Məhkəmə qərarları › İş №1(002)-94/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-94/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-94/2023 17.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də rəngsaz işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2, nömrəsiz fərdi evdə yaşayan və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2, nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı evdə olan övladları xx.xx.2013-cü il təvəllüdlü azyaşlı Şahid1, xx.xx.2015-ci il təvəllüdlü azyaşlı Şahid2 və xx.xx.2022-ci il təvəllüdlü X1 gözləri qarşısında onlara əzab verdiyini dərk edərək diz zərbəsi ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq, ona burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüklərinin yerdəyişən sınıqları, daha sonra qəsdən yumruq zərbələri ilə onun baş nahiyəsinə və sağ əlinə qəsdən zərbələr vuraraq ona başın sağ gicgah nahiyəsinin hematoması, sağ bazunun və sağ saidin qançırları, bundan başqa təpik zərbələri ilə qəsdən vuraraq sağ budun və sağ baldırın qançırları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirməklə xüsusi amansızlıqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə təxminən 21:30 radələrində baş vermişdir. Belə ki, o, işdən evə gəldikdən sonra arvadı Zərərçəkmiş şəxs evdə hazırladığı yeməkdən onlarla qonşuluqda yaşayan qardaşıgilə göndərməsinə qəzəblənərək mübahisə etmiş və sonuncunun başından tutub aşağı əyərək burun nahiyəsindən dizi ilə vuraraq burnunu sındırmış, daha sonra onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş və bu səbəbdən Zərərçəkmiş şəxs paltarları cırılmışdır. Onların evində yaranmış səs-küyə qonşuları Müşfiq və onun arvadı Heyran gəlmişlər, lakin onlar gəldikdə o, artıq Zərərçəkmiş şəxs döyməmişdir. X6 ilkin tibbi yardım göstərərək üz nahiyəsinə buz qoymuşlar, daha sonra təcili tibbi yardım Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs qeyd etmişdir ki, mübahisəyə və onun arvadı Zərərçəkmiş şəxs döyməsinə əsas onun qardaşıgilə icazəsiz yemək aparması olmuşdur və bu səbəbdən o, özünü qismən təqsirli bilir. Dilbəri döyərkən otaqda ikisindən başqa azyaşlı övladlarının orada olub-olmamasını xatırlamır, güman edir ki, qonşuları isə səsküy eşitdikləri üçün onların evinə gəlmişlər. Əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 3 övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2 ünvanında yerləşən 99 nömrəli evdə valideyni və 3 övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla 2012-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 3 övladı dünyaya gəlmişdir. Evləndikdən sonra atasının evinə qonşuluqda yerləşən Təqsirləndirilən şəxs məxsus evdə yaşamışlar. Təqsirləndirilən şəxsla mütəmadi mübahisələri olsa da azyaşlı övladlarını düşünərək nikahın pozulması üçün müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:30 radələrində onlara qonşuluqda yaşayan qardaşının evdə tək olmasından narahat olaraq onun üçün evdə bişirdiyi yeməkdən göndərmək istəmişdir. Lakin, bu haldan qəzəblənən Təqsirləndirilən şəxs onunla münaqişə etmiş və əli ilə onun başını tutub aşağı əyərək dizi ilə sifətinə bərkdən zərbə vurmuşdur. Həmin zərbənin təsirindən burnu sınmış və qanamağa başlamışdır. O, zərbənin təsirindən yerə yıxıldıqda Təqsirləndirilən şəxs onun başına yumruqla vurmuş, başını yumruq zərbələrindən qorumaq istədikdə isə sağ əlinə də yumruqla xəsarət yetirmişdir. O, yumruq zərbələrindən sonra yıxılmış, Təqsirləndirilən şəxs təpik zərbələri ilə onun sağ ayağına vurmuşdur. Zamin onu döyərkən azyaşlı qızları Zəhra, Fatimə və Sevinc onlarla bir otaqda olmuş, qorxduqları üçün ağlamış və böyük qızı Zəhra ağlayaraq həyətə çıxmışdır. Bir qədər sonra Zamin onu ayağa qaldırıb əynindəki paltarları cırmış, onu evdən həyətə çıxarmış, həmin vaxt əvvəlcə qonşuları Heyran, daha sonra onun əri Müşfiq gəlmişlər. Heyran ona ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım onu xəstəxanaya aparmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və o, əri tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs Z.P. İbrahimovla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmə tərəfindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun 9 yaşı var, heç bir məktəbdə oxumur. O, nənəsigildən evə qayıdarkən ondan kiçik olan bacıları Fatimə və Sevinc də evdə olmuşlar. O, valideynlərinin qışqıraraq danışdıqlarını və atasının anasına hücum etdiyini və döydüyünü görmüşdür. Anasının ağrıdan qışqırdığını eşitmiş, qorxduğu üçün ağlamağa başlamış və qaçaraq həyətə çıxmış, bu vaxt evdə onun səsinə qonşuları Heyran və Müşfiq gəlmişlər. Heyran anası Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş, sonra təcili tibbi yardım anasını xəstəxanaya aparmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 18 avqust 2022-ci il tarixdə təxminən saat 21:22 radələrində evdə olarkən qonşuları Zamin və Dilbərin azyaşlı, Zəhra adlı qızları ağlayaraq onlara gəlmiş və atasının anasını döydüyünü demişdir. O, təcili qonşuları Təqsirləndirilən şəxs evinə getdikdə, sonuncunun həyətdə siqaret çəkdiyini Zərərçəkmiş şəxs isə çılpaq şəkildə, üz nahiyəsi qanla örtülmüş vəziyyətdə yerdə uzandığını görmüşdür. O, Zərərçəkmiş şəxs evə keçməsinə köməklik etdikdən sonra təcili tibbi yardıma müraciət etmiş, təcili tibbi yardım maşını Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 127.2.2-ci maddəsi ilə 23 sentyabr 2022-ci il tarixdə cinayət işi başlanmışdır Cinayət işinin 25-ci vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Azərbaycan Respublikasının CM-in 53.1.2-ci maddəsinə əsasən cinayət işinin icraatı dayanmış, onun tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 31-ci vərəqəsində olan 19 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30 radələrində saxlanılaraq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 127.2.2ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatət rədd edilmiş, o, Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 85-ci vərəqəsində olan 20 oktyabr 2022-ci il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 126-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 19-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 20 avqust 2022-ci il tarixli, 598 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən sınıqları, başın sağ gicgah nahiyəsinin hematoması, sağ bazunun, sağ saidin, sağ budun, sağ baldırın qançırları bərk küt əşya təsirindən, müayinədən 2-3 gün əvvəl törənmişlər, zərər çəkmiş şəxsin göstərdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü Şahid2, xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü Şahid1 adlı övladları vardır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 27 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməli etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 3 övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının CM-in 69.3-cü maddsəinə əsasən 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək, yəni 01 (bir) gün tutulub saxlanıldığı müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 25 (iyirmi beş saat) iş saatı, məhkəmə istintaqı dövründə müdafiəçi həmin büronun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 180 (bir yüz səksən) manat məbləğində və məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək yəni 01 (bir) gün tutulub saxlanıldığı müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 180 (bir yüz səksən) manat məbləğində və məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar