Məhkəmə qərarları › İş №1(002)-96/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-96/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-96/2020 19.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1980-ci ildə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikasını vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində, Sahil qəsəbəsinin mərkəzi istiqamətindəki avtomobil yolunun sağ kənarında, 21 nömrəli 9 mərtəbəli yaşayış binasının 100 metr yaxınlığında yerləşən Dövlət Torpaq Fonduna məxsus Qaradağ rayon İcra Hakimiyyətinin nəzarətində olan torpaq sahəsi üzərində 3x8 metr, yəni 24 kvadrat metr ölçüdə «Meyvə-Tərəvəz» adlanan qeyri-yaşayış obyekti tikməklə torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatdadır, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, 3 övladı vardır. İşin mahiyyəti üzrə bildirir ki, o, meyvə-tərəvəz məhsullarını satmaq üçün xx.xx.2019-cu il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yanında 3x8,2 metr ölçüdə torpaq sahəsində mişar daşından tikinti işi aparmışdır. Həmin tikintinin hündürlüyü 2 metr 40 sm hüdürlüyündədir. 2019-cu ilin sentyabr ayında o, Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, meyvə-tərvəz satmaq üçün tikinti işləri aparmaq istəyir. Lakin ona tikinti işləri aparmağa icazə verməmişlər. Bundan sonra Qaradağ rayon İcra Hakimiyyəti Başıçısının Sahil qəsəbə Nümayəndəsi Əkbər müəllimə də meyvə-tərəvəz satmaq üçün Sahil qəsəbəsində kiçik bir ölçüdə tikinti işləri aparmaq istədiyini bildirmişdir. Lakin Əkbər müəllim ondan pul istədiyi üçün onun buna gücü çatmamış və buna görə məcbur olub qeyd etdiyi ünvanda çörək qazanmaq üçün kiçik bir ölçüdə yəni 3x8,2 metr ölçüdə tikinti işləri aparmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində qeyd edilən ünvanda tikinti işlərini apararkən Əkbər müəllim ona yaxınlaşıb Sahil qəsəbəsində yerləşən İcra Nümayəndəliyinə dəvət etmişdir. Əkbər müəllim Sahil qəsəbəsində yerləşən İcra Nümayəndəliyinə getmiş və sonra o özü də onun arxasınca Sahil qəsəbəsində yerləşən İcra Nümayəndəliyinə getmişdir. Əkbər müəllimin yanında Qaradağ RPİ-nin 38-ci PB-nin iki nəfər polis əməkdaşı, polis baş leytenantı və polis kapitanı da olmuşdur. Əkbər müəllim ona demişdir ki, onun tikinti apardığı yerin çıxarışı var, həmin yer onun özünə məxsusdur, o, başqa bir yerdə tikinti işi aparsın və ona 1500 manat da köməklik edəcəkdir. O isə Əkbər müəllim ilə razılaşmayıb otağından çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində o, qeyd edilən ünvanda yeni tikdiyi tikilidə tikinti işləri apararkən Əkbər müəllim, Əkbər müəllimin müavini Orxan müəllim, İcra Hakimiyyətinin əməkdaşları, Mənzil İstismar Komunal Təsərrüfat Birliyinin işçiləri gəlib həmin tikintini sökmək istəmişlər. Lakin o, onlara demişdir ki, bu tikintini sökməyin, həmin şəxslərə tikintiyə daxil olmağa, tikintini sökməyə mane olmuşdur. Həmin vaxt Əkbər müəllim onun qardaşı Elnurun boğazından tutub boğaraq xəsarət yetirmişdir. Daha sonra Qaradağ RPİnin 38-ci PB-nin əməkdaşları gəlib qardaşı Elnuru 38-ci PB-nə aparmışlar. Əkbər müəllim, Əkbər müəllimin müavini Orxan müəllim, İcra Hakimiyyətinin əməkdaşları, Mənzil İstismar Komunal Təsərrüfat Birliyinin işçiləri gəlib həmin tikintini sökə bilməyib həmin ərazini tərk edib çıxıb getmişlər. O, öz ifadəsində daha sonra bildirmişdir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən boş torpaq sahəsində tikəcəyi meyvə-tərəvəz mağazasının sənədlərinin hazırlanması üçün 2019-cu ilin noyabr ayının dəqiq tarixi yadında qalmayan günündə Qaradağ rayonu, Sahil qəsəbəsində, Sahil qəsəbə nümayəndəliyinin həyətində, 6500 manat pulu arvadı Ruhiyyənin yanında Əkbər müəllimə vermişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ailədə yeganə qazanc gətirən şəxs olmaqla meyvə-tərəvəz satmaqla dolanırlar. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 1987-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətinin hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbə üzrə sabiq nümayəndəsi Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisinə texniki baxış keçirərkən Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində avtomobil yolunun kənarında yerləşən Dövlət Torpaq Fonduna məxsus boş sahədə 3x8 metr ölçüdə tikinti işlərinin aparılmasını aşkar etmişdir. Həmin zaman 7 daş hündürlüyündə tikinti işləri aparılmışdır. Şahid2 həmin tikinti aparılan yerə yaxınlaşanda 5 nəfər şəxs tikinti işləri aparırmış və o, həmin əraziyə yaxınlaşıb tikinti işlərinin aparılması barədə sənədləri tələb etmişdir. Təqsirləndirilən şəxs Əkbər müəllimə yaxınlaşıb tikilinin onun özünə məxsus olduğunu və heç bir sənədinin olmadığını bildirmişdir. Əkbər müəllim tikintinin qeyri-qanuni aparılmasını Təqsirləndirilən şəxs bildirib tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Azər adlı şəxs Əkbər müəllimin tələbinə heç bir məhəl qoymadan tikinti işlərini davam etdirmişdir. Əkbər müəllim bu barədə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə məlumat vermişdir. Daha sonra Qaradağ rayon İcra Hakimiyyəti Başçısı aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid1, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı aparatının təsərrüfat şöbəsinin müdiri Rövşən Səmədzadənin, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə nümayəndəsinin müavini Orxan Şükürovun, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə sabiq nümayəndəsi Şahid2 və Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının iştirakı ilə qanunsuz olaraq Dövlət Torpaq Fonduna məxsus boş sahənin zəbt edilərək tikinti işlərinin aparılması barədə akt tərtib etmişlər. Təqsirləndirilən şəxs zəbt edib tikinti işləri apardığı torpaq sahəsi Dövlət Torpaq Fonduna məxsusdur, lakin Qaradağ rayon İcra Hakimiyyətinin nəzarətindədir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, tikinti işləri aparılmış ərazi elektron kadastr məlumat bazasına əsasən Qaradağ rayonu, Sahil qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətində olan torpaqlara aiddir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.0.8; 3.0.9; 3.0.10; 3.0.11 və 3.0.12-ci bəndlərinə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.4 və 87.5-ci maddələrini rəhbər tutaraq xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Qaradağ rayon İcra Hakimiyyətinin iştirakına xitam verilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyini zərərçəkmiş hüquqi şəxs kimi tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 öz ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbə üzrə sabiq nümayəndəsi Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisinə texniki baxış keçirərkən Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində avtomobil yolunun kənarında yerləşən Dövlət Torpaq Fonduna məxsus boş sahədə 3x8 metr ölçüdə tikinti işlərinin aparılmasını aşkar etmişdir. Təqsirləndirilən şəxs zəbt edib tikinti işləri apardığı torpaq sahəsi Dövlət Torpaq Fonduna məxsusdur. Hal-hazırda qeyd olunan qeyri-qanuni tikilinin sökülməsini tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2011-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbə üzrə Nümayəndəsi vəzifəsində işləmişdir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisinə texniki baxış keçirərkən Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 319 saylı orta məktəbin qarşısında Dövlət Torpaq Fonduna məxsus boş sahədə 3x8 metr ölçüdə tikinti işlərinin aparılmasını aşkar etmişdir. Həmin zaman 7 daş hündürlüyündə tikinti işləri aparılmışdır. O, həmin tikinti aparılan yerə yaxınlaşanda 5 nəfər şəxs tikinti işləri aparırmış və o, həmin əraziyə yaxınlaşıb tikinti işlərinin aparılması barədə sənədləri tələb etmişdir. Azər adlı təxminən 40 yaşında bir şəxs ona yaxınlaşıb tikilinin onun özünə məxsus olduğunu və heç bir sənədinin olmadığını bildirmişdir. O, tikintinin qeyri-qanuni aparılmasını Azər adlı şəxsə bildirib tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Azər adlı şəxs onun tələbinə heç bir məhəl qoymadan tikinti işlərini davam etdirmişdir. O, bu barədə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə məlumat vermişdir. Daha sonra rayon İcra hakimiyyətinin məsul işçilərinin və Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının iştirakı ilə qanunsuz olaraq Dövlət Torpaq Fonduna məxsus boş sahənin zəbt edilərək tikinti işlərinin aparılması barədə akt tərtib etmişlər. Akt tərtib edildiyini görən Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə xəsarət yetirib onları şərləyəcək və əlinin ovuc hissəsini mişar daşına sürtüb özünə xəsarət yetirmiş və əlinin qanını sifətinə sürtmüşdür. Azərin yanında olan Eldəniz adlı qardaşı isə mobil telefonu vasitəsilə video götürüntüyə almağa başlamışdır. Onlar da aktı tərtib etdikdən sonra həmin ərazini tərk etmişlər. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşları 38-ci PB-nin əməkdaşları ilə birlikdə dövlət torpaq fonduna məxsus boş sahənin zəbt edilməsi barədə akt tərtib edilərkən ona və aktı tərtib edən şəxsə qarşı hər hansı bir zor tətbiq edilməyib, ancaq Azər, qardaşı Eldəniz və digər adlarını bilmədiyi Azərin qardaşı və qohumları ona hədə qorxu gəlib deyirmişlər ki, onu şərləyəcəklər ki, guya o, Azərə xəsarət yetirmişdir. Sözü gedən Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 3x8 metr ölçüdə yəni 24 kv. torpaq sahəsi Dövlət Torpaq Fonduna məxsusdur, lakin Qaradağ rayon İcra Hakimiyyətinin nəzarətindədir. O, Azərə sözü gedən torpaq sahəsinin ona məxsus olduğunu, başqa bir yerdə tikinti işi aparmasını və ona 1500 manat da köməklik edəcəyini deməmiş və eləcə də Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2010-cu il tarixdən Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətiində, tutduğu vəzifədə isə 2018-ci il tarixdən işləyir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbə üzrə sabiq Nümayəndəsi Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisinə texniki baxış keçirərkən Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində avtomobil yolunun kənarında yerləşən Dövlət Torpaq Fonduna məxsus boş sahədə 3x8 metr ölçüdə tikinti işlərinin aparılmasını aşkar etmişdir. Həmin zaman 7 daş hündürlüyündə tikinti işləri aparılmışdır. Şahid2 həmin tikinti aparılan yerə yaxınlaşanda 5 nəfər şəxs tikinti işləri aparırmış və o, həmin əraziyə yaxınlaşıb tikinti işlərinin aparılması barədə sənədləri tələb etmişdir. Təqsirləndirilən şəxs Əkbər müəllimə yaxınlaşıb tikilinin onun özünə məxsus olduğunu və heç bir sənədinin olmadığını bildirmişdir. Əkbər müəllim tikintinin qeyri-qanuni aparılmasını Təqsirləndirilən şəxs bildirib tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Azər adlı şəxs Əkbər müəllimin tələbinə heç bir məhəl qoymadan tikinti işlərini davam etdirmişdir. Əkbər müəllimin bu barədə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə məlumat vermişdir. Buna görə də həmin gün təxminən saat 16 radələrində o, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı aparatının təsərrüfat şöbəsinin müdiri Rövşən Səmədzadə, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə nümayəndəsinin müavini Orxan Şükürov qeyd edilən əraziyə gəlmişlər. Daha sonra həmin əraziyə Qaradağ RPİ-nin 38-ci PB-dən polis əməkdaşları dəvət etmişlər ki, asayişi təmin etsinlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, sözü gedən tikilini sökmək fikri yoxdur. Buna görə də onun, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı aparatının təsərrüfat şöbəsinin müdiri Rövşən Səmədzadənin, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə nümayəndəsinin müavini Orxan Şükürovun, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə sabiq nümayəndəsi Şahid2 və Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının iştirakı ilə qanunsuz olaraq Dövlət Torpaq Fonduna məxsus olan Qaradağ Rayon İcra Hakimiyyətinin nəzarətində olan boş sahənin zəbt edilərək tikinti işlərinin aparılması barədə akt tərtib edilmişdir. O, bildirir ki, Təqsirləndirilən şəxs zəbt edib tikinti işləri apardığı torpaq sahəsi Dövlət Torpaq Fonduna məxsusdur, lakin Qaradağ rayon İcra Hakimiyyətinin nəzarətindədir. Akt tərtib edildiyini görən Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə xəsarət yetirib onları şərləyəcək və əlinin ovuc hissəsini mişar daşına sürtüb özünə xəsarət yetirmiş və əlinin qanını sifətinə sürtmüşdür. Onlar da aktı tərtib etdikdən sonra həmin ərazini tərk etmişlər. Şahid1 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, o, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşları və 38-ci PB-nin əməkdaşları ilə birlikdə dövlət torpaq fonduna məxsus boş sahənin zəbt edilməsi barədə akt tərtib edilərkən ona və digər əməkdaşlara qarşı hər hansı bir zor tətbiq edilməyib, ancaq Azər, qardaşı Eldəniz və digər adlarını bilmədiyi Azərin qardaşı və qohumları Əkbər müəllimə hədə qorxu gəlib deyirmişlər ki, onu şərləyəcəklər ki, guya Əkbər Azərə xəsarət yetirmişdir. Lakin o, öz gözləri ilə Azərin əlini mişar daşına sürtüb özü-özünə xəsarət yetirməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2009-cu ildən DİO-da, tutduğu vəzifədə isə 2019-cu ilin sentyabr ayından xidmət edir, rütbəsi polis baş leytenantıdır. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci ildə mən və sahə inspektoru, polis kapitanı Şahid7 ilə birlikdə Qaradağ RPİnin 38-ci PB-də əməliyyat qrupunda xidmətdə olmuşdur. xx.xx.2020-ci ildə saat 09:00-da xidmətə başlamışlar, xx.xx.2020-ci ildə saat 09:00-da xidmətdən çıxmışlar. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci ildə təxminən saat 11 radələrində o, Qaradağ RPİ-nin 38-ci PB-də olarkən polis bölməsinin rəhbərliyindən məlumat verilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində avtomobil yolunun kənarında torpaq sahəsi zəbt edilərək qanunsuz olaraq tikinti işləri aparılmışdır, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri, Sahil qəsəbə Nümayəndəsi və müavini həmin əraziyə gedib sənədləşmə işləri aparacaqlar, orada asayişi qorumaq lazım olacaq, buna görə Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbə İcra Nümayəndəliyinin iş otağına getmək lazımdir. O, dərhal əməliyyat qrupunda olan polis kapitanı Şahid7 ilə birlikdə Sahil qəsəbəsində yerləşən Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbə İcra Nümayəndəliyinin iş otağına getmişlər. Sahil qəsəbəsinin X7 müəllim və müavini Orxan Şükürov iş otaqlarında olmuşlar. Əkbər müəllim onlara demişdir ki, Sahil qəsəbəsi, Məhərrəmov Seyidov küçəsində torpaq zəbt edilib tikinti işləri aparılıb, bir qədər gözləsinlər, Qaradağ rayon İcra Hakimiyyətindən nümayəndələr gələcək, həmin əraziyə gedəcəklər. Bir neçə dəqiqə sonra Azər adlı şəxs həmin otağa daxil olmuşdur. Əkbər müəllim və Orxan müəllim Azər adlı şəxslə təxminən 30 dəqiqədən çox söhbət etmişlər. Onlar Azər adlı şəxsə bildirmişlər ki, o, qanunsuz olaraq torpaq zəbt edib tikinti işləri aparıb, həmin tikinti işlərini dayandırıb sonra isə sökmək lazımdır. Azər adlı şəxs isə öz inadından dönməyəcəyini, həmin tikintini dayandırmayacağını və sökməyəcəyini deyirmiş. Daha sonra Azər adlı şəxs otaqdan çıxıb getmişdir. Şahid7 ilə o, bir qədər gözlədikdən sonra Əkbər müəllim demişdir ki, həmin əraziyə günortadan sonra gediləcək, onlar öz xidmətlərinə getsinlər, həmin əraziyə gedəndə onlara xəbər edəcəklər. Bundan sonra Şahid7 ilə o, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbə İcra Nümayəndəliyinin iş otağından çıxıb 38-ci PB-nə getmişlər. Həmin gün təxminən saat 16 radələrində o, Qaradağ RPİ-nin 38-ci PB-də olarkən polis bölməsinin rəhbərliyindən məlumat verilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində torpaq sahəsi zəbt edilərək qanunsuz olaraq tikinti işləri aparılmışdır, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri, Sahil qəsəbə Nümayəndəsi və müavini oradadırlar, həmin əraziyə getmək lazımdır. O, dərhal əməliyyat qrupunda olan polis kapitanı Şahid7 ilə birlikdə deyilən ünvana getmiş və görmüşlər ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində avtomobil yolunun kənarında olan boş sahədə 3x8 metr ölçüdə tikinti işləri aparılmış, tikintinin daş işləri başa çatdırılmış, dam örtüyünün vurulması qalmışdır. Həmin torpaq sahəsini Təqsirləndirilən şəxs zəbt edərək qanunsuz olaraq tikinti işləri aparmışdır. Tikinti yerinə Təqsirləndirilən şəxs qohumları, qardaşları da yığışmışdır. Təqsirləndirilən şəxs torpaq sahəsini zəbt edərək qanunsuz olaraq tikinti işləri aparması barədə Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən onların iştirakı ilə akt tərtib edilmişdir. Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həmin tikilinin sökülməsi Təqsirləndirilən şəxs bildiriləndə Azərin qardaşı Şahid5 tikintinin sökülməyəcəyini deyib səs-küy saldığına görə o, Şahid7 ilə birlikdə Şahid5 Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişdir. Qaradağ RPİ-nin 38-ci PB-də Şahid5 izhatı alındıqdan sonra evə buraxılmışdır. O, Təqsirləndirilən şəxs qanunsuz tikinti işləri apardığına görə xx.xx.2020-ci ildə protokol tərtib edib xx.xx.2020-ci il tarixli məktubla Qaradağ rayon İcra Hakimiyyətinə göndərmişdir. Qaradağ rayon İcra Hakimiyyətinin nünmayəndələri tərəfindən Dövlət Torpaq Fonduna məxsus boş sahənin zəbt edilməsi barədə akt tərtib edilərkən Təqsirləndirilən şəxs və ya qohumları tərəfindən kimə isə qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs qardaşı Şahid5 tikintinin sökülməyəcəyini deyib səs-küy saldığına görə mən Şahid7 ilə birlikdə Şahid5 Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişdir. Ola bilər ki, Şahid5 38-ci PB-nə aparandan sonra Təqsirləndirilən şəxs hansısa səbəbdən xəsarət almışdır. O və X9 rayon İcra Hakimiyyətinin Sahil qəsəbə İcra Nümayəndəliyində olarkən Əkbər müəllim həmin tikilini sökmək üçün Təqsirləndirilən şəxs 1500 manat pul təklif etməyib, bu deyilənlər yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, himayəsində 2 azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs onun qardaşıdır, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. X11 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil ilə Azər meyvə-tərəvəz məhsulları satıb ailəsini dolandırır. O, Cəlilabad rayonu, Sərxanlı kənd orta məktəbində ingilis dili müəllimi işləyir. İşin mahiyyəti üzrə bildirir ki, qardaşı Azər meyvətərəvəz məhsullarını satmaq üçün Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yanında 3x8 metr ölçüdə torpaq sahəsində mişar daşından tikinti işlərinə başlamışdır. Azər onu köməyə çağırdığı üçün o da xx.xx.2020-ci il tarixdə Biləsuvar rayonundan Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlib qardaşı Azərə tikinti işləri aparmağa köməklik etmişdir. O, palçıq qarışdırıb tikintini tikən ustaya daş verib köməklik edirmiş. Qardaşı Eldəniz də Biləsuvar rayonundan gəlib tikinti işlərini aparmağa köməklik edirmiş. O, bildirir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində qeyd edilən ünvanda o, qardaşı Eldəniz Azərə qeyd edilən tikinti işlərini aparmağa fəhləlik edərək kömək edən zaman Sahil qəsəbəsinin X7 müəllim, Əkbər müəllimin müavini Orxan müəllim, İcra Hakimiyyətinin iki nəfər əməkdaşı Rövşən və adını bilmədiyi digər şəxs gəlmişlər. Əkbər Azərə demişdir ki, tikintinin haqqını versin sonra tikinti işlərini aparsın, yoxsa tikinti söküləcəkdir. Onların yanlarında əllərində ling və balta olan bir neçə nəfər şəxs də olmuşdur. Qardaşı Azər ilə Əkbər müəllimin arasında mübahisə yaranmışdır və Azər Əkbərə bildirmişdir ki, həmin tikili sökülməyəcək, tikilinin sökülməsi barədə sənədi təqdim etsin, bundan sonra tikilini sökəcəkdir. O, özü də Əkbər müəllimə tikilininin sökülməyi barədə etiraz etmişdir. Əkbərin əlində ling olmuşdur, tikilini sökmək istəyirmiş. O, Azər, qardaşı Eldəniz tikilinin içərisindən çıxmırmışlar. Əkbər əlində olan ling ilə onun, Azərin sinəsindən itələyib tikilidən çölə çıxarmaq istəyirmiş. Bir qədər sonra Qaradağ RPİnin 38-ci PB-nin əməkdaşları da ora gəlmişlər. O, tikilinin sökülməsi barədə öz etirazını bildirdiyi üçün polis əməkdaşları elə bilmişlər ki, o, asayişi pozur və buna görə Elnuru 38-ci PB-nə aparmışlar. Şahid5 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, Qardaşı Azərin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yanında tikinti işləri aparmaq üçün hər hansı bir sənədinin olubolmamasını bilmir. xx.xx.2020-ci il tarixdə sözü gedən sahədə qardaşı Azərin inşa etdirdiyi tikilini sökmək istəyərkən Əkbər müəllim Azərə ling ilə xəsarət yetirib. Əkbərin onun köynəyinin yaxasından tutub dartışdırmışdır və sinəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Qardaşı Eldənizi isə kiminsə vurmasını görməmişdir. Əkbərin onun köynəyinin yaxasından tutub dartışdırması və bir dəfə yumruq ilə sinəsinə yumruq zərbəsi vurması nəticəsində onun sinəsi qızarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, himayəsində 3 azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs onun qardaşıdır, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. X11 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil ilə Azər meyvə-tərəvəz məhsulları satıb ailəsini dolandırır. O, da heç bir yerdə işləmədiyi üçün arada-bir Azərə meyvə-tərəvəz məhsulları satmağa köməklik edir. İşin mahiyyəti üzrə bildirir ki, qardaşı Azər meyvə-tərəvəz məhsullarını satmaq üçün Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yanında 3x8 metr ölçüdə torpaq sahəsində mişar daşından tikinti işlərinə başlamışdır. O, xx.xx.2020-ci il tarixdə Biləsuvar rayonundan Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlib qardaşı Azərə tikinti işləri aparmağa köməklik etmişdir. Səhv etmirsə xx.xx.2020-ci il tarixdə artıq tikinti işləri qurtarmışdır. O, bildirir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində qeyd edilən ünvanda o, qardaşı Azərə tikinti işlərini aparmağa fəhləlik edərək kömək edən zaman Sahil qəsəbəsinin X7 müəllim, Əkbər müəllimin müavini Orxan müəllim, İcra Hakimiyyətinin iki nəfər əməkdaşı gəlib Azərə demişlər ki, qanunsuz tikinti işləri apardığına görə həmin tikinti sökülməlidir. Lakin qardaşı Azər ilə Əkbər müəllimin arasında mübahisə yaranmış və bundan sonra Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları da ora gəlmişlər. Azərin əli və burnu qanamışdı, qardaşı Elnur da onları aralaşdırmaq istəyəndə polis əməkdaşları elə bilmişlər ki, Elnur asayişi pozur və buna görə Elnuru 38-ci PB-nə aparmışlar. Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşları, Əkbər və Orxan ərazini tərk edib getmişlər. O əlavə olaraq bildirmişdir ki, qardaşı Azərin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yanında tikinti işləri aparmaq üçün hər hansı bir sənədi yoxdur. xx.xx.2020-ci il tarixdə sözü gedən sahədə qardaşı Azərin inşa etdirdiyi tikilini sökmək istəyərkən Əkbər müəllim Azərə xəsarət yetirib. O, görmüşdür ki, Əkbər müəllim Azərin sinəsinə yumruqla vururmuş. Onu və qardaşı Elnuru vuran olmayıb, Elnur ilə o, xəsarət almamışlar. O, Azərə tikinti işlərinin aparılmasında köməklik edərkən Azərin tikinti aparmaq barədə sənədinin olub-olmaması barədə məlumatı olmamışdır. Şahid Səmədzadə Rövşən Fikrət oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Səmədzadə Rövşən Fikrət oğlu öz ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətiində işləyir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbə üzrə sabiq Nümayəndəsi Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisinə texniki baxış keçirərkən Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində avtomobil yolunun kənarında yerləşən Dövlət Torpaq Fonduna məxsus Qaradağ rayon İcra Hakimiyyətinin nəzarətində olan boş sahədə 3x8 metr ölçüdə tikinti işlərinin aparılmasını aşkar etmişdir. Həmin zaman 7 daş hündürlüyündə tikinti işləri aparılmışdır. Şahid2 həmin tikinti aparılan yerə yaxınlaşanda 5 nəfər şəxs tikinti işləri aparırmış və o, həmin əraziyə yaxınlaşıb tikinti işlərinin aparılması barədə sənədləri tələb etmişdir. Təqsirləndirilən şəxs Əkbər müəllimə yaxınlaşıb tikilinin onun özünə məxsus olduğunu və heç bir sənədinin olmadığını bildirmişdir. Əkbər müəllim tikintinin qeyri-qanuni aparılmasını Təqsirləndirilən şəxs bildirib tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Azər adlı şəxs Əkbər müəllimin tələbinə heç bir məhəl qoymadan tikinti işlərini davam etdirmişdir. Əkbər müəllimin bu barədə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə məlumat vermişdir. Buna görə də həmin gün təxminən saat 16 radələrində o, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid1, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə nümayəndəsinin müavini Orxan Şükürov qeyd edilən əraziyə getmişlər. Daha sonra həmin əraziyə Qaradağ RPİ-nin 38-ci PB-dən polis əməkdaşları dəvət etmişlər ki, asayişi təmin etsinlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, sözü gedən tikilini sökmək fikri yoxdur. Buna görə də onun, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid1, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə nümayəndəsinin müavini Orxan Şükürovun, Qaradağ rayon İcra Hakimiyyətinin Sahil qəsəbəsi üzrə sabiq nümayəndəsi Şahid2 və Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının iştirakı ilə qanunsuz olaraq Dövlət Torpaq Fonduna məxsus olan Qaradağ Rayon İcra Hakimiyyətinin nəzarətində olan boş sahənin zəbt edilərək tikinti işlərinin aparılması barədə akt tərtib edilmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs zəbt edib tikinti işləri apardığı torpaq sahəsi Dövlət Torpaq Fonduna məxsusdur, lakin Qaradağ rayon İcra Hakimiyyətinin nəzarətindədir. Akt tərtib edildiyini görən Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə xəsarət yetirib bizi şərləyəcək və əlinin ovuc hissəsini mişar daşına sürtüb özünə xəsarət yetirmiş və əlinin qanını sifətinə sürtmüşdür. Onlar aktı tərtib etdikdən sonra həmin ərazini tərk etmişlər. Rövşən Səmədzadə ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, o, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşları və 38-ci PB-nin əməkdaşları ilə birlikdə dövlət torpaq fonduna məxsus boş sahənin zəbt edilməsi barədə akt tərtib edilərkən ona və digər əməkdaşlara qarşı hər hansı bir zor tətbiq edilməyib, ancaq Azər, qardaşı Eldəniz və digər adlarını bilmədiyi Azərin qardaşı və qohumları Əkbər müəllimə hədə qorxu gəlib deyirdilər ki, onu şərləyəcəklər ki, guya Əkbər Azərə xəsarət yetirmişdir. Lakin o, öz gözləri ilə Azərin əlini mişar daşına sürtüb özü-özünə xəsarət yetirməsini görmüşdür. Hətta Təqsirləndirilən şəxs qardaşı Şahid5 səs-küy saldığı üçün polis əməkdaşları onu 38-ci PB-nə dəvət etmişlər. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru Şahid7 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha qeyd edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2020-ci il tarixli 5/91 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində özbaşına tikinti işləri apardığı 24 kvadrat metr ölçüdə olan torpaq sahəsi Dövlət torpaq Fonduna məxsus olsa da Qaradağ rayon İcra Hakimiyyətinin nəzarətindədir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli məktubundan aydın olur ki, yuxarıda qeyd olunan tikinti aparılmış ərazi elektron kadastr məlumat bazasına əsasən Qaradağ rayonu, Sahil qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətində olan torpaqlara aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlini qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Qaradağ rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilməklə MSY-dən azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 32 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 192 (yüz doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 192 (yüz doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Zərərçəkmiş hüquqi şəxsə izah edilsin ki, qanunsuz tikintinin sökülməsi ilə bağlı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar