Məhkəmə qərarları › İş №1(003)-110/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-110/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-110/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Qubadlı rayonunun Aşağı Mollu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, Qubadlı rayonunun Aşağı Mollu kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Abşeron sanatoriyası 6-cı korpusda yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-110/2024 saylı 04 mart 2024-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 06 may 2024-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncuya imtahan kəsrlərini həll edəcəyi adı ilə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə Zərərçəkmiş şəxs1 ilk əvvəl xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” şadlıq sarayının qarşısında 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə saat 13:30-da “Elmlər Akademiyası” metrostansiyasında yerləşən “E manat” aparatı vasitəsilə kart hesabına köçürtdürməklə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 13:47-də “Elmlər Akademiyası” metrostansiyasında yerləşən “E-manat” aparatı vasitəsilə kart hesabına köçürtdürməklə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” Şadlıq sarayının içində 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə kart hesabına köçürtdürməklə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” Şadlıq sarayının qarşısında 100 (yüz) manat, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 15:11-də “Birbank” mobil tətbiqi vasitəsilə kart hesabına köçürtdürməklə 700 (yeddi yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 15:47-də Buzovnada yerləşən “E-manat” aparatı vasitəsilə kart hesabına köçürtdürməklə 200 (iki yüz) manat pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar olaraq tanışı Zərərçəkmiş şəxs2 Maarif oğlunun etibarından sui-istifadə etməklə sonuncuya imtahan kəsrlərini həll edəcəyi adı ilə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə Zərərçəkmiş şəxs2 ilk əvvəl xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” Şadlıq sarayının qarşısında 130 (yüz otuz) manat və 1.100 (min yüz) ABŞ dolları ekvivalentində olan 1870 (min səkkiz yüz yetmiş) manat olmaqla ümumilikdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” şadlıq sarayının qarşısında 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə kart hesabına köçürtdürməklə 400 (dörd yüz) manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” şadlıq sarayının qarşısında 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə kart hesabına köçürtdürməklə 350 (üç yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” şadlıq sarayının qarşısında 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə kart hesabına köçürtdürməklə 400 (dörd yüz) manat, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” şadlıq sarayının içində 100 (yüz) manat pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 Maarif oğluna ümumilikdə 3.950 (üç min doqquz yüz əlli) manat məbləğində, maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, o, bir çox şadlıq saraylarında administrator vəzifəsində işləsə də 2022-ci ilin oktyabr ayından etibarən “İmperial” Şadlıq sarayında administrator vəzifəsində işləyir. Restoranda xidmətçi işləyən Mehdi adlı şəxs 2023-cü ilin yanvar ayında ona bildirmişdir ki, həmin şadlıq sarayında ofisiant vəzifəsində çalışan Alim və Həsən adlı şəxslər Bakı Dövlət Universitetində oxuyurlar. Həmin uşaqların institutda kəsrləri olduğu üçün ona müraciət etmişlər. O, onlara söyləmişdir ki, bacısı orada işləyir və onlara köməklik edə bilər. 2023-cü ilin yanvar ayından mart ayına qədər olan müddət ərzində müxtəlif vaxtlarda Alimdən və Həsəndən nağd və onlayn şəkildə hissəhissə olmaqla ümumilikdə 4.000 manat almış, işi həll edəcəyi adamlarla danışmış, sadəcə yubanmalar və gecikmələr olduğuna və problem çıxdığına görə həll edə bilməmiş, pulu isə özündə saxlayaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onlar tələb etdikdə isə pulu yaxın müddətdə tam şəkildə ödəyəcəyini demişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, törətdiyi əməllərdən peşmandır, himayəsində iki azyaşlı uşağı vardır, ürəyindən əməliyyat olunmuşdur. Hazırda o, zərərçəkmiş şəxslər dəymiş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş cəmi 6950 (altı min doqquz yüz əlli) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1740 (min yeddi yüz qırx) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2021-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyur. Maddi dolanışıq çətin olduğu üçün 2022-ci ilin oktyabr ayından etibarən dərsdən sonra Şüvəlan qəsəbəsi ərazisində yerləşən “İmperial” şadlıq sarayında ofisiant kimi işləməyə başlamış və orada işləyən Təqsirləndirilən şəxs da administrator kimi tanımışdır. Kəmalə adlı qadın da orada ofisiant kimi çalışmışdır. Bundan başqa, tanışı Alim adlı şəxs də onunla birgə dərsdən sonra orada ofisiant kimi işləmişdir. Alim də onun kimi Bakı Dövlət Universitetinin tarix fakultəsində oxumuşdur. İşlədikləri üçün dərsə davamiyyətləri zəifləmiş və nəticədə çoxlu sayda kəsrləri yarandığına görə bundan çıxış yolu axtarırmışlar. Təqsirləndirilən şəxs onların belə bir problemlərinin olduğunu görüb işi həll edə biləcəyini, bacısının həmin universitetdə rektorun tanışı olduğunu və kəsrlərini həll edəcəyini demişdir. Bunun üçün Fariz ondan 3.000 manat, Alimdən isə 3950 manat pul istəmişdir. O, pulu verməyə razılaşmış, ilk dəfə 22 yanvar 2023-cü tarixdə “İmperial” şadlıq sarayının içində Təqsirləndirilən şəxs əlbəəl 1.000 manat vermiş, 25 yanvar 2023-cü il tarixdə Farizin göndərdiyi kart hesabına 200 manat atmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə o, Farizin göndərdiyi kart hesabına yenidən 500 manat göndərmişdir. 02 fevral 2023-cü il tarixdə o, Farizə “İmperial” Şadlıq sarayının içində 100 manat, həmin gün Farizin göndərdiyi kart hesabına isə 200 manat atmışdır. 05 fevral 2023-cü il tarixdə o, Farizə yenidən “İmperial” şadlıq sarayının içində 100 manat vermişdir. Sonuncu dəfə 07 fevral 2023-cü il tarixdə o, Farizin göndərdiyi kart hesabına 700 manat göndərmiş, daha sonra isə həmin gün Buzovnada yerləşən “e-manat” aparatı vasitəsilə 200 manat göndərmişdir. Pulu verdikdən sonra Fariz ona bildirmişdir ki, mart ayının 1-nə qədər işi həll edəcək. Lakin Fariz verdiyi vədə əməl etməmiş, daha sonra bildirmişdir ki, mart ayının 10-a qədər işi həll edəcəkdir. Fariz ona bildirmişdir ki, ona xx.xx.2023-cü il tarixdə zəng gələcək və götürməyini xahiş etmişdir. Ona xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Özünü Kəmalə kimi təqdim edən şəxs ona telefonda mart ayının 10-da imtahan olacağını və həmin gün universitetə yaxınlaşmalı olacağını bildirmişdir. 10 mart 2023-cü il tarixdə o, universitetə getmək istəyərkən Fariz ona zəng edərək bu gün alınmadığını və üniversitetə getməməyi tapşırmış və 13 mart 2023-cü ilə qədər işi həll edəcəyini demişdir. 13 mart 2023-cü il tarixdə isə işin alınmadığını, mart ayının 19-da pulunun qaytarılacağını, lakin bir az səbrli olsa, 23 mart 2023-cü il tarixdə kəsrlərin həll olunacağını demişdir. Lakin o, gözləmək istəməmiş və ondan pulunu dərhal qaytarmasını tələb etmiş, Fariz isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış və verdiyi vədə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Farizdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2021-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyur. Maddi dolanışıq çətin olduğu üçün 2022-ci ilin oktyabr ayından etibarən dərsdən sonra Şüvəlan qəsəbəsi ərazisndə yerləşən “İmperial” şadlıq sarayında ofisiant kimi işləməyə başlamış və orada işləyən Təqsirləndirilən şəxs da administrator kimi tanımışdır. Kəmalə adlı qadın da orada ofisiant kimi çalışmışdır. Bundan başqa, tanışı Həsən adlı şəxs də onunla birgə dərsdən sonra orada ofisiant kimi işləmişdir. Həsən də onun kimi Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. İşlədikləri üçün dərsə davamiyyətləri zəifləmiş və nəticədə çoxlu sayda kəsrləri yarandığına görə bundan çıxış yolu axtarırmışlar. Təqsirləndirilən şəxs onların belə bir problemlərinin olduğunu görüb işi həll edə biləcəyini, bacısının həmin universitetdə rektorun tanışı olduğunu və kəsrlərini həll edəcəyini demişdir. Bunun üçün Fariz ondan 3950 manat, Həsəndən isə 3000 manat istəmişdir. O, pulu verməyə razılaşmış, ilk dəfə 18 fevral 2023-cü tarixdə “İmperial” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs əlbəəl 2000 manat vermişdir. Həmin 2000 manat 1100 ABŞ dolları və 130 manatdan ibarət olmuşdur. 20 fevral 2023-cü il tarixdə 500 manatı yenə də “İmperial” şadlıq sarayının qarşısında əlbəəl Farizə vermişdir. 23 fevral 2023-cü il tarixdə Farizin göndərdiyi kart hesabına 400 manatı “Nizami” metrostansiyası yaxınlığında yerləşən “e-manat” aparatı vasitəsilə göndərmişdir. Fariz ona bildirmişdir ki, 100 manatı ona əlbəəl versin. 400 manatı atdığının səhəri günü, yəni 24 fevral 2023-cü il tarixdə o, “İmperial” şadlıq sarayının qarşısında Farizə 100 manatı əlbəl vermişdir. 25 fevral 2023-cü il tarixdə o, Buzovna qəsəbəsi ərazisində olarkən kartında olan 350 manatı Farizin göndərdiyi kart hesabına göndərmişdir. 26 fevral 2023-cü il tarixdə isə o Farizə “İmperial” şadlıq sarayının qarşısında əlbəəl 100 manat vermişdir. 05 mart 2023-cü il tarixdə o Buzovna qəsəbəsi ərazisində yerləşən “Favorit” marketin içərisində kartında olan 400 manatı Farizin göndərdiyi kart hesabına atmışdır. Fariz ona bu gün zəng gələcəyini deyərək həmin zəngi götürməyini xahiş etmişdir. Ona həmin gün ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, özünü Kəmalə kimi təqdim edən şəxs ona mart ayının 10-da imtahan olacağını və həmin gün universitetə yaxınlaşmalı olduqlarını demişdir. xx.xx.2023cü il tarixdə o, 100 manatı “İmperial” şadlıq sarayının içində Farizə əlbəəl vermişdir. Bununla da o, Farizə ümumilikdə 3950 manat pul vermişdir. 10 mart 2023-cü il tarixdə o, universitetə getmək istəyərkən Fariz ona zəng edərək bu gün alınmadığını və universitetə getməməyi tapşırmış və 13 mart 2023-cü ilə qədər işi həll edəcəyini demişdir. 13 mart 2023-cü il tarixdə isə işin alınmadığını, mart ayının 19-da pulunun qaytarılacağını, lakin bir az səbrli olsa 23 mart 2023-cü il tarixdə kəsrlərin həll olunacağını demişdir. Lakin o, gözləmək istəməmiş və pulunu dərhal qaytarmasını tələb etmiş, Fariz isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış və verdiyi vədə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Farizdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Məhkəmə islasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Şüvəlan qəsəbəsində yerləşən “İmperial” şadlıq sarayında xidmətçi vəzifəsində işləyir. 2023-cü ilin təxminən yanvar ayında onunla restoranda bir yerdə işləyən Alim və Həsən Bakı Dövlət Universitetində oxuduqlarına görə imtahanlardan kəsrləri olmuş və buna görə bir müddət iksi də işə gələ bilməmişlər. Həmin vaxt restoranda administrator işləyən Fariz ondan Həsən və Alimin nəyə görə işə gəlmədiklərini soruşanda, o, bildirmişdir ki, onlar Bakı Dövlət Universitetində oxuyurlar. İmtahandan kəsrləri olduğuna görə işə gəlmirlər. Fariz ona bildirmişdir ki, bacısı Bakı Dövlət universitetində işləyir, Alim və Həsən istəsələr, onlara pul müqabilində kömək edə bilər. O, bu barədə Alim və Həsənə bildirmiş, onlar bir yerdə söhbət etmişlər. Təxminən 1 həftə sonra Həsən onun yanında “İmperial” şadlıq sarayının içində Farizə 1000 manat pul vermiş və Fariz bildirmişdir ki, yaxın müddətdə kəsrləri bağlayacaqdır. Ondan sonra nə danışdıqlarından və nə qədər pul verib-almalarından xəbəri olmamışdır. Məhkəmə islasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Şüvəlan qəsəbəsində yerləşən “İmperial” şadlıq evində xidmətçi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə onunla bir yerdə həmin restoranda administrator vəzifəsində işləyən Fariz ona zəng edərək bildirmişdir ki, ona iki mobil nömrə verəcəkdir ki, o, həmin şəxslərə zəng edib özünü Bakı Dövlət Universitetinin məllimi kimi təqdim etsin və həmin iki şəxsə bildirsin ki, imtahan xx.xx.2023-cü ilə keçirilib. O Farizdən soruşmuşdur ki, bu nə məsələdir, Fariz də bildirmişdir ki, “narahat olma, sənlik heç nə yoxdur, mənlikdir”. Onun maaşını Fariz verdiyi üçün ondan asılı olmuş və işinin xətrinə düşünmüşdür ki, nə deyirsə onu da etsin. Onsuz da onluq heçnə olmayacaq və nəticədə o, Farizlə razılaşmışdır. Fariz ona ***-***-**-** mobil nömrəsini “Whatsapp” vasitəsi ilə ataraq bildirmişdir ki, nömrə sahibinin adı Alimdir, digər şəxs isə Həsəndir, onun mobil telefonu isə ***-***-**-**-dur. O, həmin şəxslərə, yəni Həsənə və Alimə zəng edib özünü onlara BDU-nin müəllimi kimi təqdim edərək, bildirmişdir ki, sizin imtahanlarınız xx.xx.2023-cü ilə keçirilmişdir. Uşaqlar ona bildirmişlər ki, onların işi alınmır. O isə onlara bildirmişdir ki, onun xəbəri yoxdur, Fariz müəllimdən soruşsunlar. İki gündən sonra Farizdən soruşmuşdur ki, bu nə məsələdir, Fariz də cavab vermişdir ki, onluq deyil, özünə aiddir. Sonradan ona məlum olmuşdur ki, Fariz, Həsən və Alimi aldadaraq onlardan pul alaraq imtahanlardan keçirəcəyinə söz vermişdir. Fariz ona bunun müqabilində hər hansı məbləğdə pul verməmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan könüllü təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün onlayn formada Təqsirləndirilən şəxs kart hesabına köçürdüyü pulların qəbzini 04 ədəd A4 formalı kağızlarda şəkil halında çap etdirərək istintaq orqanına könüllü təqdim etmiş və Zərərçəkmiş şəxs1 təqdim etdiyi 04 ədəd A4 formalı şəkilli kağızlar gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəkilli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25 yanvar 2023-cü il tarixdə “e-manat” aparatı vasitəsilə saat 13:30-da 200 manat pul, 13:47-də isə 500 manat pul köçürülmüş, 07 fevral 2023-cü il tarixdə saat 15:11də “Birbank” mobil tətbiqi vasitəsilə 700 manat pul, saat 15:47-də isə 200 manat pul Buzovnada yerləşən “e-manat” aparatı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına göndərilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 14 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. İmtahanları ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. Təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini istəyir. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 oğlu tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 14 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. İmtahanları ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir və işə onsuz baxılmasına etiraz etmir. Təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. İş materiallarında olan AZ-İ № 579865 saylı 11 iyun 2010-cu il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 11 iyun 2010-cu il tarixdə nikaha daxil olmuşlar və həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 228 № ilə qeyd edilmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli 3823 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X2 vasitəsilə cinayət nəticəsində vurulmuş 6950 (altı min doqquz yüz əlli) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1740 (min yeddi yüz qırx) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 13 may 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-110/2024 saylı 04 mart 2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 06 may 2024-cü il tarixli 3-13-45-2/2-3290 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 06 may 2024-cü il tarixli 3-16-17/42/2-1817/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən Xəzər rayonu ərazisində saxlanılaraq Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 1(009)-116/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233 və 34.2, 315-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay sınaq müddəti ərzində şərti hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış 06 fevral 2024-cü il tarixli 21-1/3-2308-22 saylı məktubdan görünür ki, xx xxxxx 1989-cu il tarixdə Qubadlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233 və 34.2, 315-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay sınaq müddəti ərzində şərti hesab edilməsinə dair Səbail Rayon Məhkəməsinin 1(009)-116/2021 saylı, 22 iyun 2021-ci il tarixli hökmü 27 avqust 2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş və cəzasının əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Hökm 13 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzası sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və 12 yanvar 2024-cü il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(007)-503/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan “Medera Hospital” Ürək Mərkəzi tərəfindən 16 noyabr 2023cü il və 20 noyabr 2023-cü il tarixlərdə verilmiş tibbi müayinə və müalicə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ürək xəstəsidir, həmin hospitalda anju və əməliyyat olunmuşdur. İş materiallarında olan müvafiq sənədlərdən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244-cü maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 1(009)-116/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233 və 34.2, 315-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay sınaq müddəti ərzində şərti hesab edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə CPM-nin 51-2, 155.1, 155.3, 157.5, 163, 298.6-cı maddəsinə əsasən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilərək azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 1(007)-503/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi hal-hazırda icraatdadır, 31 avqust 2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir. CM 73.3 VN. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü madəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq həmçinin qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ümumilikdə 6950 (altı min doqquz yüz əlli) manat maddi ziyanı tamamilə ödəyərək onlala barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1740 (min yeddi yüz qırx) manat) Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinin tətbiq edilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəyərək onlarla barışdığına, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli və o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci addəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X4, Müdafiəçioviçə və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 15 iş saatına görə 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçioviçə 25 iş saatına görə 150,00 (yüz əlli) manat və X3 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığına, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçioviçə 150,00 (yüz əlli) manat, X3 60,00 (altmış) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar