Məhkəmə qərarları › İş №1(002)-99/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-99/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-99/2025 23.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2025-ci il tarixdə axşam saat 21:30-da Zərərçəkmiş şəxs idarə etdiyi «Khazar» markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşdikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara yolunun 28-ci km-də yerləşən «ABT» yükdaşıma şirkətinin baş ofisinin qarşısında Zərərçəkmiş şəxs avtomobili bir neçə dəqiqəlik saxlayıb düşərək uzaqlaşmasından istifadə edərək, həmin avtomobilin sürət qutusunun qarşısında olan 05 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq əskinazlardan ibarət 550 (beş yüz ǝlli) manat məbləğdə pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 mart 2025-ci il tarixdə saat təxminən 20:35-da yaşadığı ünvana doğru getmək üçün Lökbatan dairəsi kimi tanınan yerdə ağ rəngli "Khazar" markalı avtomobilə əyləşmiş və Sənqəçal qəsəbəsinə doğru hərəkətə başlamışlar. Maşında olan digər şəxslərlə birlikdə müəyyən qədər yol getdikdən sonra Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində həm avtomobilin sürücüsü, həm də sərnişin çay içmək üçün avtomobildən gedərkən onu da dəvət etsələr də, o, getməmiş və avtomobildə qalmışdır. Qısa müddət keçdikdən sonra avtomobilin sürət qutusunun qarşısında pul görmüş, ümumilikdə 550 manat məbləğdə nağd pulu gizlin götürüb əynindəki gödəkçənin cibinə qoymuş və dərhal avtomobildən düşərək, Sahil qəsəbəsində olan "Rahat" marketin qarşısında "Toyota Corolla" markalı avtomobilə əyləşib, ona 10 manat xidmət haqqı ödəyərək evinə getmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinin və zərərçəkmiş şəxslə barışıq əldə etməklə, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün və Şahid2 məhkəmə iclasında verdiyi, zərərçəkmiş şəxsin və digər Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 28 mart 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Lökbatan dairəsi" kimi tanınan yerdən keçərkən, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Sənqəçal qəsəbəsinə getmək üçün sərnişin qismində idarə etdiyi avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Onlar Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “ATB" yük daşıma şirkətinin ofisinin qarşısında olarkən, o, avtomobildə ön sağ oturacaqda əyləşmiş qohumu Şahid1 ilə birgə avtomobildən düşərkən, Təqsirləndirilən şəxs dəvət etsələr də, sonuncu onlarla getməmiş, avtomobildə onları gözləyəcəyini bildirmişdir. O, avtomobildən düşdüyü vaxt 550 manat məbləğdə nağd pulu sürət qutusunun qarşısında olmuşdur. Onlar təxminən 10- 15 dəqiqə sonra avtomobilə qayıtdıqda, arxa sağ oturacaqda əyləşmiş şəxsin avtomobildə olmadığını görmüşlər. Həmin vaxt dərhal pulunu qoyduğu yerə baxmış, lakin 550 manat məbləğində nağd pulunun orada olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Sonra o, ətrafda bir müddət həmin şəxsi axtarsa da, sonuncunu tapa bilmədiyi üçün “102” xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 28 mart 2025-ci il tarixdə axşam saat 21:40-da idarə etdiyi "Toyota Corolla" markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Rahat" marketin qarşısında olarkən, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşmış və onu Bakı şəhəri Qaradağ rayonu Sənqəçal qəsəbəsində olan posta kimi aparmasını xahiş etmişdir. O, 10 manat xidmət haqqı qarşılığında həmin şəxsi dediyi yerin yaxınlığına aparmışdır. Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı ərizə ünvanlayaraq işi ilə əlaqədar olaraq iclasda iştirak edə bilməyəcəyini, ifadəsinin dəyişmədən qaldığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 28 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi "Khazar" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Lökbatan dairəsi" kimi tanınan yerdən keçərkən, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Sənqəçal qəsəbəsində "Qaradağ postu" kimi tanınan yerə qədər aparmaq məqsədilə sərnişin qismində götürmüşlər. Onlar Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində yerləşən "ATB" yük daşıma şirkətinin ofisinin qarşısında olarkən, Zərərçəkmiş şəxsla bərabər avtomobildən düşərkən Təqsirləndirilən şəxs da çay içməyə dəvət etmişlər, lakin sonuncu onlarla razılaşmamış və maşında əyləşmişdir. Onlar avtomobildən düşərkən Süleyma Salmanovun 550 manat məbləğdə nağd pulu avtomobilin sürət qutusunun qarşısında olmuşdur. Təxminən 10-15 dəqiqə sonra avtomobilə qayıtdıqda, sağ arxa oturacaqda əyləşmiş şəxsin düşüb getdiyini görmüşlər. Zərərçəkmiş şəxs dərhal pulunu qoyduğu yerə baxmış, orada pulun olmadığını görmüşdür. Bundan sonra bir müddət onlar həmin şəxsi ətrafda axtarsalar da, tapa bilməmişlər. Zərərçəkmiş şəxs pulunun oğurlanması barədə “102” xidməti zǝng mərkəzinə məlumat vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 8-9-cu vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara yolunun 28-ci km-də yerləşir. Cinayət işinin 13-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq 38-ci PB-nə təmin edilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 40-cı vərəqəsində olan 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 48-49-cu vərəqələrində olan 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (saat 09:15) Cinayət işinin 60-61-ci vərəqələrində olan 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talayaraq oğurluq törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, 48-3/1-1605 saylı əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə saxlanılaraq 38-ci PB-nə təmin edildiyi 1 (bir) gün və 02 aprel 2025-ci il tarixdən 03 aprel 2025-ci il tarixədək tutulduğu 1 (bir) gün ümumilikdə 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 04 (dörd) gün hesabı ilə hesablanmalı və təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanını hər gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixədək 30 saat, xx.xx.2025-ci il tarixdən isə 5 saat cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixdən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına xx.xx.2025-ci il tarixədək göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 manat pul və xx.xx.2025ci il tarixindən göstərilmiş 05 (beş) iş saatı hüquqi xidmətə görə 55 manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 275 (iki yüz yetmiş beş) manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanını hər gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına xx.xx.2025-ci il tarixədək göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 manat pul və xx.xx.2025-ci il tarixindən göstərilmiş 05 (beş) iş saatı hüquqi xidmətə görə 55 manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 275 (iki yüz yetmiş beş) manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar