Məhkəmə qərarları › İş №1(002)-88/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-88/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-88/2023 15.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatda olmaqla və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, 0,189 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib 01 ədəd qızılı rəngli kağız kəsiyi bükümündə qablaşdırıb üzərində saxlamaqla Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində daşımışdır. O, 18 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən "Nərmin" şadlıq evinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 0,189 qram narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etməklə ara-sıra istifadə edirmiş. Analoji əməllərinə görə əvvəllər də dəfələrlə məhkum olmuşdur. İşin mahiyyəti üzrə isə o, bildirmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "Nərmin" şadlıq evinin qarşısında tanışları ilə söhbət edərkən 2 nəfər tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşməş özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu Qaradağ RPİ-nin 11-ci PB-yə dəvət etmişlər. Onun üzərində narkotik vasitə olmamışdır, ona narkotik vasitə həmin polis bölməsində təqdim olunmuş və ona məxsus olmasını etiraf etməsi tələb olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olarkən o, işgəncəyə və fiziki təzyiqə məruz qalmamışdır. Lakin polis əməkdaşlarının təkidi ilə videoçəkiliş aparılarkən o, həmin bükümdə olan narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqsirli olmasını etiraf etməsə də şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü və iş materiallarında olan digər sənədlər ilə onun təqsiri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də xidmətdə olan zaman Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yaşayan və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə gəlib-gedən Ramil adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Ələt qəsəbəsi, A.Abdullayev küçəsinə getmişdir. Müşahidələr nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən "Nərmin" şadlıq evinin qarşısında olduğu müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkil sonuncuya təqdim edildikdən sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd siqaretin qızılı rəngli kağız kəsiyində olan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü açdıqda içində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu, öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində dəmiryolu xəttinin kənarından tapdığını, bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini isə öz şəxsi istifadəsi üçün üzərində gizlədərək saxladığını etiraf etmişdir. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitələr isə zərfə qoyulub möhürlənmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ramil Hüseynov onlara qarşı heç bir müqavimət göstərməmiş, saxlanılarkən qaçmağa cəhd etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs hazırda narkotik vasitənin ona məxsus olmaması, polis bölməsində polis əməkdaşlarının təkidi ilə etiraf etməsi barədə ifadəsi həqiqətə uyğun deyil, səbəb isə onun törətdiyi cinayət əməlindən yayınmaq istəməsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PBnin sahə inspektoru Şahid3 və Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində təkrar dindirilmiş Şahid3 ona verilən suala cavab olaraq bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadə arasında olan ziddiyətə səbəb keçirilən əməliyyat-axtarış tədbirlərinin çoxluğu və ay ərzində çoxlu sayda cinayət əməli törətmiş şəxsləri saxlamaları ilə yanlışlığa yol verməsi olmuşdur. Odur ki, o, ibtidai istintaq dövründə və hazırki məhkəmə iclasında verdiyi ifadəni təsdiq edərək məhkəmədən qəbul edilməsini xahiş edir. Cinayət işinin 1-ci vərəqəsində olan 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan 18 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 73-78-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 4(002)-188/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 6/6044 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN zərflər üçün №223 dairəvi möhür əksiləri olan, “... Təqsirləndirilən şəxs üzərindən çıxmış...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 0,189 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq- 0,139 qram təşkil edir. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 21 noyabr 2022-ci il tarixli, 7026 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-94-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 19 dekabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və o, sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 103-107-ci vərəqələrində olan 12 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, iş üzrə 0,189 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi- 0,139 qram maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində ola biləcək qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə olan heroini “kokos” kimi təqdim edərək, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində yaşadığı Nəvahi qəsəbəsindəki dəmir yolu xəttinin yaxınlığında yerdən tapdığını, bir qədərini qəbul etdiyini qalan hissəsini isə üzərində gəzdirdiyini etiraf etmişdir. Büküm açılarkən içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək qablaşdırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə qeydə alınmış videogörüntüdə mövcud olan Təqsirləndirilən şəxs etirafi ilə və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməməsi müdafiə xarakteri daşıyır, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 may 2022-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq iki il keçmədən yəni 18 oktyabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 18 oktyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 21 noyabr 2022-ci il tarixli, 7026 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,139 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə 30 (otuz) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi xidmətə görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,139 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi xidmətə görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar