Məhkəmə qərarları › İş №1(003)-113/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-113/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-113/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgə əmlakının məhv edilməsi və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində fəaliyyət göstərən “Halal market” marketin yaxınlığında olarkən həmin vaxt idarə etdiyi avtomobil ilə yoldan keçən Zərərçəkmiş şəxs dayandıraraq heç bir əsas və səbəb olmadan sonuncuya avtomobilini yüksək sürətlə idarə etdiyini bildirib mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, oraya toplaşan bir çox insanların istirahətinə və mənafelərinə toxunan hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək sonuncunun çənə nahiyəsinə bir dəfə qəsdən yumruqla vuraraq zərərçəkmiş şəxsə sol tərəfli alt çənə cisminin yerdəyişən sınığı, sağ dizin əzilmiş yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hazırda Azərbaycan Dövlət Neft Sənaye Üniversitetində ali təhsil alır. 2022-ci ilin avqust ayının 9-da tətil vaxtı olduğu üçün Xəzər rayonu Albalılıq yaşayış massvində yaşayan Mailə bibisigildə qalırmış. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 23 radələrində bibisi Mailə, oğlu Hüseyn və bibisinin əlil azyaşlı qızı 2010-cu il təvəllüdlü Filiz ilə birlikdə piyada gəzib evə doğru gedən zaman “Halal market”in yaxınlığında onun əvvəlcədən sürücüsünü tanımadığı qırmızı rəngli maşının üstünə sürdüyündən, bibisinin qüsurlu qızı Filiz və bibisi qorxub qışqırmışdır. Bunu görən və onlardan nisbətən arxada gələn dayısı oğlu Hüseyn həmin maşının sürücüsünə «sən maşını məhlədə niyə belə sürürsən» demiş, həmin şəxs maşını saxlamış, maşından düşən həmin şəxs Hüseynin üstünə hücum eləmiş və bu vaxt maşından düşən, adını sonradan bildiyi Elbrus ilə yanaşı anası, atası və bacıları Hüseynin üstünə hücum çəkmişlər. O, bu anda dərhal qüsurlu bibisi qızını bibisinə verib ayırmaq üçün Hüseynə yaxınlaşmış, lakin onları ayıra bilməmişdir. Amma o, heç kimi, o cümlədən Elbrusu vurmamış, heç ona yaxın da durmamış, hətta Hüseyni onlardan aralamaq üçün çalışdıqda buna imkan yaranmamışdır. Həmin xəsarətlərin Elbrusa hansı şəraitdə yetirildiyini bilmir. Bu vaxt səs-küyə qonşular çıxıb onları ayırmağa çalışmışlar. Onlar bir az aralandıqdan sonra Elbrus maşının yük yerindən taxta parçası götürüb onların üzərinə hücum etdikdə qonşular Elbrusu saxlamışlar. Elbrus maşından ağac parçası götürüb onun üstünə gələndə o da yumruqla onun sifətindən vurmuşdür, çünki, əgər o, Elbrusu vurmasaydı, Elbrus onu vuracaqdı. Hadisə təxminən 15 dəqiqə davam etmiş, həmin vaxt oraya kənar şəxslər və vətəndaşlar toplaşmışlar. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Məhərrəmlik ayında İmamların 3-ü günü ilə bağlı onlar məhəllədə çay-şirniyyat ehsanı verirmişlər, bu zaman həmin maşının yenə də ora yaxınlaşdığını görmüşlər. Elbrusun anası və bacısı maşından düşərək onun üzərinə hücum çəkmişlər ki, «axşam oğlumu sən vurmusan, çənəsini sındırmısan». Hadisə zamanı orada bibisi Mailə, bibisi oğlu Hüseyn, bibisi qızı Filiz, həmçinin Elbrus, atası, anası və iki nəfər bacısı olmuşdur. Səs-küyə qonşular gəlmiş və onları ayırmışlar. İlk dəfə törətdiyi bu əməldən peşmandır. Məhkəmənin gedişində zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Onu da bildirir ki, atası İ qrup Qarabağ müharibəsi əlilidir, kənar şəxslərin qulluğuna ehtiyacı vardır, onun yaxın qohumlarının bir neçəsi şəhid ailəsinin üzvüdür, bir neçəsi isə ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişlər. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 09 avqust 2022-ci il tarixdə axşam saatlarında işini qurtarıb yaşadığı evə gəlmiş, evdə bir qədər olduqdan sonra saat 23:30 radələrində ailə üzvləri ilə birlikdə əmisigilə getmək üçün evdən çıxıb maşına əyləşmişlər. O, maşını idarə edərək çınqıl olan məhəllələrində yavaş-yavaş hərəkət edən zaman əks istiqamətdə yolun kənarı ilə piyada hərəkət edən 2 nəfər oğlan, bir nəfər yanında uşağı olan qızın hərəkətdə olduqlarını görüb maşını mümkün qədər kənarla idarə etmişdir. Lakin o, həmin şəxslərin yanından keçərkən həmin anda oğlanlardan biri, yəni məhəllədə yaşayan, adını sonradan bildiyi Hüseyn onu fit verib maşını saxlatdırmağına işarə etmiş, o da maşını saxlayıb tək maşından düşmüş və onlara yaxınlaşaraq nə baş verməsini soruşmuşdur. Əvvəlcə məhəllədə yaşayan Hüseyn onun nə üçün onların üzərinə maşın sürməyini və kənarla getməməyini irad bildirmişdir. Onda cavab olaraq heç də belə olmadığını, mümkün qədər kənarla getdiyini, hətta yanında qadın olduğunu görüb belə bir hörmətsizlik etməmişdir. Onun da avtomobilində qadın olmuş, o, hər hansı sürətlə və ya kobud formada maşını sürməz, ən azından öz avtomobilində olan qadınlara hörmətsizlik etməz. Buna baxmayaraq, Hüseynin yanında olan Hüseynin bibisi oğlu kimi bildiyi Sədrəddin adlı şəxs də ona maşını onların üstünə sürməyi barədə irad bildirmişdir. Həmin səs-küyə artıq atası maşından düşmüş, yaxınlıqda olan ev sahibləri küçəyə çıxıb irad bildirmişlər ki, niyə bu vaxt səs-küy salırlar. Atası da onları sakitləşdirib kənara çəkməyə çalışsa da, qəfildən Hüseynin bibisi oğlu kimi tanıdığı Sədrəddin bir dəfə sağ yumruğu ilə onun çənəsinin sol hissəsindən zərbə vurduğundan, o, dizi üstə nisbətən sağa doğru yıxılmış, lakin əlləri ilə müvazinətini saxlamışdır. Onları tanımadığı şəxslər və atası ayırdıqdan sonra maşına əyləşib oradan uzaqlaşmışdır. Həmin anda ağzından qan gəldiyini görsə də, güclü ağrı hiss etməmişdir. Sonradan çənəsində bərk ağrı olduğunu və çənəsinin şişdiyini görüb həkimə müraciət etmiş və ona məlum olmuşdur ki, çənəsi sınmışdır. Hazırda Sədrəddinlə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində anası Mailə, əlil və azyaşlı bacısı Filiz, dayısı oğlu Səddərddin ilə birlikdə piyada evə doğru gedən zaman əvvəllər tanıdığı Elbrus maşını onlara tərəf sürdüyündən, bacısı Filiz və anası qorxub qışqırmışlar. Bunu gördükdə o, həmin maşının sürücüsünə «sən maşını məhlədə niyə belə sürürsən» demiş, Elbrus isə maşını saxlayıb düşmüş və üzərinə hücum etmişdir. Bu vaxt maşından düşən Elbrus ilə yanaşı Elbrusun anası, atası, bacıları da onun üzərinə hücum çəkmişlər. Sədrəddin bu anda dərhal qüsurlu bacısını anası Mailəyə verib onları ayırmaq üçün ona yaxınlaşmış, lakin ayıra bilməmişdir. Bu vaxt səs-küyə qonşular çıxıb onları ayırmağa çalışmışlar. Onlar bir az aralandıqdan sonra Elbrus maşının yük yerindən taxta parçası götürüb üzərinə hücum etdikdə qonşular Elbrusu saxlamışlar. Bundan sonra onlar qaçıb evə getmişlər. Səhəri günü xx.xx.2022-ci il tarixdə Məhərrəmlik ayında İmamların 3-ü günü ilə bağlı məhəllədə çay-şirniyyat ehsanı verirmişlər. Bu zaman həmin maşının yenə də ora yaxınlaşdığını görmüşlər. Həmin vaxt Elbrusun anası, bacısı maşından düşərək onların üzərinə hücum çəkmiş, sonradan səs-küyə çıxan qonşular ayırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, əlil və azyaşlı qızı Filiz, azyaşlı oğlu Hüseyn və qardaşı oğlu Səddərddin ilə birlikdə piyada evə doğru gedən zaman əvvəllər tanıdıqları Elbrus adlı şəxs maşını üstlərinə sürdüyündən, o və qızı Filiz anidən qışqırmışlar. Qardaşı oğlu Sədrəddin üniversitet tələbəsidir, tətil vaxtlarında onlarda qalır. Onların qışqırığını görən və onlardan nisbətən arxada gələn oğlu Hüseyn maşının sürücüsünə «sən maşını məhlədə niyə belə sürürsən» demiş, sürücü maşını saxlayıb düşmüş və üzərinə hücum etmişdir. Bu vaxt maşından düşən, adını sonradan bildiyi Elbrus ilə yanaşı aranı sakitləşdirmək üçün Elbrusun ailəsi ora yaxınlaşmışlar. Sədrəddin bu anda dərhal qüsurlu qızını ona verib onlara yaxınlaşmışdır. Bu vaxt səs-küyə qonşular çıxmış, onlar da oradan çıxıb getmişlər. Səhəri günü, yəni 10 avqust 2022-ci il tarixdə Məhərrəmlik ayında İmamların 3-ü günü ilə bağlı məhəllədə çay-şirniyyat ehsanı verərkən həmin maşının yenə də ora yaxınlaşdığını görmüşlər. Bundan sonra Elbrusun anası, bacısı maşından düşərək onların üzərlərinə hücum çəkərək Sədrəddinədemişlər ki, «axşam oğlumu sən vurmusan, çənəsini sındırmısan». Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və X3 elan edilmiş ifadələri ilə onların da Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmələri müəyyən olundu. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduqları ifadələrində göstərdiklərini bir-birinin üzünə bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə tibbi ekspertizasının 13 avqust 2022-ci il tarixli 1055 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol tərəfli alt çənə cisminin yerdəyişən sınığı, sağ dizin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun «X10» X12 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 09 avqust 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Cəlilabad rayon İHB-nin Təzəkənd İƏD nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Təzəkənd İƏD nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X6 İ qrup Qarabağ müharibəsi əlilidir, kənar şəxslərin qulluğuna ehtiyacı vardır, onun adları Arayışda çəkilən yaxın qohumlarının bir neçəsi şəhid ailəsinin üzvüdür, bir neçəsi isə ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişlər. İş materiallarında olan müvafiq arayış, vəsiqə və sərəncamların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs atası X6 İ qrup Qarabağ müharibəsi əlilidir, kənar şəxslərin qulluğuna ehtiyacı vardır, yaxın qohumlarının bir neçəsi şəhid ailəsinin üzvüdür, bir neçəsi isə ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişlər. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq notarial qaydada təsdiq olunaraq məhkəməyə təqdim olunmuş 06 mart 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayəti yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgə əmlakının məhv edilməsi və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqının əvvəlində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, əksinə Elbrusun maşından taxta parçası götürüb onun üstünə hücum etməsini bildirmiş, lakin iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, tibbi ekspertiza rəyi ilə qeyd olunan əməlinin tam olaraq Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, onun məhkəmə istintaqının əvvəlində bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, atasının İ qrup Qarabağ müharibəsi əlili olmasını, yaxın qohumlarının bir neçəsinin şəhid ailəsinin üzvü olmasını, bir neçəsinin isə ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, atasının İ qrup Qarabağ müharibəsi əlili olmasını, yaxın qohumlarının bir neçəsinin şəhid ailəsinin üzvü olmasını, bir neçəsinin isə ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmələrini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 180,00 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrun etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar