Məhkəmə qərarları › İş №1(003)-109/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-109/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-109/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi ev 36da yaşayan və qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin qara rəngli kağızına qablaşdırılmış 0,304 qram çəkidə narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlayarkən xx xxxxxx 2019-cu il tarixdə saat 12:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsində yerləşən marketin yaxınlığında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən siqaretin qara kağızına bükülmüş 0,304 qram çəkidə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, narkotik vasitələrdən istifadə etməmiş, xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək, onu polis bölməsinə dəvət etmiş, o, həmin bölməyə niyə aparıldığını bilməmişdir. Bundan sonra ona təzyiqlər olmuş və ona narkotik vasitə istifadə etməyi ilə ittiham elan etmişlər. Onu döymüş və zorla boynuna qoymuşlar. Bununla bağlı o, müdafiəçisi ilə görüşdə müdafiəçisinə bildirmişdir. Əvvəllər narkotik vasitədən istifadə etmiş, lakin artıq uzun müddətdir ki, narkotik vasitədən istifadə etmir. İttihamda qeyd edildiyi kimi o, Mərdəkan qəsəbəsində marketin yaxınlığında saxlanılmamışdır. Polis əməkdaşları onun yaşadığı Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi ev 36-ya gəlmişlər. Onu evində döymüşlər və həmin ittihamda elan olunan əməli onun boynuna qoymuşlar.Əgər əməli üzərinə götürməsə üzərindən daha külli miqdarda narkotik vasitə aşkar etdiklərini demişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan Nadir adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı almışlar. Bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Mərdəkan qəsəbəsinə getmişdir. Onlar Mərdəkan qəsəbəsində Nadirə yaxınlaşmış və özlərini təqdim edib Nadiri polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş, sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş maddə və əşyanın olub olmaması soruşulmuş və olduğu halda könüllü təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan heroinə bənzər narkotik maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur, öz istifadəsi üçün Suraxanı rayonu ərazisində bazarın yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata əldə edib saxlamışdır. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitə isə zərfə qoyulub möhürlənmişdir. Lakin verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs yaxınlaşan zaman günün hansı hissəsi olması, əynində olan paltarının necə və hansı rəngdə olması, üzərindən çıxan bükümün hansı rəngdə olmasını xatılamadığını, tərəflərindən Təqsirləndirilən şəxs heç bir təzyiq edilmədiyini, üzərində olan narkotik vasitəni şəxsi axtarış keçirilmədən öncə özünün könüllü olaraq təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan Nadir adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı almışlar. Bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Mərdəkan qəsəbəsinə getmişdir. Onlar Mərdəkan qəsəbəsində Nadirə yaxınlaşmış və özlərini təqdim edib Nadiri polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş maddə və əşyanın olub olmaması soruşulmuş və olduğu halda könüllü təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan heroinə bənzər narkotik maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur, öz istifadəsi üçün Suraxanı rayonu ərazisində bazarın yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata əldə edib saxlamışdır. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitə isə zərfə qoyulub möhürlənmişdir. Lakin verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun evinin qarşısında axşam radələrində yaxınlaşdıqlarını, əynində mavi rəngli cins şalvarının olduğunu, narkotik vasitənin həmin şalvarın sağ yan cibindən çıxdığını, narkotik vasitənin sellofan və ya cığaraya bənzər bükülüdə olduğunu, Təqsirləndirilən şəxs yaxınlaşdıqları küçənin adını dəqiq bilmədiyini, əməliyyat qrupunda 2 nəfər əməliyyatçı olduqlarını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkilişdən istifadə edildiyini, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman müdafiəçisinin orada olduğunu, aşkar edilmiş narkotik vasitənin rəngini xatırlamadığını, lakin heroinə bənzər maddə olduğunu və zərfə qoyularaq protokollaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29652 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” sözləri və imzalar olan 1 ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,304 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli, 3045 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 13:16-13:26 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ona üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olubolmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə olduğunu, əynində olan mavi rəngli şalvarının sağ yan cibindən siqaretin qara kağızına bükülmüş bir bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni araşdırmaya təqdim etdiyini, həmin kütləni xx.xx.2019-cu il tarixdə saat 20:00-da Suraxanı rayonu ərazisində 10 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet, əşya və narkotik vasitə aşkar edilməmişdir. Protokolu axtarışda iştirak edən Şahid2, Şahid1, şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs və protokolu tərtib etmiş şəxs Anar İsayev imzalamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə tərtib edilmiş protokolla tanış olması barədə imzalamışdır. İş materiallarında olan maddi sübut kimi saxlanılan 1 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Diskdə olan video çəkilişdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün polis şöbəsinə dəvət olunduğu bildirilir, onun narkotik vasitələrin saxlanılması, istifadəsi və s. şübhəli olunduğu, ona hüquq və vəzifələri izah edilməklə üzərində qanunla qadağan edilmiş maddə və ya əşyaların olub-olmadığı soruşulur. Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ yan cibindən siqaretin qara kağızına bükülmüş bir ədəd bükülünü təqdim edir. Həmin bükülüdə olan maddə zərfə qoyularaq qablaşdırılır. Zərfin üzəri imzalanır və möhürlənir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman orada onun müdafiəçisi iştirak etməmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” «İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə»nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə xx xxxx 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələr ilə məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, Şahid2 məhkəmə istintaqı dövründə vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsin nə zaman və harada saxlanıldığını bilmədiyini, Təqsirləndirilən şəxs əynində hansı paltarın və paltarın nə rəngdə olmasını xatırlamadığını, həmçinin üzərində çıxan bükümün hansı rəngdə olmasını bilmədiyini göstərmişdir. Digər Şahid1 isə məhkəmə istintaqı dövründə vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsin axşam radələrində, evinin qarşısında saxlanıldığını, lakin küçənin adını bilmədiyini, üzərindən çıxan narkotik vasitənin sellofan və ya cığaraya bənzər bükülüdə olduğunu bildirmişdir. Lakin, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları ifadələrində təqsirləndirilən şəxsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsində səhər saat 12:00 radələrində saxladıqlarını, əynində mavi rəngli cins şalvarın olduğunu, həmin şalvarın sağ yan cibindən, 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə olan heroinin aşkar edildiyini qeyd etmişlər. Bu ziddiyətlərlə bağlı məhkəmə hesab edir ki, şahidlərin ifadələrində olan ziddiyətlər təqsirləndirilən şəxsi ittihamda qeyd edilən kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsində olan marketin yaxınlığında saxlanılmasını və üzərindən narkotik vasitənin aşkar edilməsini şübhə altına alır. Həmçinin məhkəmə qeyd edir ki, şahidlər ibtidai istintaq dövründə eyni şəkildə ifadələr vermiş, bu isə məhkəmə tərəfindən inandırıcı görünmür. Belə ki, ifadələrin peşəkar polis əməkdaşı tərəfindən diktə edildiyi görsənir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şahid1 məhkəmə istintaqı zamanı ona verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun müdafiəçisi orada iştirak etmişdir. Lakin, iş materiallarında olan xx.xx.2019-cu il tarixli şəxsi axtarış aparılması haqqında protokolda və iş materiallarında olan şəxsi axtarışın keçirilməsinin videoçəkilişində təqsirləndirilən şəxsin müdafiəçisinin orada olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.5-ci maddəsinə əsasən “Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüquqları həyata keçirir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Cinayət prosesində müdafiəçiyə malik olmaq hüququnun daşıyıcısı (subyekti) şübhəli və ya təqsirləndirilən şəxsdir. Bu səbəbdən də, əgər ədalət mühakiməsinin maraqlarına zidd deyilsə, şübhəli və ya təqsirləndirilən şəxsin bu hüquqdan istifadə edib-etməməsi, öz müdafiəsini şəxsən, ya da özünün seçdiyi, yaxud təyin olunmuş müdafiəçinin köməyindən istifadə etməklə həyata keçirmək kimi məsələlər məhz onun iradəsinin ifadə olunması ilə səciyyələnir. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir.” Məhkəmə istintaqı dövründə iş materiallarında olan şəxsi axtarış keçirilməsi barədə videoçəkilişə baxılan zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisi orada iştirak etməmişdir. Bu fakt həmçinin xx.xx.2019-cu il tarixli şəxsi axtarış aparılması haqqında protokolda da öz əksini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin müdafiəçisi sonradan həmin protokolu imza edərək tanış olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilik müstəntiqin üzərinə şəxsi axtarış aparılan zaman müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Cinayət işinin materiallarında isə müstəntiqin üzərinə qoyulmuş bu vəzifəni, yəni müdafiəçini əvvəlcədən məlumatlandırmaq vəzifəsini yerinə yetirmədiyi müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilmir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Artico İtaliyaya qarşı iş üzrə Qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin “ç” bəndində vəkilin təyin edilməsindən deyil, onun yardımından istifadə edilməsindən bəhs olunur. Vəkilin sadəcə təyin edilməsi səmərəli hüquqi yardımı təmin etmir. Çünki hüquqi yardım məqsədi ilə təyin edilən vəkil vəfat edə, ciddi xəstəliyə tutula, uzun müddət vəzifəsini icra etmə imkanına malik olmaya və ya bundan boyun qaçıra bilər. Belə halda dövlət orqanları bu barədə xəbərdar olduqda vəkili əvəz etməli və ya öz vəzifəsini icra etməyə məcbur etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, müdafiəçinin müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməsi qanunvericiliyin tələbidir və ona belə hərəkətlərin aparılmasında iştirakdan imtina etmək müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə qadağan olunmuşdur. Belə imtina müdafiə olunan şəxsin qanuni mənafeyinə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olmaqla, müdafiəçinin qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilə bilər. Bununla bağlı vurğulanmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir. Qeyd olunmalıdır ki, Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən “Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.” Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut növü kimi qəbul edilən xx.xx.2019-cu il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, həmin şəxsi axtarışın aparılması barədə olan videoçəkiliş və şahid ifadələri sübut kimi qəbul edilməz bilməz və onlar sübutların siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,254 qram narkotik vasitə olan heroinin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilməli, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan 0,254 qram narkotik vasitə olan heroin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra 0,254 qram narkotik vasitə olan heroinin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilsin, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan 0,254 qram narkotik vasitə olan heroin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar