunması təklif olunmuşdur. Əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd boz rəng zərli bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Həmin büküm açılaraq baxış keçirilmişdir və içindəkinin nə olduğu soruşulduqda bükümün içərisindəkinin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, həmin gün Yasamal rayonu, “20 Yanvar” dairəsi deyilən yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını demişdir. Üzərində şəxsi axtarış keçirilsə də başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi zərfi və protokolu imza etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və himayəsində üç azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 26 yanvar 2022-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində saat 20.00 radələrində CA üzrə kiçik inspektor Şahid2la xidmətdə olan zaman bir nəfər mülki geyimli şəxsin özünü şübhəli apardığını görmüş və onun narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə olduğundan, eyni zamanda narkotik vasitələrin saxlanmasında, daşınmasında şübhəli olduğunu güman etdiyi üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Qaradağ RPİ-nin 38ci PB-nin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. O, üzərində hər hansı bir sənəd olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Birlikdə polis bölməsinə gəldikdən sonra həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, o, xx.xx.1989-cu il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra təhqiqatçı Ramin Vəkilov tərəfindən o, şübhəli şəxs qismində tutulmuşdur. Vəkilin və polis serjantı Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış hərəkətləri CAŞ-nin əməkdaşı X10 tərəfindən mobil telefonla video lentə alınmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən bir ədəd boz rəngli zərli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümün içərisindəkinin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, 26.01.2022-ci il tarixdə, saat 14.30 radələrində Yasamal rayonu, “20 Yanvar” deyilən ərazidə tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də əlavə hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin kiçik inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 6/515 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №47” möhür əksi, “1.Təqsirləndirilən şəxs ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,159 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,159 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,109 qram. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 01 fevral 2022-ci il tarixli, 462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və konnobioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. O, əynində olan qara rəngli şalvarın sol cibindən bir ədəd boz rəngli zərli kağıza bükülmüş büküm çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində spesifik iyə malik toz şəkilində narkotik vasitəyə oxşar kütlə aşkar edilir. O, həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin gün Yasamal rayonu, 20 Yanvar dairəsində tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirir. Cinayət işinin materiallarından görünür ki, 26 yanvar 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,159 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin maddi sübut kimi tanınmış və qalıq 0,109 qram çəkidə narkotik vasitə olan heroinin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 24.09.2016-cı il tarixdə X8 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 25.12.2016-cı il tarixdə doğulmuş X3, 03.06.2019-cu il tarixdə doğulmuş X5 və 12.01.2021-ci il tarixdə doğulmuş X4 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 26 yanvar 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 28 yanvar 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, daha sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə 14 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və 22 aprel 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,109 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 22 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,109 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X18 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar