Məhkəmə qərarları › İş №1(003)-111/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-111/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-111/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi dalan 2 ev 5-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “VAZ-21154 Minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Mərdəkan şosesi ilə Mərdəkan qəsəbəsi istiqamətində 5 hərəkət zolağından ibarət yolun soldan sağa doğru 5-ci hərəkət zolağı ilə X11 ilə üzbəüzdən keçən hissəsində 100 km/saat sürətlə hərəkətdə olarkən piyadanın hərəkət hissəsinə daxil olub yolu sağdan sola keçməyə başladığı üçün hərəkət üçün təhlükə yarandığından “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün zəruri tədbirləri görməyib yol-hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan piyada, 16 iyul 1970-ci il təvəllüdlü X5 avtomobilin ön hissəsinin sol tərəfi ilə vurmasına, X2 saidin, sol baldırın əzilmiş yaraları; sol qaşüstü nahiyənin, burunun, sağ dirsək nahiyəsinin, sağ əlin arxa səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, sağ qalça darağı proyeksiyasının, sağ budun yuxarı üçdə birinin bayır səthinin, sağ dizin və baldırın ön səthini əhatə edən, sol dizin ön səthinin sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ bazu sümüyünün qapalı, yerdəyişən sınığı; sağ said sümüklərinin açıq, qəlpəli sınıqları; sol baldır sümüklərinin açıq, qəlpəli sınıqları kəskin qanitirmə ilə müşayiət olunan dalağın cırılmasından ibarət dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şokdan hadisə yerində ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, qızı ilə birlikdə 12 noyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində özünə məxsus **-KK-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21154 Minik” markalı nəqliyyat vasitəsi ilə, Heydər Əliyev prospekti ilə şəhər istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətinə sol zolaqla saatda təxminən 100 km/saat sürətlə hərəkətdə olmuşdur. X11 istiqamətinin qarşısından keçən hissəsində olarkən yolu sağdan sola keçən bir nəfər piyadanın ondan sağda hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısından çıxıb idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına çıxdığını görmüş, onu vurmamaq üçün dərhal əyləci sıxıb maşını sağa doğru manevr etdirsə də, hadisənin qarşını ala bilməmiş və piyadanı maşının ön sağ hissəsi ilə vurmuşdur. Piyada maşına dəydikdən sonra yerə düşmüş, maşını saxlayıb düşərək ona yaxınlaşıb piyadanın hərəkət etmədiyini gördükdən sonra dərhal təcili tibbi yardım çağırmışdır. Həmçinin yol ilə hərəkət edən digər nəqliyyat vasitələri saxlamış, bundan bir qədər sonra polis işçiləri və təcili tibbi yardım gəlmiş, vurduğu piyadanın öldüyünü bildirmişlər. Hadisə yerində gözləmiş, hadisə zamanı özü və maşının arxa oturacağında olan övladı hər hansı xəsarət almamışdır. İdarə etdiyi avtomobil yol-nəqliyyat hadisəsi baş verən zaman saz vəziyyətdə olmuş, yol-nəqliyyat hadisəsi baş verən zaman və ya bundan az əvvəl alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməməklə, avtomobili ayıq halda idarə etmişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi əməldən peşmandır, həmin hadisədən bərk sarsılmışdır, mənəvi sarsıntı keçirir. Mərhumun dəfnində və yas mərasimində valideynləri və yaxın qohumları ilə iştirak etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım göstərmiş, onunla barışıq əldə etmişdir. Hazırda mərhumun hüquqi varisinin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 göstərdi ki, mərhum qardaşı Aslan Əliyev orta təhsilli olmuş, heç bir yerdə işləməmiş, plastik materialları yığıb qəbul məntəqələrinə təhvil verməklə məşğul olmuşdur. Aslan tez-tez onlara gəlib qalmış, bəzən də 10-15 gün gəlməmişdir. Gələndə qardaşından harada olduğunu soruşduqda ona tam cavab verməmişdir. Son 4-5 ay qardaşı özünü normal aparmamış, hara getməsi, harada qalması barədə ona heç nə deməmişdir. Buna baxmayraq, qardaşı hər dəfə onlara gələndə məcbur da olsa, onu yedirtmiş, yuyundurmuş, cibinə yol pulu da qoymuşdur. Sonunucu dəfə qardaşı onlarda hadisədən təxminən 15-20 gün əvvəl olmuşdur. 12 noyabr 2021-ci il tarixdə polis əməkdaşları ona zəng vurub qardaşı Aslan haqqında soruşduqda ona məlum olmudur ki, həmin gün Bakı- Mərdəkan şosesində qardaşını maşın vurmuş və o, ölmüşdür. Hadisəni törədən - adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, buna görə də o, Əli ilə barışmışdır, baş vermiş həmin yol-nəqliyyat hadisəsi ilə bağlı onun ona qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 12 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto-cədvəl və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Mərdəkan şosesinin Hava Limanı ilə üzbəüzündən keçən hissəsində baş vermişdir. Hadisənin baş verdiyi yer magistral yol olmaqla yol örtüyü safalt-beton, düz, hamar, quru və nəqliyyat axınının ayırmaq üçün dəmir arakəsmələrlə iki yerə ayrılmış, həmin yol 5 hərəkət zolağına bölünmüş, ümumi eni 20,0 metr, bir hərəkət zolağının eni 3,5 metr, hər iki ehtiyat hissəsinin eni ayrı-ayrılıqda 60 sm, hərəkət hissəsinin ümumi eni isə 18,4 metrdir. Hadisədən sonra meyit yolun hərəkət hissəsində, 5-ci zolaqda sol dəmir arakəsmədən 3 metr məsafədə, nəqliyyat vasitəsindən 0,5 metr məsafədə yola perpendikulyar yerləşir. Piyada hadisədən əvvəl yolu sağdan sola doğru adi addımlarla hərəkətdə olmuşdur. Nəqliyyat vasitəsi yolun 5-ci hərəkət zolağında Mərdəkan qəsəbəsi istiqamətində sağa doğru meyilli dayanmışdır. Hadisə yerində nəqliyyat vasitəsinin sınmış hissələri yoxdur. Nəqliyyat vasitəsi ətrafdakı əşyalara toxunmamışdır. Meyitin əl-barmaq izlərinin əksləri götürülmüşdür. Hadisə yerinin sxemi tərtib edilmiş, hadisə yerinin, o cümlədən “VAZ-21154 Minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 201 saylı rəyindən görünür ki,

1. Mərhum A.V.Əliyevin meyitində aşkar edilmiş xəsarətlər - Sağ saidin, sol baldırın əzilmiş yaraları; sol qaşüstü nahiyənin, burunun, sağ dirsək nahiyəsinin, sağ əlin arxa səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, sağ qalça darağı proyeksiyasının, sağ budun yuxarı üçdə birinin bayır səthini, sağ dizin və baldırın ön səthini əhatə edən, sol dizin ön səthinin sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ bazu sümüyünün qapalı, yerdəyişən sınığı; sağ said sümüklərinin açıq, qəlpəli sınıqları; sol baldır sümüklərinin açıq, qəlpəli sınıqları kəskin qanitirmə ilə müşayiət olunan dalağın cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxta və şəraitə, yəni 12 noyabr 2021-ci il tarixdə hərəkətdə olan avtomaşının qabaq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.

2. Mərhum A.V.Əliyevin ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur.

3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum A.V.Əliyevin meyitnin meyitxanada müayinəsindən 14.16 saat əvvəl baş vermişdir.

4. Mərhum A.V.Əliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,8%O etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsir edicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 3701/K, 26.11.2021). İş üzrə verilmiş sorğuya əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2014-cü il tarixdə 01 avqust 2024-cü il tarixədək müddətə etibarlı olan AD 171093 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 12 yanvar 2022-ci il tarixli 8/01 nömrəli ekspert rəyindən görünür ki; - “VAZ-21154 Minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli 1/2176 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan X1 şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21154 Minik” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan Təqsirləndirilən şəxs AD 171093 nömrəli sürcülük vəsiqəsinin surətindən görünür ki, onun “BC” kateqoriya üzrə avtomobilləri idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Xəzər RPİ-nin DYPŞ-yə göndərilmiş sorğuya verilmiş 01 fevral 2022-ci il tarixli 016-13401-1222 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2014-cü il tarixdə AD 171093 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və 01 avqust 2024-cü il tarixədək etibarlıdır. İstintaqı aparılan yol-nəqliyyat hadisəsinin baş verdiyi gün (12 noyabr 2021) də daxil olmaqla Təqsirləndirilən şəxs hər hansı bir vaxt sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan AZ-İİİ № 064743 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 aprel 2013-cü il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Xəzər RİH başçısının Buzovna qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli 4 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 03 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini və əməlindən peşman olmasını, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar