Məhkəmə qərarları › İş №1(002)-92/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-92/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-92/2024 01.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, İmişli rayonu T.İsmayılov küçəsi ev 8, mənzil 6-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 05 noyabr 2023-cü il tarixdə saat 09 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi «Opel Astra» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 22,8-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi «Ford Cargo» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa hissəsi ilə toqquşmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan «Opel Astra» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs baş beynin əzilməsi və baş beynin alın payı nahiyəsinin subaraxnoidal qansızması, sol gözətrafı nahiyənin qançırı, burun kökünün əzilmiş yarası ilə müşayiət olunan başın alın, xəlbir və burun sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları, sağ bazu sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerinidəyişmiş sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, «B,C» kateqoriyalı, AF seriyalı, 500537 nömrəli sürücülük vəsiqəsi ilə özünə məxsus olan, lakin etibarnamə əsasında idarə etdiyi «Opel Astra» markalı, **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Beyləqan rayonundan Bakı şəhərinə qayıdarkən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən tanımadığı üç şəxsi sərnişin qismində götürmüş və yoluna davam etmişdir. Nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş, o, isə özünü çox yorğun hiss etmişdir. Biraz getdikdən sonra özündən asılı olmadan sükan arxasında yuxulamışdır. O, avtomobilin zərbəylə nəyəsə dəydiyini hiss edib oyananda görmüşdür ki, onun idarə etdiyi avtomobil yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Dərhal yerə düşmüş və sərnişinlərə köməklik edib avtomobildən çıxarmışdır. Daha sonra onlar xəsarət aldıqları üçün hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişlər, özü isə hadisə yerində qalmışdır. Özünü pis hiss etdiyi üçün o da xəstəxanaya müraciət etmiş, heç bir bədən xəsarəti olmadığı müəyyən edildikdən sonra evə göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 05 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Qaradağ rayonu Yol Evi massivindən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun kənarına çıxmış, Bakı şəhəri istiqamətinə olan hissəsinə keçmiş, orada biraz gözlədikdən sonra Opel Astra markalı avtomobilin sürücüsü saxlamış və Bakı şəhərinə getdiyini onu da apara biləcəyini demişdir. O, avtomobildə arxa sağ oturacaqda oturmuş, avtomobildən ondan əlavə iki nəfər sərnişin də olmuşdur. Nəqliyyat vasitəsi bir qədər hərəkət etdikdən sonra sürücünün nəqliyyat vasitəsini təhlükəli və qarşıda hərəkətdə olan nəqliyyat vasitələri ilə ara məsafəsini düzgün müəyyən etmədən müşahidə etmiş və bu səbəbdən ona 1-2 dəfə irad bildirmişdir. Təqsirləndirilən şəxs anidən sükan arxasında yuxuladığından onların olduqları nəqliyyat vasitəsindən qarşıda hərəkətdə olan «Ford Cargo» markalı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, xəsarət aldığı üçün hadisə yerinə gəlmiş təcili tibbi yardımla xəstəxanaya aparılmış, müayinələrdən və keçirilmiş ekspertizadan sonra ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, onun barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, «B1,B,C1,C,D1,D,BE,C1E,CE,D1E,DE» kateqoriyalı, BB seriyalı, 200427 nömrəli sürücülük vəsiqəsilə yol vərəqəsi əsasında «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Departamenti»-nə məxsus olan «Ford Cargo 3532» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edirmiş. O, xx.xx.2023-cü il tarixdə həmin yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobilin yük yeri boş olmuş, avtomobildə sərnişin olmamışdır. Avtomobili saatda təxminən 55-60 km/saat sürətlə, yolun sağdan birinci hərəkət zolağı ilə idarə edən zaman saat təxminən 09 radələrində arxadan onun idarə etdiyi yük avtomobilinə başqa avtomobilin zərbəylə çırpıldığını hiss etmiş, dərhal sürətini azaldıb avtomobili yolun sağ kənarında saxlamışdır. Nəqliyyat vasitəsindən çıxdıqda onun idarə etdiyi «Ford Cargo 3532» markalı yük avtomobilinə “Opel Astra” markalı minik avtomobilinin arxa hissəsi ilə toqquşduğunu görmüşdür. O, yaxınlaşıb oradakı sərnişinlərə köməklik etmiş, sürücüdən hadisənin necə baş verdiyini soruşanda sükan arxasında yuxuladığını demişdir. Onun idarə etdiyi və ona təhkim olunmuş «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Departamenti»-nə məxsus olan «Ford Cargo 3532» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi ziyan dəyməmiş, bununla bağlı heç bir şikayətləri və tələbləri yoxdur. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 05 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Qaradağ rayonu Qobustan qəsəbəsindən Bakı şəhərinə getmək üçün Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun kənarına çıxmış, orada “Opel Astra” markalı avtomobilin qabaq oturacağında özü, arxa oturacağında isə nəvəsi oturmuşlar. Xeyli yol getdikdən sonra daha bir sərnişin də onların olduğu nəqliyyat vasitəsinə əyləşmişdir. Yollarına davam edərkən saat 09 radələrində sağ zolaqla hərəkətdə olan zaman onların olduğu nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobil dayanan kimi o, düşmüş və nəvəsi ilə birlikdə təcili tibbi yardım vasitəsilə əvvəlcə xəstəxanaya, orada müayinə olunduqdan sonra isə evə getmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CMnin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs alkoqol və narkotik sərxoşluğu olmamışdır. Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AF seriyalı 500537 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2029cu ilədək sürücülük hüququ vardır. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AE seriyalı, 126343 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OPEL ASTRA MİNİK” markalı, 10XY917 dövlət qeydiyyat nişanlı minik avtomobili X2 mülkiyyətindədir. Cinayət işinin 46-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin 27 noyabr 2023-cü il tarixli 863 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər-baş beynin əzilməsi və baş beynin alın payı nahiyəsinin subaraxnoidal qansızması, sol gözətrafı nahiyənin qançırı, burun kökünün əzilmiş yarası ilə müşayiət olunan başın alın, xəlbir və burun sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları, sağ bazu sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerinidəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizaasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 50-ci vərəqəsində olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2023-cü il tarixli 3- 13-16/2-169037/2023 №-li məktubla müəyyən edilmişdir ki, DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AF 500537 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Cinayət işinin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2023-cü il tarixli, 8/3533 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Opel Astra» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Cargo markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 53-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Cinayət işinin 57-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, “Opel Astra” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Ford Cargo” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdır. Cinayət işinin 63-cü vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 77-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 80-ci vərəqəsində olan X3 ərizəsindən görünür ki, o, “Opel Astra” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs satmış və pulu tam ödənilmiş, avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 112-113-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin və “Ford Cargo” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin və “Ford Cargo” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ rayon prokurorluğuna məlumat verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar