Məhkəmə qərarları › İş №1(003)-104/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-104/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-104/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivi, fərdi evdə yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,291 qram narkotik vasitə-heroini 16 may 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Suraxanı qəsəbəsində, tanımadığı şəxsdən 10 manat qarşlığında əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 10:15-də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna Yaşayış massivinədə, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtaış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağıza bükülmüş içərisində təmiz çəkisi 0,291 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, gecə 22-23 radələrində Xaşa-xuna ərazisində saxlanılmışdır. Orada Emin olmuş, digər şəxsi isə tanımamışdır. Onun üzərində narkotik olmamışdır. Ona qarşı psixoloji təziq olduğuna görə boynuna götürmüşdür. Ona deyilmişdir ki, 234.4.3-cü maddəsi boynuna qoyulacaq. Onun üzərində narkotik vasitə olmamış, o, bu barədə müstəntiqə desə də, prokurora və vəkilə deməmişdir. Ona deyilmişdir ki, digər cinayət işi üzrə üzərində 1 epizod var, bu da eyni iş olacaq. Onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantıdır. Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparan polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrnin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı 17 may 2023-ci il tarixdə təxminən saat 10-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivinin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1ci PŞ-nə getməli olduğunu bildirmişlər. Ramil Danıyev etiraz etmədən onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən ona dövlət tərəfindən öz istəyi ilə hüquqlarını müdafiyə etməsi üçün vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qara rəgli Şalvarın sağ yan cibindən içərisində Narkotik vasitə heroin olan 01 ədəd bükülmüş kütləni masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Ramil Danıyev bükümün içərisində olan maddənin heroin olduğunu, onu 16 may 2023-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və satmaq niyyətinin olmamasını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, 17 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2858 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş: “Azərbaycan Respublikası DİN Zərflər üçün N-157 dairəvi möhür əksi, “Ramil Danıyevnin üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisiləri 0.291 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, siyahısı”na daxildir. (İ siyahı) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,241 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 19 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, 19 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4139 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinmiş, qazancının 20% dövlət nəfinə olmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edlmiş, AR MM 20.05.16-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndi tətbiq olunmaqla cəzadan azad edilmişdir, xx.xx.2017-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-433/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 20-04/-340 saylı məktubdan görünür ki, məhkum 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasından Müalicə müəssisəsinə köçürülmüşdür. Daxil olan zaman ümumi zəiflik, sağ qabırğaaltı nahiyədə şiddətli ağrı şikayətini bildirmişdir. O, kliniki, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Kəskin toksiki B, C virus hepatitləri, sarılıqlı forma, ağır gedişli. Hepatosplenomeqaliya. Trombositopeniya. Qaraciyərin qarışıq mənşəli (virus hepatitləri) sirrozu kompensasiya mərhələsi” diaqnozu müəyyən edilərək müvafiq müalicə başlanılmışdır. Aparılmış müalicə fonunda Təqsirləndirilən şəxs səhhətində yaxşılaşma əldə edilmiş, kafi vəziyyətdə xx.xx.2024-cü il tarixdə saxlandığı müəssisəyə göndərilmişdir. Məhkəmə iclasında CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqda PŞ-nin təhqiqatçısı polis mayoru Natiq Ağamirzəyev, Xəzər RPİ 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, CA üzrə əməliyyat müvəkkili Şahid2, müdafiəçi İbad Mürvətov iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində bükülmüş narkotik vasitəyə bənzər maddəni təqdim edir və ona məxsus olmasını Suraxanı rayonundan tanımadığı şəxsdən aldğını bildirir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən-Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-433/2023 saylı xx.xx.2023-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-433/2023 saylı xx.xx.2023-ci tarixli hökmü ilə ona təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİdə saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,241 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Maddi sübut 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (108 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 228 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-433/2023 saylı xx.xx.2023-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və üzərində qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 433/2023 saylı xx.xx.2023-ci tarixli hökmünə əsasən cəza çəkdiyi 07 (yeddi) ay müddət, ümumilikdə 07(yedi) ay 2(iki) gün müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,241 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Maddi sübut 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (108 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 228 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar