Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-102/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, 1349-cu keçid, 2 nömrəli ailəvi yataqxana ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcə özü Zərərçəkmiş şəxs aldadıb Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan mülki iş üzrə mübahisələndirilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən nömrəsiz evinin qaytarılmasına dair yaxın tanışlarının vasitəsilə qərar qəbul etdirəcəyinə inandırıb bu barədə yalan vəd edərək xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, 1349-cu keçid, 2 nömrəli ailəvi yataqxanada Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə əvvəlcə 1500 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı eyni ünvanda 300 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı eyni ünvanda 500 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə yaşadığı eyni ünvanda 470 manat alaraq təklikdə ələ keçirib, daha sonra eyni məsədlə şəxsiyyəti və olduğu yer istintaqa məlum olmayan özünü vəkil kimi təqdim etmiş “Abdulla” adlı şəxslə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində “Abdulla” adlı şəxsi mobil telefonla Zərərçəkmiş şəxs ilə danışdıraraq onun vasitəsilə də Ali Məhkəmədəki mülki işə dair onun xeyrinə qərar qəbul etdirəcəyinə dair yalan vədlər verdirib təkrar inandıraraq aldadıb “Abdulla” adlı şəxsin deməsi ilə Zərərçəkmiş şəxs əvvəlcə 2000 manat, sonradan isə dörd dəfəyə cəmi 400 manat olmaqla hissə-hissə cəmi 2400 manat məbləğində pul alıb aralarında bölüşdürərək onun 2000 manat hissəsini “Abdulla” adlı şəxsə verib qalanı 400 manat hissəsini isə özünə götürüb Zərərçəkmiş şəxs cəmi 5170 manat məbləğində xeyli miqdarda pulunu alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə etibarından sui istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5170 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi onu qanunsuz olaraq həbs etmişdir. Sonra onun izahatı yazacağını və həmin izahata imza etməsini tələb etmişdir. Sonra Adilin adını demiş və onun da barəsində Nərimanovda araşdırma aparıldığını bildirmişdir. Adili MSY-nə yerləşdirməklə, 48 saat orda saxlamışlar. Zərərçəkmiş şəxslə 17-18 ildi münasibətləri yaxşı olmuşdur. Onu aldatmaq istəsə idi, bu müddət ərzində onu aldadardı. Ancaq heç bir zaman etməmişdir. Abdulla adlı şəxslə əvvəllər məhkəmədə olarkən tanış olmuşdur. O, məhkəmə işlərində hər zaman kömək edəcəyini bildirmişdir. Lətifə də ona məhkəmədə işi olduğu üçün vəkil lazım olduğunu dediyindən, Abdullanı ona məsləhət bilmişdir. Lakin Lətifədən heç vaxt pul alıb Abdullaya verməmişdir. Abdullanın nömrəsini Lətifəyə vermiş və onlar özləri söhbət etmişlər. Abdulla sonra yoxa çıxmışdır. Lətifə ona evində 2000 manat pul vermiş. Adil ona demişdir ki, pulu Abdullanın adı ilə al, ancaq bildirmə ki, pulu o almışdır. Həmin pulu Adilə vermişdir. Ancaq müstəntiq ittiham aktını düzgün tərtib etməmişdir. Lətifə ona 5170 manat pul verməmişdir. Ancaq 2000 manat pulu almış, həmin pulu da Adilə vermişdir. Ümumilikdə Lətifədən 2500 manat pul almışdır. Həmin puldan 2000 manatını Abdullanın adı ilə alıb Adilə vermişdir. 500 manat pulu isə ekspertizaya görə almışdır. Həmçinin zərərçəkmiş şəxsdən mollaya vermək adı ilə də pul almamışdır. Təqsirləndirilən şəxs son sözündə zərər çəkmiş şəxsdən 2500 manat pul alınmasını, qalan məbləğə dair sübutların olmamasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının, evində 1 nəfər 32 yaşlı psixoloji xəstəyə baxmasını, bir uşağının hazırda hərbi xidmətdə olmasını nəzərə alaraq ona bəraət verilməsi xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2007-ci ildə Gülnar ilə koroğlu küçəsində Mətləb adlı şəxsin evində kirayədə qalmışdır. Onunla ünsiyyətdə olmuş və sonradan münasibətləri davam etmişdir. Gülnar sonra özünə ev tikdirib köçmüşdür. O isə torpaq sahəsi almış və qardaşlarının köməkliyi ilə ev tikib köçmüşdür. Sonradan bir nəfər onu evdən çıxartmışdır. Məhkəmə mübahisələri başlamışdır. Apellyasiya məhkəməsində işi qazanmış, həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Sonra Gülnara bu barədə bildirmişdir. Gülnara cəmi 5170 manat pul vermişdir. İlkin olaraq evinə sənəd düzəltməsi üçün 2023-cü ilin yanvar ayında 1500 manat pul vermişdir. Daşınmaz əmlakı adına sənədləşdirmək üçün 500 manat almışdır. Daha sonra Abdulla adl şəxsə vermək üçün 2400 manat almışdır. Gülnar demişdi ki, pulu Abdullaya verəcəkdir. Ancaq Abdulla ilə onu danışdırmamışdır. Ancaq pulları Gülnara vermişdir. Pulları aidiyyəti üzrə çatdırmasından məlumatı yoxdur. 470 manat mollaya verməsi üçün Gülnara pul vermişdir. Onu Gülnar aldatmışdır. Demişdir ki, Ali Məhkəmənin qərarını dəyişdirəcəkdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2022-ci ilin fevral ayında tərəfindən "xxxx" MMC-nin təsis etmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından işə götürmüş və onun işi reklamdan ibarət olmuşdur. 2022-ci ilin noyabr ayında Gülnar Lətifə adlı tanışı olduğunu və həmin Lətifənin Apellyasiya məhkəməsində məhkəmə prosesinin davam etdiyini və hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs yanına gəlmiş, sənədlərini göstərmiş və onunla söhbət etdikdən sonra onun Apellyasiya Məhkəməsində gedən mülki iş üzrə hüquqlarının müdafiə edilməsini MMC-də fəaliyyət göstərən vəkillər tərəfindən təmin olunması məqsədi ilə 3000 manat pul alınmışdır. Məhkəmənin getdiyi dövrdə 2023-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs həmin mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair sənəd düzəltmək üçün 7000 manat almışdır. X5 ilə aralarında 2 müqavilə bağlanmış və 10300 manat pul alınmışdır. Barəsində polisdə material üzrə araşdırma aparılmış və həmin iş yekunlaşmışdır. Hazırda 10300 manat pul Lətifə Məmmədovaya geri qaytarmışdır. Təqsirləndirilən şəxs aldığı pulun isə həmin pula heç bir aidiyyəti yoxdur. Onun sonradan Gülnarın Lətifədən 5170 manat pul almasından xəbəri olmamışdır. Həmin puldan ona verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Lətifə ilə tanışdır. Qızını onun qardaşı oğluna ərə vermişdir. Gülnarı isə əvvəlcədən tanımamışdır. Lətifəni parkda ağlamasını görmüş və onunla dərtləşmişdir. Lətifə Gülnarın onu aldatdığını demişdir. Sonra Gülnarı çağırmışlar və ona mehribançılıqla pulu qaytarmasını tələb etmişlər. Lakin Gülnar tutulsa belə, heç kimi satmayacağını demişdir. Məcbur olub polisin “102” xidmətinə zəng edərək, şikayət etmişlər. Onun yanında Lətifə Gülnara pul verməmişdir. İş materiallarında olan: -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. -“Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Azər Həsənov tərəfindən təqdim olunmuş vəsatət rədd edilməsi və iş üzrə Təqsirləndirilən şəxs dərhal Xəzər RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. -“Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edillmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 4 ədəd səs yazısı və 02 ədəd videofayl vardır. Həmin səs yazısı olan fayllar AUD-20240802-WA0012, AUD-20240802-WA0013, AUD-20240802-WA0014, AUD- 20240802-WA0015, videofayllar müvafiq olaraq VİD- 20240802- WA0016, VİD- 20240802-WA0017 adlıdır. DVD-də olan AUD-20240802-WA0012, adlı səs yazısı olan fayla baxış zamanı müəyyən edilmişdir ki, səs yazısı kişi cinsindən olan şəxslə qadın cinsindən olan şəxs arasında aparılır, səs yazısı 46 saniyə davam edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs səs yazısına qulaq asaraq bildirdi ki danışan kişi cinsindən olan şəxs Abdulla adlı ş.əxs, qadın cinsindən olan şəxs isə Zərərçəkmiş şəxsdır. DVD-də olan AUD- 20240802-WA0013, adlı səs yazısı olan fayla baxış zamanı müəyyən edilmişdir ki, səs yazısı kişi cinsindən olan şəxslə qadın cinsindən olan şəxs arasında aparılır, səs yazısı 10 dəqiqə 53 saniyə davam edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs səs yazısına qulaq asaraq bildirdi ki danışan kişi cinsindən olan şəxs Abdulla adlı şəxs, qadın cinsindən olan şəxs isə Zərərçəkmiş şəxsdır.mDVD-də olan AUD-20240802-WA0013, adlı səs yazısı olan fayla baxış zamanı müəyyən edilmişdir ki, səs yazısı kişi cinsindən olan şəxs Gülnar adlı qadına xitabən səs göndərir və əmanəti Nərgiz xanıma çatdırarsınız və birdə dediyiniz xanım, Lətifə xanımdı səhf etmirəmsə əgər o, da razıdırsa ayın 1-nə sənədlər məhkəməyə getməlidir o vaxta kimi 2 ci gün əmanəti çatdırın ki, 2000 ə danışmışıq biz 100 manatı da mənə çatacaq xəbəri var məbləğlərdən inşallah özümüz də görüşüb söhbət edəcəyik, ayın 1-i məhkəməyə getməlidir sənədlər xanıma da çatdırın ki, əgər məhkəmədə uduzsa, uduzmaq şansı yoxdur, 100-də 100 udacaq, əyər uduzsa pulun 1000 manatını qaytaracam, səs yazısı 1 dəqiqə 9 saniyə davam edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs səs yazısına qulaq asaraq bildirdi ki danışan kişi cinsindən olan şəxs Abdulla adlı şəxsdir və onun xitab etdiyi Gülnar odur, Nərgiz isə çox güman ki Abdulla qarşı tərəfin vəkili Nərgiz xanımı nəzərədə tutur. DVD-də olan AUD-20240802-WA0014, adh səs yazısı olan fayla baxış zamanı müəyyən edilmişdir ki, səs yazısı qadın cinsindən olan şəxsdir və o, bildirir ki, “ay Lətifə xala sən niyə narahat olursan o iş bizdədi, görmürsən onun vəkili də gəlməmişdi, onun bağrı çatdıyır mən ora getdiyimə görə, orada problem yoxdur ki, Elgün bəyi ora göndərən adamı biz tanıyırıq, danışmaya ehtiyac da yoxdur”, səs yazısı 17 saniyə davam edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs səs yazısına qulaq asaraq bildirdi ki danışan şəxs onun özüdür və etibarnamə əsasında çıxdığı iş üzrə Zərərçəkmiş şəxs məlumat verir. DVD-də olan VİD-20240802-WA0015, adlı videogörüntü olan fayla baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs 100 manatlıq əskinaslarla olan 2000 manat pulu sayır. Görüntü 21 saniyə davam edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs videogörüntüyə baxaraq bildirdi ki pulu sayan onun özüdür. DVD-də olan VİD-20240802-WA0016, adlı videogörüntü olan fayla baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs 100 manatlıq əskinaslarla olan pulu əlində tutmuşdur. Görüntü 3 saniyə davam edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs video görüntüyə baxaraq bildirdi ki pulu əlində saxlayan onun özüdür. -“Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X4 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından xx.xx.2006-cı ildə X8, xx.xx.2008-ci ildə X6 və xx.xx.2009-cu ildə X3 anadan olmuşdurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatamayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmçinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəərdə utulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı cəmi 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, 1349-cu keçid, 2 nömrəli ailəvi yataqxana ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 66 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-102/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-102/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver