Məhkəmə qərarları › İş №1(003)-116/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-116/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-116/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1958-ci ildə İraq Respublikasında anadan olmuş, ali təhsilli, evli, əvvələr məhkum olunmamış, işsiz, İran İslam Respublikasının vətəndaşı, İran İslam Respublikası Tehran şəhəri, İmam Xomeyni küçəsi, ev 22 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada viza ala bilmədiyindən İsveç Krallığına getmək məqəsdilə xx xxxxxx 2020-ci ildə saat 10 radələrində Bakı şəhəri Xəzər rayonunda yerləşən “Heydər Əliyev” adına X5 333 saylı Bakı-İstanbul-Kuveyt-Stokholm aviareysi ilə öz adına rəsmiləşdirilmiş blankları ofset çap üsulu ilə yox, axınlı printerdə çap edilmiş və həmin növ sənədlər üçün nəzərdə tutulmuş standartlara uyğun olmayan saxta EN512361 nömrəli Belçika Krallığına məxsus pasportu bilə-bilə sərhəd nəzarətinə təqdim etməklə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunla müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, 15 il əvvəl BBC kanalına İran İslam Respublikası rejimi əleyhinə reportaj vermiş, həmin reportajdan sonra ona İran İslam Respublikası höküməti tərəfindən müxtəlif təzyiqlər olunmuşdur. Atasının xahişi ilə tutulmamış, lakin ölkədən çıxışına qadağa qoyulmuş, iki ildən sonra yenidən atasının xahişi ilə icazə verilərək o İngiltərəyə getmişdir. Zərifə Perseh adlı şəxs ilə ailə həyatı qurmuş, 6 ildən sonra övladları olmadığı üçün boşanaraq İran İslam Respublikasına qayıdaraq, atasına məxsus mərkəzi şöbəsi ABŞ-da olan “Setak” şirkətində işləməyə başlamışdır. 8 il əvvəl atası xəstələndiyi üçün şirkətin İran şöbəsi bağlanmış, şirkət bağlandığı üçün yenidən onun ölkədən çıxışına qadağa qoyulmuşdur. 6 il əvvəl atası rəhmətə getdikdən sonra əmisi Sirus Hasheminaeini xahişi ilə ölkədən çıxışına icazə verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ABŞ-a getmək məqsədilə İsveçrə səfirliyinə müraciət etmişdir. Onun ABŞ-a getmək məqsədini səfirlikdə işləyən bir nəfər şəxs İİR-ın İnformasiya Nazirliyinə məlumat vermiş, bu səbəbdən ona İİR-da yenidən təzyiqlər edilmişdir. xx xxxxxxx 2017-ci ildə İsveçrə səfirliyindən viza alıb İran İslam Respublikasından gedərkən saxlanılmış, əmisi Sirus Hasheminaeini zamin olduqdan sonra azadlığa buraxılmışdır. Pasportu geri qaytarılaraq bildirilmişdir ki, yalnız vizasız gedə bildiyi xarici ölkələrə gedə bilər. Bir müddətdən sonra birinci həyat yoldaşı Zərifə Persehin təklifi ilə Zərifənin Azərbaycan Respublikasının Bakı şəhərində yaşayan qohumlarının yanına getmişdir. Zərifə Perseh Təqsirləndirilən şəxs anası Belçika vətəndaşı olduğu üçün Təqsirləndirilən şəxs adına Belçika Krallığının pasportunu Belçika hökümətindən alıb göndərəcəyini və həmin pasport vasitəsilə avropaya gələcəyini bildirmişdi. Zərifə Perseh 2020-ci ilin oktyabr ayında poçt vasitəsilə EN512361 nömrəli pasportu göndərdikdən sonra Təqsirləndirilən şəxs adına xx xxxxxx 2020-ci il tarixli Bakı- İstanbul-Küveyt-Stokholm elektron bileti almışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “Heydər Əliyev” X6 gəlmiş, Belçika Krallığına məxsus EN512361 nömrəli pasportu və digər İran İslam Respublikasına məxsus ********* və H96812750 nömrəli pasportları dövlət sərhədindən keçmək məqsədilə rəsmiləşdirilməsi üçün “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etmiş, Belçika Krallığına məxsus EN512361 nömrəli pasport rəsmiləşdirildiyi zaman saxtalıqda şübhəli bilindiyi üçün xx xxxxxx 2020-ci il tarixdə DSX-in əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 09:00-dan 20:00-dək “Heydər Əliyev” X4 Terminal 1 getmə xəttində “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, saat 10:16-da sənədlərin yoxlanışı sərhəd naryadına təyin olunan leytenant Şahid2 333 saylı Bakı-İstanbul-Kuveyt – Stokholm istiqamətində uçan, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs EN512361 nömrəli pasportunun saxta olmasından şübhə edildiyi üçün saxlanıldığını ona məruzə etmişdir. O həmin istiqamətə hərəkət edərək İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi EN512361 nömrəli pasportu yoxlamış, pasportun saxta olduğunu dəqiqləşdirdikdən sonra aidiyyəti üzrə məruzə etmişdir. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Heydər Əliyev” X5 sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/839 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan EN512361 nömrəli Belçika Krallığına məxsus pasportun blankları ofset çap üsulu ilə yox, axınlı printerdə çap edildiyi və həmin növ sənədlər üçün nəzərdə tutulmuş standartlara uyğun olmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxta pasport təqdim etməklə dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1958-ci ildə İraq Respublikasında doğulmuş, İran İslam Respublikası vətəndaşı, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, yaşlı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.1-ci madəsinə əsasən “Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü madəsinə əsasən “Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar