Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-114/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseyn küçəsi, ev 37, mənzil 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,386 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Suraxanı rayonundan əldə edərək üstündə saxlayıb Binə qəsəbəsinə daşımış, 10 iyul 2023-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məmmədhüseyn küçəsində olan zaman həmin ərazidə xidmət aparan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları şübhəli apardığı üçün ona yaxınlaşıb Polis Şöbəsinə dəvət etmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kustar üsulla hazırlanmış 0,386 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, səhər saat 08:30 radələrində evində yatan zaman əməliyyatçılar onu bölməyə aparmışlar. Orada ona qarşı fiziki təzyiq olmuş, onu döymüşlər və cinayət əməlini boynuna götürməyi demişlər. Bu səbəbdən o, etiraf etmişdir. O, döyülməyi ilə bağlı heç kimə məlumat verməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməlliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 3-cü PŞnin əməliyyat müvvəkili vəzifəsində işləyir. 10 iyul 2023-cü il tarixdə saat 10:00 radələrində 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid1 ilə Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində xidmət aparan zaman bir nəfər şəxsin həmin ərazidə özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış, sorğu zamanı həmin şəxs üzərində narkotik vasitə olduğunu onlara bildirmişdir. Onlar həmin şəxsi dərhal polis şöbəsinə gətirmişlər, polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs brəsində qanuni tədbir görülməsi üçün raportla 3-cü Polis Şöbəsinin rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı Elvin Hacıyevə həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmişdir. Onların iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, eyni zamanda şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Şahinə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Gümüşü rəngli kağıza bükülmüş bükülünün içərisində olan maddənin kakos olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsi soruşulduqda o, siqaretin gümüşü kağızına bükülmüş maddənin narkotik vasitə heroin olduğunu və 09 iyul 2023-cü il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat ödəməklə aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞnin əməkdaşı Şahid1 oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3712 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 244» dairəvi möhür əksi və imzalar olan bir ədəd zərfdəki 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,386 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına «Siyahı İ» daxildir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4335 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-114/2024 saylı qərarı ilə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “ həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və xx.xx.2024-cü il tarixli 3-13-45-3/2-7078 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1(003)-579/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində tutularaq, saxlanması üçün aidiyyəti üzrə 3 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-224/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsının 139-1.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1, 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 66.2 və 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən-Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,336 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65,00 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (150 manat) və məhkəmə baxışı zamanı (150 manat ) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 300 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-579/2024 saylı cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,336 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65,00 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (150 manat) və məhkəmə baxışı zamanı (150 manat ) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 300 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-114/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-114/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver