Məhkəmə qərarları › İş №1(002)-94/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-94/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-94/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 12:00, Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 noyabr 2021-ci il tarixə keçən gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzindən zərərçəkmiş şəxs X4 məxsus hər bir kisənin dəyəri 23,17 manat təşkil edən ümumilikdə 1343,86 manat olan 58 kisə kartofu idarə etdiyi QAZ 3110 markalı **-LN-*** dövlət nömrə nişanlı avtomobilə yükləyərək gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 1343,86 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, arada bir Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində alver edirmiş, oradan tərəvəz məhsulları alıb aparıb Şirvan şəhərində satırmış. O əsasən kartof alveri etmişdir. 14 noyabr 2021-ci il tarixə keçən gecə o, yenə də dostu Elmindən ona məxsus olan QAZ 3110 markalı **-LN-*** dövlət nömrə nişanlı avtomobilini götürüb “Meyvəli” ticarət mərkəzinə gəlmiş və orada biraz gəzdikdən sonra görmüşdür ki, bir yük avtomobilinin yanına çöldə kartof kisələri yığılmışdır və o baxmışdır ki, sahibi yoxdur, ona görə də həmin kartofları aparmaq fikrinə düşmüşdür. Həmin vaxt 58 kisə kartofu avtomobilin yuxarı yük hissəsinə və avtomobilin arxa oturacaqlarına yığmış və Qubaya aparmışdır. Orada ümumi, hamısını bir yerdən 1300 manata satmışdır, lakin kartofu alan şəxsi o tanımırmış. Kartof satışından əldə etdiyi pulu öz ehtiyyaclarına xərcləmişdir. O öz ifadəsində son olaraq əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışmaqla, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o müxtəlif ölkələrdən kartof gətirib Bakı şəhərində Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzində satırmış. 13 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasından kartof almış və həmin kartofu avtomobillə gətirib “Meyvəli” ticarət mərkəzində saxlamışdır, o həmin kartofun pulunu vermişdir. 14 noyabr 2021-ci il tarixdə səhər saat 06 radələridə o, “Meyvəli” ticarət mərkəzinə gələn zaman görmüşdür ki, ona məxsus olan 58 kisə hər bir kisə 23.17 qəpik kartof kisələri oğurlanıb, ümumilikdə ona 1343.86 qəpik maddi ziyan dəymişdir. O oralarda nə qədər axtarsa da kartofları tapa bilməmişdir. Kartof kisələri yük avtomobilin üstündə yük yerində olmuşdur. Bundan sonra o polisə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəllər onun **-LN-*** dövlət nömrə nişanlı QAZ- 3110 markalı avtomobili olmuşdur, o, həmin avtomobili etibarnamə əsasında idarə edirmiş. Təxminən bir ay olarmış ki, o həmin avtomobili satmışdır. Arada bir qonşu Tural ondan avtomobili götürüb gedib ordan-burdan meyvə tərəvəz daşıyıb pul qazanırmış. O da həmişə ona avtomobil vermişdir. O bilirmiş ki, Turalın sürücülük vəsiqəsi yoxdur, lakin buna baxmayaraq qonşu olduğu üçün o, Turala avtomobil vermişdir. 13 noyabr 2021-ci il tarixdə axşam saatlarında Tural yenədə ondan avtomobili istəmiş və demişdir ki, «gedirəm mal vurub gətirəm», o da Turala avtomobilin açarlarını vermiş və o, çıxıb getmişdir. O isə yük avtomobili idarə etdiyi üçün başqa bir iş dalınca getmişdir. Daha sonra isə Tural Bakı şəhərinə getmiş və sonradan nə baş verdiyini o bilməmişdir. İş materiallarında olan tələbnamədən və Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, daha sonra onun əməli Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyündən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 16 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 96 (doxsan altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 96 (doxsan altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar