Məhkəmə qərarları › İş №1(003)-110/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-110/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-110/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Dovlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərəçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 27 may 2021-ci il tarixdə saat 22:30 radələrində tanışları Şahid və istintaqa şəxsiyyəti məlum olmayan “Məhəmməd” adlı şəxs ilə bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Dəmiryol dayanacağının yaxınlığında insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs ilə sonuncunun onları sosial şəbəkədə təhqir edilməsini bəhanə gətirərək yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən əlləri ilə vuraraq ona sağ saidin əzilmiş yaraları, sol sağrının qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ saidin və sağ dirsək oynaqlarının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan şalvarın cibindəki pul kisəsindən 39 manat pulunu açıq talamaqla ələ keçirib soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, 27 may 2021-ci il tarixdə saat 22 radələrində tanışı Məhəmməd və digər adlarını bilmədiyi şəxslər ilə Binə qəsəbəsində yerləşən parkda gəzərkən digər tanışı Qurban onlara yaxınlaşmış və bildirmişdir ki, sosial şəbəkədə ona oral sekslə məşğul olmağı təklif edərək eyni zamanda da onu söymüş Elşad adlı şəxslə Binə qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında görüşməyə gedir. O və Məhəmməd də həmin şəxsi cəzalandırmaq istədiklərini bildirərək Qurbanla birlikdə oraya getmişlər. Həmin yerdə sonradan adını bildiyi və ilk dəfə üzdən gördüyü Zərərçəkmiş şəxsla görüşərkən onlar əvvəlcə Elşada onun Qurbana belə təklif etməsi və söyməsinə görə acıqlanmış, eyni zamanda Məhəmməd Elşadın qarnına bir yumruq vuraraq onu itələmişdir. Elşad arxası üstə yerə yıxılarkən şalvarının arxa cibində olan mobil telefonu yerə düşmüşdür. Qurban telefonu yerdən götürüb ekranının sındığını gördükdə onu Elşadın üstünə atmış, o özü isə Elşada bir yumruq vuraraq şalvarının cibindən pul qabısını çıxarıb, içində olan pulları götürüb pul qabını yerə atmışdır. Sonra onlar üçü də Elşaddan ayrılıb hadisə yerindən bir qədər aralıda yerləşən “Köhnə Bakı” kafesinə getmişlər. Orada o, Elşadın üstündən götürdüyü pulları sayıb 39 manat olduğunu görmüş və həmin pulu öz aralarında 3 yerə bölərək hərəsi 13 manat götürüb ayrılmışlar. İlk dəfə törətdiyi bu əməlindən peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 27 may 2021-ci il tarixdə saat 22 radələrində ərzaq almaq üçün Binə qəsəbəsinin mərkəzindən keçən dəmir yol xəttinin kənarı ilə bir qədər qabaqda yerləşən “Araz” marketə gedərkən əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Fədail, Qurban və Məhəmməd adlı şəxslər onun qarşısını kəsmiş və onun özlərini “İnstaqram” sosial şəbəkəsində təhqir etdiyini bildirmişlər. O isə həmin şəxslərə bildirmişdir ki, onu kiminləsə səhv salmışlar, o, heç kimi hər hansı bir sosial şəbəkədə təhqir etməmişdir. Buna baxmayaraq, Qurban və qeyriləri onunla mübahisə edib nalayiq söyüşlərlə təhqir etmiş, “İnstaqram” səhifəsinə baxmaqları üçün telefonunu istəmişlər. O, etiraz edərək telefonu verməycəyini dedikdə Qurban əlində bıçaq olmasa da, ona “əyər telefonu verməsən bıçağı sənə soxaram” deyərək hədələmiş, eyn zamanda telefonu onun üstündən götürmək üçün Məhəmmədlə Qurban onun üstünə gəlmiş və əlbəyaxa olaraq onu yerə yıxmışlar. O, ayağa qalxmaq istəyəndə Fədail ilə Qurban onun üstünə düşüb hərəsi bir qolunu tutaraq yenidən arxası üstə zərbə ilə yerə vurmuşlar. Bu zaman onun şalvarının arxa cibində olan “Samsung” markalı “S4” mobil telefonunun ekranı sınmışdır. Qurban ilə Fədail onun qollarından, boynundan tutub saxlayaraq və ayağa durmasına imkan verməmişlər. Qurban bir əli ilə onun qolundan tutsa da, digər əli ilə həmin telefonunu çıxarıb “instaqram” səhifəsinə baxmaq istəmiş, lakin telefonun ekranının sınmış olduğunu görüb yerə atmış və Fədaillə Məhəmmədə “bunun ikinci telefonu da olmalıdı” deyib onu da çıxartmağın lazım olduğunu bildirmişdir. Həmin vaxt əvvəlcədən pul qabısını şalvarının sağ yan cibinə qoymuş və pulqabı cibində telefon olduğu kimi görsənmişidr. Bu zaman Fədail bir əli ilə onun qolundan tutub ayağa qalxmağına imkan verməyərək digər əlini şalvarının həmin cibinə salmış və orada telefon deyil, pulqabı olduğunu hiss etsə də onu çıxartmış, içində 39 manat pul olduğunu görmüşdür. O, Fədailə pulu evdən ərzaq almaq üçün götürdüyünü və ona məxsus olmadığını deyib götürməsinə etiraz etmiş, lakin Fədail həmin pulu götürüb pulqabını üstünə atmış, sonra üçü də birlikdə oradan qaçıb getmişlər. Hadisə zamanı üzərində olan telefonunu 2015-ci ildə kredit müqaviləsi əsasında 650 manata almış, həmin telefon saz vəziyyətdə olmuş, heç bir zədəsi olmamış, lakin hadisə zamanı ekranının sınması nəticəsində aparata 75 manat maddi ziyan da vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmaq fikri yoxdur və törətdiyi əməlinə uyğun ona ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulan yuxarı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, hadisədən təxminən bir ay əvvəl “instaqram” sosial şəbəkəsində olarkən bir nəfər “Talış altında xəttlə 1989” adlı səhifənin sahibi ona mesaj yazaraq görüşüb onun cinsiyyət orqanını özünün ağzına alaraq oral sekslə məşğul olmağı təklif etmişdir. O, əsəbiləşərək həmin şəxsə söyüş yazıb bir daha əlaqəyə girməməsini tələb etmişdir. Həmin şəxs də ona söyüş yazıb tez bir zamanda onun özünün səhifəsinə girişini bloklamış, sonra o, özü üçün yeni adla səhifə açmışdır. 27 may 2021-ci il tarixdə həmin şəxs yenidən onun yeni səhifəsinə mesaj yazaraq onunla oral sekslə məşğul olmağını təklif etmişdir. Bu şəxs həmin səhifənin də ona məxsus olduğunu bilməmişdir. O da həmin şəxsi üz-üzə görüb döymək istədiyinə görə onun təklifinə razılıq verib görüşmək üçün Binə qəsəbəsindəki dəmir yolu xəttinin yanındakı kanalın yanına çağırmışdır. Bundan sonra həmin şəxs adının “Elşad” olduğunu deyərək özünün fotoşəkillərini də göndərmişdir. Sonra o, evdən çıxıb görüşəcəkləri yerə gedərkən, ora çatmağa az qalmış parkın yanında dostları Fədail və Məhəmmədlə rastlaşmış, onlara haraya və nə məqsədlə getdiyini bildirdikdə onlar da Elşadı cəzalandırmaq üçün onunla birlikdə getmək istədiklərini bilidirmiş, o isə buna etiraz etməmişdir. Beləliklə, o, Fədail və Məhəmməd ilə birlikdə Binə qəsəbəsinin mərkəzindəki, yanından dəmir yolu xətti keçən kanalın yanına gələrkən onun və yanındakıların da əvvəldən üzdən də olsa belə tanımadıqları Zərərçəkmiş şəxs qarşılarına çıxmışdır. O, Elşadı bir qədər əvvəldən ona göndərdiy şəklinə görə tanımışdır. Onlar Elşada onunla oral sekslə məşğul olmağı təklif etməsi və “instaqram” səhifəsində onu söyməsinə görə acıqlanmış, eyni zamanda Məhəmməd Elşadın qarnından yumruqla vuraraq itələyib yerə yıxmışdır. Bu zaman Elşadın arxa cibindən telefonu yerə düşmüşdır. O, telefonu yerdən götürərək artıq ekranının sınmış olduğunu görüb onu yenidən Elşadın üstünə atmış, Fədail isə əyilərək Elşadın yaxasından tutub bir daha ona acıqlanaraq yumruqla vurmuş, eyni zamanda əlini Elşadın şalvarının cibinə salıb pul qabısını çıxartmış və içində olan pulları götürüb pul qabını Elşadın üstünə atmışdır. Bundan sonra onlar üçü də Elşaddan ayrılaraq hadisə yerindən bir qədər aralıda yerləşən “Köhnə Bakı” kafesinə getmişlər. X3 üstündən götürdüyü pulları sayıb 39 manat olduğunu görmüş və həmin pulu öz aralarında 3 yerə bölərək hərəsi 13 manat götürüb ayrılmışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-tibb ekspertizasının 28 may 2021-ci il tarixli, 529 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin əzilmiş yaraları, sol sağrının qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ saidin və sağ dirsək oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmişlər. Törənmə müddətləri onun məhkəmə muayinəsindən 2-3 gün əvvəl olmaqla, ekspertiza təyini qərarında göstərilən şəraitdə 27 may 2021-ci il tarixə yetirilməyə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 16 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərəçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etməsi faktı özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə torətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağrlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 10 iyun 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. 25 avqust 2021-ci il tarixdə Şahid, Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan Məhəmməd adlı şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə “Məhəmməd” adlı şəxs barəsində ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(003)-471/2021 saylı hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmiş və 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli 1(103)-527/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 1(003)-471/2021 saylı hökmü dəyişdirilmiş, hökmdən Şahid barəsində CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmə tətbiq olunması və bununla bağlı göstərişlər xaric edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Şahid 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs Şahid barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalından dərhal həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 14 mart 2022-ci il tarixdən hesablanmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müddətli hərbi xidmətdə olsa da, olduğu yer müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırlmışdır. 21 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən cinayət işinin icraatı təzələnmişdir. 21 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri xidmətdə olduğu hərbi hissəsinin komandanlığının müşahidəsi altına vermə qətimkan tədbiri əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığının müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X1 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatına görə 60 (altmış) manat olmaqla ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığının müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 35 (otuz beş) iş saatına görə 210,00 (iki yüz on) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar