Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-107/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 69.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxx 2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-295/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində X3 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə müvəqqəti qonaq kimi yaşamasına baxmayaraq, ev sahibəsi Ranə Vəliyevanın ona yataq otağına daxil olmasını qadağan etdiyi halda sonuncunun evdə olmadığı müddət ərzində fürsətdən istifadə edərək, Ranə Vəliyevanın evinin yataq otağına açıq qapıdan ev sahibəsinin icazəsi olmadan qanunsuz daxil olub yataq otağında saxlanc yeri olan paltar şkafında, paltarların arasında gizlədilmiş 850 manat pulu gizli olaraq talayıb zərərçəkmiş X3 ümumilikdə 850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bundan əvvəl də oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, 2020-ci ilin iyun ayında azad olunmuşdur. ünvan 3 qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır, müxtəlif ünvanlarda tez-tez yerini dəyişməklə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Hikmət adlı bir oğlanla tanış olmuş, ona yaxınlaşaraq kirayə qalmağa ev axtardığını bildirmişdir, Hikmət isə bildirmişdir ki, “bizim yaşadığımız ünvanda kirayə qala bilərsən”. Hikmətlə razılaşmış, Hikmətin yaşadığı Binə qəsəbəsi Hövsan Südçülük sovxozu yeni yaşayış sahəsində yerləşən evinə gəlmişdir. Həyətdə kirayə üçün tikili evlər təmirsiz olduğundan, təmir olunana kimi evlərində müvəqqəti qalmasını təklif etmişlər, həm də onlarla yerli çıxmışlar deyə, münasibətləri tam səmimi yaranmışdır. Hikmətin anası Ranə ilə tanış olmuş, Ranə kirayə qalmağına razılaşmış, onun şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonla çəkmişdir. Hikmətin digər qardaşı Höcətlə yaxşı münasibət yaratmış, hətta ondan borca 100 manat pul istəmiş və Höcət ona borca 100 manat pul vermişdir. Aldığı 100 manat borc pulu tələbatına xərcləmişdir. Maddi vəziyyətinin çox aşağı olduğunu görüb qərara gəlmişdir ki, qaldığı evdən oğurluq etsin. Höcət ona pul verəndə onun pulu götürdüyü yerə diqqət etmiş, görmüşdür ki, o pulu anası Ranənin yataq otağında paltar dolabından paltarların arasından götürmüşdür, həmin yer onun fikrində qalmışdır. Həmin evdə qalsa da, Ranənin yataq otağına girməyə icazəsi olmamışdır, çünki bu barədə Ranə özü ona bildirmişdir. Onların evdə olmadıqları vaxtı gözləmiş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Ranə və uşaqları notariusa getmək üçün evdən çıxmış, o isə evdə qalmışdır. Bir qədərdən sonra o, Ranənin yataq otağına daxil olmuş, otaqda paltar dolabını axtarmış, paltarların arasından 850 manat pul tapmış, həmin pulu və özü ilə gətirdiyi əşyalarını götürüb təxminən saat 13 radələrində evdən çıxmışdır. Yol kənarında bir taksiyə əyləşib şəhərə getmiş, həmin pulu öz şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Həmin vaxtdan da Ranə və uşaqlarını görməmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilmiş, orada etdiyi əməli səmimi etiraf etmişdir. Həmin məbləğdə pulu geri qaytarmağa maddi imkanı yoxdur, buna görə də Ranə ilə barışıq əldə edə bilməmişdir. Əməlindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 göstərdi ki, Binə qəsəbəsi HHS yeni sahə nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 4-5 gün olardı ki, onun evində kirayənişin kimi qalırmış. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12.30 radələrindən 14.00 radələrinədək evdə olmadığı müddətdə Vüqar onun yataq otağında olan geyim dolabından paltarların arasından 850 manat pulunu götürərək getmişdir. Yaşadığı evin həyətində kirayə vermək üçün otağı var, həmin otağın təmiri qurtarsın deyə, Vüqara bir neçə gün evlərində qalmasını təklif etmişlər. Vüqar onların evlərində qaldığı müddətdə oğlu Höcətlə münasibət yaradaraq ondan xx xxxxxxxx 2020-ci il tarixdə 100 manat borca pul almışdır. Höcət Vüqara pul verən zaman Vüqar pulların yerini bilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə yataq otağında olan paltar dolabında paltarların arasından 850 manat pul oğurlamış və öz əşyalarını da götürərək evdən çıxıb getmişdir. Pulları öz otağında paltar şkafında paltarların arasında bir yerdə saxlayırmış. Bunu uşaqları da bilir. Ona görə otağına başqa kiminsə girməsinə icazə vermirmiş. Vüqara evdə kirayə qalması üçün şərait yaratsa da ona yataq otağına daxil olmağa icazə verməmiş və bunu onun özünə də demişdir. xx xxxxxxxx 2020-ci il tarixdə günorta radələrində oğlanları ilə notariusa getmiş, həmin vaxt Vüqar evdə qalmışdır. Təxminən 2 saat sonra evə qayıdanda görmüşlər ki, evin qapıları açıqdır, Vüqar da evdə yoxdur. Şübhələnərək pulunu qoyduğu yeri yoxlamış, görmüşdür ki, 850 manat pul yerində yoxdur. Vüqarı əvvəllər tanımamış, onun harada qalması, hara getməsi barədə heç bir məlumatı olmamışdır. Ona görə də Vüqar onlara kirayə qalmaq üçün gələndə Vüqarın şəxsiyyət vəsiqəsinin şəklini telefonla çəkmişdir. Vüqar onun evindən oğurladığı 850 manat pulu indiyə qədər qaytarmamışdır. Buna görə də o, Vüqarla barışmamışdır, Vüqarın tutulmasını yox, pulunun qaytarılmasını istəyir, pulunun qaytarılmayacağı təqdirdə isə Vüqardan şikayətçidir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da anası – zərərçəkmiş şəxs X2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-295/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 69.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxx 2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən 850 manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 39 iş saatına görə (ibtidai istintaq zamanı 24 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 234,00 (iki yüz otuz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 234,00 (iki yüz otuz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-107/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-107/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver