Məhkəmə qərarları › İş №1(003)-101/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-101/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-101/2023 15.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 127 inzibati binada qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi fərdi evdə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 1(003)-101/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 18 aprel 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 iyul 2022-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə qapısını açmaqla qanunsuz daxil olub oradan dəyəri 800 manat təşkil edən 01 ədəd «Samsung» markalı paltaryuyan maşını, dəyəri 900 manat təşkil edən 01 ədəd «Samsung» markalı televizoru, dəyəri 50 manat təşkil edən 01 ədəd su mühərrikini, dəyəri 80 manat təşkil edən 01 ədəd su qızdırıcısını, dəyəri 200 manat təşkil edən plastik qapını, dəyəri 500 manat təşkil edən 01 ədəd «Samsung» markalı ev kinoteatrını, dəyəri 150 manat təşkil edən elektrik naqilini, dəyəri 170 manat təşkil edən 01 ədəd samovarı, dəyəri 120 manat təşkil edən 01 ədəd istilik radiatorunu, dəyəri 400 manat təşkil edən taxta qutuda olan gümüş qaşıq-çəngəl dəstini, hər birinin dəyəri 70 manat təşkil edən 210 manat dəyərində 03 ədəd uşaq üçün qış gödəkçəsini, hər birinin dəyəri 40 manat təşkil edən 80 manat dəyərində 02 cüt uşaq üçün uzunboğaz çəkməni, hər birinin dəyəri 25 manat təşkil edən 50 manat dəyərində 02 cüt uşaq üçün uzunboğaz çəkməni, kombinin içərisində olan dəyəri 900 manat təşkil edən avadanlığı, ümumi dəyəri 300 manat təşkil edən müxtəlif usta alətlərini (laqonda, açarlar, vintaçan, lobzik və s.) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi işlə məşğul olub pul qazanaraq dolanışığını təmin edirmiş. Lakin son zamanlar maddi imkanı olmadığından pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. 03 iyul 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində özü tək Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən evlərin arası ilə gəzib oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxt işıqları yanmayan bir həyət evi diqqətini cəlb etmiş və ətrafa nəzər edib heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə olan evin arxa tərəfində olan qapısını əli ilə yoxlayıb açıq olduğunu görmüş və həmin qapıdan evə daxil olmuşdur. Evdə olan əşyaları axtarıb oradan «Samsung» markalı paltaryuyan maşın, «Samsung» markalı televizor, su mühərriki, su qızdırıcısını, plastik qapı, «Samsung» markalı ev kinoteatrı, elektrik naqilini, samovar, 01 ədəd istilik radiatoru, qutuda olan qaşıq dəstini, 3 ədəd uşaq gödəkçəsi, 4 cüt uzunboğaz çəkmə (sapaşki), kombinin qapağını açıb içərisində olan avadanlıqları sökmüş, daha sonra kombinin qapağını yerinə qoymuş, eləcə də evdə olan laqonda, drel, müxtəlif açarlar və usta alətlərini oğurlayıb həmin əşyaları daşıyıb əvvəlcə evin həyətinə daha sonra isə küçədə bir kənara yığmışdır. Daha sonra yolüstü taksi avtomobillərinin biri ilə həmin əşyaları Sabunçuda yerləşən «Rus bazarı» deyilən yerə aparıb tanımadığı müxtəlif şəxslərə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. O, Eminin evində heç vaxt olmamış və oradan oğurluq etməmişdir. Həmin ərəfədə o, 2 ay imiş ki, Səngəçalda imiş. Dayanacaqda dayandığı vaxt PPX-nin əməkdaşları ona yaxınlaşmış və heç bir səbəb olmadan onu 2-ci Polis şöbəsinə aparmışlar. Orada Toğrul adlı sahə inspektoru, Əli adlı polis əməkdaşı, PPX-nin əməkdaşları on saat ərzində onu döymüş və tələb etmişlər ki, 3 oğurluq əməlini etiraf etməlidir. Sonra onu hadisə yerinə aparmış və şəkillər çəkmişlər. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin 2-ci PŞ-də ona göstərilmiş fiziki təzyiqlər barədə heç bir yerə şikayət etməmişdir. Özünü təqsirli bilmir. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 27 mart 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində yerləşən evində olmadığı müddət ərzində oğurluq olmuşdur. Belə ki, 29 iyun 2022-ji il tarixdən 06 iyul 2022-ci il tarixədək olan müddət ərzində həmin evə arxa tərəfində yerləşən qapısını açmaqla daxil olan naməlum şəxs və ya şəxslər oradan dəyəri 800 manat təşkil edən 01 ədəd «Samsung» markalı paltaryuyan maşını, dəyəri 900 manat təşkil edən 01 ədəd «Samsung» markalı televizoru, dəyəri 50 manat təşkil edən 01 ədəd su mühərrikini, dəyəri 80 manat təşkil edən 01 ədəd su qızdırıcısını, dəyəri 200 manat təşkil edən plastik qapını, dəyəri 500 manat təşkil edən 01 ədəd «Samsung» markalı ev kinoteatrını, dəyəri 150 manat təşkil edən elektrik naqilini, dəyəri 170 manat təşkil edən 01 ədəd samovarı, dəyəri 120 manat təşkil edən 01 ədəd istilik radiatorunu, dəyəri 400 manat təşkil edən taxta qutuda olan gümüş qaşıq-çəngəl dəstini, hər birinin dəyəri 70 manat təşkil edən 210 manat dəyərində 03 ədəd uşaq üçün qış gödəkçəsini, hər birinin dəyəri 40 manat təşkil edən 80 manat dəyərində 02 ədəd uşaq üçün uzunboğaz çəkməni, hər birinin dəyəri 25 manat təşkil edən 50 manat dəyərində 02 ədəd uşaq üçün uzunboğaz çəkməni, kombinin içərisində olan dəyəri 900 manat təşkil edən avadanlığı, ümumi dəyəri 300 manat təşkil edən müxtəlif usta alətlərini (laqonda, açarlar, vintaçan, lobzik və s.) oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 4910 (dörd min doqquz yüz on) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminilastik Tədqiqatlar İdarəsinin 25 iyul 2022-ci il tarixli, 011-8434-1222 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik təşkil etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd zərfdə olan əl-barmaq izləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 27 mart 2023-cü il tarixli Ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 25 oktyabr 2022-ci il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarıilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayətini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini Zərərçəkmiş şəxs evində heç vaxt olmaması və oradan oğurluq etməməsi, həmin ərəfədə 2 ay Səngəçalda olması, həmçinin, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin özünün ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, həmin oğurluğu məhz Təqsirləndirilən şəxs etmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminilastik Tədqiqatlar İdarəsinin 25 iyul 2022-ci il tarixli, 011-8434-1222 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik təşkil etmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında 2-ci PŞ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, nə həmin vaxt, nə də sonradan bununla bağlı heç bir yerə şikayət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xəzər rayon prokurorluğuna vəsatət verilmiş, lakin həmin tarixdə prokuror tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 1(003)-101/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 18 aprel 2023-cü il tarixli 3-13-45-2/2-3138 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 16 may 2022-ci il tarixli 21- 1/3-11293-22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarıilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış və cəza müddəti 11 mart 2023-cü il tarixdə başa çatmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində qismində 2 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 18 aprel 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd zərfdə olan əlbarmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 15 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2023-cü il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd zərfdə olan əl-barmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar