Məhkəmə qərarları › İş №1(003)-106/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-106/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-106/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəəldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd büküm narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 avqust 2022-ci il tarixdə saat 16:00-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Xəzər RPİnin 1-ci Polis Şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindəki 01 ədəd qara rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,166 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrə aludə olmuşdur və arada bir öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadə məqsədi ilə bir büküm narkotik vasitə “kakos” (heroin) almışdır. Həmin gün, yəni, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda, o da onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə könüllü olaraq 1-ci Polis şöbəsinə gəlmişdir. Orada olan zaman polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis şöbəsinə gətirilmişdir. Şöbədə olarkən hüquqlarının müdafiəsindən ötrü şöbəyə müdafiəçi dəvət etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı polis əməkdaşları tərəfindən əvvəlcə ona təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyriqanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə aldığını vəşəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi 01 ədəd qara rəngli kağıza bükülmüş narkotik vasitə hesab edilən heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış davam etdirilən zaman üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Törətdiyi bu əməli etiraf edir və peşmançılıq çəkir. Özü üçüncü qrup əlildir, himayəsində üç azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 17 avqust 2022-ci il tarixdə saat 16:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Polis şöbəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin Polis şöbəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 iştirakı ilə 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Natiq Ağamirzəyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən, o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirmiş və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 18 avqust 2022-ci il tarixli 6/4382 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” dairəvi möhür əksi olan "Vət. Təqsirləndirilən şəxs üzərindən ...." yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,166 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Ümumi çəkisi 0,166 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,116 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli, 4592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının vəşərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuşşəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması iləəlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,166 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,116 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 senryabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmilmiş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 02 mart 2023-cü il tarixli 28261-21-1/3-4790 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 senryabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 senryabr 2022-ci il tarixli 1(003)-370/2022 saylı hökmü və onun icrası barədə xx.xx.2022-ci il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, həmin cəzanın heç bir hissəsi məhkum tərəfindən çəkilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 senryabr 2022-ci il tarixli 1(003)-370/2022 saylı hökmü ilə CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində qalan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,116 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 92 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla o, 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,116 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar