Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-120/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87 Xəzər RPİ-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi VOXR küçəsi 41 saylı evdə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(003)-120/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 11 iyun 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətdə olan oğlu Amil Qayıbovu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrindən birinə köçürtdürəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs 26 iyul 2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirlik bağlar sahəsində yerləşən fərdi yaşayış evinin içərisində 3000 manat pulunu və 28 iyul 2020-ci il tarixdə, saat 19 radələrində həmin ünvanda yerləşən evinin həyətində 1000 manat pulunu ələ keçirmiş, lakin vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il bundan əvvəl yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində sağ ayağından ciddi xəsarət almışdır. Həmin müddətdən də ayağında problem var və bu səbəbdən çəliklə gəzir. 2020-ci ilin iyul ayında Mərdəkan qəsəbəsi Əncirlik bağlar sahəsində yerləşən evlərdən birində kirayədə yaşayan zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə təsadüfən tanış olmuşdur. Söhbət zamanı Aftandil ona Amil adında yeganə oğlunun Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətdə olduğunu, onu Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə gətizdirmək istədiyini bildirmiş və ondan bu işdə ona köməklik etməyini xahiş etmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğundan Aftandilə yalandan yaxşı yerdə tanışlarının olduğunu və bu işdə ona köməklik edəcəyini demişdir. Hətta Aftandili inandırmaq üçün bildirmişdir ki, istəyirsə, səhəri gün oğlunun yanına gedib həm ona baş çəksinlər, həm də o, orada olan tanış komandirlərlə görüşsün. Aftandil onunla razılaşmış və səhəri gün, yəni 25 iyul 2020ci il tarixdə idarə etdiyi “Azsamand” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aftandil və Aftandilin həyat yoldaşı Cəmilə ilə birlikdə Şəmkir rayonunda hərbi xidmətdə olan oğlu Amilin yanına getmişlər. Orada Aftandil ilə həyat yoldaşı oğlanları Amilin yanında olarkən, o, onlara bildirmişdir ki: “siz uşaqla söhbət edin, mən gedib komandirlə görüşüb söhbət edim və uşağı da ona tapşırım”. O, komandirlə görüşmək adı ilə onlardan uzaqlaşsa da, komandirlə görüşməmişdir. Çünki həmin hərbi hissənin komandirini tanımır və bu barədə heç bir məlumatı yoxdur. Bir qədər ətrafda, Aftandilgilin onu görmədiyi yerdə gəzdikdən sonra Aftandilgilin yanına qayıtmış və onlara yalandan bildirmişdir ki, narahat olmasınlar, komandirlə görüşüb danışmış və işi də həll edir. Bir qədər sonra idarə etdiyi avtomobillə Aftandil və Aftandilin həyat yoldaşı Cəmilə ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. O, onları avtomobillə Şəmkirə aparmaq üçün Aftandil ilə 150 manata razılaşmış, geri qayıdandan sonra Aftandil ona həmin məbləği vermişdir. O isə Aftandilə 50 manat qaytarmışdır ki, onlar ona daha çox inansınlar. Həmin vaxt Aftandilə bildirmişdir ki, sabaha 3000 manat hazırlasın, həmin pulu aparıb oğlunun işi ilə əlaqədar lazımı adamlara versin ki, 1 həftəyə oğlu Bakı şəhərinə Daxili qoşunlara gətirilsin. 26 iyul 2020-ci il tarixdə saat 11 radələrində Aftandilin yaşadığı evin içərisində ondan həyat yoldaşı Cəmilənin yanında 3000 manat almışdır. Lakin həmin pulu heç kimə verməyib öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra ona yenidən pul lazım olduğu üçün yalandan Aftandilə demişdir ki, oğlu Amilin Bakıda yaxşı yerə düşməsi üçün əlavə olaraq 1000 manat da pul vermək lazımdır. Bu məqsədlə 28 iyul 2020-ci il tarixdə, saat 19 radələrində yenidən Aftandildən yaşadığı evin həyətində həyat yoldaşı Cəmilənin yanında əlavə olaraq 1000 manat pul almışdır. Beləliklə, o, eyni məqsədlə, yəni Aftandilin oğlunun Bakıda yerləşən hərbi hissələrdən birinə gətirilməsi məqsədilə ondan ümumilikdə 4000 manat pul almış və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Maddi imkanı olmadığından, həmin pulu indiyə qədər qaytara və zərərçəkmiş şəxslə barışa bilməmişdir. Ona etimad göstərilərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilərsə, azadlığa çıxandan sonra hər ay 200-300 manat olmaqla borcunu hissə-hissə ödəyəcəkdir. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 24 iyul 2020-ci il tarixdə özünü aprel döyüşçüsü kimi təqdim edən Xoşbəxt adlı şəxslə məhlələrində yerləşən avtoyuma yerində tanış olmuşdur. Söhbət əsnasında Xoşbəxt ona demişdir ki, onun Müdafiə Nazirliyində tanışları var, ora ilə əlaqədar nə işi olsa, o, həll edə bilər. O da Xoşbəxtə inanıb demişdir ki, onun yeganə oğlu Amil hazırda Şəmkir rayonunda hərbi xidmətdədir. Xoşbəxt isə bildirmişdir ki: “istəyirsən mən onu qısa bir zamanda Bakıda yerləşən Daxili Qoşunlara gətizdirim”. O da Xoşbəxtə inanmış və tək oğlu olduğundan, eləcə də oğlunun yanına gedib-gəlməyə imkanı olmadığından, oğlunun Bakı şəhərinə gətirilməsinə razılıq vermişdir. Xoşbəxt onu inandırmaq üçün bildirmişdir ki: “istəyirsən sabah mənim maşınımla gedək oğluna dəyək və mən də orada olan tanış komandirlərlə görüşüm”. O da Xoşbəxtə inanmış və səhəri gün, yəni 25 iyul 2020-ci il tarixdə həyat yoldaşı Cəmilə ilə birlikdə Xoşbəxtin idarə etdiyi “Azsamand” markalı **-VN- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonunda hərbi xidmətdə olan oğlu Amilin yanına getmişlər. Orada oğlunun yanında olarkən Xoşbəxt demişdir ki, onlar uşaqla söhbət etsinlər, o isə gedib komandirlə görüşsün, söhbət etsin və uşağı da ona tapşırsın. O da Xoşbəxtə inandığı üçün bir söz deməmiş və oğlunun yanında oturmuşdur. Aradan bir qədər keçmiş Xoşbəxt qayıdıb bildirmişdir ki, narahat olmasınlar, görüşüb danışmış və işi də həll edir. Onların isə başları oğlanlarına qarışdığından, Xoşbəxtin hərbi hissədə hara getməsini, kimlə görüşməsini görməmişlər. Sonra oğlu ilə sağollaşıb Bakı şəhərinə qayıtmışlar. O, Xoşbəxtin onları öz maşını ilə Şəmkirə aparması üçün onunla xidmət haqqı olaraq 150 manata razılaşmış, geri qayıdandan sonra ona həmin məbləği vermişdir. Xoşbəxt isə daha geniş etibar qazanması üçün ondan 150 manat yox, 100 manat pul almış və bildirmişdir ki, sabaha 3000 manat hazırlasın, aparıb oğlunun işi ilə əlaqədar lazımı adamlara versin ki, 1 həftəyə oğlu Bakı şəhərinə Daxili qoşunlara gətirilsin. 26 iyul 2020-ci il tarixdə saat 11 radələrində, Mərdəkan qəsəbəsində yaşadığı evin içərisində həyat yoldaşı Cəmilənin yanında Xoşbəxtə 3000 manat pul vermişdir. Bundan 2 gün keçdikdən sonra Xoşbəxt gəlib demişdir ki, oğlunun Bakıda yaxşı yerə düşməsi üçün əlavə olaraq 1000 manat da versin. O da inandığı üçün bir söz deməyib, 28 iyul 2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin həyətində həyat yoldaşı Cəmilənin yanında əlavə olaraq 1000 manat pulu da Xoşbəxtə vermişdir. Beləliklə, o, oğlunun Bakıya hərbi hissəyə gətrilməsi məqsədilə Xoşbəxtə ümumilikdə 4000 manat vermişdir. Sonradan görmüşdür ki, oğlu Xoşbəxtin dediyi müddətə Bakı şəhərinə gətrilməyib. Bu bardə Xoşbəxtdən soruşanda Xoşbəxt hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış, eləcə də bildirirmiş ki: “mən heç kimdən qorxmuram, get, kimə istəyirsən de, pulu da vermirəm, xərcləmişəm gedib”. Hətta sonra Xoşbəxt qaldığı yeri və mobil nömrəsini belə dəyişmişdir ki, o, onu tapmasın. O da məcbur olub bu barədə polisə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, çox narazıdır, Xoşbəxt ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir və ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və törətdiyi əmələ görə Xoşbəxtə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etdi. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Mirxzəxan oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu onun dediklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 iyun 2004-cü il tarixli hökmü ilə azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 iyul 2012-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 06 (altı) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsi cinayəti törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(003)-120/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 11 iyun 2021-ci il tarixli 056-7449-1221 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan 13 avqust 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 14 iyun 2021-ci il tarixli 17/40-2318 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 14 iyun 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 11 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən 4000 manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 11 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-120/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-120/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver