Məhkəmə qərarları › İş №1(003)-114/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-114/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-114/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Hacıəli oğlunun, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxx 1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun Şağlakücə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 1(003)-114/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 14 mart 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 və 2) 22 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq sovxozu A-yataqxanasında qeydiyyatda olmaqla ünvan 2-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 09 noyabr 2021-ci il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədiyi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən Zərərçəkmiş şəxs Hacıəli oğluna məxus evinin həyətyanı sahəsinə hasardan aşmaqla düşmüş, həyətyanı sahədə olan saxlanc yeri hesab olunan köməkçi tikilinin qapısının kilidini özündə olan açarla açmaqla oradan 01 ədəd 900 manat dəyərində istismar olunmuş “Bosch” markalı, “GSH” modelli (vibro çəkic) betondağıdıcını, 01 ədəd 80 manat dəyərində istismar olunmuş “Tayqa” markalı odun mişarını, kombi-qazanxana istilik sistemi üçün nəzərdə tutulmuş, istifadə olunmamış 2 ədəd hər birinin dəyəri 10 manat olan 20 manat dəyərində 32 mm diametrli baçonkanı 1 ədəd 20 manat dəyərində 32 mm diametrli uzadıcı baçonkanı 6 ədəd hər birinin dəyəri 21 manat olan 126 manat dəyərində 32 mm diametrli əks klapanları, 1 ədəd 29 manat dəyərində 32 mm diametrli dirsəyi (amerikan), 1 ədəd 25 manat dəyərində 40 mm diametrli üçlüyü, 1 ədəd 20 manat dəyərində keçid-üçlüyü, 1 ədəd 25 manat dəyərində dördlüyü, 1 ədəd 25 manat dəyərində 40 mm diametrli (iç-iç) dirsəyi, 2 ədəd hər birinin dəyəri 25 manat olan 50 manat dəyərində 40 mm diametrli (iç-çöl) dirsəkləri, 1 ədəd 20 manat dəyərində 10 manat dəyərində vintili, 2 ədəd hər birinin dəyəri 35 manat olan 70 manat dəyərində 90 dərəcəli vintilləri, 1 ədəd 90 manat dəyərində təzyiq requlyatorunu, 1 ədəd 29 manat dəyərində çəp filtri, 5 ədəd hər birinin dəyəri 9 manat olan 45 manat dəyərində iç dirsəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs Hacıəli oğluna cəmi 1564 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 09 noyabr 2021-ci il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 fəhlə işlədiyi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən Zərərçəkmiş şəxs Hacıəli oğluna məxus evinin həyətyanı sahəsinə hasardan aşmaqla düşmüş, Təqsirləndirilən şəxs1 həyətyanı sahədə olan saxlanc yeri hesab olunan köməkçi tikilinin qapısının kilidini özündə olan açarla açmaqla oradan 01 ədəd 900 manat dəyərində istismar olunmuş “Bosch” markalı, “GSH” modelli (vibro çəkic) betondağıdıcını, 01 ədəd 80 manat dəyərində istismar olunmuş “Tayqa” markalı odun mişarını, kombi-qazanxana istilik sistemi üçün nəzərdə tutulmuş, istifadə olunmamış 2 ədəd hər birinin dəyəri 10 manat olan 20 manat dəyərində 32 mm diametrli baçonkanı 1 ədəd 20 manat dəyərində 32 mm diametrli uzadıcı baçonkanı 6 ədəd hər birinin dəyəri 21 manat olan 126 manat dəyərində 32 mm diametrli əks klapanları, 1 ədəd 29 manat dəyərində 32 mm diametrli dirsəyi (amerikan), 1 ədəd 25 manat dəyərində 40 mm diametrli üçlüyü, 1 ədəd 20 manat dəyərində keçid-üçlüyü, 1 ədəd 25 manat dəyərində dördlüyü, 1 ədəd 25 manat dəyərində 40 mm diametrli (iç-iç) dirsəyi, 2 ədəd hər biririn dəyəri 25 manat olan 50 manat dəyərində 40 mm diametrli (iç-çöl) dirsəkləri, 1 ədəd 20 manat dəyərində 10 manat dəyərində vintili, 2 ədəd hər birinin dəyəri 35 manat olan 70 manat dəyərində 90 dərəcəli vintilləri, 1 ədəd 90 manat dəyərində təzyiq requlyatorunu, 1 ədəd 29 manat dəyərində çəp filtri, 5 ədəd hər birinin dəyəri 9 manat olan 45 manat dəyərində iç dirsəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs Hacıəli oğluna cəmi 1564 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2021-ci ilin avqust ayından etibarən Zərərçəkmiş şəxs Hacıəli oğlunun Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən tikintisi başa çatmamış evində fəhlə işləmişdir. Hadisədən təxminən 10 gün əvvəl pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs həyətində olan saxlanc yerindən oğurluq etmək fikrinə düşmüş, bu məqsədlə tanıdığı Təqsirləndirilən şəxs2 ilə danışmış və ona da oğurluq etməyi təklif etmişdir. Tamraz onunla razılaşdıqdan sonra 09 noyabr 2021-ci il tarixdə saat 05-06 radələrində oğurluq edəcəkləri evdə heç kimin olmadığını bildiyi üçün Tamraz ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evin həyətinə hasarı aşaraq düşmüşlər. Həyətdə olan saxlanc yerinin açarı özündə olduğu üçün qapını açar ilə açıb içəri daxil olmuş, oradan 01 ədəd “Bosch” markalı betondağıdıcı aparatı, 01 ədəd “Tayqa” markalı odun mişarını və bir neçə santexnik ləvazimatlarını götürüb kisələrə yığaraq çıxmışlar. Qapını təkrar açarla bağlayıb saxlanc yerinin pəncərəsini açıq qoymuşdur ki, Zərərçəkmiş şəxs oradan başqa şəxslərin oğurluq etdiyini düşünsün və ondan şübhələnməsin. Oğurladıqları əşyaları isə yoldan keçən “VAZ-2107” markalı dövlət nömrə nişanını xatırlamadığı taksi ilə Tamrazın yaşadığı evə aparıb həyətə yığmışlar. 10 noyabr 2021-ci il tarixdə həmin əşyaları Binə qəsəbəsi Bolluq sahəsi deyilən yerdə usta işləyən Orxan adlı şəxsə ümumilikdə 500 manata satmışlar. Oğurladıqları əşyaları Tamraz ilə birlikdə satmışlar, onları Orxana satarkən oğurluq yolla əldə etdiklərini deməyərək özlərinə aid olduğunu, işlədikləri yerdən artıq qaldığı üçün satdıqlarını bildirmişlər. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Hadisədən bir neçə gün əvvəl əvvəllər işlədiyi şadlıq sarayından tanıdığı Röyal ilə bir yerdə olarkən Röyal fəhlə işləydiyi Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən Zərərçəkmiş şəxs məxsus həyətdə olan saxlanc yerindən oğurluq etməyi ona təklif etmişdir. Həmin vaxt 130 manat aliment verməli olduğu üçün onunla razılaşmış və 09 noyabr 2021-ci il tarixdə saat 05-06 radələrində oğurluq edəcəkləri evdə heç kimin olmadığından əmin olduqdan sonra Röyal ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evin həyətinə hasarı aşaraq düşmüşlər. Həyətdə olan saxlanc yerinin açarı Röylda olmuşdur. Röyal qapını açar ilə açmış və onlar içəri daxil olmuşlar. Oradan 01 ədəd “Bosch” markalı betondağıdıcı aparatı, 01 ədəd “Tayqa” markalı odun mişarını və bir neçə santexnik ləvazimatlarını götürüb kisələrə yığaraq çıxmışlar. Röyal qapını təkrar açarla bağlayıb saxlanc yerinin pəncərəsini açmışdır ki, Zərərçəkmiş şəxs onlardan şübhələnməsin. Oğurladıqları əşyaları yoldan keçən “VAZ-2107” markalı dövlət nömrə nişanını xatırlamadığı taksi ilə yaşadağı evə aparıb həyətə yığmışlar. 10 noyabr 2021-ci il tarixdə həmin əşyaları Binə qəsəbəsi Bolluq sahəsi deyilən yerdə usta işləyən Orxan adlı şəxsə ümumilikdə 500 manata satmışlar. Oğurladıqları əşyaları Röyal ilə birlikdə satmışlar, onları Orxana satarkən oğurluq yolla əldə etdiklərini deməyərək özlərinə aid olduğunu, işlədikləri yerdən artıq qaldığı üçün satmaq istədiklərini demişlər. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Hacıəli oğlu göstərdi ki, o, 2019-cu ildən Mərdəkan qəsəbəsi yeni sahədə fərdi yaşayış evi tikdirir. Lakin evin tikintisi tam başa çatmaıyb, təmir işlərini davam etdirir. Ona görə də evdə yaşayış yoxdur. Bu məqsədlə evə tez-tez gedib baş çəkir, müəyyən işləri görür. 09 noyabr 2021-ci il tarixdə evə baş çəkmək üçün getdikdə naməlum şəxs və ya şəxslərin evin həyətində yerləşən saxlanc yeri kimi istifadə olunan tikilinin pəncərəsindən daxil olmaqla oradan dəyəri 600 manat olan istismar olunmuş 01 ədəd “Bosch” markalı betondağıdıcı aparatı, dəyəri 200 manat olan istismar olunmuş 01 ədəd “Tayqa” markalı odun mişarını və ümumi dəyəri 900 manat olan santexnik ləvazimatlarını oğurladıqlarını aşkar etmişdir. Ona gərə də zəng vurub bu barədə DİN “102” Zəng mərkəzinə məlumat vermiş, həmin gün işləri çox olduğu üçün polis işçilərinə yaxın günlərdə ərizə yazacağını bildirmişdir. 12 noyabr 2021-ci il tarixdə isə Polis şöbəsinə gedərək baş vermiş oğurluq barədə ərizə yazmışdır. Hadisədən sonra oğurlanmış əşyaları hesablamış, baş vermiş oğurluq nəticəsində ona cəmi 1700 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. Oğurlanmış əşyalardan 01 ədəd “Bosch” markalı betondağıdıcı aparatı, 01 ədəd “Tayqa” markalı odun mişarı və santexnik ləvazimatlarından 40 ədədi ona qaytarılmışdır və buna görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayəti yoxdur, lakin onun evindən edilmiş oğurluq nəticəsində başqa əmlakları da oğurlanmış, lakin həmin əşyalar ona qaytarılmamış və ya dəyəri ödənilməmişdir. Buna görə də o, ümumilikdə istintaqdan şikayətçidir, lakin təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Kombi istilik sisteminin quraşdırılması, təmiri ilə məşğul olur. 10 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olarkən məhlədə qonşuluqda yaşayan Tamraz ona zəng vurub kombi istilik sisteminin bir neçə ədəd artıq qalmış ləvazimatları olduğunu, satmaq istədiyini demişdir. Onunla razılaşmış və yaşadığı evdə Tamraz ilə görüşmüş, Tamraz 01 ədəd “Bosch” markalı betondağıdıcı aparatı, 01 ədəd “Tayqa” markalı odun mişarını və bir neçə santexnik ləvazimatlarını ona verərək işlədiyi yerdən artıq qalan əşyalar olduğunu, ona görə də satmaq istədiklərini, betondağıdıcı və odun mişarının da özlərinə məxsus olduğunu deyib satdıqlarını demişdir. Həmin əşyalara ümumilikdə 500 manat verib almışdır. Bundan təxminən bir həftə sonra polis işçiləri ona zəng vurub 1-ci PŞ-nə çağırmışlar. Orada ona məlum olmuşdur ki, aldığı əşyalar oğurluqdur, həmin əşyaları Röyal və Tamraz oğurlayıb ona satıblar. Həmin əşyaların heç birini satmadığı və istifadə etmədiyi üçün hamısını polis işçilərinə təqdim etmişdir. Sözügedən əşyaların oğurluq yolla əldə olunmasından xəbəri olmamışdır. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən nömrəsiz ünvanda baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8550 saylı, 17 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istismar olunmuş “Bosch” markalı betondağıdıcı 900 manat, 01 ədəd istismar olunmuş “Tayqa” markalı odun mişarı 80 manat, kombi-qazanxana istilik sistemi üçün nəzərdə tutulmuş istifadə olunmamış 2 ədəd 32 mm diametrli baçonka 20 manat, 1 ədəd 32 mm diametrli uzadıcı baçonka 20 manat, 6 ədəd 32 mm diametrli əks klapan 126 manat, 1 ədəd 32 mm diametrli dirsək (amerikan) 29 manat, 1 ədəd 40 mm diametrli üçlük 25 manat, 1 ədəd keçid-üçlük 20 manat, 1 ədəd dördlük 25 manat, 1 ədəd 40 mm diametrli (iç-iç) dirsək 25 manat, 2 ədəd 40 mm diametrli (iç-çöl) dirsək 50 manat, 1 ədəd vintil 10 manat, 2 ədəd 90 dərəcəli vintil 70 manat, 1 ədəd təzyiq requlyatoru 90 manat, 1 ədəd çəp filtr 29 manat, 5 ədəd iç dirsək 45 manat olmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1564,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd “Bosch” markalı betondağıdıcı, 01 ədəd “Tayqa” markalı odun mişarı, kombi-qazanxana istilik sistemi üçün nəzərdə tutulmuş ləvazimatlar maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs X2 qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmələri onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 13 noyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 1(003)-114/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 17 mart 2022-ci il tarixli xx/xx-1231 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs1 14 mart 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 mart 2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və 14 mart 2022-ci il tarixdən 04 may 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün, cəmi 01 (bir) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Lənkəran rayonunun Şağlakücə kəndindəki evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 13 noyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Maddi sübut - 01 ədəd “Bosch” markalı betondağıdıcı aparatın, 01 ədəd “Tayqa” markalı odun mişarının və kombi qazanxana istilik sistemi üçün nəzərdə tutulmuş 26 ədəd ləvazimatın Zərərçəkmiş şəxs Hacıəli oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 210,00 (iki yüz on) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 25 iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və 14 mart 2022-ci il tarixdən 04 may 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün, cəmi 01 (bir) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Lənkəran rayonunun Şağlakücə kəndindəki evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 01 ədəd “Bosch” markalı betondağıdıcı aparatın, 01 ədəd “Tayqa” markalı odun mişarının və kombi qazanxana istilik sistemi üçün nəzərdə tutulmuş 26 ədəd ləvazimatın Zərərçəkmiş şəxs Hacıəli oğluna qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 150,00 (bir yüz əlli) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar