Məhkəmə qərarları › İş №1(003)-10/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-10/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-10/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu, Suparibağ ərazi dairəsi, Qapıçıməhəllə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə saat 11 radələrində saxlanc yeri olan X5 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “X3”-nin həyətində olan anbara nəfəslikdən qanunsuz daxil olaraq 01 metri 1,20 manat olmaqla ümumi dəyəri 1560 manat olan üzərində «SİMGE KABLO HOSVV-F 4 G 1,5mm 2* 029mt* 903» yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 8,7 mm, damarların hər birinin diametri təxminən 2,5 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan mis əsaslı ərintidən hazırlanmış 1300 metr və 01 metri 1.50 manat olmaqla ümumi dəyəri 1950 manat olan üzərində “AREX KABLO H05W-F 4x4 mm2 020 mt” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12,5 mm, damarların hər birinin diametri təxminən 3,7 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan mis əsaslı ərintidən hazırlanmış 1300 metr elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş X5 ümumilikdə 3510 (üç min beş yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 07 may 2021-ci il tarixdə saat 11 radələrində Binə qəsəbəsi, Atçılıq sahəsində kanal yolu ilə hərəkətdə olarkən hasarın içərisində böyük bir ərazidə quşçuluq fabrikini görmüşdür. O, hasardan həyətə boylanmış və həyətdə heç kimin olmadığını görüb içəriyə keçmişdir. İçəridə bir neçə ədəd anbar varmış. O, anbarlara baxmış və həmin anbarlardan birinin nəfəsliyinin ağzında olan dəmir setkanı əli ilə açaraq yerə tullamışdır. Bundan sonra nəfəslikdən içəriyə daxil olmuş və anbarın içərisində havalandırma sisteminə gedən elektrik naqillərini cibində olan bıçaqla kəsərək yerə yığmışdır. Bundan sonra həmin elektrik naqillərini özü ilə götürdüyü 3 ədəd sintetik kisələrə yığaraq anbardan əvvəlcə həyətə çıxmış və sonra kisələri hasardan küçəyə atmışdır. Bundan sonra oradan bir qədər aralıda qayaların arasında həmin kisələrin birini yandıraraq əritmişdir. Digər iki kisəni isə orada gizlətmişdir. Yandırdığı kisəni Maştağa qəsəbəsində əvvəllər küçədən yığaraq satdığı metal qəbulu məntəqəsinə təhvil vermişdir. Əvəzində isə 54 manat 60 qəpik pul almışdır. Əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. 09 may 2021-ci il tarixdə isə gizlətdiyi elektrik naqillərini əridib satmaq üçün həmin yerə getmişdir. O, gizlətdiyi iki kisə elektrik naqillərini yandırmışdır ki, əritdikdən sonra aparıb satsın. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşmış və nə iş gördüyünü ondan soruşmuşdur. O, həmin şəxsin oğurluq etdiyi fabrikin gözətçisi olduğunu fikirləşib oğurluq etdiyini bildirmişdir. Həmin şəxs onu Xəzər rayonu 2-ci polis şöbəsinə təhvil vermişdir. Şöbədə olarkən o, oğurluq yolu ilə əldə edib əritdiyi elektrik naqillərini polisə təhvil vermişdir. Etdiyi oğurluq hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. Etdiyi oğurluğu tək törətmişdir. Oğurlayaraq əridib satdığı misi Maştağa qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 bildirdi ki, təxminən 2006-cı ildən etibarən Xəzər rayonu, Atçılıq qəsəbəsi, ikinci sahədə yerləşən hal-hazırda istifadə olunmayan «X3»ni özəl olaraq işlədir. Lakin qeyd etdiyi kimi hazırda həmin müəssisə işləmir. Həmin müəssisəyə nəzarət etmək üçün Şahid1 etibarnamə vermişdir. 09 may 2021ci il tarixdə Atamoğlan onunla əlaqə saxlayaraq bildirmişdir ki, bir nəfər Əlkəbər Həsənov adlı şəxs cavan oğlan sahibi olduğu Toyuqçuluq Müəssisəsindən 1 dəfə olmaqla kabel oğurlayıb yandırıb mis etmişdir. Oda Atamoğlana xahiş edərək bildirmişdir ki, Xəzər RPİ-nin 2-ci PŞ-də ərizə yazsın. Bundan sonra onlara məlum olmuşdur ki, onun özəl biznesi, yəni şəxsi istifadəsində olan «X3»dan havalandırma sistemlərinə gedən 01 metri 0,65 manat olan 1300 metr uzunluğunda 4 mm-lik elektirk naqilli və 01 metri 0,55 manat olan 1300 metr uzunluğunda 2,5 mm-lik elektrik naqilləri 07 may 2021-ci il tarixdə həmin şəxs tərəfindən oğurlanaraq çıxarılmışdır, lakin bir hissəsini həmin tarixdə metal qəbulu məntəqəsinə verərək pul əldə etmiş, digər hissəsində 09 may 2021-ci il tarixdə əridib mis edən zaman qonşuluqda yaşayan Babək adlı şəxs tərəfindən saxlanılmışdır. Həmin oğurluq nəticəsində ümumilikdə 1560 manat maddi ziyan dəymişdir. Onuda qeyd etmişdir ki, həmin oğurluğa girən şəxs nəfəslikdən daxil olmuşdur, başqa heç bir əmlakı zədələnməmişdir. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Cali oğlu bildirmişdir ki, təxminən 2 il olar ki, Atçılıq yaşayış massivində yerləşən quşçuluq fermasında mühafizəçi işləyir. Hazırda ferma öz fəaliyyətini dayandırıb, uzun müddətdir ki, işləmir. Onunda iş saatı 19:00-dan 07:00dəkdir. 09 may 2021-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən ona məlum olmuşdur ki, həmin mühafizəsini etdiyi fermadan Ələkbər adlı şəxs tərəfindən 2,5mm-lik və 4 mm-lik elektrik naqilləri 07 may 2021-ci il tarixdə oğurlanmışdır. Hətda həmin şəxs elektrik naqillərinin bir hissəsini 07 may 2021-ci il tarixdə əridərək metal qəbuluna vermiş, qalan hssəsini isə 09 may 2021-ci il tarixdə yandırmaq istəyən zaman qonşu tərəfindən polisə təhvil verilmişdir. Qeyd etmişdir ki, həmin şəxsin nə vaxt oradan oğurluq etməsinidən məlumatı olmamış və həmin şəxsi oğurluq edərkən görməmişdir. Ona məlum olduğu kimi həmin şəxs fermanın ərazisindən elektirk naqillərini oğurlamaq üçün anbara nəfəslikdən daxil olmuşdur. Oda bu barədə öz növbəsində həmin əraziyə nəzarət edən Şahid1 məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, xırda buynuzlu heyvanlar saxlayıb ailəsini dolandırır. 09 may 2021-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvanla yaxın ərazidə yerləşən hazırda fəaliyyət göstərməyən quşçuluq fabrikinin yaxınlığında keçən zaman ətrafda qara tüstü gəldiyini və bir nəfər naməlum şəxsin naməlum əşyanın yandırıldığını görüb həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxs özünü şübhəli apardığından yaxınlaşıb nə yandırdığını və burda nə etdiyini maraqlanmışdır. O, həmin yandırılan əşyaların elektrik kabelləri olduğunu görmüşdür və başa düşmüşdür ki, həmin şəxs oğurluq edib, qeyd olunan kabelləri yandırırmış ki, mis əldə etsin. Eyni zamanda həmin şəxsdə həyacanlı halda etiraf edərək bildirmişdir ki, yandırdığı naqilləri yaxınlıqda olan fabrikdən oğurlayıb. Oda vətəndaşlıq borcunu yerinə yetirib həmin şəxsi yandırdığı elektrik kabeli ilə birlikdə maşınına əyləşdirib Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 1 ildir ki, etibarnamə əsasında X5 məxsus Xəzər rayonu, Atçılıq qəsəbəsi, ikinci sahədə yerləşən hal-hazırda istifadə olunmayan özəl biznes olan «X3»nə nəzarət edir. Həmin müəssisədə Şahid3 adlı şəxs mühafizəçi işləyirmiş. O, özü sonuncu dəfə 27 aprel 2021-ci il tarixdə həmin Toyuqçuluq Müəssisəsində olmuşdur, hər şey qaydasında olmuşdur. Lakin, 09 may 2021-ci il tarixdə Tələt ona zəng vuraraq bildirmişdir ki, həmin Toyuqçuluq Müəssisəsindən kabel oğurluğu olub, həmin oğurluq edən şəxsdə tutulub Xəzər RPİ-nin 2-ci PŞ-dir. Oda bundan sonra nəzarət etdiyi «X3»nə getmiş və ona məlum olmuşdur ki, orada havalandırma sistemlərinə gedən 01 metri 0,65 manat olan 1300 metr uzunluğunda 4 mmlik elektrik naqili və 01 metri 0,55 manat olan 1300 metr uzunluğunda 2,5 mm-lik elektrik naqilləri oğurlanmışdır. Qeyd etmişdir ki, həmin elektrik naqilləri mis tərkibli olmaqla ümumi dəyəri 1560 manat təşkil edirmiş. Oda bu barədə «X6»nin rəhbəri Nəzirə xanıma məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-fiziki kimyəvi və məhkəmə əmtəşünaslıq ekspertizasının 6/2111- 9/3475 saylı, 07 iyun 2021-ci il tarixli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, təxminən 86,5 sm uzunluqlu, üzərində «SİMGE KABLO HOSVV-F 4 G 1,5mm 2 * 029mt* 903» yazıları olan, yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 8,7 mm, damarların hər birinin diametri təxminən 2,5 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır; - təxminən 61,3 sm uzunluqlu, üzərində “AREX KABLO H05W-F 4x4 mm2 020 mt” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12,5 mm, damarların hər birinin diametri təxminən 3,7 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş naqillərin istifadədə olması nəzərə alınmalqa orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - təxminən 86,5 sm uzunluqlu, üzərində “SİMGE KABLO HOSW-F 4 G 1,5 mm2 * 029 mt * 903” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 8,7 mm, damarların hər birinin diametri təxminən 2,5 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan naqilin 1 metri -1,20 manat; - təxminən 61,3 sm uzunluqlu, üzərində “AREX KABLO H05W-F 4x4 mm2 020 mt” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 12,5 mm, damarların hər birinin diametri təxminən 0,2 mm olan naqilin 1 metri- 1,50 manatdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 20.05.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-cı ildə Astara rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 12 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-186/2021 saylı, 12.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, H.Ələkbərov dərhal məhkəmə zalından azad olumuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 12.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq cinayətinin ünvanını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş, 055 ***-**** saylı, 05.01.2022ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilən, barəsində 29.07.2021-ci il tarixdə 11055/21 nömrəli axtarış işi olan Təqsirləndirilən şəxs 06.09.2021-ci iltarixdə Sabunçu RPİ tərəfindən tutularaq Ədliyyə Nazirliyinin 1 saylı İT-na göndərilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 4(008)-639/2021 saylı, 26.08.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24.08.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 4(008)-928/2021 saylı, 23.11.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10.05.2021-ci il tarixdən 12.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar