Məhkəmə qərarları › İş №1(003)-115/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-115/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-115/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər X1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-280/2023 saylı 07 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 iyun 2023cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 03 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 kirayə yaşadığı fərdi yaşayış evinə evin plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan içərisində 1500 manat nağd pul olan maddi dəyəri olmayan kişi əl çantasını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 15 yanvar 2023-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub oradan ümumilikdə 900 manat dəyərində 50 metr uzunluğunda hissələrə bölünmüş 15 ədəd müxtəlif ölçülü dəmir borunu, 25 metr uzunluğunda hissələrə bölünmüş 20 ədəd dəmir künclüyü və 05 ədəd dəmir su qabını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Xəzər RPİ-nin 1-ci PŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2023cü il tarixdə saat 15:35 dəqiqədə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli parça şalvarın sağ cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümündə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 08 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Bağlar sahəsində yerləşən nömrəsiz bağ evinə evin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olub oradan 150 manat dəyərində 03 ədəd “FAB” markalı boyanı, 200 manat dəyərində 01 ədəd samovarı, 200 manat dəyərində 02 ədəd elektrik samovarını, 200 manat dəyərində xrustal qabları, 100 manat dəyərində 02 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 03 ədəd “TEFAL” qazanı, 150 manat dəyərində 50 metr uzunluğunda elektrik naqilini və 100 manat dəyərində təmir alətləri çantasını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 10 aprel 2023-cü il tarixdə gecə saat 03 radələrində X2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 214 nömrəli bağ evinə evin plastik plastik pəncərəsinin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olub oradan ümumilikdə 500 manat dəyərində 01 ədəd “Marguis” markalı su motoru, 01 ədəd “Sentrabej” markalı su motoru, 01 ədəd “BK” markalı kondisioner, 01 ədəd “Bosch” markalı laqonda, 20 metr uzunluğunda elektrik naqili, müxtəlif növ məişət və tikinti avadanlıqlarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, fərdi işlə məşğul olub pul qazanaraq dolanışığını təmin etmiş, lakin son zamanlar maddi imkanı olmadığına görə, eləcə də bir neçə ildir ki narkotik vasitə aludəçisi olduğuna görə narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə bir neçə ünvandan oğurluq etmişdir. Belə ki, 2022-ci ilin dekabr ayının əvvəllərində saat 15 radələrində Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən evlərin birinə plastik pəncərəsini açmaqla daxil olub orada olan dolabın üzərində olan kişi əl çantasını götürüb oradan uzaqlaşmış, yolla gedərkən çantanı açıb içərisinə baxmış və orada 1500 manat pul və müxtəlif sənədlər olduğunu görmuşdur. Həmin sənədləri kişi əl çantası ilə birlikdə yol qırağında xatırlamadığı yerdə zibil qutusuna atmış, 1500 manat pulu isə özünə götürərək ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 15 yanvar 2023-cü il tarixdə gecə saat 01 radələrində Türkan qəsəbəsində yerləşən başqa bir evin həyətinə hasardan aşmaq yolu ilə daxil olub oradan müxtəlif ölçülü dəmir boruları, dəmir künclüyü və dəmir su qabını oğurlayaraq aparıb səyyar metal qəbulu ilə məşğul olan şəxslərə ümumilikdə 80 manata satmışdır. Həmin əşyaları satdığı şəxslər onların oğurluq olduqlarını bilməmişlər. Bundan başqa, 04 aprel 2023-ci il tarixdə saat 18 radələrində Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi tələb etmiş, o, özünü təqdim etdikdən sonra onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 1-ci PŞ-nin inzibati binasına dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə 1-ci PŞ-nin inzibati binasına gəlmişdir. Orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, o da əynindəki qara rəngli parça şalvarın sağ cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan bir ədəd qara rəngli siqaret kağızı bükümü zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra protokolu və zərfin üzərini iştirakçılar imzalamışlar. Bundan başqa, 08 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində Zirə qəsəbəsi Bağlar sahəsində yerləşən başqa bir evə plastik pəncərəsini açmaqla daxil olub oradan boya, samovar, elektrik samovarı, xrustal qablar, paltaryuyan, “Tefal” qazan, elektrik naqili, təmir alətləri çantasını oğurlamışdır. Oğurladığı əşyaları Xəzər rayonu ərazisində tanımadığı şəxslərə ümumilikdə 70 manata satmışdır. Oğurladığı əşyaları satdığı şəxslər həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmiş və o, onlara bu barədə heç nə deməmişdir. Bundan başqa, 10 aprel 2023-cü il tarixdə saat 03 radələrində Türkan qəsəbəsi 214 nömrəli bağ evi ünvanında yerləşən bağ evinə plastik pəncərəsinin şüşəsini sındırmaq yolu ilə daxil olub oradan iki ədəd su motoru, kondisioner, laqonda, elektrik naqili, məişət və tikinti avadanlıqlarını oğurlamış, oğurladığı əşyaları Xəzər rayonu ərazisində əvvəllər tanımadığı şəxslərə ümumilikdə 80 manata satmışdır. Həmin əşyaları satdığı şəxslər həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmiş və o, onlara bu barədə heç nə deməmişdir. Törətdiyi əməllərdən peşman olmuşdur, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmiş və onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, Türkan qəsəbəsində yerləşən ona məxsus 214 Q nömrəli bağ sahəsi var. Həmin bağ evində halhazırda yaşayış yoxdur. 02 aprel 2023-cü il tarixdən 16 aprel 2023-cü il tarixinə qədər həmin bağ evinə gəlmədiyi zaman 16 aprel 2023-cü il tarixdə saat 16 radələrində naməlum şəxs və ya şəxslərin hasardan aşma yolu ilə bağ evinə daxil olaraq bir ədəd “Marguis” markalı su nasosu, bir ədəd “Sentra” markalı su nasosu, bir ədəd “Bosch” markalı drel, bir ədəd “Bosch” markalı laqonda, 20 metr uzunluğunda müxtəli elektrik naqilləri, bir ədəd “BK” markalı kondisioner və müxtəlif növ məişət və tikinti avadanlıqlarını oğurladığını aşkar etmiş və “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymiş, lakin həmin zərər indiyə qədər ödənilmədiyi üçün o, şikayətçidir. Dəymiş ziyanın ödənilməsi xahiş edir, təqsirləndirilən şəxsə isə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs3 göstərdi ki, Zirə qəsəbəsi bağlar sahəsində yerləşən ona məxsus bağ evində daimi yaşayış yoxdur. 09 aprel 2023-cü il tarixdə saat 12 radələrində qeyd edilən bağ evinə gəldiyi zaman naməlum şəxs və ya şəxslərin bağ evinin plastik pəncərəsini açmaq yolu ilə içəri daxil olub 150 manat dəyərində üç ədəd “FAB boya”, 200 manat dəyərində bir ədəd samovar, 200 manat dəyərində iki ədəd elektrik samovar, 200 manat dəyərində xrustal qab-qacaq, 100 manat dəyərində üç ədəd “TEFAL” markalı qazan, 150 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 100 manat dəyərində iki ədəd paltaryuyan maşın, 100 manat dəyərində təmir alətləri çantasını oğurladığını aşkar etmiş və “102” xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona 1200 manat maddi ziyan dəymiş, lakin həmin zərər indiyə qədər ödənilmədiyi üçün o, şikayətçidir. Dəymiş ziyanın ödənilməsi xahiş edir, təqsirləndirilən şəxsə isə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 10 yanvar 2023-cü il saat 08 radələrindən 23 yanvar 2023-cü il saat 09 radələrinədək Türkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 14 ünvanında olmamış, 23 yanvar 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvana gəldiyi zaman naməlum şəxs və ya şəxslərin fərdi yaşayış evinin həyətyanı sahəsindən və fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qapısı açıq əl damından ümumilikdə 900 manat dəyərində 50 metr uzunluğunda hissələrə bölünmüş 15 ədəd müxtəlif ölçülü dəmir boru, 25 metr uzunluğunda hissələrə bölünmüş 20 ədəd dəmir künclük və 5 ədəd su qabını oğurladığını aşkar etmiş, baş vermiş oğurluq hadisəsi barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək məlumat vermiş, 23 yanvar 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvana gəldiyi zaman qonşusu X4 ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerdə uzandığını görmüş, Əlisoltan onu görüb qaçıb getmişdir. Əlisoltan tüfeyli həyat tərzi sürür, çox vaxt yaşadığı evdə tapılmır, ona görə ona məxsus fərdi yaşayış evindən oğurluq hadisəsini qonşusu Əlisoltanın törətdiyini fikirləşmiş, lakin bunu dəqiq bilməmişdir. Onu görüb qaçarkən Əlisoltanın əlində hər hansı əşya görməmiş, ona məxsus fərdi yaşayış evindən oğurluq hadisəsi törətməsinin şahidi olmamışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymiş, lakin həmin zərər indiyə qədər ödənilmədiyi üçün o, şikayətçidir. Dəymiş ziyanın ödənilməsi xahiş edir, təqsirləndirilən şəxsə isə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, 29 yanvar 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə cəza verilib-verilməsi məsələsini məhkəmənin öhdəsinə buraxdığını, hərbçi olduğuna görə məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycan Respublikası DSX-nin sahil mühafizəsində işləyir. 03 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Türkan qəsəbəsi Üzümçülük sovxozunda kirayədə qaldığı nömrəsiz fərdi yaşayış evinə gəldiyi zaman naməlum şəxs və ya şəxslərin fərdi yaşayış evində qonaq otağındakı dolabda olan kişi əl çantasını oğurladığını aşkar etmiş, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Qeyd edilən fərdi yaşayış evinin qonaq otağında olan dolabdan ona məxsus kişi əl çantası oğurlanmış, həmin kişi əl çantasının içərisində 1500 manat nağd pul, adına olan ümumvətəndaş pasportu, adına olan doğum haqqında şəhadətnamə, ödəniş qəbzləri, məhkəmə sənədləri olmuşdur. Kişi əl çantası qara rəngli olmuş, köhnə olduğuna görə onun üçün heç bir maddi dəyər kəsb etməmiş, ona görə də qiyməti barədə heç nə deyə bilməmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs məhkəməyə şifahi vəsatətlə müraciət edərək özünü təqsirli bildiyini göstərmiş və şahid ifadələrinin elan olunaraq məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bu vəsatəti təmin olunaraq şahid ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Türkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 11 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra özü və 1-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X7 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu yaradıldıqdan sonra Anar Əzizovla birlikdə əməliyyat məlumatı əsasında Türkan qəsəbəsinə yollanmışlar. 04 aprel 2023-ci il tarixdə saat 15:35 dəqiqədə Türkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 11 ünvanının yaxınlığında piyada hərəkət edən, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 1-ci PŞ-nə dəvət etmiş, o da etiraz etməyək onlarla birlikdə 1-ci PŞ-nə gəlmişdir. Orada araşdırma aparılması təhqiqatçı David Yusifova həvalə edilmişdır. X11 Nadirovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra özü, Anar Əzizov və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli parça şalvarın sağ cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 03 aprel 2023-cü il tarixdə saat 20 radələrində Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli siqaret kağızı bükümü açıldıqda içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli tozşəkilli kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakun onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli siqaret kağızı bükümündə olan kütlə zərfə qoyularaq qabalaşdırılmış, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X8 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2023-cü il tarixli, 6/1971 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 157” dairəvi möhür əksi və “...dörd-imza, Tərtib etdi : D.Yusifov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,450 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,450 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,400 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 21 iyul 2023-cü il tarixli, 4630 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli parça şalvarın sağ cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümündə 0,450 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,450 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,400 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1 və 177.2.3-cüi maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 68.2-ci maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 21 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qərarı ilə cərimə cəzasının çəkilməmiş qalan 2000 manat hissəsi 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 10 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması faktları məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 04 aprel 2023-cü il tarixdə ona həmin madə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. 06 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılan 230010065, 230010117, ********* və ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işi ilə bir icraatda biləşdirilməklə ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata 05 avqust 2023-cü il tarixdə xitam verilmişdir. 06 iyun 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilməklə ibtidai istintaqı aparılmışdır. 07 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyevin 07 iyun 2023-cü il tarixli qərarı ilə barəsində ibtidai istintaq müddətinin sonuna kimi, yəni 15 avqust 2023-cü il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. 05 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri yenidən ittiham elan edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 04 aprel 2023cü il tarixdən 06 aprel 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 05 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,400 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 92,00 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 46 (qırx altı) iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 16 saat) ümumilikdə 276,00 (iki yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 05 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,400 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 92,00 (doxsan iki) manat ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə ümumilikdə 276,00 (iki yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar