Məhkəmə qərarları › İş №1(002)-96/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-96/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-96/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 il 07 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, məhkum olunanadək Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətdiyinə görə məhkum olunaraq Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən, “Cəzaçəkmə müəssisələrinin X5” ilə məhkumlara qadağan olunmuş əşya sayılan işlək vəziyyətdə olub istifadə üçün yararlı olan bir ədəd «Samsung Galaxy 3» markalı, «SM-A320F/DS» modelli, «3563xx/xx/201509/8, 35630xx/xx/201509/6» imei kodlu, bir ədəd «Samsung Galaxy A3» markalı, «SM-A310F» modelli, «3591xx/xx/015543/0» imei kodlu mobil telefon aparatlarını istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və ***-***-**-** və ***-***-**-** nömrəli GSM kartlarından istifadə etməklə Şahid8 ***-***-**-** nömrəli mobil telefonuna zənglər edərək istifadə etmiş, xx.xx.2020-ci il tarixdə saat 10:35 radələrində müəssisənin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 13 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı həmin mobil telefonların biri məhkumların ümumi istifadəsində olan dolabçanın arxa hissəsindən və digəri isə məhkumların ümumi istifadəsində olan qara rəngli çantanın alt hissəsində yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə 10 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan sonra cəza çəkdiyi müddətdə cinayət törətdiyinə görə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 06 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində çəkir. Cəza çəkdiyi müddətdə həmin müəssisənin rəhbərliyi tərəfindən ona cəzaçəkmə yerində mobil telefondan istifadənin və saxlamanın məhkumlar üçün cinayət məsuliyyəti yaratması izah olunmuşdur. Lakin buna baxmayaraq 2020-ci ilin may ayının əvvəllərində cəza çəkdiyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən məhkumlar üçün nəzərdə tutulan hamam otağında qoyulmuş zibil səbətinin içərisindən tapdığı qara rəngli sellofan torbaya bükülü halda arasından məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya olan iki ədəd «Samsung» markalı mobil telefonlar əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və onlarda ***-***-**-** və ***-***-**-** nömrəli GSM kartından istifadə etməklə yaxınları və dostlarına, əsasən də tanışı Şahid8 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zənglər edərək əlaqə saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 10:35 radələrində müəssisənin əməkdaşları tərəfindən onun saxlanıldığı 1-ci rejim korpusunun, 13 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı daxilində GSM kartı olan həmin “Samsung” markalı mobil telefon kamerada qoyulmuş məhkumların ümumi istifadəsində olan dolabçanın arxa hissəsində düzəltdiyi gizli saxlanc yerindən və kamerada qoyulmuş məhkumların ümumi istifadəsində olan içərisinə müxtəlif əşyalar yığılan qara rəngli çantanın alt hissəsinə yapışqanlı lentlə yapışdırılaraq gizlədilmiş digər “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. O, həmin mobil telefonlardan istifadə üçün digər məhkum yoldaşlarına verməmişdir. Həmin mobil telefonlardan hər kəsdən gizlin olmaqla mütəmadi olaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs son olaraq Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etdi. Məkhəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 09:30 radələrində böyük əməliyyat müvəkkili vəzifəsində işlədiyi Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində xidmətdə olduğu zaman həmin müəssisəsinin 1-ci rejim korpusunun 13 saylı kamerasında cəza çəkən məhkumlarda cəzaçəkmə yerində saxlanılan şəxslərə istifadəsi və saxlanması qadağan olunmuş əşya, mobil telefonların olması, həmin mobil telefonlardan mütəmadi olaraq istifadə etməklə əlaqə saxlamaları barədə Penitensiar Xidmətin Əməliyyat İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə 1-ci rejim korpusunun 13 saylı kameraya əməkdaşlarla və iki nəfər hal şahidi ilə birlikdə qəfləti baxış keçirilmişdir. Baxış zamanı kamerada qoyulmuş məhkumların ümumi istifadəsində olan dolabçanın arxa hissəsində düzəldilmiş gizlin saxlanc yerindən daxilində «SİM» danışıq kartı olan «Samsung» markalı və kamerada məhkumların ümumi istifadəsində olan içərisinə müxtəlif əşyalar yığılmış çantanın altına yapışqanlı lentlə yapışdırılmış, bir ədəd daxilində «SİM» danışıq kartı olmayan «Samsung» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu zaman həmin kamerada saxlanılan məhkumlardan mobil telefonların kimə məxsus olmasını soruşarkən heç bir məhkum, eyni zamanda Təqsirləndirilən şəxs mobil telefonun kimə məxsus olmasını etiraf etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid6 və Şahid5 digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid8 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin ibtidai istintaq dövründə hal şahidi qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid8 və Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dözvründə şahid qismində dindirilmiş Şahid8 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tanışı Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədən istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefondan 2020-ci ilin aprelmay aylarında onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zənglər edərək hal-əhval tutmuşdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, əvvəllər törətdiyi cinayət əməlinə görə məhkum olunaraq hazırki günə kimi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların çoxusunu tanıyır və heç bir məhkumla pis münasibəti yoxdur. xx xxx 2020-ci il tarixdə saat 10:30 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilərək axtarış-baxış tədbirində hal şahidi kimi iştirak etmək məqsədilə dəvət edilmiş və həmin axtarış-baxış tədbirində hal şahidi kimi iştirak etməsinə razılıq verdikdən sonra əməkdaşlar tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və bundan sonra əməkdaşlarla birlikdə axtarış-baxış tədbirində iştirak etmişdir. Müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasında keçirilən baxış zamanı kamerada saxlanılan məhkumların ümumi istifadəsində olan dolabçanın arxa hissəsinə yapışdırılmış sınıq vəziyyətdə olan “Samsung” markalı sahibsiz məhkumlara məxsus mobil telefon və həmin kamerada qoyulmuş məhkumların ümumi istifadəsində olan içərisinə müxtəlif əşyalar yığılmış çantanın alt hissəsinə yapışdırılmış daxilində iki ədəd GSM danışıq kartı olan “Samsung” markalıl mobil telefon aşkar olunaraq götürülmüşdür. Bu zaman məhkumlardan soruşularkən həmin kamerada saxlanılan məhkumlardan heç kim mobil telefonun ona məxsus olmasını boynuna almamış və bu haqda əməkdaşlar tərəfindən müvafiq protokol tərtib edilmiş və o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq edərək, hadisə barədə yazılı izahat vermişdir. İbtidai istintaq zamanı hal şahidi qismində dindirilmiş Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə hal şahidi Şahid7 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən müəyyən olunmuşdur ki, o, digər hal şahidi Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli axtarış və götürmə protokolundan, fotocədvəldən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzçəkmə müəssisəsinin əməliyyat bölməsinin böyük inspektoru Şahid2, RNK ədliyyə mayoru Şahid6, əməliyyat bölməsinin inspektoru ədliyyə baş leytenantı Şahid5 Yavər oğlu, RNŞ-nin inspektoru ədliyyə kapitanı Şahid3, RNŞ-nin böyük nəzarətçisi ədliyyə baş giziri Şahid4 və hal şahidi qismində dəvət olunmuş Şahid1 İngilab oğlu və Şahid7 iştirakları ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2020-ci il tarixdə təxminən 10:35 radələrində müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasında keçirilmiş qəfləti axtarış tədbiri zamanı, kamerada ümumi istifadədə olan dolabçanın arxa hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı və ümumi istifadədə olan içərisinə müxtəlif əşyalar yığılmış çantanın alt hissəsinə yapışdırılmış vəziyyətdə daxilində 2 ədə “Azercell” danışıq kartları olan işlək vəziyyətdə 1 ədəd “Samsung Duos” (***-***-**-**; ***-***-**-**) markalı sahibsiz məhkumlara məxsus mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı saxlanması və istifadəi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş əşyalar protokol iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və müəssisənin möhürü ilə bərkidilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 7-8) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-cu il tarixli 5/371 saylı kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas təzyiqlə (sensorla) çalışan “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A3” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-A320F/DS” modelli “3563xx/xx/201509/8, 3563xx/xx/201509/6” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “Android” əməliyyat sistemi təchiz olunmuş “Samsung Galaxy A3” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-A310F” modelli, 3591xx/xx/015543/0” imei kodlu mobil telefon (smartfon) olmaqla, hal-hazırda işlək vəziyyətdə olmayıb, istifadə üçün yararlı deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat, doxsan dörd qəpik) manatdır. (i.v. 110-113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(002)-364/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü iləzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olumuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona həmin hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-926/2016 saylı hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 06 il 05 ay hissəsinə qismən birləşdirilməklə ona qəti olaraq 06 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. (i.v. 124, 191-198) Baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 8690 saylı protokoldan və mobil telefonuna olunmuş zənglərin çıxarışından görünür ki, Ədliyyə Nazirliyi İstintaq İdarəsinin böyük müstəntiqi, ədliyyə müşaviri X4 cinayət işi üzrə məhkəmə qərarı əsasında “xxxx” MMC-dən götürülmüş telefon danışıqları barədə məlumatlara baxış keçirərək müəyyən etmişdir ki, Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlardan X1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edilərək əlaqə saxlanılması barədə məlumat vardır. Qeyd olunan məlumatlara baxış keçirdikdən sonra həmin nömrələrə dair müvafiq işarələr edilmiş və protokola əlavə olunmuşdur. (i.v. 202, 203) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş cəzasının əvvəli xx xxxxxx 2019-cu il, cəzasının sonu xx xxxx 2026-cı il tarixidir. Məhkum Təqsirləndirilən şəxs 8 saylı CM-nə xx xxxxxx 2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317-ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (i.v. 204-205) Maddi sübut kimi tanınma barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, aşkar edilmiş “Samsung Galaxy A3” markalı, arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-A320F/DS” modelli, “3563xx/xx/201509/8, 3563xx/xx/201509/6” imei kodlu mobil (smartfon) telefon, “Samsung Galaxy A3” markalı, axra tərəfindəki markirovka göstəricisinə görə “SM-A310F” modelli, “3591xx/xx/015543/0” imei kodlu mobil (smartfon) telefon və bir ədəd “xxxx” MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 209-210) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmışdır. (i.v. 211-213) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(002)-364/2019 saylı hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(002)-364/2019 saylı hökm üzrə CMnin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 06 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.4), cəza çəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut “Samsung Galaxy A3” markalı, arxa tərəfindəki markirovka göstəricisinə görə “SM- A320F/DS” modelli, “3563xx/xx/201509/8, 3563xx/xx/201509/6” imei kodlu mobil (smartfon) telefon, “Samsung Galaxy A3” markalı, axra tərəfindəki markirovka göstəricisinə görə “SM-A310F” modelli, “3591xx/xx/015543/0” imei kodlu mobil (smartfon) telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli (CM 99- 1.1) və bir ədəd “xxxx” MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(002)-364/2019 saylı hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 05 (beş) il, 04 (dörd) ay, 04 (dörd) gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 05 (beş) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx xxxx 2021-ci il tarixindən hesablansın. İş üzrə maddi sübut - “Samsung Galaxy A3” markalı, arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-A320F/DS” modelli, “3563xx/xx/201509/8, 3563xx/xx/201509/6” imei kodlu mobil (smartfon) telefon, “Samsung Galaxy A3” markalı, axra tərəfindəki markirovka göstəricisinə görə “SM-A310F” modelli, “3591xx/xx/015543/0” imei kodlu mobil (smartfon) telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və bir ədəd “xxxx” MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 59,94 (əlli doqquz manat, doxsan dörd qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar