Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-95/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 mənzil 22-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 20:15 radələrində Qaradağ RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, S.Orucov küçəsində yerləşən H.Əliyev adına parkın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 21:40 radələrində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynindəki tünd boz rəngli cins şalvarının sol arxa cibindən şəxsi istifadə üçün saxladığı 01 ədəd siqaretin ağ rəngli kağızına bükülüdə təmiz çəkisi 0,288 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər tanımadığı şəxslərdən narkotik vasitə əldə edib istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 13-14 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, «kubinka» adlanan əraziyə getmişdir. Həmin ərazidə olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq bir çet narkotik vasitə olan heroini 10 manata satdığını bildirmişdir. O da həmin vaxt onunla razılaşıb 10 manat pul verib həmin oğlandan həmin bir çet siqaretin ağ rəngli kağızında narkotik vasitə olan heroini alıb əynində olan tünd boz rəngli cins şalvarının sol arxa cibinə qoymuş ki, ağrıları olarkən istifadə etsin. xx.xx.2020-ci il tarixdə saat təqribən saat 20:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, S.Orucov küçəsində yerləşən H.Əliyev adına parkın yaxınlığında olarkən mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək narkotik sərxoşluğundan şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 10cu polis bölməsinə gəlmiş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının qabaq sağ cibindən alışqan, arxa sağ cibindən cib dəsmalı və sol arxa cibindən bir çet yəni 01 ədəd siqaretin ağ rəngli kağızında bir büküm narkotik vasitə olan heroin çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümdə ki, maddənin kakos yəni heroin olmasını və öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm açıldıqda içərisində qəhvəyi rəngli xırda hissəciklərdən ibarət narkotik vasitə olan kakos yəni heroin olmuşdur. Sorğu zamanı polis əməkdaşlarına bildirmiş ki, həmin maddə narkotik vasitə olan kakos yəni heroindir. Həmin heroin ona məxsusdur, heroini tutulmamışdan bir gün əvvəl özü qəbul etmək üçün Bakı şəhəri, «kubinka» adlanan yerdə üzdən tanıdığı, lakin başqa hər hansı bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Alışqanı və cib dəsmalı özünə qaytarılmışdır. Heroinin hissəciklərinə kakos dediyi üçün eyni zamanda video görüntü zamanı da heroini kakos adlandırmışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, gənc oduğunu, himayəsində iki azyaşlı uşaqlarının olduğunu, habelə ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytinantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlamaqla ondan özü istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq NMB və CAŞ-si tərəfindən birgə əməliyyat qrupu yaradılmış, O, da həmin əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə əməliyyat qrupu xx.xx.2020-ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs zahiri görünüşcə uyğun olan şəxs izlənilib Lökbatan qəsəbəsi, 2-ci massiv, S.Orucov küçəsində yerləşən H.Əliyev adına parkın yaxınlığında müəyyən edilərək saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edilmişdir. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs ünvan 1 mənzil 22-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının qabaq sağ cibindən alışqan, arxa sağ cibindən cib dəsmalı və sol arxa cibindən siqaretin ağ rəngli kağızında bir büküm narkotik vasitə olan heroinə bənzər maddə çıxardaraq masanın üzərinə qoyaraq həmin bükümdə ki, maddənin heroin olmasını və öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli maddə kütləsinin olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmiş ki, həmin maddə narkotik vasitə olan heroindir və ona məxsusdur, həmin narkotiki bir gün əvvəl özü qəbul etmək üçün Bakı şəhərində «Kubinka» adlanan yerdə üzdən tanıdığı, lakin başqa hər hansı bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və özü ilə bərabər bütün iştirakçılar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Digər əşyalar özünə qaytarılmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsada satışı ilə məşğul olması öz təstiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə məhkəmə baxışı zamanı şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər şahidlər Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. (i.v.1) xx xxxxxx 2020-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20); Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində tünd boz rəngli cins şalvarının sol arxa cibindən ağ rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəkilində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, xx.xx.2020-ci il tarixdə təxminən saat 13:00-14:00 radələrində Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün üçün götürdüyünü bildirmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd cib dəsmalı, bir ədəd alışqan aşkar olunmuş və şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 29-30) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2406 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №222” dairəvi möhür əksi olan “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0.288 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan Heroindir. Heroinin təmiz çəkisi – 0.288 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,238 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. (i.v 38-41) xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın görünür ki, 20030293 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. .(i.v 51-52) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elnur Abdullayevin xx.xx.2020-ci il tarixli vəsatəti rədd edilmiş və müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. (iv.63-64). Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.65-66) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 3259 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 76-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 81) Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan təmiz çəkisi 0.288 qram heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0.238 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhil verilmişdir. (i.v. 82) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07.11,2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə aparılması barədə protokol və ona əlavə edilmiş 01 ədəd DVD disk, məhkəmə- kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2406 №-li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3259 №-li rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,288 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,238 qram heroinin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün material ayrılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinə göndərilmişdir. (i.v 83-88) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2021-ci il təvəllüdlü X4 adlı bir azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, (CM 59.2), himayəsində 1 azyaşlı uşağının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisinin cəmi 0,238 qram, yəni şəxsi istehlak miqdarının yuxarı həddindən az miqdarda artıq olması ilə yanaşı, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 mənzil 22 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti atlına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı (CM-98.1), iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı 0,238 qram heroin hökm qanuni qüvvəsinin aldıqldan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanmalıdır. (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək ibtidai istintaq dövründə tutulma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə; yaşadığı ünvan 2 mənzil 22 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı – 0,238 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına vəkil X2 tərəfindən göstərilmiş cəmi 60 (altmış səkkiz) iş saatı hüquqi yardıma görə 360 (üç yüz altmış) manat pul vəsaiti, dövlət hesabına vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-95/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-95/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver