Məhkəmə qərarları › İş №1(003)-105/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-105/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-105/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi ev 20 mənzil 51-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 1 V mənzil 23də yaşayan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-105/2023 saylı 04 may 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 12 may 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 05:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Sovxoz istiqamətində hərəkətdə olarkən yuxulaması səbəbindən idarəetməni itirmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “QAZ-33201” markalı **-TG-*** qeydiyyat nömrəli yük avtomobilinə arxa hissədən çırpılmış, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, başın, alının, üzün, burunun əzilmiş yaraları, sağ bazu sümüyünün başının çoxqəlpəli, yerdəyişən sınığı ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvuran bədən xəsarətləri, Təqsirləndirilən şəxs özü üst və alt dodağın, sağ əlin əzilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri almış, “QAZ-33201” markalı **-TG-*** qeydiyyat nömrəli yük avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 3031 (üç min otuz bir) manat, “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 3325 (üç min üç yüz iyirmi beş) manat maddi ziyan vuraraq ehtiyatsızlıqdan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobili ilə xüsusi proqram vasitəsilə “Bolt” şirkətinə qoşularaq taksi fəliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə səhər saat 05:30 radələrində “Nərimanov” metro stansiyasının yaxınlığında dayanıb müştəri gözləyərkən “Bolt” şirkətindən ona sifariş daxil olmuşdur. Sifarişdə gedəcəyi ünvan Binə qəsəbəsi göstərilmişdir. O da telefondakı proqram vasitəsi ilə xəritədə görmüşdür ki, həmin şəxs Gənclik adlanan ərazidə yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığındadır. Gedib həmin müştərini götürmüş və yola düşmüşdür. Proqramda xəritə vasitəsi ilə gedəcəyi yeri Binə qəsəbəsi göstərildiyinə görə o da oraya getmişdir. Həmin şəxslə yolda söhbət zamanı bilmişdir ki, müştəri Cəlilabad rayonundan Bakı şəhərinə gəlmişdir və Bakı şəhərini yaxşı tanımır. Koroğlu-Mərdəkan şosesindən Binə qəsəbəsinə dönəndə həmin şəxs ona bildirmişdir ki, bu yol Binənin yoluna oxşamır, o da ona demişdir ki, “siz sifarişi hara vermisinizsə mən də proqram vasitəsi ilə həmin ünvana sürürəm”. Müştəri ona bildirmişdir ki, “mən Lökbatan qəsəbəsindəki “Binə Dairəsi”ni sifariş vermişdim, ola bilsin operator səhv qeyd etmişdir”. Bundan sonra o, fikirləşmişdir ki, həmin müştərini sifariş olunan ünvanda düşürsün və işinə davam etsin. Bu söhbətdən sonra yorğun və yuxusuz olduğuna görə ani olaraq yuxuya getmişdir. Hadisənin necə baş verdiyini bilmir, möhkəm səs gələn zaman ayılmışdır. Ayılanda görmüşdür ki, idarə etdiyi avtomobil yolun ortasında əks istiqamətdə dayanıb. Bu zaman görmüşdür ki, özü yuxulu olduğu anda Binə qəsəbəsində, Ə.İsazadə küçəsində, ət mağazasının qarşısında yolun sağ kənarında dayanmış vəziyyətdə olan qeydiyyat nömrəsini xatırlamadığı “QAZEL” markalı yük avtomobilinə arxadan çırpılmışdır. Tez avtomobildən yerə düşmüş, həmin anda çox həyəcanlı olmuşdur. Yanında oturan sərnişin – sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 oturacağın sınması nəticəsində arxa oturacağa düşmüşdür. Onu yerə düşürtməyə çalışsa da, lakin sərnişin xəsarət aldığına görə, eyni zamanda yaralandığına görə düşə bilməmişdir. Həmin vaxt qışqırmış və ətrafdakı şəxslərdən kömək istəmiş, bir nəfər tanımadığı şəxs yaxınlaşıb köməklik etməyə başlamışdır. Həmin şəxs onun telefonu ilə TTYS-na zəng vurmuş və təxminən 5-10 dəqiqədən sonra TTYS-nın həkim briqadası gəlmişdir. Hadisə zamanı özü də xəsarət almış, dodağı və sağ əli yaralanmışdır. Sonradan ətrafda olanlar hadisə yerinə yaxınlaşmış, köməkləşib həmin şəxsi avtomobildən çıxarmışlar. Həkimlər TTYS-nın avtomobili ilə yaralı sərnişini X3 aparmışlar. Təxminən 5-10 dəqiqədən sonra başqa bir TTYS-nın avtomobili həkimlərlə birlikdə gəlmiş və onu da X3 aparmış, orada ona ilkin tibbi yardım göstərilmiş, sağ əlindəki yarası tikilmiş, lakin dodağındakı yaranı tikə bilmədikləri üçün onu və onun idarə etdiyi avtomobildə sərnişin qismində yaralanan şəxsi X4 göndərilməsini məsləhət görmüşlər. Ailə üzvləri xəstəxanada olduğuna görə taksi ilə onları X4 aparmışlar. Orada həkimlər onun yaralı dodağını tikdikdən sonra evə buraxmışlar, yaralı sərnişini isə müalicəyə götürmüşlər. Sonradan özü və valideynləri müalicədə olan şəxsin yanına bir neçə dəfə gedərək baş çəkmiş və ona lazım olan maddi yardımı göstərmişlər. Xəstə təxminən iki həftə X2 müalicə almış və sonra onlara demədən çıxıb Cəlilabad rayonuna getmişdir. Bundan sonra ondan xəbəri olmamışdır. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs1 ilə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir və onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, hal-hazırda Cəlilabad rayonunun Sabirabad kəndində ailəsi ilə birlikdə yaşayır. Hadisədən əvvəl Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarında fəhlə kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında vəfat etmiş qohumunun evinə baş sağlığı verməyə getmişdir. Həmin gecə onların evində qalmış və səhər tezdən saat təxminən 05:40 radələrində işə getmək üçün “Bolt” şirkətinə sifariş verərək Lökbatan qəsəbəsində “Binə dairəsi”nə gedəcəyini bildirmişdir. Təxminən 5 dəqiqədən sonra taksi gəlib onu “Ayna Sultanova” heykəlinin yaxınlığından götürüb yola düşmüşdür. Bakı şəhərində yaşamadığına görə şəhərin yollarını tanımır. Fikirləşmişdir ki, taksi onu sifariş etdiyi yerə aparır. X8 görmüş və başa düşmüşdür ki, sürücü onu düz ünvana aparmır. O, sürücüyə demişdir ki, getdikləri yol Binə yoluna oxşamır, sürücü də ona cavab vermişdir ki, “Siz Binə qəsəbəsini sifariş vermisiniz, mən də Sizi ora aparıram”. O, yenidən sürücüyə demişdir ki, Binə dairəsinə getmək üçün taksi sifariş vermişdir, oradan da Qaradağ rayonu ərazisində yerləşən daş karxanasına gedəcək. Sürücü də ona bu yoldan qayıda bilmədiyini, Binə qəsəbəsinə girib oradan qayıdıb onu Binə dairəsinə aparacağını, bunun üçün əlavə 3 manat da əlavə verəcəyini demişdir. O da sürücüyə demişdir ki, narahat olmasın, əlavə 3 manat da verəcək. Bundan sonra taksidə sakitçilik olmuş, eyni zamanda yorğun olduğuna görə yuxuya getmişdir. O zaman ayılıb görmüşdür ki, yolun kənarında bir “QAZEL” markalı yük avtomobili dayanıb və yük yerində heyvanlar var. Həmin ərazini tanımamış, lakin sonradan ona məlum olmuşdur ki, həmin yer Binə qəsəbəsidir. Taksi həmin yük avtomobilinə yaxınlaşanda qışqırmış və bu zaman görmüşdür ki, sürücü də yuxuya getmişdir, lakin artıq gec olmuşdur. Sürücü yuxuya getdiyi üçün yolu və həmin yük avtomobilini görməmişdir, nəticədə həmin “QAZEL” markalı yük avtomobilinə çırpılmışdır. Zərbənin təsirindən onun oturduğu sağ qabaq oturacağın arxası sınmış və o, arxa oturacağa düşmüşdür. Həmin anda sürücü ayılmışdır. O, xəsarət aldığı üçün avtomobildən çıxa bilməmişdir. Sürücü avtomobildən çıxıb ona yaxınlaşmış, onu yerə düşürtmək istəmişdir ki, ona köməklik etsin, o, isə düşə bilməmişdir. Sonra ətrafdan bir nəfər də yaxınlaşmış və sürücünün telefonu ilə zəng edərək TTYS-na məlumat vermişdir. Təxminən 5-10 dəqiqədən sonra həkim briqadası gəlmiş və TTYS-nın avtomobili ilə onu X3 aparmışlar. Ondan sonra özündə olmamış və orada nə baş verdiyini bilməmişdir, ayılanda artıq görmüşdür ki, X5 palatadadır. Orada əməliyyat olunmuş və təxminən 16-17 gün müalicə almış, ondan sonra evə buraxılmış və Cəlilabad rayonuna evinə getmişdir. Bir neçə gündən sonra ağrıları olduğu üçün yenidən həkim məsləhəti ilə Bakı şəhərində yerləşən Travmatologiya İnstitutuna müalicə olunmağı üçün gəlmişdir. Orada yenidən qolundan əməliyyat olunmağını bildirmişlər və həmin gün əməliyyat olunmuşdur. Təxminən 12-13 gün də orada müalicə almış və sonra evə buraxılmışdır. Hazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, o, onunla barışmışdır, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, özünə məxsus “QAZ-33021” markalı **-TG-*** qeydiyyat nömrəli Bortlu-Tentli yük avtomobili ilə yük daşıma ilə məşğul olub ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat təxminən 05:40 radələrində idarə etdiyi yük avtomobili ilə Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən ət satışı mağazasına dana aparmaq üçün mağazanın qarşısında dayanmışdır. Bu zaman ət mağazasında işləyən qəssab gəlib dananı onun yük avtomobilindən düşürtməli olmuşdur, lakin əlində işi olduğuna görə bir neçə dəqiqəlik onu gözləməli olmuş, gözləyərkən yük avtomobilinın arxa tərəfində dayanmışdır. Bir anda görmüşdür ki, şəhər istiqamətindən ona tərəf qızılı rəngli “Toyota Prius” markalı avtomobil yüksək sürətlə gəlir. Fikirləşmişdir ki, yəqin sürücü harasa tələsir, ona görə avtomobili sürətlə idarə edir, eləcə də düşünmüşdür ki, həmin sürücü onu və yük avtomobilini görüb istiqamətini dəyişəcək. Həmin avtomobilin qabaq sağ oturacağında da bir nəfər sərnişinin olduğunu da görmüşdür. Lakin sürücü həmin sürətlə də gəlib onun yanından keçib yolun kənarında saxladığı yük avtomobilinə arxa tərəfdən möhkəm çırpılmış və zərbənin təsirindən yük avtomobili yolun kənarındakı səkiyə çıxmışdır. Tez həmin avtomobilə yaxınlaşmış və görmüşdür ki, sürücüdən başqa bir nəfər sərnişin də avtomobildədir, həmin sərnişin hadisədən əvvəl qabaq oturacaqda oturmuşdu, lakin zərbənin təsirindən onun oturduğu oturacağın arxası sındığına görə arxa oturacağa düşmüşdür. Sürücü və sərnişinin xəsarət almış, lakin sərnişin daha çox xəsarət almışdır. Sonra TTYS-na zəng olunmuş və həkim briqadası xəsarət almış sərnişini X3 aparmışdır. Ondan sonra digər bir TTYS-nın avtomobili gəlmiş və sürücünü də X3 aparmışlar. Orada olduğu zaman ona məlum olmuşdur ki, sürücü avtomobili idarə edərkən sükan arxasında yuxulu olmuşdur. O, avtomobildən aralıda olduğuna görə hadisə zamanı xəsarət almamışdır, lakin ona məxsus “QAZ-33021” markalı **-TG-*** qeydiyyat nömrəli Bortlu-Tentli yük avtomobili yararsız hala düşmüş, nəticədə ona 3031 (üç min otuz bir) manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir, buna görə də o, maddi ziyanın ödənilməsini tələb edir. bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, fərdi əməklə məşğul olur, özünə məxsus “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobilini xx.xx.2022-ci il tarixdə 4 saylı “Səyyar-Asan” xidməti mərkəzi tərəfindən təsdiq edilmiş elektron etibarnamə ilə xx.xx.2022-ci il tarixədək idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Təqsirləndirilən şəxs həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində ona məxsus “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobili deformasiyaya uğramışdır. Həmin avtomobilə dəymiş maddi ziyan "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və "xxxx" MMC-nin həmin avtomobilə dair verdiyi xx.xx.2022-ci il tarixli 56/2022 nömrəli qüsur aktına əsasən ona məxsus “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobilə hadisə nəticəsində 3325 (üç min üç yüz iyirmi beş) manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir, buna görə də o, maddi ziyanın ödənilməsini tələb edir. bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Sovxoz istiqamətində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022ci il tarixli 2/25273 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022ci il tarixli 1/3978 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 09ə/1046 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlər - baş beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, başın, alının, üzün, burunun əzilməmiş yaraları, sağ bazu sümüyünün başının çoxqəlpəli, açıq, yerdəyişən sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X6” X9 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1048 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – üst və alt dodağın, sağ əlin əzilmiş yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X7” X9 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2407 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 1a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “QAZ-33021” markalı **-TG-*** dövlət qeydiyvat nişanlı sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (yüz iyirmi səkkiz) manatdır. İş materiallarından görünür ki, maddi sübut “Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi olan Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İş materiallarında olan "xxxx" MMC-də təqdim olunmuş qüsur aktına əsasən “Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nömrəli avtomobilin YNH hadisəsi zamanı əzilməsi nəticəsində iş üzrə Zərərçəkmiş şəxs3 3.325 (üç min üç yüz iyirmi beş) manat maddi ziyan dəyməsi nəzərə alınmışdır. İş materiallarında olan "xxxx" ASC-də təqdim olunmuş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “QAZ-33021” markalı **-TG-*** dövlət qeydiyyat nömrəli avtomobilin YNH hadisəsi zamanı əzilməsi nəticəsində iş üzrə Zərərçəkmiş şəxs2 3.031 (ün min otuz bir) manat maddi ziyan dəyməsi nəzərə alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin DYPŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 055-25347-1222 nömrəli məktubundan görünür ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etməsinə hər hansı bir məhdudyyətin olub-olmaması X1 yoxlanılmış və onun nəqliyyat vasitələrini idarə etməsi ilə bağlı hər hansı bir məhdudiyyət aşkar olunmaması nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-105/2023 saylı 04 may 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ-nin məhkəməyə ünvanladığı 13 may 2023-cü il tarixli 3-13-45-S/2-5122 saylı məktubdan göründüyü kimi, barəsində 04 may 2023-cü il tarixdə axtarış işi açılmış Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə saxlanılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq notarial qaydada təsdiq edilmiş və məhkəməyə təqdim olunmuş 02 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışaraq dəymiş maddi ziyanı tamamilə ödəmişdir, halhazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən 12 iyun 2023-cü il tarixdə yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş maddi ziyan ödənilməmişdir, buna görə də onlar maddi ziyanın ödənilməsini tələb edirlər, lakin Təqsirləndirilən şəxs hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi məqsədə uyğundur. Maddi sübut - “Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi olan Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxlər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Maddi sübut - “Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 128,00 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar