Məhkəmə qərarları › İş №1(003)-113/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-113/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-113/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxx 1980-ci il tarixdə ermənistan SSR-in masis rayonunun nova kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Salyan rayonu Qarabağlı ərazi dairəsi Qarabağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə və 2) xx xxxxxx 1975-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi F.Aynulov küçəsi ev 41-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş və özgənin əmlakını gizli olaraq talayıb təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus iki ədəd hər birinin qiyməti 45 manat olan ümumilikdə 90 manat dəyərində internet üçün modem aparatını, bir ədəd dəyəri 55 manat olan internet üçün modem aparatını, bir ədəd dəyəri 238 manat olan çəngəl-bıçaq dəstini, hər balonunun dəyəri 90 manat olan ümumilikdə dəyəri 180 manat olan 2 balon bal, bir ədəd dəyəri 119 manat olan termos, üç ədəd hər birinin dəyəri 15 manat, ümumilikdə dəyəri 45 manat olan xalça, bir ədəd dəyəri 180 manat olan xalça, bir ədəd dəyəri 180 manat olan suvenir, bir ədəd dəyəri 88 manat olan yorğan dəstini gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1175 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazanın arxasına bərkidilmiş kondisioner quraşdırılması üçün nəzərdə tutulmuş naqil və borulardan ibarət bir metrinin qiyməti 30 manat olan ümumilikdə qiyməti 180 manat olan malları gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu Binə qəsəbəsi H.Hasilov küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Fərid” ticarət mərkəzinin yan hissəsinə bərkidilmiş kondisioner üçün quraşdırılmış 10 metr uzunluğunda 200 manat dəyərində mis borunu gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu Binə qəsəbəsi 101 saylı TPM yataqxanası ilə üzbəüz yerləşən Zərərçəkmiş şəxs3 məxsus toyuq hininə qanunsuz daxil olmaqla hər birinin dəyəri 6 manat olan 30 ədəd 180 manat dəyərində toyuğu gizli olaraq talayarkən həmin vaxt Zərərçəkmiş şəxs3 tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə törətdiyi cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazanın arxasına bərkidilmiş kondisioner quraşdırılması üçün nəzərdə tutulmuş naqil və borulardan ibarət bir metrinin qiyməti 30 manat olan ümumilikdə qiyməti 180 manat olan malları gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü tam təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bir neçə aydır ki, tanıyır. Belə ki, onlar bir yerdə fəhləlik edərkən tanış olmuşlar və çox vaxt bir yerdə yeyib-içmişlər. O, içki içərək tüfeyli həyat tərzi keçirmiş, ailəsində olan problemlərə görə küçələrdə gecələmişdir. xx xxxxxxx 2020-ci il tarixdə yenə içki qəbul etmiş və pulu olmadığı üçün oğurluq etmək fikrinə düşmüş, həmin gün saat 17 radələrində Binə qəsəbəsi Südçülük Sovxozunda gəzərkən evlərdən birinin işığının yanmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin evin hasarına boylanmış və evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə keçmişdir. Həyətdə ikimərtəbəli ev olmuş, birinci mərtəbədəki pəncərələr dəmir barmaqlıqlarla örtülü olduğu üçün, o, ikinci mərtəbənin eyvanına çıxmış və evin pəncərəsini itələyərək açmışdır. Həmin pəncərədən evə daxil olmuş, evi axtarmış və evdən 3 ədəd wifi aparatı, bir ədəd çəngəl-bıçaq dəsti, 2 balon bal, bir ədəd termos, 4 ədəd xalça, bir ədəd suvenir və bir ədəd yorğan dəsti götürmüş və onları evə daxil olduğu yerdən hissə-hissə çıxarmışdır. Bundan sonra o, həmin əşyaları özü ilə götürərək Binə qəsəbəsində yerləşən Məscidin yanına aparmış və özü də orada gecələmişdir. Sabahısı gün həmin əşyaları Sabunçu bazarına apararaq tanımadığı şəxslərə hamısını bir yerdə 50 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına sərf etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə o, tanışı Dilqəm ilə Binə qəsəbəsində görüşmüş və onunla kafedə yeyib-içərkən ona oğurluq etməyi təklif etmişdir. Onlar yeyib-içdikdən sonra əvvəlcədən yerini gördüyü Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən mağazanın arxasında quraşdırılmış elektrik naqilini oğurlayacağı yeri Dilqəmə göstərmişdir. Təxminən saat 21 radələrində Dilqəm mağazanın arxasında yerdən kondisioner üçün quraşdırılmış elektrik naqilini çıxarmaq istəmiş, lakin çıxara bilməmişdir. O, həmin naqili dartaraq qırmış və onlar oğurladıqları naqili götürərək oradan uzaqlaşmışlar. Təxminən 300 metr həmin yerdən uzaqlaşdıqdan sonra Dilqəmin yaşadığı evə gedərkən yolda bir nəfər polis əməkdaşı onları saxlamış və Polis şöbəsinə aparmışdır. Orada olarkən onlar oğurluq etdiklərini etiraf etmişlər. O, içki düşkünü olduğundan yenidən oğurluq etmək qərarına gələrək xx xxxxxxx 2020-ci il tarixdə içkili vəziyyətdə Binə qəsəbəsində gəzişərək oğurluq etmək üçün yer axtarmış və bir qədər sonra “Fərid” ticarət mərkəzinin yan tərəfinə bayır hissədən bərkidilmiş kondisionerin borularını görmüşdür. Təxminən saat 22 radələrində o, həmin yerə yaxınlaşmış və kondisionerin mis borusunu qatlayıb əzərək dartıb qoparmışdır. Sabahısı gün o, həmin mis borunu Binə qəsəbəsində dəmir yolunun yaxınlığında metal qəbul edən Yaqub adlı şəxsə təhvil vermək üçün aparmış, lakin Yaqub mis borunun oğurluq olduğundan şübhələnərək almamışdır. Bundan sonra o, həmin borunu küçədən keçən metal qəbul edən tanımadığı şəxsə 15 manata satmış və əldə etdiyi pulu spirtli içkiyə və yeməyinə xərcləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə o, yenə də spirtli içki qəbul etmiş və pulu olmadığı üçün oğurluq etməyə yer axtarmışdır. Belə ki, ona 150-200 manat pul lazım olmuşdur ki, şəxsi ehtiyaclarını ödəsin. Həmin gün saat 21:30 radələrində Binə qəsəbəsində küçədə gəzərkən bir binanın qabağından keçdiyi zaman tikili görmüş və içəridən toyuq-cücə səsləri eşitmişdir. Hinin qabağında bir az gözləyib özünə gəldikdən sonra yerdən daş parçası götürüb hinin qapısında olan kilidi vuraraq sındırmış və içəriyə girmişdir. Bu vaxt toyuqların sahibi gəlib onu saxlamış və oraya çağırdığı polislərə təhvil vermişdir. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin cinayətlərin hamısını deyil, yalnız xx xxxxxxx 2020-ci il tarixdə tanışı Dilqəm ilə birlikdə Binə qəsəbəsində yeyib-içdikdən sonra əvvəlcədən yerini gördüyü Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən – sonradan adını bildikləri Zərərçəkmiş şəxs2 məxsus mağazanın arxasında quraşdırılmış 180 manat dəyərində elektrik naqilini oğurlamışlar. Sonradan əməlindən peşman olub Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişlər və hazırda həmin zərərçəkmiş şəxsin onlardan şikayəti yoxdur. Digər oğurluqları isə etməmişdir, Polis şöbəsində ona fiziki və psixi təzyiqlər göstərilərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmişdir. Ona göstərilmiş fiziki və psixi təzyiqlər barədə o, həmin vaxt polisə və prokurorluğa şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Bir daha qeyd edir ki, ona qarşı ittiham irəli sürülən cinayətlərin hamısını deyil, yalnız birini törətmişdir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq törətdiyi cinayətə görə ona yüngül cəza verilməsini, törətmədiyi cinayətlərə görə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 bir neçə aydır ki, tanıyır. Belə ki, onlar bir yerdə fəhləlik edərkən tanış olmuşlar. O, ara-sıra spirtli içki qəbul etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə o, Tağı ilə Binə qəsəbəsində görüşmüş və kafedə yeyib-içmişlər. Kafedə yeyib-içərkən Tağı ona Binə qəsəbəsində yer tanıdığını və orada olan elektrik naqilini oğurlamağı təklif etmişdir. Yeyib-içdikdən sonra saat 21 radələrində onlar Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən mağazanın qarşısına gəlmiş və mağazanın arxasına keçdikdən sonra o, mağazanın arxasında yerdən kondisioner üçün quraşdırılmış elektrik naqilini çıxarmaq istəmiş, lakin çıxara bilməmişdir. O, Tağıya orada onu tanıdıqlarını deyərək bir az aralaşmış və Tağını gözləmişdir. Bir qədər sonra Tağı həmin elektrik naqilini qıraraq gətirmiş və onlar onun yaşadığı evə gedərkən oğurluq etdikləri yerdən təxminən 300 metr məsafədə yolda bir nəfər polis əməkdaşı onlara yaxınlaşaraq onları saxlamış və Polis şöbəsinə aparmışdır. Polis şöbəsində olarkən onlar oğurluq etdiklərini etiraf etmiş və oğurladıqları naqili Polis şöbəsində təhvil vermişlər. İlk dəfə törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tamamilə ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Xəzər rayonu Binə qəsəbəsinin mərkəzində ona məxsus “Fərid” ticarət mərkəzi vardır. xx xxxxxxx 2020-ci il tarixdə ticarət mərkəzində olarkən aşkar etmişdir ki, ticarət mərkəzinin yan tərəfində quraşdırılmış kondisionerin mis boruları naməlum şəraitdə naməlum şəxslər tərəfindən oğurlanmışdır. O, dərhal polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 200 manat maddi ziyan dəymiş, lakin həmin ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, yataq xəstəsi olduğuna görə məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclasına gətirilməsi mümkün olmamış, buna görə də işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ona məxsus Binə qəsəbəsi Südçülük Sovxozunda yaşayış evi vardır. xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, ailəsi ilə birlikdə şəhərdə olan evlərinə getmiş, xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində isə evə qayıtmışlar. Bir qədər keçdikdən sonra o, evdə işıqları yandırdıqda lampalar partlamışdır. Evin ikinci mərtəbəsinə qalxdıqda vifi aparatının yerində olmadığını görmüş və evdə oğurluq olduğunu bilmişdir. Evin ikinci mərtəbəsində dəhlizdə divarın içərisində seyf olmuşdur. Həmin seyfin qapağının kodla açılan yerinin zədələnmiş formada olduğunu görmüşdür. Lakin seyfi aça bilməmişlər. Bundan başqa, evin bütün otaqları dağıdılmış formada olmuşdur. Evin birinci mərtəbəsində evə ümumi gələn işıqların elektrik naqili kökündən kəsilmiş və evdə olan lampalar yanmışdır. Evin ikinci mərtəbəsindən 2 ədəd hər birinin dəyəri 45 manat ümumilikdə dəyəri 90 manat olan vifi aparatı, 1 ədəd dəyəri 55 manat olan vifi aparatı, evin birinci mərtəbəsində yerləşən mətbəxdən 1 ədəd dəyəri 238 manat olan çəngəl-bıçaq dəsti, 2 balon hər balonun dəyəri 90 manat ümumi dəyəri 180 manat olan bal, 1 ədəd dəyəri 119 manat olan yemək üçün termos, evin birinci mərtəbəsində dəhlizdən 3 ədəd hər birinin dəyəri 15 manat ümumilikdə dəyəri 45 manat olan xalça, 1 ədəd dəyəri 180 manat olan xalça, 1 ədəd dəyəri 180 manat olan qadın formasında suvenir, 1 ədəd dəyəri 88 manat olan yorğan dəsti oğurlanmışdır. Bundan başqa, ona evində olan elektrik tənzimləyicisinin yararsız hala düşməsi nəticəsində 320 manat, otaqda olan seyfin yararsız hala düşməsi nəticəsində 280 manat, kombi aparatının xarab olması nəticəsində 90 manat maddi ziyan dəymişdir. Ümumilikdə ona 1175 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 həyat yoldaşı X2 xx xxxxx 2021-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək həmin ziyanın indiyə qədər ödənilmədiyini, ziyanın ödənilməsi ilə bağlı onlara heç kimin müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Xəzər rayonu Binə qəsəbəsi 101 saylı yataqxanada yaşayır. Həmin yataqxana 5 mərtəbəli binadan ibarətdir və bina ilə üzbəüz ona məxsus toyuq hini vardır. Yaşadığı mənzilin pəncərəsindən həmin toyuq hini görsənir. xx xxxxxxx 2020-ci il tarixdə evdə olduğu vaxt saat 21:30 radələrində pəncərədən baxarkən hinin yanında qaraltı görmüşdür. Dərhal hinin yanına getdikdə bir nəfər tanımadığı şəxsin toyuq damının hininə vurduğu qıfılı sındıraraq içəri girdiyini görmüşdür. Həmin şəxsi yaxalamış və dərhal Polis bölməsinə zəng vurub xəbər vermişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər və o, həmin şəxsi onlara təhvil vermişdir. Ona məxsus toyuq hinində 30 ədəd toyuq olmuşdur. Həmin toyuqların bir ədədi 6 manat olmaqla ümumilikdə 180 manat dəyərində toyuq hində olmuşdur. Hinin yanına gəldikdə həmin şəxs qıfılı qıraraq hinə girsə də, o, onu saxladığından, həmin şəxs toyuqları apara bilməmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, ona məxsus Xəzər rayonu Binə qəsəbəsində geyim mağazası vardır. xx xxxxxxx 2020-ci il tarixə həmin geyim mağazasının yan tərəfinə quraşdırılmış kondisioner üçün nəzərdə tutulmuş elekrtik naqilləri və mis borusu oğurlanmışdır. O, bunu görən kimi hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Ona məxsus mağazadan 6 metr uzunluğunda mis boru və 6 metr uzunluğunda naqil oğurlanmışdır. Həmin mis boru naqil ilə birlikdə kondisioner üçün nəzərdə tutulmuşdur, onların birlikdə işlənmiş vəziyyətdə bir metrinin qiyməti 30 manat təşkil edir. Oğurluq nəticəsində ona ümumilikdə 180 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışlar, hazırda onun onlardan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Xəzər rayonu Binə qəsəbəsində dəmir yolunun yaxınlığında metal qəbul etmə məntəqəsi işlədir. Tağı adlı şəxsi o, şəxsən tanımamış, lakin onu Binə qəsəbəsi sakini kimi tanımışdır. xx xxxxxxx 2020-ci il tarixdə Tağı onun işlədiyi yerə gələrək elektrik naqilləri gətirmiş və o, ona 10 manat verərək həmin elektrik naqillərini ondan təhvil almışdır. Bundan başqa, xx xxxxxxx 2020-ci il tarixdə Tağı əzik vəziyyətdə kondisionerin mis borularını gətirib ona təhvil vermək istəmiş, o isə həmin mis borunun oğurluq olmasından şübhələndiyi üçün ondan həmin boruları qəbul etməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maddi sübuta baxış və götürmə barədə protokoldan görünür ki, 6 metr uzunluğunda mis boru və naqili Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/2283-9/4583 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - Ağ rəngli rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, üzərində “KOC KABLO T9870 HO5VV-F 4x2 5 mm2 146 (1245,1228, 1229) mt” yazıları olan, təxminən 10,0 mm diametri 2 ədəd kabel nümunələrinin hər biri mis əsaslı ərintidən hazırlanmışdır; - Diametrləri təxminən 19,0 mm və 9,4 mm olan, qırmızımtıl-sarı rəngli 2 ədəd boru nümunələrinin hər biri mis əsaslı ərintidən hazırlanmışdır; - Təxminən 188 sm uzunluqlu, 9,4 mm diametrli, 354,05 qram kütləli, üzərində “AYSBERQ 3/8 9. 52x0. 80x50000. EN 12735-1. xx/xx/2020 17:26:47. YODGOROV S.1” yazısı olan, qırmızımtıl-sarı rəngli 1 ədəd sərbəst vəziyyətdə boru numunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədiqiqatın nəticəsini nəzərə alaraq, tədqiqata təqdim edilmiş nümunələr əsasında kondisioner quraşdırılması üçün nəzərdə tutulmuş naqil və borulardan ibarət malların (2 ədəd kabel, 2 ədəd metal boru, 1 ədəd qeyri metal boru numunələri və qara rəngli süngərəbənzər material birlikdə ağ rəngli yapışqan izolentə bənzər lentlə birləşdirilmiş şəkildədir) istifadədə olması nəzərə alınmaqla 1 metrinin orta bazar qiyməti 30,00 (otuz) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 90,00 (doxsan) manat təşkil edir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus kondisioner quraşdırılması üçün nəzərdə tutulmuş naqil və borulardan ibarət mallar maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibinə qaytarılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 605-206546/07 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 1000 (bir min) manat miqdarda cərimə cəzasından heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş və özgənin əmlakını gizli olaraq talayıb təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etməsi cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəyərək onlarla barışıq əldə etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.2. və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 barəsində hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1000 (bir min) manat miqdarda cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 1000 (bir min) manat miqdarda cərimə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs2 məxsus kondisioner quraşdırılması üçün nəzərdə tutulmuş naqil və borulardan ibarət malların sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 90,00 (doxsan) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 210,00 (iki yüz on) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 8 iş saatına görə (ibtidai istintaq zamanı 3 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 48,00 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən 1175 manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx xxxxxxx 2020-ci il tarixdən 21 oktyabr 2020-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1000 (bir min) manat miqdarda cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1000 (bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Zərərçəkmiş şəxs2 məxsus kondisioner quraşdırılması üçün nəzərdə tutulmuş naqil və borulardan ibarət malların sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 90,00 (doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi ziyanın qismən ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 48,00 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar