Məhkəmə qərarları › İş №1(003)-104/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-104/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-104/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində bağban işlədiyi, ünvan 2 ünvanında vətəndaş Zərərçəkmiş şəxs məxsus evin həyətindəki yay mətbəxində masanın üzərində olan XİX-cu əsrə aid, bürüncdən hazırlanmış 11.000 manat dəyərində qızılı rəngli odun samovarını, evin həyətində olan yarımtikilinin içərisindən 300 manat dəyərində qaynaq aparatını, 100 manat dəyərində olan yerdeşən cihazı, yay mətbəxinin arxasında olan qazanxanadakı 500 manat dəyərindəki “espo” markalı su motorunu həmin yaşayış və saxlanc yerindən və göstərilən əmlaklardan istifadə etməsinə icazəsi olmasından sui-istifadə etməklə gizli olaraq istintaqla müəyyən edilməmiş avtomobilə yükləyib aparmaqla satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ümumilikdə 11.900 (on bir min doqquz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 12-13 avqust 2024-cü il tarixdə Əli adlı tanışı Şüvəlan qəsəbəsində yerləşən bağ evlərindən birinə bağban axtarılmasını deyərək həyətdə yanmış otların bərpa edilməsi lazım olmasını dedikdə o, Əli ilə razılaşmış, daha sonra tanışı, “Fəxi” kimi xitab etdiyi Şahid3 ilə birlikdə ünvan 3 ünvanında yerləşən həyət evinə gedərək evin sahibi Zərərçəkmiş şəxs ilə tanış olmuşlar. Zərərçəkmiş şəxs həyətdə olan yanmış otları bərpa etmələrini istəyərək qarşılığında 400 manat pul verəcəyini bildirmiş, onlar həmin tarixdən həyətdə işləməyə başlamışlar. Lakin Əzizağa ilə ev sahibi arasında söz mübahsisəsi yarandığı üçün Əzizağa 2 gün işlədikdən sonra çıxıb getmiş, o həyətdə işləyərkən evin həyətindəki, ətrafı açıq vəziyyətdə olan, mütəmadi olaraq işləyərkən istifadə etdiyi yay mətbəxində masanın üzərində olan qızılı rəngli samovarı və yay mətbəxinin yanında olan qazanxanada sökülmüş vəziyyətdə yerdə olan “Espo” markalı su motorunu oğurlamaq qərarına gəlmişdir. İlkin olaraq əvvəlcədən Bakı şəhəri, Sabunçu rayonu ərazisində olan “Bit Bazarı” adlanan yerdə olarkən mağazanın üzərindən nömrəsini götürdüyü “Məşədi” adı ilə tanıdığı, əsl adını sonradan bildiyi Əskər adlı şəxslə əlaqə saxlayaraq samovarının olmasını və satmaq istədiyini bildirərək Əskərin hal-hazırda xatırlamadığı mobil nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə samovarın şəklini göndərmiş, Əskər isə mebel alıb-satmasını, samovarı isə orada olan digər şəxslərdən maraqlanacağını bildirmişdir. 20 avqust 2024-cü il tarixdə saat 19 radələrində qeyd olunan həyətdə tək işləyərkən ev sahibi Musanın evin içərisində olmasından istifadə edərək yay mətbəxində olan qızılı rəngli samovarı və mətbəxin arxasındakı ətrafı açıq vəziyyətdəki qazanxanada yerdə sökülmüş vəziyyətdə olan “espo” markalı su motorunu təxminən 1-2 dəqiqə fərqlə ayrı-ayrılıqda götürərək evin qarşısında, darvazanın sol tərəfindəki otluğun içərisində gizlətmiş, təxminən 1-2 saat keçdikdən sonra Musa ilə sağollaşaraq evdən çıxmış və mobil telefonunda olan mobil tətbiq vasitəsi ilə taksi çağırmış, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi gəldikdən sonra samovarı və su motorunu avtomobilin baqai hissəsinə qoymuşdur. Yolda olarkən Şüvəlan qəsəbəsindən keçən zaman yolun kənarında “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə dəmir alanların hərəkət etməsini görərək sürücüdən saxlamasını xahiş etmiş, avtomobildən düşərək su motorunu tanımadığı və adını bilmədiyi dəmir alan şəxsə satmışdır. Samovarı isə evin həyətində künc hissəsində gizlətmiş, bir gün sonra yəni, 21 avqust 2024-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu ərazisində yerləşən “Bit bazarı” adlanan əraziyə gedərək orada “Məşədi” deyərək xitab olunan şəxsə samovarı satmaq istədiyini bildirmiş, həmin şəxsə samovarın özünə məxsus olmasını deyərək 100 manata satmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yerləşən bağ evindəki otlar yanmış vəziyyətdə olduğundan qazdırmaq üçün fəhlə axtarmışdır. Əvvəllər də bir neçə dəfə bağında işləmiş Əli adlı şəxsə bağban olaraq işləyə biləcək və otları bərpa edəcək şəxs tapmasını bildirmişdir. Əli isə Oruc və Fəxi adlı şəxsləri gətirərək otları bərpa edə biləcəklərini bildirmişdir. Onlar 400 manat qarşılığında razılaşmışlar. 1-2 gün keçdikdən sonra Fəxi adlı şəxslə aralarında söz mübahisəsi yarandığı üçün daha gəlməməsini bildirmiş, lakin Oruc işini davam etdirmişdir. xx.xx.2024cü il tarixdə axşam saatlarında həyətdə olan yay mətbəxinin içərisində, masanın üzərində olan, təxminən 200 illik tarixi olan qızılı rəngli odun samovarının, yay mətbəxin arxasında olan qazanxanadakı “espo” markalı, 500 manat dəyərində su motorunun, evin həyətindəki içərisində tikinti avadanlıqları olan yarımtikilinin içərisində qoyulmuş 01 ədəd qaynaq aparatının, 01 ədəd yerdeşən cihazın yerində olmamasını aşkar etmişdir. Ardınca oğurluq hadisəsini törədən şəxsin Oruc olduğunu, onunla söhbət edib əşyaları yerinə qoymasını düşündüyü üçün ilkin olaraq polis orqanına müraciət etməmiş, daha sonra isə Orucla danışdıqda etiraf etmədiyinə görə bu barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs bağban işlədiyi üçün orada yay mətbəxi, qazanxana və yarımtikilidə olan ləvazimatları götürmək istifadə etmək üçün icazəsi olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona 11.900 manat maddi ziyan dəymişdir. Həmin samovarın dəqiq qiymətini bilmir. Belə ki həmin samovar ona atasından qalmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs samovarı ona qaytarmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs məxsus, ünvan 4 ünvanında yerləşən bağ evində təxminən 2024-cü ilin aprel ayından bağban olaraq işləyirmiş, 2024-cü ilin avqust ayının əvvəllərində bağdakı otların yanmış vəziyyətdə olmasını gördükdə ev sahibinə otların bərpa edilməsində tanışlarının olmasını demiş və əvvəlcə birlikdə işlədiyi Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, daha sonra Oruc və tanışı, Fəxi deyə xitab etdikləri Şahid3 həmin bağ evinə gəlmişlər. Daha sonra otların bərpa edilməsində Musa ilə danışıb razılaşmışlar. Oruc və Əzizağa 2-3 gün işlədikdən sonra Musa Əzizağanı evdən qovsa da, Oruc qalıb işləməyə davam etmiş, o isə 17-18 avqust 2024-cü il tarixdə maaşının az olduğu üçün oradan çıxmışdır. Qeyd olunan ünvandan oğurluq baş verməsindən onun məlumatı olmayıb, sonradan ev sahibi dedikdə onun bu barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs həmin ünvandan oğurluq etmək barədə onunla söhbət etməmiş, qeyd olunan ünvandan oğurlanmış 1 ədəd yerdeşən cihaz, 1 ədəd qaynaq aparatının hansı şəraitdə yoxa çıxmasından məlumatı olmamışdır. İbditai istintaq zamanı şahid qismində verdiyi ifadəsində Şahid1 Qadar oğlu bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində olan “Bit Bazarı” adlanan yerdə 2ci əl məişət əşyaları alışı-satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixində tanımadığı şəxs telefonla onunla əlaqə saxlayaraq adının Oruc olmasını, samovar satmasını bildirmişdir. O, yalnız mebel almağını bildirmişdir. Həmin şəxs “vatsap” vasitəsilə samovarın şəklini ona atmışdır. O, bazarda olan başqa şəxslərə samovarı göstərəcəyini demişdir. xx.xx.2024-cü il tarixində günorta saatlarında Oruc onun işlədiyi yerə gəlmiş, samovarı qara torbadan çıxardaraq təcili pul lazım olduğunu deyib 100 manat qarşılığında samovarı almağı təklif etmişdir. O Oruca inanaraq 100 manat qarşılığında samovarı almışdır. İbditai istintaq zamanı şahid qismində verdiyi ifadəsində Şahid3 bildirmişdir ki, 2024-cü ilin avqust ayının ortalarında tanışı Təqsirləndirilən şəxs ona Əli adlı tanışının təklifi üzrə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evində otların bərpası lazım olmasını demiş və o da həmin ərəfədə işsiz olduğu üçün Orucla razılaşmış, ardınca onlar Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, ev 5 ünvanında yerləşən bağ evinə gedərək evin sahibi Zərərçəkmiş şəxs ilə tanış olmuşlar. Ona tanışları arasında “Fəxi” kimi xitab etdikləri üçün Zərərçəkmiş şəxs da onu о adla tanıyırmış, o, həmin evdə 2 gün işlədikdən sonra aralarında xırda söz mübahisəsi olduğundan işdən çıxıb getmiş, Oruc isə həmin evdə işləməyə davam etmişdir. Daha sonra baş verən hadisələrdən isə xəbəri olmamışdır. O, həmin ünvandan hər hansı əşyanı götürməmişdir. O, oradan çıxdıqdan sonra Orucla bir neçə dəfə yaşadığı ünvan yaxınlığında rastlaşsa da ümumiyyətlə oğurluq edilməsi barədə söhbət etməmişlər. Həmin ünvandan oğurluq edilməsi barədə məlumatı isə Oruc polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Rosul oğlunun ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadələr onun iştirakı ilə yerində yoxlanmış, bundan sonra Təqsirləndirilən şəxs təklif olundu ki, 20 avqust 2024-cü il tarixdə 19 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən samovar, su motoru və tikinti avadanlıqları oğurlaması barədə ifadəsində dediklərini təkrar etsin və dediklərini hadisə yerində göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlindi. Təqsirləndirilən şəxs bildirdi ki, 20 avqust 2024-cü il tarixdə saat 19 radələrində qeyd olunan həyətdə tək işləyərkən evi sahibi Zərərçəkmiş şəxs evin içərisində olmasından istifadə edərək yay mətbəxində olan qızılı rəngli samovarı və mətbəxin arxasındakı ətrafı açıq vəziyyətdəki qazanxanada yerdə sökülmüş vəziyyətdə olan "espo" markalı su matorunu ayrı-ayrılıqda götürərək evin qarşısında, darvazanın sol tərəfindəki otluğun içərisində gizlətmiş, təxminən 1-2 saat keçdikdən sonra Musa ilə sağollaşaraq evdən çıxmış və mobil telefonunda olan mobil tətbiq vasitəsi ilə taksi çağıraraq oradan uzaqlaşmışdır; - xx.xx.2024-cü il tarixli əşyanın könüllü təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 iştirakı ilə sonuncunun təqdim etdiyi samovara baxış keçirilmişdir. Həmin samovara baxış zamanı samovarın qızılı rəngli metaldan hazırlanması və istifadəyə yararlı olması müəyyən edilmişdir. Üzərində 11 ədəd müxtəlif işarələrdən ibarət medal əksləri mövcuddur. Baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs həmin samovarı ona satdığını qeyd etmişdir; - xx.xx.2024-cü il tarixli maddi sübut əhəmiyyəti kəsb edən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Şahid1 təqdim etdiyi samovara baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan samovar ona məxsus olan, yaşadığı evdən oğurlanmış samovardır. Üzərində əlavə hər hansı zədə və s. yoxdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Abbasov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-334/2024 nömrəli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin ********* saylı cinayət işi baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin ********* saylı cinayət işi baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir; - İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-49/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilmişdir; - İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-933/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-49/2025 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanmışdır; - E-məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-290/2024 saylı cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatındadır; - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət sərvətlərinin tarixi, bədii elmi dəyərinin müəyyənləşdirilməsi üzrə Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 227 saylı rəyindən görünür ki, İcraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə adı çəkilən 1 (bir) ədəd samovarın foto şəkilləri asasında qarşıda qoyulan suallar cavablandırılır. Ekspert komissiyasına təqdim olunan samovar XİX əsrin sonlarında 1828-ci ildə N.İ.Bataşov tərəfindən əsası qoyulmuş və imperator sarayı təchizatçısı adı altında Bataşovun davamçıları zavodunda kütləvi şəkildə bürüncdən hazırlanmışdır. 1. Təqdim olunan odun samovarı 2024-cü ilin avqust ayında orta bazar qiymətlərini nəzərə alaraq 800 (səkkiz yüz) manat miqdarında dəyərləndirilib. 2. Təqdim olunan samovar tarixi əhəmiyyət kəsb edir. 3.Təqdim edilən samovar muzey, bədii və milli dəyərlər siyahısına aid deyil; - X1 elan saytlarından çıxarılmış fotoşəkillərdən də görünür ki, cinayət işi üzrə maddi sübut olan samovarla eyni tipdə olan samovarların bazar qiyməti əşyanın vəziyyətindən, və sair hallardan asılı olaraq ***-**** manat arası dəyişir; - Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Abbasov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə oğurlanmış samovarın qiyməti 11000 manat hesab edilmiş və zərərçəkmiş şəxsə dəymiş zərər 11900 manat müəyyən edilmişdir; - Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs ona məxsus samovarı könüllü olaraq ona qaytarmışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, istintaq orqanı tərəfindən oğurlanmış samovarın qiyməti zərərçəkmiş şəxsin sözü ilə 11.000 manat götürülmüşdür. Halbuki, zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində oğurlanmış samovarın qiymətini dəqiq bilmədiyini qeyd etdi. Həmin samovarın qiyməti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət sərvətlərinin tarixi, bədii elmi dəyərinin müəyyənləşdirilməsi üzrə Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 227 saylı rəyində 800 manat olaraq göstərilmişdir. Eyni zamanda elan saytlarında oxşar model samovarların qiyməti 600 manatdan başlayaraq 2900 manata qədər dəyişdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, həmin rəy iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilmiş və mötəbər sübut hesab edilmişdir. Buna görə də, samovarın dəyərinin 11000 manat məbləğində qiymətləndirilməsi və buna görə də, təqsirləndirilən şəxsin əməlinin ağırlaşdırıcı tövsif əlaməti olan cinayət qanununun maddəsi ilə tövsif edilməsi ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən: 1.Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İttiham aktına əsasən zərərçəkmiş şəxsə ümumilikdə 11.900 (11.000 manat samovarın dəyəri) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin araşdırılmış hallarında görünür ki, zərərçəkmiş şəxsə cəmi 1700 manat (800 manat samovarın dəyəri, 900 manat digər əşyaların dəyəri) maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, "Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (AR CM 59.1.13), törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), maddi sübut kimi tanınmış 01 ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən, həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 24 saat vaxta görə 264 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar