Məhkəmə qərarları › İş №1(003)-116/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-116/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-116/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxx 1993-cü il tarixdə Lənkəran rayonunun Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun Zövlə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 və 2) xx xxxx 1995-ci il tarixdə Lənkəran rayonunun Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmiş, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun Zövlə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qrup təşkil edərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 2021-ci ilin təxminən yanvar ayının ortalarında saat 14 radələrində kirayə olaraq yaşadıqları Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağlar sahəsi 950A ünvanda yerləşən X2 məxsus evin həyətindən hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə dəyəri 400 manat olan 2 ədəd seyf qapını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə dəyəri 250 manat olan 5 ədəd dəmir barmaqlığı, hər birinin qiyməti 90 manat olmaqla ümumilikdə dəyəri 270 manat olan 3 ədəd 10 metrlik borunu, qiyməti 9 manat olan 1 ədəd 100 mm-lik plastmas borunu, qiyməti 100 manat olan 1 ədəd “Ceyran” adlanan qaz sobasını, qiyməti 50 manat olan 1 ədəd odun sobasını, qiyməti 100 manat olan 1 ədəd 200 litr tutumu olan dəmir çəlləyi, qiyməti 70 manat olan 1 ədəd 200 litr tutumu olan plastmas çəlləyi, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə dəyəri 50 manat olan 5 ədəd 20 litrlik konestri, cəmi 1299 manat məbləğində özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş X2 həmin məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qrup təşkil edərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 2021-ci ilin təxminən yanvar ayının ortalarında saat 14 radələrində kirayə olaraq yaşadıqları Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağlar sahəsi 950A ünvanda yerləşən X2 məxsus evin həyətindən hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə dəyəri 400 manat olan 2 ədəd seyf qapını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə dəyəri 250 manat olan 5 ədəd dəmir barmaqlığı, hər birinin qiyməti 90 manat olmaqla ümumilikdə dəyəri 270 manat olan 3 ədəd 10 metrlik borunu, qiyməti 9 manat olan 1 ədəd 100 mm-lik plastmas borunu, qiyməti 100 manat olan 1 ədəd “Ceyran” adlanan qaz sobasını, qiyməti 50 manat olan 1 ədəd odun sobasını, qiyməti 100 manat olan 1 ədəd 200 litr tutumu olan dəmir çəlləyi, qiyməti 70 manat olan 1 ədəd 200 litr tutumu olan plastmas çəlləyi, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə dəyəri 50 manat olan 5 ədəd 20 litrlik konestri, cəmi 1299 manat məbləğində özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş X2 həmin məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin yanvar ayının əvvəllərində qardaşı Həmidlə evində fəhlə kimi işlədikləri Valeh adlı şəxs kirayədə yaşadıqlarını bilib onlara, yəni ona və qardaşı Həmidə bildirmişdir ki, onun evinin yanında olan ev qohumuna məxsusdur və təklif etmişdir ki, həmin evdə yaşasınlar. Onlar onunla razılaşaraq birlikdə gedib həmin evə baxmış və evin yaşanacaq vəziyyətdə olmadığını görmüşlər. Həmin vaxt Valeh onlara kirayə pulu verməyəcəklərini, əvəzində evi təmir edib içərisində yaşayacaqlarını demiş, onlar da onun təklifi ilə razılaşmışlar. Bundan 2-3 gün sonra həmin evin sahibi X3 evə gəlmiş və evin açarlarını onlara vermişdir. Onunla razılaşmışlar ki, ona kirayə pulu verməyəcəklər, əvəzində isə imkan olduqca evi təmir edib içərisində yaşayacaqlar. Həmin vaxt ev çox bərbad vəziyyətdə imiş, bununla bağlı Məhəmməd evin təmiri üçün 200 manat da onlara kömək kimi pul vermişdir. çatışmayan pulu da özləri düzəldib vacib olan şeyləri təmir edəcəkmişlər. Lakin evi yaşanacaq vəziyyətə salmaq üçün pulları kifayət etmədiyinə görə qardaşı ilə birlikdə razılaşmışlar ki, evin həyətində olan Məhəmmədə məxsus əşyalardan satıb pul əldə edərək evin təmirinə xərcləsinlər. Bu minvalla 2021-ci ilin yanvar ayının ortalarında saat 14 radələrində Mərdəkan qəsəbəsi bağlar sahəsində yerləşən Məhəmmədə məxsus evin həyətindən 2 ədəd seyf qapı, 5 ədəd dəmir barmaqlıq, 3 ədəd 10 metrlik boru, 1 ədəd 100 mm-lik plastmas boru, 1 ədəd “Ceyran” adlanan qaz sobası, 1 ədəd odun sobası, 1 ədəd dəmir çəllək, 1 ədəd plastmas çəllək, 5 ədəd 20 litrlik konestri götürüb həmin yerə gündəlik olaraq gələn “QAZEL” markalı avtomobillə metal qəbul edən şəxsə ümumilikdə 150 manata satmışlar. Əldə etdikləri puldan 20-30 manat qardaşı ilə birlikdə şəxsi ehtiyaclarına, qalanını isə evin təmirinə xərcləmişlər. 2021-ci ilin yanvar ayının sonlarında həm o, həm də Alı ailə üzvlərini də həmin evə gətirmiş və orada yaşamağa başlamışlar. Həmin evdə yaşadıqları müddət ərzində Məhəmməd dəfələrlə yaşadıqları evlə qonşuluqda yerləşən Valehin evinə gəlib-getmiş, küçədə onlarla salamlaşmış, lakin yaşadıqları evə gəlməmişdir. 09 dekabr 2021-ci il tarixdə Məhəmməd evə gəlmiş və ona məxsus əşyaların yerində olmadığını görərək nə məsələ olduğunu soruşmuş, onlar da etiraf edib bildirmişlər ki, həmin əşyaları götürüb satmışlar. Həmin vaxt Məhəmməd əsəbiləşərək nə üçün ona deməmiş, ondan gizlin belə bir iş görmələrini soruşmuş, daha sonra onların barəsində polisə şikayət etmişdir. Əvvəl fikirləşmişlər ki, bu barədə Məhəmmədə desələr əşyaları götürüb satmaqlarına icazə verməz, satandan sonra isə fikirləşmişlər ki, əgər bu barədə desələr onları evdən çıxardar. Ona görə Məhəmmədə bu barədə heç nə deməmişlər. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayəti yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək digər təqsirləndirilən şəxs – qardaşı Təqsirləndirilən şəxs1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi, törətdiyi əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etdiyini, buna görə də zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayətinin olmadığını, himayəsində iki azyaşlı uşağının olduğunu göstərdi və bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Bağlar sahəsi 950A ünvanda şəxsi bağ evi vardır, lakin həmin evdə yaşayış yoxdur. 2021-ci ilin yanvar ayının əvvəllərində Valeh adlı qonşusunun təklifi ilə Mərdəkan qəsəbəsində yerləşən evini həyətində olan ağaclarına baxmaq şərtilə təmənnasız olaraq Həmid və Alı adlı şəxslərə ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamaları üçün vermişdir. Həmin vaxt onların kasıb olmalarını nəzərə alaraq özlərinə şərait yaratmaları üçün cibindən 200 manat da kömək kimi pul vermişdir. Onların orada yaşadıqları müddət ərzində heç vaxt evə gəlməmiş, arada qonşuluqda yaşayan Valehgilə gəlmiş və həmin vaxt Həmid və Alı ilə görüşmüşdür. 09 dekabr 2021-ci il tarixdə bağ evinə gələrkən aşkar etmişdir ki, Həmid və Alı əlbir olub evin həyətindən ona məxsus hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə dəyəri 400 manat olan 2 ədəd seyf qapını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə dəyəri 250 manat olan dəmir barmaqlığı, hər birinin qiyməti 90 manat olmaqla ümumilikdə dəyəri 270 manat olan 3 ədəd 10 metrlik borunu, qiyməti 9 manat olan 1 ədəd 100 mm-lik plastmas borunu, qiyməti 100 manat olan 1 ədəd “Ceyran” adlanan qaz sobasını, qiyməti 50 manat olan 1 ədəd odun sobasını, qiyməti 100 manat olan 1 ədəd 200 litr tutumu olan dəmir çəlləyi, qiyməti 70 manat olan 1 ədəd 200 litr tutumu olan plastmas çəlləyi, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə dəyəri 50 manat olan 5 ədəd 20 litrlik konestri oğurlamışlar. Bununla bağlı onları evdən çıxartmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1299 manat məbləğində ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun onlardan heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan 12 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində baş vermişdir. İş materiallarında olan X3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Məhəmməd Tanırverdiyev ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyir, o da onun dedikləri ilə tam olaraq razılaşıb etmiş olduğu əməli etiraf edir. İş materiallarında olan X3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Məhəmməd Tanırverdiyev ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyir, o da onun dedikləri ilə tam olaraq razılaşıb etmiş olduğu əməli etiraf edir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması protokollarından görünür ki, onlar ifadələrində qeyd etdikləri xüsusatları hadisə yerində əyani olaraq göstərərək təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxs X3 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 02 mart 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Rayon Məhkəməsinin 20 iyul 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 20 iyul 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 dekabr 2017-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsinə tövsif edilmiş və cəzası dəyişdirilmədən saxlanılmış, 11 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, 18 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qrup təşkil edərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmələri onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 10 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 10 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) 210,00 (iki yüz on) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) 210,00 (iki yüz on) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 210,00 (iki yüz on) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar