Məhkəmə qərarları › İş №1(003)-118/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-118/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-118/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,544 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,538 qram, 0,493 qram, ümumi təmiz çəkiləri 1,031 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib daşıyaraq yaşadığı evdə şəxsi əşyalarının içərisindəki yoğurt qabının içərisində gizlədərək saxlamış, 11 noyabr 2021-ci il tarixdə saat 16:25 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həmin təcridxananın əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus və arvadı Şahid6 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan yoğurtun içərisində Təqsirləndirilən şəxs tərəfindən gizlədilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,544 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,538 qram, 0,493 qram, ümumi təmiz çəkiləri 1,031 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir və azadlıqda olduğu müddət ərzində narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən şəxsi istifadə məqsədilə alıb istifadə etmişdir. 17 avqust 2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həbs edilmiş və 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılmışdır. Tutulmazdan 1 gün əvvəl Bülbülə qəsəbəsində “Aslan” kimi tanıdığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün iki büküm heroin və bir büküm metamfetamin almışdır. Bükümlərdən birinin üzərindən bir qədər heroin götürərək istifadə etmiş, daha sonra hər üç bükümü bir ədəd yoğurt qabının içərisinə qoyaraq ağzını yapışqanla yapışdırıb şəxsi əşyalarının içərisində gizlətmişdir. Belə etməkdə məqsədi həm evdəkilərin onun narkotik vasitə istifadə etməsindən xəbər tutmamaları, həm də üzərində gəzdirməkdən qorxmağı olmuşdur. O, həbs olunandan sonra yoğurt qabının içərisində gizlətdiyi həmin üç ədəd bükümdə olan narkotik vasitə və psixotrop maddə şəxsi əşyalarının içərisində qalmışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində ağrıları olmuş və narkotik vasitə qəbul etmək istəmişdir. Fikirləşmişdir ki, arvadı Güneldən onun üçün bazarlıq edib gətirməyini istəsin və həmin vaxt könlünə yoğurt yemək düşdüyünü bəhanə edərək şəxsi əşyalarının içərisində tutulmazdan əvvəl alıb qoyduğu yoğurtları da gətirməyini desin. Bu məqsədlə 2021-ci ilin noyabr ayının əvvəllərində təcridxanadan Günelə zəng edərək onunla görüşə gəlməyini və onun üçün bazarlıq edib gətirməyini, eyni zamanda yaşadıqları evdə şəxsi əşyalarının içərisində tutulmazdan əvvəl alıb qoyduğu yoğurtları da ona gətirməyini istəmişdir. Günel də bazarlıq edib onun yanına görüşə gələcəyini bildirmişdir. 11 noyabr 2021-ci il tarixdə günorta saatlarında Günel onun üçün hazırladığı sovqatı götürüb 3 saylı İstintaq Təcridxanasına gəlmiş və həmin vaxt Günelin onun üçün gətirdiyi sovqat əməkdaşlar tərəfindən yoxlanılarkən sovqatda olan yoğurtlardan birinin içərisində iki ədəd sellofan bükümdə gizlətdiyi narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə gizlətdiyi psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Günelin onun üçün gətirdiyi sovqatın içərisində narkotik vasitə və psixotrop maddə olmasından xəbəri olmamışdır. O, Günelə bu barədə heç nə deməmişdir və həmin narkotik vasitə və psixotrop maddə ona məxsus olmuşdur. Törətdiyi əməlindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən 3 saylı İstintaq təcridxanasının Əməliyyat bölməsinin rəisi X3 göstərdi ki, 11 noyabr 2021-ci il tarixdə, saat 16:25 radələrində sovqatların yoxlanılması otağında dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbsdə saxlanılan Təqsirləndirilən şəxs arvadı Şahid6 tərəfindən gətirilən sovqata baxış keçirilərkən sovqatda olan yoğurtun içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid6 yoğurtun içərisində büküm gizlədilməsindən xəbərinin olmadığını, həmin bükümlərdə olan maddələrin nə olduğunu bilmədiyini, əri Təqsirləndirilən şəxs istəyilə onun dediyi evdə şəxsi əşyalarını saxladığı yerdən götürərək ərinə aldığı digər ərzaq və əşyalarla birlikdə təcridxanaya gətirdiyini bildirmişdir. Bundan sonra götürülmüş maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra həmin maddələr ekspertizaya göndərilmiş və məlum olmuşdur ki, ümumilikdə üç ədəd bükümdən birində olan maddə psixotrop maddə metamfetamin, digər ikisində olan maddə isə narkotik vasitə heroindir. Məhkəmə iclasında şahid qismində dindirilən 3 saylı İstintaq Təcridxanasının RNŞnin nəzarətçiləri Şahid2 və Şahid3, 3 saylı İstintaq təcridxanasının yeməkxana müdiri Şahid4, 3 saylı İstintaq təcridxanasının anbar müdiri Şahid5 da oxşar, eyni məzmunlu ifadə verərək şahid X1 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ailəsi ilə birlikdə Bülbülə qəsəbəsi M.Bəydəmirov küçəsi ev 39 ünvanda yaşayır. Əri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs edilib 3 saylı İstintaq Təcridxanasında saxlanılarkən 2021-ci ilin noyabr ayının əvvəlində təcridxanadan ona zəng edərək onunla görüşə gəlməsini və onun üçün bazarlıq edib aparmasını, eyni zamanda yaşadıqları evdə şəxsi əşyalarının içərisində tutulmazdan əvvəl alıb saxladığı yoğurtları da ona aparmasını istəmişdir. O da Rəşada bazarlıq edib yanına görüşə gedəcəyini bildirmişdir. 11 noyabr 2021-ci il tarixdə səhər saatlarında Rəşadın yanına aparmaq üçün bazarlıq etmiş, daha sonra yaşadığı evə gəlib onun dediyi yoğurtları da götürüb torbaya qoymuşdur. Bundan sonra, elə həmin gün günorta saatlarında hazırladığı sovqatı götürüb 3 saylı İstintaq təcridxanasına gətirmişdir. Gətirdiyi sovqat əməkdaşlar tərəfindən onun və hal şahidlərinin iştirakı ilə yoxlanılarkən sovqatda olan yoğurtlardan birinin içərisində 3 ədəd sollofan bükümdə toz şəkilli maddələr aşkar olunmuşdur. Ondan həmin bükümlərdə olan maddələrin nə olduğunu soruşmuşlar. O da yoğurtun içərisində büküm gizlədilməsindən xəbərinin olmadığını, həmin bükümlərdə olan maddələrin nə olduğunu bilmədiyini, əri Rəşadın istəyilə onun dediyi evdə şəxsi əşyalarını saxladığı yerdən götürərək aldığı digər ərzaq və əşyalarla birlikdə təcridxanaya gətirdiyini bildirmişdir. Bundan sonra içərisində toz şəkilli maddələr olan üç ədəd büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 6/5009 saylı arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... həbsdə saxlanılan Təqsirləndirilən şəxs sovqat gətirmiş arvadı Şahid6 aşkar olunaraq götürülmüş...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,538 qram; 0,493 qram; ümumi təmiz çəkiləri 1,031 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 24 dekabr 2021-ci il tarixli, 6/5388 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... həbsdə saxlanılan Təqsirləndirilən şəxs sovqat gətirmiş arvadı Şahid6 aşkar olunaraq götürülmüş...” sözləri olan bir ədəd zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,951 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,494 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz, doxsan) manatdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 299 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus olan və arvadı Şahid6 onun üçün gətirdiyi sovqatda olan yoğurtun içərisindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,544 qram olan psixotrop maddə metamfetamin, ümumi təmiz çəkiləri 1,031 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,394 qram olan psixotrop maddə metamfetamin və hazırki çəkisi 0,851 qram olan narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan üç azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarı nəzərə alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 1(101)-403/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməl həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(103)-1017/2022 saylı hökmündən görünür ki, dövlət ittihamçısının protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 11 mart 2022-ci il tarixli 1(101)-403/2022 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 13 noyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 11 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – hazırkı çəkisi 0,394 qram olan psixotrop maddə metamfetamin və hazırkı çəkisi 0,851 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 191,72 (bir yüz doxsan bir, yetmiş iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 10 (on) iş saatına görə 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatına görə 240,00 (iki yüz qırx) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 11 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – hazırkı çəkisi 0,394 qram olan psixotrop maddə metamfetamin və hazırkı çəkisi 0,851 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 191,72 (bir yüz doxsan bir, yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240,00 (iki yüz qırx) manat, ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar