Məhkəmə qərarları › İş №1(003)-112/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-112/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-112/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkii Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran rayonu, Sütəmuradov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Lənkəran rayonu, Sütəmuradov kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Bolt” taksi şirkətinə qoşularaq **- GO-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə taksi kimi fəaliyyət göstərərkən 01 iyul 2024-cü il tarixdən 02 iyul 2024-cü il tarixə keçən gecə saat 00 radələrində sifariş qəbul edən zaman Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən “Raketa" sağlamlıq düşərgəsinin qarşısındakı küçədə ona avtomobilin arxa oturacaq hissəsinin qarşısı darısqal olduğu üçün qabaq oturacağı irəli çəkməsini deyən sifarişçi Zərərçəkmiş şəxs qarşı etirazını bildirib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zorakı hərəkətlərlə Zərərçəkmiş şəxs ilə mübahisə yaradıb gedişi ləğv etdiyi üçün ödəniş etməsi tələbinə Zərərçəkmiş şəxs etiraz etməsi zəminində heç bir əsaslı səbəb olmadan qəsdən qisas almaq məqsədi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə, Zərərçəkmiş şəxs təhqir edib cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətininin fövqündə qoyub, ictimai maraqlara zidd olmaqla eqoizm nümayiş etdirərək əvvəlcədən üzərində olan adi vintaçandan silah qismində istifadə olunan əşya kimi istifadə edib zor tətbiq etməklə digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs sol sifət nahiyyəsindən yəni, gözünün altından bir dəfə qəsdən vuraraq ona sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyəsinin əzilmiş yarası və qançırı, burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən və Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi ilə müşayiət olunan və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, “Bolt” şirkətinə qoşularaq **-GO-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomaşınla taksi kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə Mərdəkan qəsəbəsinə sifariş qəbul etmişdir. Sifarişdə göstərilən ünvana yaxınlaşmışdır. Ünvanda bir nəfər kişi, bir uşaq və bir qadın maşına əyləşmişlər. Orada yola salan oğlan ona bildirmişdir ki, oturacağı irəli çək. O, da bildirmişdir ki, oturcaq irəli getmir. Bu zaman yerdəki şəxs onlara bildirmişdir ki, “düşün özüm aparacam.” Bu zaman da o onlara bildirmişdir ki, o yol gəlmişdir, ödənişini etsinlər. Evdən çıxan yaşlı kişi ona bildirmişdir ki, maşından düş yoxlayaq görək oturacaq irəli gedir ya yox. Gecə saatları olduğundan və yorğun olduğundan maşından düşməyəcəyini demişdir. Sonra isə onlara bildirmişdir ki, “üç manat pul verəcəksiz də məni yerə düşürtməyin”, Maşında əyləşmiş olan şəxs gözünə yumruqla vurmuşdur. Digər yerdə olan iki nəfər onu maşından düşürtmüşlər. Bundan sonra onların onu döyməyə başladıqlarını gördüyü üçün o, da özünü qorumaq üçün onları vurmağa başlamışdır. Səs küyə ətrafa toplaşmış şəxslər onları aralamağa çalışmışlar. Hadisə yerində olan vintaçan ona məxsusdur. Lakin o, heç kimi vintaçanla vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, hadisə günü onun doğum günü olduğundan yaxın qohumları ilə birlikdə məclisdə olmuşlar. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə keçən gecə oğlu və gəlinini Binə qəsəbəsinə yola salmaq məqsədi ilə “Bolt” şirkətinə taksi sifariş vermişlər. O, oğlu Xəqani və gəlini Mədinəni yola salmaq məqsədi ilə yoldaşı Səyyarə ilə birlikdə küçəyə çıxmışlar. Sürücünün oturacağı tam arxaya olduğundan, arxada oturmaq mümkün olmadığı üçün oğlu Xəqani taksi sürücüsündən oturacağı irəli çəkməsini xahiş etmişdir. Taksi sürücüsü cavab olaraq oturacağın işləməməsini bildirmişdir. Bu vaxt onlar taksi sürücüsünə bildirmişlər ki, o halda onlar sifarişlərini ləğv edəcəklər. Həmin zaman taksi sürücüsü onlara ödəniş etməli olduqlarını bildirmişdir. O, da taksi sürücüsünə bildirmişdir ki, hansı xidmətinə görə ona ödəniş etməlidir. Sürücü yerə düşərək təkrarən ona ödəniş ödəməyini tələb etmişdir. O, da bildirmişdir ki, heç bir ödəniş etməyəcəkdir. Bu zaman gözdəmədiyi anda sürücü əlini ayağına apararaq nəsə əşya çıxartmaq istəmiş lakin ilk cəhddən çıxarda bilməmişdir. Bir neçə cəhddən sonra həmin sürücü ayaq hissəsindən atverkanı (vintaçan) əlinə götürərək onun sol sifətindən gözünün alt hissəsindən zərbə ilə vurmuşdur. Sifətindən qan açılmış, səsə evdən böyük oğlu Elşən çıxaraq ona arxadan yaxınlaşaraq qollarını tutmuşdur. Xəqani isə əlindən atverkanı almışdır. O isə həmin şəxsin ayaqlarından əlləri ilə tutaraq qaldırmış o, isə yerə yıxılmışdır. Bundan sonra oğlanları onları ayırmışlar. Sonra həmin sürücü öz maşını ilə oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxslə aralarında barışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yoldaşıyla birlikdə atasının ad gününü qeyd etmək məqsədi ilə atasının yaşadığı “Raketa Pioner” düşərgəsinə gəlmişdir. Ad günü bitdikdən sonra evə getmək üçün boltdan taksi sifariş etmişdir. Taksi ünvana çatmış və onlar maşına əyləşmək istədikdə qabaq oturacağının normadan çox arxaya verildiyini görmüş və sürücüyə oturacağı qabağa verməsini demişdir. Ancaq sürücü kobudca “verə bilmərəm, mümkün deyil” demiş və o, bu zaman ailəsini maşından düşürdərək getməsini şoferə demişdir. Bu zaman sürücü çox hirsli tərzdə ondan ödəniş tələb etmişdir. O, bu zaman sürücüyə heç bir xidmət etmədiyi halda ödəniş etməli olmadığını demişdir. Bu zaman həyətdən atası ona yaxınlaşmış və nə olduğunu soruşmuş və sonra sürücüdən maşından düşüb oturacağı yoxlamağı istəmişdir. Bu zaman sürücü atası ilə kobudcasına danışaraq “sən kimsən ki, mənim oturacağımı yoxlamaq istəyirsən, iki manat pul verəsiz deyə nə desəz eləməliyəm” deyə atasına cavab vermişdir. Atası isə bunun əvəzində şoferə “mərifətin qanacağın olsun görmürsən camaat ailəsi ilədir bu nə tərbiyəsizlikdir edirsən” deyəndə şofer atasına “qanacaqsız sizsiz” deyib maşından ani olaraq çıxmışdır. Bu zaman o, sürücünün ayağından nəsə alət (hesab etdiyinə görə bıçaq) çıxartmış və atasının üstünə cummuşdur. Bu zaman atasının sol gözünə xəsarət yetirmişdir. Bu zaman səs-küyə böyük qardaşı gəlmiş, şoferin belindən qucaqlayıb kənara çəkmək istəmiş və o, tez şoferin əlindən aləti almış bu zaman atası şoferi yerə yıxmış və yenə qardaşı şoferi aralaşdırıb maşınına otuzdurmuş və sürməsini tələb etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, fakt üzrə CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi batrədə protokoldan aydın olur ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən “Raketa” sağlamlıq düşərgəsinin qarşısındakı küçədə baş vermişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən keçirilmiş məhkəmətibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 738 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin əzilmiş yarası və qançırı, burun sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müdətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 38-ə/738 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin əzilmiş yarası və qançırı, burun sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müdətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs sol gözaltı nahiyyədə aşkar olunmuş əzilmiş yaranın məhdud səthli küt əşya qismində vintaçan təsirindən törənməsi inkar olunmur. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir; - Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3/1625 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı alətdir(vintaçandır) soyuq silah hesab edilmir; - Əşyaya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Vət, Şahid1 iştirakı ilə ibtidai araşdırma zamanı götürülmüş 01 ədəd vintaçana baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin vintaçan işlək və dəstək hissədən ibarətdir, ümumi uzunluğu 150 mm-dir, işlək hissənin uzunluğu 65 mm, diametri 6,2 mm-dir. Dəstəyi narıncı rəngli materialdan hazırlanmışdır. Dəstəyin uzunluğu 85 mm, maksimal diametri 18,5 mm-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, baxış keçirilən vintaçan baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan və ona xəsarət yetirdiyi həmin vintaçandır; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi O.Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 221.3-cü maddəsinə tövsif edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinyət işi üzrə əməl CM-nin 221.1-ci maddəsindən CMnin 128-ci maddəsinə tövsif edilmiş və zərərçəkmiş şəxslə barışması səbəbindən CM-nin 73.2-ci maddəsinə əsasən icraata xitam verilmişdir;. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 221.3-cü maddəsinə görə bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməklə o, dərhal məhkəmə iclas zalından həbs olunmalı, tutulduğu 02 gün müddət cəzasına hesablanmalı (CM-69.3) barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ekspertiza tədqiqatının dəyəri ondan tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut kimi tanınmış 01 ədəd vintaçan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir (CPM- 132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış 01 ədəd vintaçan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 78 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar