Məhkəmə qərarları › İş №1(002)-90/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-90/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-90/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində ictimai yer olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 5A-nın qarşısında onunla eyni binada yaşayan tanışı Zərərçəkmiş şəxs onun yaşadığı mərtəbəyə qalxmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə, ətrafda olan insanlara əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib ona zor tətbiq edərək xuliqanlıq etmiş, eyni zamanda hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirib xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən yumruqla zərbə vurub yerə yıxaraq sağlamlığına həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, alt çənə sümüyünün yerdəyişən sınığı, sağ saidin və sağ diz oynağı nahiyələrinin sıyrıqlarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə saat təxminən 23.30 radələrində tanışı Elçinlə yaşdığı evdə olmuşdur, söhbət edirmişlər. Daha sonra onlar evdən bloka çıxmış və siqaret çəkərək söhbət etmişlər. Bir neçə dəqiqə sonra qonşusu Ceyhunun gəldiyini görmüşdür. Ceyhunun həmin an əlində spirtli içki olmuşdur. O, qapının giriş hissəsində olduğu üçün Ceyhun əvvəlcə onu görməmiş və Elçinə salamlaşmışdır. O, Ceyhuna boylanaraq hansı səbəbə bura qalxdığını soruşmuş, Ceyhun da qardaşı Allahverdini axtardığını demişdir. O, Ceyhundan qardaşını burada niyə axtardığını soruşmuşr, Ceyhun isə kobud cavab verib onu çağırıb, qolundan tutaraq aşağı düşməyini və onunla söhbəti olduğunu demiş, o da aşağı düşmüşdür. Blokun qarşısında Ceyhun sərxoş halda onunla mübahisə etməyə başlamışdır. Bu zamana ona çox yaxınlaşdığı üçün Ceyhunun onu vuracağını düşünüb özünü müdafiə etmək üçün qolundan saatı açmışdır. Bu zaman Ceyhun onu nalayiq söyüşlə söyüb təhqir etmişdir.O, əsəbiləşib Ceyhunun sinəsinə yumruq vurmuşdur. Bu zaman Elçin yaxınlaşıb onları aralamağa çalışmışdır. Lakin Elçin nə qədər çalışsa da Ceyhunu kənara çəkə bilməmiş və Ceyhun da nəlayiq söyüşlərini davam etdirmişdir. Buna görə də Elçin “nə bilirsinizsə, edin!” deyərək onlardan aralanmışdır. Ceyhunla o, tutaşa-tutaşa binanın qarşısında zibilqablarının yanına tərəf getmişlər. O, Ceyhundan aralaşmaq istəsə də Ceyhun yenə də ondan əl çəkməmişdir. Məhəllədə yaranan səs-küyə qonşular çıxmışlar. Onlar Ceyhunu kənarlaşdırmağa çalışmışlar, lakin Ceyhun onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman əsəbiləşmiş və Ceyhunun sifət nahiyəsinə yumruqla vurmuşdur. Daha sonra sakitləşməsi üçün boynundan tutub sıxmşdır. Ətrafda olan şəxslərə də “Bunu məndən aralaşdırın, yoxsa əlimdə qalacaq.” demişdir. Bundan sonra evə qalmışdır.Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, Asif onunla qonşuluqda yaşıyır. 26 avqust 2022-ci il tarixdə axşam radələrində qardaşı Allahverdi evdə mübahisə etmiş və evdən çıxıb getmişdir. Daha sonra qardaşının arxasıycan çıxmış və yuxarıda səs eşitdiyindən qardaşının yuxarı mərtəbəyə qalxdığını düşünmüşdür. Buna görə də yuxarı mərtəbələrə tərəf qalxmağa başlamışdır. Beşinci mərtəbədə Asifgilin evinin qarşısında Asifin Elçin adlı şəxslə pilləkənlərdə olduğunu görmüş və onlarla salamlaşmışdır. Asif ondan nə üçün gəldiyini soruşmuş, o da Asifə qardaşını axtardığını demişdir. Asif ona inanmayaraq onunla mübahisə etməyə başlamış və onlar blokun qarşısına düşmüşlər. Mübahisə zamanı Asif əlini arxa tərəfə aparmış, o, Asifin bıçaq çıxaracağını düşünüb hər hansı bir alət çıxaran barəsində söyüş söymüşdür. Bundan sonra Asiflə o, əlbəyaxa olmuşlar. Həmin vaxt Elçin də yanlarında olmuş və onları aralaşdırmağa çalışmışdır. Məhəllədə yaşayan Qürbət, Pərviz, Xandadaş, Ədalət və xatırlamadığı şəxslər də səs-küyə yığışmışmışlar. Onlar yerdə olarkən Asif onun çənə nahiyəsinə vurmuşdur. Bu zaman o, şiddətli ağrı hiss etmişdir.Təqsirləndirilən şəxs şikayətçidir və ona ciddi cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 verdiyi ifadədə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. 26 avqust 2022-ci il tarixdə axşam radələrində tanışı Asiflə sonuncunu evlərində oturub söhbət etmişlər.Daha sonra o, getməyə hazırlaşdığı üçün bloka çıxmışlar. Blokun pilləkənlərdə siqaret çəkən zaman. Ceyhun pilləkənlərlə yuxarı qalxaraq onlara “Axşamınız xeyir” deyib yenidən aşağı mərtəbəyə düşmüşdür. Bu zaman Asif Ceyhunu saxlayıb axşam vaxtı qapısının yanına nə üçün gəldiyini soruşmuşdur. Ceyhun Asifə düşüb aşağıda söhbət etməyi təklif etmişdir. O da onlarla birlikdə binanın həyətinə düşmüşdür. O, aşağı gəlib çatanda Asif ilə Ceyhunun bir birlərinin yaxasından tutub dartışdıqlarını görmüşdür. Bu zaman o, onları tutub aralamış və “Ayıbdı, dalaşmayın” demişdir. X2 dediklərinə məhəl qoymamış və bir-birinin ünvanlarına nalayiq ifadələr işlətməyə başlamışlar. Bu zaman o, Asiflə Ceyhunu ayırmaqdan əl çəkmiş və kənara çəkilmişdir. Bundan sonra Asiflə Ceyhun mübahisə edə-edə binanın sol tərəfinə gəlmişlər. Asiflə Ceyhun mübahisə edərkən bir-birinə əl-qol atmışlar. Asiflə Ceyhun səs küyünə ətrafda adamlarda gəlmişlər və aralamağa başlamışlar. Orada olan şəxslərdən Xandadaş, Emin adlı məhəllədə yaşayan şəxsləri tanıyırmış. Bir müddət sonra Asiflə Ceyhun bir birlərindən aralanmışlar lakin o, Asifin Ceyhunu vurmasını görməmişdir. Məhkəmə iclasında Şahid3 verdiyi ifadədə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır.Onlar hər ikisi onunla qonşuluqda yaşayırlar. 26 avqust 2022-ci il tarixdə axşam radələrində yaşadığı evdə olan zaman həyətdən səs-küy gəldiyini, nalayiq söyüşlər söyüldüyünü eşidib, həyətə çıxmışdır. Bu zaman Asiflə Ceyhunun dartışdığını və bir-birilərinə qarşı söyüş söydüklərini görmüşdür. O, Asiflə Ceyhuna yaxınlaşıb ayırmağa başlamışdır. Bu zaman Asif Ceyhunun sifət nahiyəsindən vurmuşdur. Asiflə Ceyhunun səs küyünə binada olan digər sakinlərdə gəlmişlər. Məhkəmə iclasında Şahid2 verdiyi ifadədə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır və onlar hər ikisi onunla qonşuluqda yaşayırlar. 26 avqust 2022ci il tarixdə gecə vaxtı yaşadığı evdə olarkən məhəllədən səs-küy gəldiyini eşitmiş və pəncərədən baxan zaman Asiflə Ceyhunun dava etməsini və nalayiq söyüşlər söyməsini görmüşdür. O, dərhal əynini geyinib Asiflə Ceyhunu sakitləşdirmək üçün həyətə çıxmışdır. O, həyətə düşən zaman ətraflarında başqa şəxslərində yığılmasını görmüşdür. Asiflə Ceyhunu ayırmaq üçün yaxınlaşmaq istəmiş lakin ayağı daşa dəymiş və qanamışdır. Buna görə o, Asiflə Ceyhunu yaxınlaşa bilməmiş, həmçinin ətrafda başqa şəxslərin də ayırmasını görmüş, evə qalxmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 638 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət- alt çənə sümüyünün yerdəyişən sınığı, sağ saidin və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Respublika Kliniki Xəstəxanasına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikaı Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnitsiya aktının 9.1-ci bəndinə əsasən xitam verilmişdir. İş materillarında ona xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması və himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslə barışıq əldə edilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə, maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətikan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə, maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar