Məhkəmə qərarları › İş №1(002)-89/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-89/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-89/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 09 avqust 1983-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs şəxsi istifadəsi məqsədilə mobil tətbiq proqram təminatı yazılması üzrə mütəxəssis axtarmasında köməklik göstərməsi barədə xahişindən istifadə edərək özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs proqram təminatı yazılması üzrə mütəxəssis tanışının olmasını, bu iş üçün 40 manat sertifikatlaşdırma, 450 manat isə proqram təminatının yazılmasının zəhmət haqqı kimi olmaqla ümumlikdə 490 manat məbləğində pul vəsaitinin lazım olacağını bildirib aldadaraq öz adına olan 4127 2093 0275 8179 nömrəli Azərbaycan Beynəlxalq Bankı kart hesabına sonuncu tərəfindən 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park-2, yaşayış kompleksi ərazisində yerləşən “Grand Mart” mağazasında olan “E-manat” pul köçürmə terminalı vasitəsilə 490 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olduqdan sonra cinayətkar niyyətini davam etdirib etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs proqram təminatının yazılmasına lisenziya xərci kimi 375 manat lazım olduğu barədə qəsdən yalan məlumat verərək 16 iyul 2024-cü il tarixdə həmin ünvandan pul köçürmə terminalı və mobil tətbiq vasitəsilə göstərilən kart hesabına 375 manat, daha sonra isə müxtəlif xərclərin ortaya çıxdığı barədə yalan məlumatlar verərək 23 iyul 2024-cü il tarixdə 111 manat, 25 iyul 2024-cü il tarixdə 100 manat, 31 iyul 2024-cü il tarixdə isə 51 manat məbləğində pul vəsaitlərinin həmin ünvandan göstərilən kart hesabına köçürülməsinə nail olub vahid niyyətlə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 1127 (bir min yüz iyirmi yeddi) manat mələğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən iyun ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında yerləşən topaz mərc oyunları məntəqəsində işləyən Kənanla tanış olmudur.Söhbət əsasında xaricdə yaşayan yaxın tanışına mobil telefonda istifadə olunması məqsədilə proqram təminatı lazım olduğu bildirmişdir.Proqram lisenziyasının yazılması üçün proqramçı tanışının olduğunu bildirmiş və bu işdə ona kömək edəcəyini demişdir.Həmin vaxt pula ehtiyacı olduğu üçün Kənandan bir qədər pul alıb xərcləmək məqsədilə ona ilk olaraq proqramın yazılması üçün 450 manat, 40 manat isə sertifikatı üçün lazım ola biləcəyini demiş və həmin pulu ödəmək üçün, Azərbaycan Beynəlxalq Bankının kart nömrəsini Kənana vermiş, Kənan onun kart hesabıma 490 manat pul vəsaiti köçürmüşdü. Bundan bir gün sonra proqram yazılması üçün liseynziya üçün 375 manat lazım olduğunu demiş və Kənan onun kart hesabına 375 manat məbləğində pul vəsaiti göndərmişdir.Bir müddət sonra bu işlə iki nəfər şəxsin məşğul olduqlarını, habelə proqramı yazmaq üçün əlavə xərclərin meydana çıxdığını demiş və ona verdiyi kart hesabına 23 iyul 2024-cü il tarixdə 111 manat, 25 iyul 2024-cü il tarixdə 100 manat, 31 iyul 2024-cü il tarixdə isə 51 manat, beləliklə ümumilikdə 1127 manat məbləğində pul vəsaiti köçürmüş və proqramın yaxın vaxtlarda hazır olacağını demişdir.Kənanın ondan istədiyi mobil tətbiqi Azərbaycan Respublikasında işlətmək mümkün olmadığından proqram təminatı həll edə bilmədiyimdən Kənan ona verdiyi pulu tələb etmişdir.Kənana qısa mesaj göndərərək proqramın alınmadığını bildirib pulu qısa müddət ərzində qaytaracağını demişdir. Ondan sonra şəxsi bəzi problemlərim çıxdığı üçün Kənanla əlaqə saxlaya bilməmişdir. Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin iyun ayında xaricdə yaşayan yaxın tanışına mobil telefonda istifadə olunması məqsədilə proqram təminatı lazım olduğu üçün proqram yazdırmaq üçün mütəxəssis axtarmağa başlamışdır.Bu məqsədlə də həmin ərəfədə işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında yerləşən topaz mərc oyunları məntəqəsinə tez-tez gələn və oradan tanıdığı özünü Xəzər rayon prokurorluğunun əməkdaşı kimi təqdim edən Sahib adlı şəxsə müraciət etmişdir. Söhbət əsasında Sahib proqram lisenziyasının yazılması üçün proqramçı tanışının olduğunu bildirmiş və bu işdə kömək edəcəyinə söz vermişdir.Sahib ilk olaraq proqramın yazılması üçün 450 manat, 40 manat isə sertifikatı üçün lazım ola bilcəyini demiş və həmin pulu ödəmək üçün, sonradan özünün adına olduğunu bildirdiyi kart nömrəsini vermişdir. 15 iyul 2024-cü il tarixdə həmin kart hesabına 490 manat pul vəsaiti köçürmüşdür. Bundan bir gün sonra proqram yazılması üçün liseynziya üçün 375 manat lazım olduğunu demiş və həmin tarixdə qeyd edilən kart hesabına 375 manat məbləğində pul vəsaiti göndərmişdir.Bir müddət sonra Sahib bu işlə iki nəfər şəxsin məşğul olduqlarını, habelə proqramı yazmaq üçün əlavə xərclərin meydana çıxdığını dediyi üçün onun verdiyi kart hesabına dediyi məbləğləri, yəni 23 iyul 2024-cü il tarixdə 111 manat, 25 iyul 2024-cü il tarixdə 100 manat, 31 iyul 2024-cü il tarixdə isə 51 manat, beləliklə ümumilikdə 1127 manat məbləğində pul vəsaiti köçürmüşdür.Həmin pul vəsaitlərini köçürəndən sonra bir müddət sonra Sahib onunla əlaqə saxlayaraq proqramın yaxın vaxtlarda hazır olacağını demişdir. Bir müddət sonra Sahib ona yazaraq işinin alınmadığını pulu tez bir zamanda qaytaracağını bildirmişdir.Lakin üzərindən xeyli müddət kecsə də Sahib pulu qaytarmamış və bundan sonra onun heç bir nömrəsinə zəng çatmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı şikayət-tələbinin olmadıöını bildirmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 17 yanvar 2025-ci il tarixdə Qaradağ rayon prokuroru baş ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün 08 fevral 2025-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq Qaradağ RPİ-nin MSY– nə təhvil verilmiş və həmin tarixli qərarla iş üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi saxanıldığı 01 gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk və bank çıxarışı iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk və bank çıxarışı iş materiallarında saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar