Məhkəmə qərarları › İş №1(003)-101/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-101/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-101/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi Ahmed Muhammadin, təqsirləndirilən şəxs Saeed Saqıbin iştirakları ilə, xx.xx.1988-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş, məhkumluğu olmayan, orta təhsilli, subay, Pakistan İslam Respublikası Gujrat şəhərində qeydiyyatda olan və yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İT-da saxlanılan təqsirləndirilən şəxs Saeed Saqıbin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Saeed Saqıb qəsdən Azərbaycan Respublikasının muhafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Bəhreyn Krallığından Azərbaycan Respublikasına gəlmiş və təkrarən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərmiş, həmçinin bilə-bilə saxta sənəddən istıfadə etmişdir. Belə ki, Saeed Saqıb qəsdən Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədilə Pakistan İslam Respublikasında olarkən özgəsinin anket məlumatları ilə olan saxta, yəni Pakistan İslam Respublikası vətəndaşı Ahmed Naveedin adına verilmiş NK1153823 nömrəli ümumvətəndaş pasportunu əldə edib həmin sənəddən istifadə edərək 17 iyun 2023-cü il tarixdə saat 14 radələrində Bəhreyn-Bakı avireysi ilə Bəhreyn Krallığından Azərbaycan Respublikasına gəlmiş, saxta olmasını bilə-bilə NK1153823 nömrəli Pakistan İslam Respublikası pasportunu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən “X4 Aeroportu” sərhəd nəzarət şöbəsində sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Bəhreyn Krallığından Azərbaycan Respublikasına keçmişdir. Bundan başqa, Saeed Saqıb qəsdən Gürcüstana qanunsuz olaraq getmək məqsədilə 18 iyun 2023-cü il tarixdə saat 17 radələrində özgəsinin anket məlumatları ilə olan, yəni Pakistan İslam Respublikası vətəndaşı Ahmed Naveedin adına verilmiş NK1153823 nömrəli ümumvətəndaş pasportunu saxta olmasını biləbilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən “X4 Aeroportu” sərhəd nəzarət şöbəsində sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana təkrarən keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bu hərəkətləri ilə Saeed Saqıb Azərbaycan Respublikası CM-in 318.1, 318.1, 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Saeed Saqıb ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, yaşamaq və işləmək məqsədi ilə digər Avropa ölkələrinə getmək istəmişdir. Çünki maddi imkanı Pakistanda yaxşı olmamışdır. Bu barədə əvvəllər tanıdığı Pakistan İslam Respublikasının vətəndaşı Tayib adlı şəxsə dedikdə sonuncu ona 50.000 rupi pul müqabilində başqa bir şəxsə məxsus pasport verə biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşaraq həmin pulu sonuncuya vermişdir. Bir neçə gün sonra Tayıb adlı şəxs ona Ahmed Naveedə məxsus pasport verərək həmin pasport əsasında Pakistan İslam Respublikasının hüdudlarını tərk edə biləcəyini və Avropaya gedə biləcəyini bildirmişdir. O, pasporta baxdıqda orada viza olmasını görmüşdür. O, həmin pasportu aldıqdan sonra həmin pasport əsasında Pakistan İslam Respublikasının hüdudlarını tərk edərək Karaçi-Bəhreyn aviareysi ilə Bəhreyn Krallığına, oradan isə xx.xx.2023-cu ildə Bəhreyn-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. X4 Hava Limanında dövlət sərhədindən keçmək məqsədi ilə Ahmed Naveedə məxsus NK1153823 nömrəli pasportu sərhədçiyə təqdim etmişdir. Sərhədçi təqdim etdiyi pasportu yoxladıqdan sonra onu dövlət sərhədindən buraxmışdır. Bundan sonra taksi ilə Bakı şəhərində yerləşən tanımadığı hostelə gedib gecəni orada keçirmişdir. xx.xx.2023-cü ildə Bakı-Tbilisi aviareysi ilə Gürcüstana getmək məqsədi ilə X4 Hava Limanına getmişdir. Orada gömrük və təhlükəsizlik nəzarətini keçdikdən sonra pasport nəzarətinə yaxınlaşıb pasportunu sərhədçiyə təqdim etmişdir. Sərhədçi pasportunu yoxlayan zaman onunla sorğu sual aparmış və həmin pasportun ona məxsus olmadığını müəyyən etmişdir. Onunla aparılan söhbət zamanı həmin pasportun ona aid olmadığını bildirmiş və üzərində olan özünə məxsus BU5977265 nömrəli pasportu sərhədçiyə teqdim etmişdir. Bundan Sonra sərhədçilər tərəfindən saxlanılmışdır. İlk dəfə cinayət törətdiyini, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, törətdiyi əmməllə əlaqədar olaraq uzun müddətdir ki, həbsdə olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o, X4 Aeroportunun zabit nəzarətçisi kapitanıdır. O, 17 iyun 2023-cü il tarixdə saat 09.00-dan 17 iyun 2023-cü il tarixdə saat 20.00-dək X4 Hava Limanında sərhəd nəzarəti şöbəsində “Terminal-1” gəlmə xəttində “növbə rəis” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 17 iyun 2023cü il tarixdə saat 14:26 radələrində 081 nömrəli Bəhreyn-Bakı aviareysinin sərnişinlərini rəsmiləşdirən “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan gizir X7 Krallığından Azərbaycan Respublikasına gələn Pakistan İslam Respublikasının vətəndaşı 15 fevral 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azeemin təqdim etdiyi özgəsinə xx.xx.1989-cu il təvəllüdlü Ahmed Naveedə məxsus NK1153823 nömrəli pasportu İAMAS-a daxil etmiş, lakin onun özgəsinə məxsus olduğunu aşkar etməyərək dövlət sərhədindən buraxmışdır. Qeyd olunan Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azeem xx.xx.2023cü il tarixdə saat 17.15 radələrində 9233 saylı Bakı-Tbilisi aivareysi ilə Azərbaycan Respublikasından Gürcüstana gedərəkən X4 Hava Limanında sərhəd nəzarəti şöbəsində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan baş leytenant Emin Məmmədova dövlət sərhədindən keçməsi məqsədi ilə Pakistan İslam Respublikasına məxsus NK1153823 nömrəli pasportu təqdim etmişdir. Baş leytenant E.Məmmədov pasportu təqdim edən şəxslə həmin pasportdakı fotoşəkli eyniləşdirən zaman onun özgəsinə xx.xx.1989-cu İl təvəllüdlü Ahmed Naveedə məxsus olduğunu aşkar edərək aidiyyəti üzrə məruzə etmişdir. Saxlanılan şəxslə aparılan söhbət zamanı Pakistan İslam Respublikasının vətəndaşı 15 fevral 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azeem olduğunu bildirərək, üzərində olan Pakistan İslam Respublikasına məxsus BU5977265 nömrəli pasportu təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, X4 Aeroportunun zabit nəzarətçisi baş leytenantıdır. xx.xx.2023-ci il tarixdə saat 09.00-dan, xx.xx.2023-ci il tarixdə saat 09.00-dək X4 X9 X3-1 də “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2023-ci il tarixdə saat 17:15 radələrində terminal-1 uçub getmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan baş leytenant X5 R-9233 saylı Bakı-Tibilisi aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən xx.xx.1989-cu il təvəllüdlü Pakistan Respublikasının vətəndaşı Ahmed Naveedin təqdim etdiyi NK1153823 nömrəli Pakistan Respublikasına məxsus pasportun rəsmiləşdirilməsi zamanı fotoşəkilin sənədi təqdim edən şəxsə oxşamadığını, özgəsinə məxsus pasport olması ilə bağlı şübhələr doğurduğunu bildirmişdir. O, dərhal baş leytenant E.Məmmədova yaxınlaşaraq Pakistan Respublikasının vətəndaşı, özünü Ahmed Naveed kimi təqdim edən Təqsirləndirilən şəxs teqdim etdiyi NK1153823 nömrəli Pakistan Respublikasına məxsus pasporta baxış keçirdiyi zaman sənədin özünə oxşamamasını görmüşdür. Bundan sonra o, Saseed Saqib ilə ilkin sorğu sual aparmışdır. Araşdırma zamanı üzərində şəxsin özünə məxsus olan BU5977265 nömrəli pasportu aşkar etmişdir. O, bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “X4 Hava Limanı” sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 318.1 və 29,318.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Saeed Saqıb barəsində inzibati qaydada tutma həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan» görünür ki, Saeed Saqıb xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Saeed Saqıb Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Saeed Saqıbin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Saeed Saqıbin məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2023cü il tarixli məlumatın görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Saeed Saqıbin və xx.xx.1989-cu il təvəllüdlü X6 narkoloji qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə texniki ekspertizasının 14 iyul 2023-cü il tarixli 5/962 saylı ekspert rəyindən görünür ki, ədqiqata təqdim edilmiş Saeed Saqıb adına olan BU5977265 nömrəli və Ahmed Naveed adına olan NK1153823 nömrəli Pakistan İslam Respublikasına məxsus ümumvətəndaş pasportunun (1-ci vərəqdən başqa) blankı xüsusı mühafizə vəsitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və "SDU SECURE DOSUMENTS ULTİMATE" xüsusi kompüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil edir. 2.Tədqiqata təqdim edilmiş Saeed Saqıb adına olan BU5977265 nömrəli və Ahmed Naveed adına olan NK1153823 nömrəli Pakistan İslam Respublikasına məxsus ümumvətəndaş pasportunun 1-ci vərəqi axınlı printerdə çap edilmişdir və "SDU SECURE DOSUMENTS ULTİMATE" xüsusi kopmüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Saeed Saqıbın barəsində Azərbaycan Respublikası CM-nin 318.1, 29,318.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Saeed Saqıba Azərbaycan Respublikası CM-nin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Saeed Saqıbin əməli Azərbaycan Respublikası CM-nin 318.1, 29,318.1 və 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Saeed Saqıbin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Saeed Saqıb tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 29,318.1-ci və 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası CPM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Saeed Saqıbə Azərbaycan Respublikası CM-nin 318.1, 29,318.1-ci və 320.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla Saeed Saqıbə qəti olaraq cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Saeed Saqıbın xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək həbsdə saxlanıldığı 06 (altı) ay 23 (iyirmi üç) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti olaraq müəyyən miqdarında cərimə cəzası saxlanılmalıdır. Saeed Saqıbin barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Saeed Saqıbin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat məbləğində pul vəsaiti Saeed Saqıbdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Saeed Saqıb hökm qanuni qüvvəyə mindikdən, cərimə cəzasını və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Saeed Saqıb dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi saxta NK1153823 nömrəli Ahmed Naveedə məxsus pasport və cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Saeed Saqıbin CMnin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Saeed Saqıb Azərbaycan Respublikası CM-nin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin, o, CM-nin 318.1 və 29,318.1-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Saeed Saqıbə qəti olaraq 2 000 (iki min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Saeed Saqıbın xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək həbsdə saxlanıldığı 06 (altı) ay 23 (iyirmi üç) gün müddət nəzərə alınaraq ona təyin olunmuş 2 000 (iki min) manat cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Saeed Saqıbin barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Saeed Saqıbin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Saeed Saqıb dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi saxta NK1153823 nömrəli Ahmed Naveedə məxsus pasport və cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat məbləğində pul vəsaiti Saeed Saqıbdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Saeed Saqıb hökm qanuni qüvvəyə mindikdən, cərimə cəzasını və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar