Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-11/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi – 0,445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. 19 iyun 2021-ci il tarixdə, saat 13:30 radələrində Xəzər RPİ-nin NMB-nin və Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşfiq küçəsi döngə 9, ev 28-in yaxınlığında saxlanılaraq 3-cü PB-nə gətirilmişdir. Bölmənin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti nəticəsində əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı sarı rəngli metal qabın içində olan 05 büküm hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,119 qram, 0,188 qram, 0,086 qram, 0,008 qram, 0,044 qram olmaqla xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olan ümumi təmiz çəkisi 0,445 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə heroindən istifadə etsə də, xeyli müddətdir ki, ev şəraitində müalicə alır. 19 iyun 2021-ci il tarixdə, səhər saat 09 radələrində evdə yatarkən qəflətən evə sonradan polis əməkdaşları olduğunu bildiyi 7-8 nəfər şəxs daxil olaraq onu yataqdan qaldıraraq paltarlarını geyinməsini tələb etmişlər. O, idman şalvarını və köynəyini geyindikdən sonra polis əməkdaşları yaşadıqları evi və evin həyətyanı sahəsini axtarmışlar. Həmin vaxt anası Güldərən evdə olmuşdur. Lakin heçnə tapa bilməyib evdən ona məxsus telefonu, poverbank aparatını, 500 ABŞ dolları pulu, 1000 qrivin pulu, eynəyi və digər əşyaları götürüb onu Vüsal Hüseynov adlı əməliyyatçıya məxsus və özünün idarə etdiyi qara rəngli «Mercedes C» clas markalı, **-MP-*** dövlət nömrə nişanlı avtomobilə mindirərək 3-cü Polis şöbəsinə aparmışlar. Maşina mindirərkən anası çöldə ona su vermişdir. Həmin vaxt qonşusu X4 də, bu hadisənin şahidi olmuşdur. Digər qonşusu X10 polis əməkdaşlarına yaxınlaşaraq onu aparmalarının səbəbini soruşmaq istəsə də, polis əməkdaşları ona yaxın gəlməməsini, əks halda onu da, şöbəyə aparacaqlarını demişlər. Şöbəyə çatdıqdan təxminən 20 dəqiqə sonra polis əməkdaşları onu yenidən evə gətirmişlər. Polis əməkdaşları yaşadıqları evi və evin həyətyanı sahəsini təkrar axtarmışlar və heçnə tapmayıb yenidən şöbəyə qaytarmışlar. Şöbədə Mahir, Heydər və tanımadığı polis əməkdaşları onu döydükdən sonra dəmir qabı təqdim edərək içində heroin olduğunu və ona məxsus olduğunu bildirmişlər. O, narkotik vasitədən istifadə etmədiyini bildirdikdə yenidən onu döyərək içində bükümlər olan qabı cibinə qoymağı və çəkiliş zamanı həmin bükümlərin ona məxsus olmasını deməsini bildirmişlər. Lakin o, dəmir qabı cibinə qoysa da, çəkiliş zamanı həmin bükümlərin ona məxsus olmadığını demişdir. Bu dəfə isə ona daha ağır işgəncələr verildiyindən məcbur olub polis əməkdaşları dediyi kimi etmiş və bütün sənədlərə oxumadan imza etmişdir. Sonradan qardaşının tanışı ondan pul alaraq tanışı vasitəsi ilə işini tam olaraq bağlatdırdığını bildirdiyi üçün heç kimə şikayət etməmişdir. Təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsiri məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında Şahid2 Zabil oğlu ifadəsində göstərdi ki, Xəzər rayon Polis idarəsinin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin 3-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid1 və bölmənin sahə rəisi Şahid3la birlikdə Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə, 13:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 9 ev 28 yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı Nihad Musafayev tərəfindən üzərində qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs şalvarın sağ cibində qutunun içərisində olan 5 bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən başqa qeyri-qanuni əşya və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər Şahid1 Etiqad oğlu və Şahid3 Yadulla oğlu Şahid2 Zabil oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında Şahid4 İlyas oğlu ifadəsində göstərdi ki, Xəzər rayon Polis idarəsinin 3cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onu 19 iyun 2021-ci il tarixdə, 13:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 9 ev 28 yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs tutduqdan təxminən 15 dəqiqə sonra şöbəyə gəlmişlər və bundan 10 dəqiqə sonra vəkil Fərman Cəfərov şöbəyə gəlmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və onun şalvarının cibindən 5 büküm heroin aşkar olunmuşdur. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, 4 nəfər əməliyyat müvəkkili hamısı bir post patrul maşınında getmişlər. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs günorta saatlarında yaşadığı evin qarşısında saxlayaraq şöbəyə gətirmişlər. Axtarış zamanı narkotiki bükümlərə özü bölüb-bölməməsini və narkotik vasitənin satışı ilə məşğul olmasını soruşmamışlar. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Vəkil Fərman Cəfərovu kimin çağırmasını bilmir, lakin onlar toplanmış materialı təhqiqatçıya verməmiş vəkil orada olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təkrar olaraq dindirilmiş Şahid2 Zabil oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə, 13:30 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 9, ev 28 qarşısında saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi bildirilmiş və o, şalvarın sağ cibində qutunun içərisində olan 5 bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən başqa qeyri-qanuni əşya və ya maddə aşkar edilməmişdir. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda iştirak etmək üçün onu kimin dəvət etməsini xatırlamır. Təqsirləndirilən şəxs günorta saatlarında yaşadığı evin qarşısında saxlayaraq xidməti “Peugeot” markalı xidməti avtomobili ilə 3-cü Polis şöbəsinə aparmışlar. Onların şöbəyə gəlməsi təxminən 15 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs tutduqdan təxminən 20 dəqiqə sonra vəkil Fərman Cəfərov şöbəyə gəlmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs tutulmamışdan və üzərinə axtarış keçirilməmişdən əvvəl vəkil şöbədə olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təkrar olaraq dindirilmiş Şahid1 Etiqad oğlu ifadəsində göstərdi ki, Xəzər rayon Polis idarəsinin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 3-cü Polis şöbəsinin rəisi Rahid Nağıyev tərəfindən 19 iyun 2021-ci il tarixdə əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Əmrdə qrup üzvləri sırasında Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 olmasa da, o, özü Şahid2 əməliyyat qrupuna dəvət etmişdir. Xəzər RPİ-nin 3-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4, bölmənin sahə rəisi Şahid3 və Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə, 13:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 9 ev 28 yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs tutduqdan təxminən 30 dəqiqə sonra vəkil Fərman Cəfərov şöbəyə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış aparılmamış və şübhəli şəxs qismində tutulmamışdan əvvəl vəkil orada olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və onun şalvarının cibindən 5 büküm heroin aşkar olunmuşdur. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Hüseynovun iştirak edib-etməməsi yadında deyildir. Əməliyyat tədbirinin keçirilməsi barədə qərarda ənənəvi olaraq şübhəli şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələri kimə satması barədə məlumat olmamışdır. Həmçinin narkotik vasitənin olduğu dəmir qabın harada olması barədə heç bir məlumatı yoxdur. Raportda, əməliyyat qrupunun yaradılması barədə əmrdə və əməliyyat tədbirinin keçirilməsi barədə qərarda ənənəvi olaraq şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qeyd olunur. O cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qeyd olunsa da, onun narkotik vasitələri kimlərə satması barədə konkret məlumat olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təkrar olaraq dindirilmiş Şahid3 Yadulla oğlu ifadəsində göstərdi ki, Xəzər rayon Polis idarəsinin 3-cü PB-nin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onu 19 iyun 2021-ci il tarixdə, 13:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 9 ev 28 yaxınlığında saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs tutduqdan təxminən 10 dəqiqə sonra şöbəyə gəlmişlər və bundan 10 dəqiqə sonra vəkil Fərman Cəfərov şöbəyə gəlmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və onun şalvarının cibindən 5 büküm heroin aşkar olunmuşdur. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, 4 nəfər əməliyyat müvəkkili hamısı bir mülki maşında getmişlər. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs günorta saatlarında yaşadığı evin qarşısında saxlayaraq şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Vəkil Fərman Cəfərovu kimin çağırmasını bilmir, lakin onlar toplanmış materialı təhqiqatçıya verməmiş vəkil orada olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 19 iyun 2021-ci il tarixdə, səhər saat 09 radələrində evdə olduğu zaman evin çöl qapısı döyülmüş və o, qapını açdıqdan sonra özünü polis kimi təqdim edən təxminən 8 nəfər polis əməkdaşı evə daxil olaraq oğlu Ağamoğlanı yataqdan qaldıraraq paltarını geyinməsini bildirmişlər. Həmin vaxt 2 nəfər polis əməkdaşı çöldə gözləmişdir. Həyətdə 3-4 maşın olmuşdur. Ağamoğlan isə idman şalvarını geyinmiş və polis əməkdaşları yaşadığı evi darmadağın edərək axtarış aparmışlar. Evdən heçnə tapmadıqları üçün Ağamoğlanı maşına mindirib aparmışlar. Həmin vaxt Vüsal adlı polis əməkdaşı həyətdə qalmış və zəng edərək oğlunu geri gətirməsini demişdir. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları oğlunu geri qaytararaq yenidən evi və həyəti axtarmışlar, lakin yenə də, heçnə tapa bilməyib oğlunu maşına mindirib aparmışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ağamoğlan ilə hasar qonşusudur. 19 iyun 2021-ci il tarixdə səhər saat 10-11 radələrində itlərin səs-küy saldığını görüb çölə çıxmış və hasarın üzərində mülki geyimli şəxslər olduğunu görmüşdür. Sonra evin 2-ci mərtəbəsinə qalxmış və Ağamoğlanı tanımadığı şəxslərin maşına mindirib aparmalarını görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ağamoğlan ilə evləri arasında bir ev vardır. 19 iyun 2021-ci il tarixdə səhər saat 09-10 radələrində çöldə ağacları sulayarkən 3 nəfər mülki geyimli şəxs gəlmiş və onlardan 2-si evin damına çıxmışdır. Bir qədər sonra 3 əlavə maşın gəlmişdir. Maşınların içində post patrul maşını da, olmuşdur. Bir neçə nəfər içəri daxil olmuş və Ağamoğlanı ev paltarında çölə çıxarıb maşına midirmişlər. Həmin vaxt Ağamoğlanın anası çölə çıxaraq Ağamoğlana su vermişdir. O, bir qonşu kimi polis əməkdaşlarına yaxınlaşmaq istəyərkən ona kənarda dayanmasını və bu məsələyə qarışmamasını bildirmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında cinayət işi üzrə 19 iyun 2021-ci il tarixdə 09:00dan 14:00-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin zənglər zamanı və ümumiyyələ əhatə dairəsi barədə məlumatların götürülməsi üçün "xxxx" MMC-yə sorğu edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli, AZF/LGL-32186/21 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azərfon şəbəkəsində istifadə olunmamışdır. İş materiallarına əlavə olunmuş Xəzər rayon Prokurorunun köməkçisi Həsən Əliyevin 30 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin əməkdaşları tərəfindən döyülməsi qeyd etdiyi xüsusatları öz təsdiqini tapmadığından toplanmış C-436/21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2021-ci il tarixli, 6/2503 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N244” dairəvi möhür əksi olan zərfdə 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,119 qr, 0,188 qr, 0,086 qr, 0,008 qr, 0,044 qr, ümumi təmiz çəkisi 0,445 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,045 qram sərf edildikdən sonra 0,400 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 06 iyul 2021-ci il tarixli, 2188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 32.2.7-ci maddəsinə əsasən, məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını nəzərə almalıdırlar. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsüfü təmin edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin sonuncu abzasına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən Şəxsi maraq dedikdə - şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olub-olmaması müəyyən edilərkən nəzərə almaq lazımdır ki, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş, narkotik vasitəni aldıqdan sonra onu çəkib xırda bağlamalara özü bükməmiş, bükümlərin hazırlanması üçün avadanlığı olmamış, ümumiyyətlə narkotik vasitəni satmaq niyyəti olmamışdır. Belə ki, iş materiallarında olan 20 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsüf edilmiş və qeyd edilən maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Xəzər RPİ-nin 3-cü PB-nin rəisi Rahid Nağıyevə ünvanlanmış 19 iyun 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ayxan Təhməzli tərəfindən Xəzər RPİ-nin 3-cü PB-nin rəisi Rahid Nağıyevə ünvanlanmış tapşırıqdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilərək istintaqa təqdim edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri dəyişdirdiyi şəxslərin müəyyən edilməklə istintaqa təqdim edilməsi və Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin dairəsinin müəyyən edilərək istintaqa təqdim edilməsi tapşırılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PB-nin 29 iyun 2021-ci il tarixli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı vardır. Lakin, həmin şəxsin narkotik vasitələri satdığı, dəyişdirdiyi və əldə etdiyi mənbənin hal-hazırda müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 5(003)- 220/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə və həyətyanı sahəsində axtarış aparılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş axtarış aparılması haqqında 20 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evində, onun həyətyanı sahəsində, qanunla təsbit edilmiş qaydada evin saxlanc yerlərində əşya, maddə və predmetlərin gizlədilə biləcəyi ehtimal edilən yerlərdə aparılmış axtarış nəticəsində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni istehlak etmək məqsədi olmuşdur. O, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş, narkotik vasitəni aldıqdan sonra onu çəkib xırda bağlamalara bükməmiş, bükümlərin hazırlanması üçün avadanlığı olmamış, ümumiyyətlə narkotik vasitəni satmaq niyyəti olmamış və bu hallar məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Bundan başqa Xəzər RPİ-nin 3-cü PB-nin 29 iyun 2021-ci il tarixli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı vardır. Lakin, həmin şəxsin narkotik vasitələri satdığı, dəyişdirdiyi və əldə etdiyi mənbənin hal-hazırda müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin axtarış aparılması haqqında 20 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evində, onun həyətyanı sahəsində, qanunla təsbit edilmiş qaydada evin saxlanc yerlərində əşya, maddə və predmetlərin gizlədilə biləcəyi ehtimal edilən yerlərdə aparılmış axtarış nəticəsində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bu isə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etməsi kimi qiymətləndirilə bilməz. Satış məqsədi olmadığı halda bu əməl CM-nin 234.2-ci maddəsi ilə tövsüf oluna bilməz. Həmçinin məhkəmə zamanı şahidlərŞahid2 Zabil oğlu, Şahid1 Etiqad oğlu, Şahid3 Yadulla oğlu və Şahid4 İlyas oğlu ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, lakin konkret olaraq kimlərə satması barədə məlumat olmadığını bildirmişlər. Həmçinin Şahid1 Etiqad oğlu müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, raportda, əməliyyat qrupunun yaradılması barədə əmrdə və əməliyyat tədbirinin keçirilməsi barədə qərarda ənənəvi olaraq şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qeyd olunur. O cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qeyd olunsa da, onun narkotik vasitələri kimlərə satması barədə konkret məlumat olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Lakin iş materialları və şahidlərin ifadələri ilə məhkəmə baxışında müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edərkən səhvə yol vermişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1, X3 və X7 ifadəsində göstərdikləri xüsusatlarla bağlı qeyd edir ki, Ağamoğlan Eynəliyevin saat 13:30 radələrində deyil, səhər saatlarında saxlanması üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını inkar etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 30 dekabr tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkuumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqlarının və X6 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə, saat 14:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 21 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək həbsdə olduğu 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ayxan Təhməzlinin 22 iyul 2021-ci il tarixli qərarından görünür ki, “Təqsirləndirilən şəxs aşkar olunmuş beş ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,400 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd pulqabı, 1000 Ukrayna qrivni, 100 ABŞ dolları və 10 Azərbaycan manatı özünə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur”. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş beş ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,400 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd pulqabı, 1000 Ukrayna qrivni, 100 ABŞ dolları və 10 Azərbaycan manatının özünə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də,120 (yüz iyirmi) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş beş ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,400 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd pulqabı, 1000 Ukrayna qrivni, 100 ABŞ dolları və 10 Azərbaycan manatının özünə qaytarılması nəzərə alınsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X8 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-11/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-11/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver