Məhkəmə qərarları › İş №1(003)-119/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-119/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-119/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürov Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X21, Təqsirləndirilən şəxs Ali X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Pakistan İslam Respublikasının Sialkot şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikası, Sialkot şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Ali X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı Ali X8 yaşamaq və işləmək məqsədilə Portuqaliya Respublikasına getmək üçün viza əldə edə bilmədiyindən, 20 oktyabr 2024-cü il tarixdə 8206 nömrəli Dammam-Bakı aviareysi ilə X11 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X23 Hava Limanı” dövlət sərhəddindən buraxılış məntəqəsinə gələrək, həmin gün, saat 04:52-də özgəsinin, yəni Pakistan İslam Respublikasının vətəndaşı olan X4 adına rəsmiləşdirilmiş AY2854223 nömrəli pasportdan bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə, həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədləri olmadan qəsdən, qanunsuz olaraq X11 Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən onun təqdim etdiyi AY2854223 nömrəli pasportda olan fotoşəkildəki şəxsə oxşamadığı aşkar edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Ali X8 ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Pakistanda yaşayış səviyyəsi aşağı olduğu üçün işləmək məqsədilə Avropa ölkələrindən birinə getmək istəmişdir. Sialkot şəhərində qonşusu olan Fizan Ali adlı şəxslə Avropaya getməklə bağlı söhbət edərkən sonuncu bu məsələdə ona kömək edə biləcəyini bildirmişdir. Fizan Alinin bu təklifi ilə razılaşmış və ondan köməklik etməsini xahiş etmişdir. Fizan Ali ilkin olaraq onun X13 getməli və orada Əsəd adlı şəxsin göstərişlərinə əməl etməli olduğunu demişdir. Bundan sonra o, 22 sentyabr 2024-cü il tarixdə Lahor-Ciddə aviareysi ilə X13 getmişdir. Ciddə şəhərindən isə Məkkə şəhərinə gedib, orada 5 gün müddətinə həcc ziyarətində olmuşdur. Məkkə şəhərində olarkən qardaşı – Usman Muhammad ilə danışmış və sonuncu özünə məxsus Portuqaliya Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini ona göndərmişdir. X27 və Əsədin tövsiyəsi üzrə Dammam şəhərinə getmişdir. Dammam şəhərində 2-3 gün qaldıqdan sonra Əsəd ona Azərbaycan Respublikasına getməli olduğunu bildirərək, biletini və elektron vizasını təmin etmişdir. Pakistan İslam Respublikasının vətəndaşı olduğu üçün Portuqaliya Respublikasına viza alması çox çətindir və demək olar ki, qeyri-mümkündür. Bu səbəbdən qardaşının pasport və icazə vəsiqəsini əldə etmişdir. Lakin, X11 həmin pasportla çıxış edə bilməmiş, çünki, oraya özünün pasportunu təqdim edib getmişdir. Ona görə də qardaşı – Usman Muhammadın pasportu ilə Azərbaycan Respublikasına giriş edib, daha sonra yenidən həmin pasportla rahatlıqla çıxış edərək Portuqaliya Respublikasına getməyi planlamışdır. Bundan sonra Dammam şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. Hava Limanının sərhəd nəzarəti məntəqəsində qardaşı – Usman Muhammadın adına rəsmiləşdirilmiş pasportu və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini təqdim etmişdir. Həmin vaxtı sərhədçilər tərəfindən onun pasportda və icazə vəsiqəsində əks olunmuş fotoşəkildəki şəxsə oxşamadığı aşkar edilərək saxlanılmışdır. Daha sonra özünün adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus pasportu araşdırma aparan şəxsə təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X23 Aeroportu” sərhəd nəzarəti şöbəsinin növbə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, “X23 Hava Limanı” sərhəd nəzarət şöbəsində növbə rəisi vəzifəsində xidmət etməkdədir. 19 oktyabr 2024-cü il tarixdə “X23 Hava Limanı” sərhəd nəzarəti şöbəsinin 2 nömrəli Terminalda xidmətdə olmuşdur. Xidmətdə olduğu zaman nəzarətçi işləyən Şahid1 ona müraciət edərək R-8206 saylı Dammam-Bakı aviareysi ilə X11 Azərbaycan Respublikasına gələn şəxsin X4 adına rəsmiləşdirilmiş AY2854223 nömrəli təqdim etdiyi pasportun rəsmiləşdirilməsi zamanı həmin pasportda olan fotoşəkildəki şəxsə oxşamadığını və sözügedən AY2854223 nömrəli pasportun özgəsinə məxsus olması ilə bağlı şübhələndiyini bildirmişdir. O, özünü Pakistan İslam Respublikasının vətəndaşı X9 kimi təqdim edən şəxsin sərhəd naryadına təqdim etdiyi pasportda olan fotoşəkillə həmin şəxs arasında vizual eyniləşdirmə aparmışdır. Pasportu təqdim edən şəxs əlavə olaraq X6 məxsus Portuqaliya Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini də təqdim etmişdir. Sənədlərdə olan fotoşəkillər ilə həmin şəxs oxşar olsa da zahirən fərqli şəxslər olmasını görmüşdür. Sorğu-sual zamanı həmin şəxs özünün Pakistan İslam Respublikasının vətəndaşı Ali X8 olduğunu bildirmişdir. Bundan sonra özünü Ali X8 kimi təqdim edən şəxs “X23 Hava Limanı” sərhəd nəzarət şöbəsində saxlanılmış və müvafiq sənədləşmə işləri aparılmışdır. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X23 Aeroportu” sərhəd nəzarəti şöbəsində nəzarətçi işləyən Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ali X2 barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1, 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin xx.xx.2024-cü il tarixli, 3-38-33/2-1759/24 nömrəli məktubundan görünür ki, 20 oktyabr 2024-cü il tarixdə, saat 04:52 radələrində, R-8206 saylı Dammam-Bakı aviareysi ilə X11 Azərbaycan Respublikasına gələn, Pakistan İslam Respublikası vətəndaşı 1 yanvar 1996-cı il təvəllüdlü Ali X8 “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi AY2854223 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportun özgəsinin adına rəsmiləşdirilməsi səbəbindən saxlanılmışdır; - Tutulma haqqında protokoldan aydın olur ki, Ali X8 xx.xx.2024-cü il tarixində tutulmuşdur;. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3/1223 nömrəli ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş Ali X2 adına verilmiş KN seriyalı ******* nömrəli və X4 adına verilmiş AY seriyalı ******* nömrəli Pakistan İslam Respublikasının pasportlarının, X4 adına rəsmiləşdirilmiş Q907411Q5 nömrəli Portuqaliya Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin blankları poliqrafik çap üsulu ilə hazırlanmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3/1684 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş КМ1821942 nömrəli pasportdakı fotoşəkildə və sərhəd buraxılış məntəqəsində quraşdırılmış müşahidə sistemi vasitəsilə 20 oktyabr 2024-cü il tarixdə, saat 04:52-də çəkilmiş fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş AY2854223 nömrəli pasportdakı fotoşəkildə və Q907411Q5 nömrəli Portuqaliya Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindəki fotoşəkildə eyni bir şəxs əks olunmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ali X8 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ali X2 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Ali X2 məhkumluğu barədə məlumat yoxdur; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, “İnfinix X6831” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. - Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, AY2854223 nömrəli pasport və Q907411Q5 nömrəli Portuqaliya Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Ali X8 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ali X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs Ali X2 törətdiyi əməli səmimi etiraf etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Ali X2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Ali X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Ali X8 Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalı, “İnfinix X6831” markalı mobil telefon və onun qidalandırıcı cihazı əsas cəza icra edildikdən sonra Ali X5 qaytarılmalı, 420 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Ali X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Ali X8 Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Ali X8 üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Ali X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Ali X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ali X8 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 420 manat məbləğində pul vəsaiti Ali X1 tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan AY2854223 nömrəli pasport, Q907411Q5 nömrəli icazə vəsiqəsi cinayət işinin materillarında saxlanılsın, “İnfinix X6831” markalı mobil telefon və onun qidalandırıcı cihazı əsas cəza icra edildikdən sonra Ali X5 qaytarılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X24 tərəfindən təqsirləndirilən şəxs Ali X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (təqsirləndirilən şəxs Ali X5 isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar