Məhkəmə qərarları › İş №1(003)-102/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-102/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-102/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Sumqayıt şəhəri MİK-10 ev 1 mənzil 7-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Corat qəsəbəsi Bağ massivi ev 2078-də yaşamış və barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-102/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 mart 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla üstündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri – 1,600 qr., 0,710 qr., 1,053 qr., 0,894 qr., 0,154 qr., ümumi təmiz çəkisi 4,411 qram olan tünd qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki əldə edib daşıyaraq özünə məxsus idman şalvarının astarında gizlədərək saxlamış, 29 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus və qohumu X2 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan həmin idman şalvarının astarında xüsusi üsulla Təqsirləndirilən şəxs tərəfindən gizlədilmiş 05 ədəd bükümdə qeyd olunan çəkidə narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 09 mart 2021-ci il tarixdə narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Təxminən iki aydan sonra isə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, Sumqayıt şəhəri Corat qəsəbəsi Bağ massivi ev 2078-də yaşamağa davam etmişdir. Evdə olarkən isə içərisində narkotik vasitə tiryək olan 05 ədəd bükülünü idman şalvarının astarında tikməklə gizlətmiş və hesab etmişdir ki, əgər məhkəmədə azad edilmiş olarsa Ağsu rayonuna gedib orada istifadə edər, çünki onkoloji xəstəlikdən əziyyət çəkir və tiryəkdən istifadə etməklə şiddətli ağrılarının qarşısını almış olur. Narkotik vasitə tiryəki gizlətməsi barədə nə həyat yoldaşı Xanıma, nə də başqa şəxslərə məlumat verməmişdir. 24 avqust 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yenə tutulmuşdur. 28 avqust 2021-ci il tarixdən isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 3 saylı İstintaq Təcridxanasında saxlanılır. 27 oktyabr 2021-ci il tarixdə Xanım ilə telefonla əlaqə saxlayaraq ondan göndərəcəyi sovqata idman şalvarını da qoymasını xahiş etmiş, amma yenə də ona həmin şalvarda narkotik vasitələri gizlətməsini bildirməmişdir. 29 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində isə ona məlum olmuşdur ki, Xanımın qardaşı Teymur Məmmədov sovqatı gətirdikdə sovqatdakı idman şalvarının astarında gizlətdiyi içərisində narkotik vasitə tiryək olan 05 ədəd bükülü aşkar edilərək götürülmüşdür. Bu barədə o, həmçinin Teymura da heç nə bildirməmişdir. Odur ki, içərisində narkotik vasitə tiryək olan 05 ədəd bükülü ona məxsusdur. Həmin narkotik vasitə tiryəkləri tutulmamışdan təxminən 7 ay əvvəl Novxanı kəndində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Ümumilikdə 4 övladı vardır, onlardan ikisi yetkinlik yaşına çatmış, biri azyaşlı, biri isə yetkinlik yaşına çatmayandır. Özü də uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir, mütəmadi müayinəyə və müalicəyə ehtiyacı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının RNŞ-nin nəzarətçisi Şahid2 göstərdi ki, 29 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində axtarış otağında dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs yanına qısa müddətli görüşə gəlmiş X2 gətirdiyi sovqatlara baxış zamanı idman şalvarının astarında xüsusi üsulla gizlədilmiş 05 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Teymur Məmmədov bildirmişdir ki, həmin idman şalvarı olan sovqatı bacısı Şahid1 qızının xahişi ilə təcridxanaya gətirmişdir. Həmin idman şalvarında narkotik vasitələrin olmasından isə ümumiyyətlə xəbəri olmamışdır. Sonradan həmin vasitələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının əməkdaşı Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 29 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Təcridxananın əməkdaşları ona və digər məhkum Şahid5 Təcridxanada saxlanılan məhkum Təqsirləndirilən şəxs sovqat gətirmiş X2 gətirdiyi sovqata baxış keçirəcəklərini bildirmişlər. Onlar razılıq verdikdən sonra hüquq və vəzifələri izah edilmiş, sonra müəssisənin əməkdaşları onların iştirakı ilə axtarış otağında baxış tədbiri keçirərkən məhkum Təqsirləndirilən şəxs Teymur Məmmədovun gətirdiyi sovqatda olan idman şalvarının astarında xüsusi üsulla gizlədilmiş 05 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Teymur Məmmədov bildirmişdir ki, həmin idman şalvarı olan sovqatı bacısı Şahid1 xahişi ilə təcridxanaya gətirmişdir. Həmin idman şalvarında narkotik vasitələrin olmasından isə ümumiyyətlə xəbəri olmamışdır. Narkotik vasitələr onların iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Şahid5 elan edilmiş ifadəsi ilə onun da Şahid4 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 qızının elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 17 il bundan əvvəl rəsmi nikaha daxil olmuşdur, birgə nikahlarından dörd övladları vardır, onlardan ikisi azyaşlıdır. Vüqar təxminən 10 ilə yaxındır ki, onkoloji xəstəlikdən əziyyət çəkir və təxminən 30 ildir ki, narkotik vasitələrdən istifadə edir. 2021-ci ilin mart ayının 9-da Vüqar narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş, təxminən iki aydan sonra isə ev dustaqlığına buraxılmışdır. Ancaq bundan sonra Vüqar 24 avqust 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən yenə tutulmuş, 28 avqust 2021-ci il tarixdən isə 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Vüqar orada saxlanıldığı müddət ərzində o, bir neçə dəfə onunla görüşə getmiş və ona həmişə sovqat aparmışdır. Sonuncu dəfə 27 oktyabr 2021-ci il tarixdə Vüqar onunla telefon əlaqəsi saxlayaraq yataq otağında saxladığı idman şalvarını da ona gətirməsini xahiş etmiş, o da 29 oktyabr 2021-ci il tarixdə ona məxsus idman şalvarını da digər sovqatlarla birgə qardaşı Teymurun vasitəsilə 3 saylı İstintaq Təcridxanasına göndərmişdir. Elə həmin gün də axşam saatlarında məlum olmuşdur ki, sovqatda olan idman şalvarının astarında gizlədilmiş 05 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Onun həmin narkotik vasitələrdən ümumiyyətlə məlumatı olmamış, Vüqar bu barədə nə ona, nə də qardaşı Teymura heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2021-ci il tarixli, 6/4813 saylı arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X1 aşkar olunmuş...” sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,600 qr., 0,710 qr., 1,053 qr., 0,894 qr., 0,154 qr., ümumi təmiz çəkisi 4.411 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Qeyd: asetilə edilən tiryəkin ümumi təmiz çəkisi – 4,411 qr., tədqiqata sərf edildi – 0,100 qr., qalıq – 4,311 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 40,91 (qırx, doxsan bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməbioloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 6/4979 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat № 67” dairəvi möhür əksi olan kağız paketin içərisində üzərində “...X1 aşkar olunmuş...” sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə 1,580 qr., 0,690 qr., 1,033 qr., 0,874 qr., 0,134 qr., ümumi təmiz çəkisi 4.311 qram olan tünd-qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Qeyd: asetilə edilən tiryəkin ümumi təmiz çəkisi – 4,311 qr., cəmi tədqiqata sərf edildi – 0,15 qr., qalıq – 4,161 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Asetilə edilən tiryək 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”-na daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 25 dekabr 2021-ci il tarixli, 5300 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, cinayət işi üzrə götürülmüş 4,411 qram narkotik vasitə asetilə edilən tiryək maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 4,161 qram narkotik vasitə asetilə edilən tiryək saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Mərkəz Tərəfindən verilmiş tibbi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs onkoloji xəstədir, ona sol tərəfli lipomastiya, hər iki qasıq limfa düyünlərinin hiperplaziyası diaqnozu qoyulmuşdur, ümumi vəziyyəti ağırdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasını çəkməsinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 17 yanvar 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün 06 dekabr 2021-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün 06 dekabr 2021-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı hazırkı cinayət işi başlanarkən onun Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin cəzanı çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını 09 mart 2022-ci il tarixdə tamamilə çəkib qurtarmışdır, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi isə baxılması üçün 06 dekabr 2021-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hazırda həmin məhkəmənin icraatındadır. Məhkəmə iclasında eyni zamanda müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı hazırkı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 4,161 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 105,91 (bir yüz beş, doxsan bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 4,161 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 105,91 (bir yüz beş, doxsan bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar