Məhkəmə qərarları › İş №1(003)-111/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-111/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-111/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Gədəbəy rayonu Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə digər cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 mart 2024-cü il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən evin həyətindəki saxlanc yeri olan tövlənin qapısının qıfılını sındırmaqla açaraq tövləyə qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 300 manat təşkil edən 6600 manat dəyərində 22 baş qoyunu və hər birinin dəyəri 300 manat təşkil edən 1500 manat dəyərində 5 baş keçini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 8100 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2024-cü il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən evin həyətindəki saxlanc yeri olan tövləyə dəmir tordan olan qapısını açaraq qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 350 manat təşkil edən 2450 manat dəyərində 7 baş qoyunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 avqust 2024-cü il tarixdə, gecə saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən evin həyətindəki saxlanc yeri olan tövlənin qapısını açaraq qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 285 manat təşkil edən 11970 manat dəyərində 42 baş qoyunu və hər birinin dəyəri 125 manat təşkil edən 500 manat dəyərində 4 baş keçini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12470 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 10 mart 2024-cü il tarixdə axşam saat 17 radələrində idarə etdiyi taksi avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozuna müştəri aparmışdır. Müştərini düşürdərkən yaxınlıqda olan həyətə kiminsə bir neçə baş heyvan saldığını görüb maşını sürüb biraz kənarda saxlayaraq düşüb ətrafa nəzər salmış, orada kameraların olmadığını müəyyən etmişdir. Daha sonra çıxıb evə getmiş, səhəri gün yəni 11 mart 2024-cü il tarixdə gecə saat 23 radələrində yaşadığı evdən bir ədəd kiçik ölçülü armatur barçası götürüb evdən çıxaraq piyada təxminən 4-5 kilometr yol gedib Türkan yəsəbəsi, Üzümçülük sovxozunda yerləşən həmin heyvanlar olan evin yaxınlığına saat 00:30-da çatmışdır. Bir qədər kənarda dayanıb ətrafa nəzər saldıqdan sonra, saat 01 radələrində həmin həyətin küçəyə tərəf olan heyvanlar salındığı qapısının asma qıfılını özü ilə gətirdiyi armatur parçası ilə qıraraq içəri yəni (qərəbə) daxil olub orada olan 27 baş xırda buynuzlu heyvanı çıxarıb piyada yaşadığı Binə qəsəbəsindəki evinə aparmışdır. Həmin heyvanların 5-i keçi, 22-si isə qoyun olmuşdur. Saat 02:30-da həyətə çatıb, heyvanları həyətində olan tövləyə salmışdır. Tövlədə baxmışdır ki, həmin heyvanların 14 başı təzə doğub və onların balaları var. Qərara gəlmişdir ki, balaları olan heyvanları geri qaytarsın ki, günahdır südəmər balaları var. Ona görə də həmin heyvanların 6 baş toğlusunu, 1 baş qoyunu və 1 baş qoçu, ümumilikdə 8 baş heyvanı ayırıb saxlamış, digər 14 baş doğmuş qoyunları və 5 baş keçini, yəni ümumilikdə 19 baş heyvanı tövlədən çıxararaq gətirdiyi istiqamətdə bir qədər geri aparıb Beton yolun tunelindən keçirib Türkan istiqamətinə ötürmüşdür ki, balalarına görə öz yerlərinə gedərlər. Özü isə geri evə dönüb həmin 8 baş heyvanı idarə etdiyi “Xəzər-Azsamand” markalı avtomobilin yük yerinə və salonuna qoyub gecə ilə Sabirabad rayonunda yerləşən heyvan bazarına apararaq satmışdır. Qayıdarkən Beton yol ilə gəlmişdir ki, bəlkə həmin geri qaytarmış olduğu 19 baş heyvanları görə bilsin. Həmin ərazidən keçən su kanalının yaxınlığında həmin heyvanları orada görmüşdür. Kanalın əks tərəfində dayanıb heyvanlara baxan qonşusu Vəli adlı şəxsi də orada görüb onun orada dayanmasına narahat olmuşdur. O, Vəliyə salam verəndə, Vəli ondan nə axtardığını soruşmuş, o, da demişdir ki, adam axtarır. Sonra o, maşını sürüb Türkan qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyən qonşusu İsmətin dalınca getmişdir ki, onu da evə gətirsin. İsmət ilə birilikdə geri qayıdarkən beton yola yaxın kanalın kənarında heyvan otaran çobanın kanalı keçmək üçün nəzərdə tutulmuş keçiddən keçərək kanalın əks tərəfində otlayan həmin heyvanları kanaldan keçirərək öz heyvanlarına qatdığını görmüşdür. Həmin vaxtı da Vəli orada dayanıb həmin heyvanlara baxırmış. Lakin bu günə kimi həmin 19 baş heyvanın kim tərəfindən və hara aparılmasını dəqiq bilməmişdir. Bundan sonra tam xatırlamadığı tarixdə Türkan qəsəbəsi, Dənizkənarı bağlar sahəsində yaxınlıqda bir sürü heyvanın məftil çəpərdən olan qərəbə salındığını görmüşdür. Sonra gecə saatlarında piyada həmin heyvanlar saxlanan yerə gələrək setkadan olan qapını açaraq orada olan sürünü çıxarıb çöllüyə avtomobili saxladığı yerə tərəf aparmışdır. Avtomobilin yanında həmin sürünün içərisindən 7 baş qoyun tutaraq avtomobilin yük yerinə və salonuna yığaraq birbaşa Salyan rayon bazarına aparıb satmışdır. Daha sonra Türkan qəsəbəsində yerləşən daş karxanasına fəhlə aparmış və geri kanal qırağı gələrkən çöllük sahədə olan tikili yerdə bir sürü heyvanın həyətə, yəni qərəbə salındığını görüb, oradan da qoyunları oğurlamaq qərarına gəlmişdir. Ona görə də təxminən avqust ayının ortalarında gecə saatlarında idarə etdiyi “Xəzər-Azsamand” markalı avtomaşınla həmin yerə yaxın, yəni Qala-Türkan yolunun kənarında olan yarımtikilinin yanında avtomobili saxlayıb həmin heyvan olan tövlənin yanına piyada getmişdir. Həyətin açıq darvazasından həyətə daxil olaraq, oradan da heyvan saxlanılan həyətin içərisindəki qərəbə yaxınlaşaraq qapısını açaraq oradakı heyvanları darvazadan küçəyə çıxarmışdır. Qoyun sürüsü çox olduğundan yarısını bölüb yerində saxlamış, bir hissəsini isə darvazadan çıxararaq aparmışdır. Sürünün bir hissəsi keçəndən sonra darvazanı bağlamış, digər bir hissəsini isə qabağında sürərək oradan uzaqlaşdırmış və sürüb yaşadığı Binə qəsəbəsindəki həyətinə gətirib tövləyə salmışdır. Həyətdə heyvanları sayıb 42 baş qoyun və 4 baş keçi olduğunu bilmişdir. Yəni ümumilikdə 46 baş xırda buynuzlu heyvan olmuşdur. Həmin heyvanlardan 27 baş qoyunu və 4 baş keçini, yəni 31 baş heyvanı idarə etdiyi avtomobilə hissə-hissə yığaraq müxtəlif vaxtlarda Bərdə, İmişli və Sabirabad rayonun heyvan bazarına apararaq orada tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Qalan 15 baş qoyunu isə qırxaraq öz həyətində olan heyvanlara qatıb tövlədə saxlamışdır. Tutulduqdan sonra isə sonuncu aparmış olduğu heyvanlardan həyətində olan 15 baş qoyunu polislərin vasitəsi ilə öz sahibi olan Zərərçəkmiş şəxs1 qaytarmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 19 avqust 2024-cü il tarixdə heyvanlara baxan çobanı istirahətə buraxmışdır. Həmin günü özü heyvanlara nəzarət etmiş, hətta heyvanları sayıb, 66 baş qoyun, 4 baş isə keçi olduğunu, yəni ümumilikdə 70 baş heyvan olduğunu müəyyən etmişdir. Həmin günü axşam saat 21:00-da heyvanları fermaya gətirib tövləyə salıb evinə getmişdir. Səhərisi gün, yəni 20 avqust 2024-cü il tarixdə saat 07 radələrində fermaya gəlib heyvanları çölə buraxarkən görmüşdür ki, tövlənin qapısı açılıb və tövlədə olan heyvanlardan 46 baş, yəni 42 baş qoyun, 4 baş keçi naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurlanmış 42 baş qoyunun hər birinin dəyəri 285 manat olmaqla 11970 manat, 4 baş keçinin isə hər birinin dəyəri 125 manat olmaqla 500 manat təşkil edirmiş. Beləliklə də oğurluq nəticəsində ümumilikdə ona 12470 manat dəyərində maddi ziyan dəymişdir. O, bununla bağlı Xəzər RPİ-nin -ci PŞ-nə müraciət etmişdir. Sonradan cinayət törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb olunduğunu bilmişdir. Həmin şəxs ondan oğurlamış olduğu qoyunların bir qismini, yəni 15 baş qoyunu tövləsində saxlamışdır. O həmin heyvanları tanıyıb, özünün olduğunu orada bildirmişdir. Laki hesab edir ki, Etibar bu hadisəni tək etməmişdir. Ona dəymiş zərər tam ödənilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında süd verən qoyun və keçiləri sağmaq üçün həyətindəki tövləyə salıb sağmış və tövlənin qapısını bağlamışdır. Öz həyətində olan tövləyə 13 baş qoyun, 13 baş keçi, yəni ümumilikdə 26 baş heyvan salmışdır. Yaxınlıqda olan qızına məxsus həyətindəki tövləyə isə 22 baş qoyun, 5 baş keçi, yəni ümumilikdə 27 baş heyvan salmışdır. 11 mart 2024-cü il tarixdə səhər saat 06 radələrində yoldaşı Xəqani qızına məxsus tövlədə olan heyvanları tövlədən buraxarkən tövlənin qapısının sındırıldığını görmüş, tövləyə daxil olan zaman tövlədəki heyvanların oğurlandığını bilmişdir. Həmin əməlləri təqsirləndirilən şəxs tək edə bilməzdi. Ona kömək edənlər olmuşdur. Oğurluq nəticəsində istər qoyun, istər keçinin hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə onlara 15000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. Ondan şikayətçidir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə saat 20:00 radələrində o, qoyunları otarıb həyətində olan tövləyə gətirmişdir. Hava isti olduğundan tövlənin qarşısında olan daş hasardan ibarət və giriş qapısını setka ilə düzəltdiyi həmin yerə salıb setka qapısını bağlayıb evə getmişdir. Səhəri gün yəni 01 may 2024-cü il tarixdə saat 05:00 radələrində namaz qılmaq üçün yuxudan ayılıb bayıra çıxarkən heyvanların həmin yerdə olmadığını görüb setka qapısına bağladığı tellərin kəsildiyini və heyvanların oğurlandığını bilmişdir. Həmin vaxt güclü külək olduğundan o, çıxıb hər tərəfə baxıb heyvanları görməmişdir. O, qoyunların hamısının yerində olmadığına görə 102 xidmətinə 45-50 baş xırda buynuzlu heyvanlarının hamısının oğurlandığını bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlib, araşdırma apararkən heyvanların bir qismini yəni 43 baş qoyunun yaxınlıqda olan daş karxanasının yanından tapmışlar. Heyvanları sayarkən 7 baş heyvanın olmadığını müəyyən etmişdir. Oğurlanmış 7 baş qoyunun hər birinin dəyəri 350 manat olmaqla, ümumilikdə ona 2450 manat maddi ziyan dəymişdir. Əgər təqsirləndirilən şəxs 2000 manat ödəyərsə şikayətini geri götürəcəkdir. Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. Ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs oğurluq etdiyi tövlələrə baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli maddi sübutun götürülməsi və təhvil verilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus tövlədən oğurlayaraq yaşadığı evin həyətindəki tövlədə saxladığı 15 baş qoyun götürülmüş, maddi sübut kimi tanınaraq sahibinə qaytarılmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi N.Şirinov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük Sovxozu ərazisində Xəqani Abbasova məxsus həyətyanı sahədə yerləşən tövləyə baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ələsgərov tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Yeni Sahə ərazisində yerləşən tövləyə baxış keçirilmiş və oradan 6 baş qoyunun yoxa çıxdığı məlum olmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi M.Əliyev tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, ********* və ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanmış ********* saylı cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməyərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Pekin 2-ci dərəcəli Xalq Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə 13 il müddətə azadlıqdan məhrum etmə cəzası və 26000 yuan cərimə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 180.3.2-ci maddəsinə tövsif edilməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının 01 il 06 ay 25 gün müddətindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir; - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(002)-94/2025 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə CM-nin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), maddi sübut kimi tanınmış 15 baş qoyunun sahibi olan Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 15 baş qoyunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat olmaqla cəmi 270 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar