Məhkəmə qərarları › İş №1(003)-120/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-120/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-120/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqiliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Tranzit FT 280 S Yük” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Güney Azərbaycan 3 küçəsi ilə Şüvəlan-Buzovna istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olarkən yolun 1-ci kilometirliyində yerləşən “Əncirlik” marketin yaxınlığında olan geriyə dönmə hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltamaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçməkdə olan piyada X4 vurmuş, təpə nahiyəsinin, alın nahiyəsinin, sol baldırın orta üçdə birinin ön səthinin əzilmiş yaraları; təpə nahiyəsinin, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol dirsək nahiyəsinin, sağ və sol əlin arxa səthinin sıyrıqlar; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin əzilməsi; sol İİİ, İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları; sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirilməklə 15 noyabr 2021-ci ildə saat 01:35-də 3 saylı Birləşmiş Kilinki Şəhər Xəstəxanasında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onun avtomobil idarə etmək üçün “BC” kateqoryalı sürücülük vəsiqəsi vardır. 14 noyabr 2021-ci il tarixdə saat 23 radələrində şəxsi işi ilə bağlı etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit FT 280 s yük” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şüvəlan-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən “Əncirlik” marketi keçdikdən sonra yolun geriyə dönmə hissənin yaxınlığında təqribən 100-150 metr məsafədən bir nəfər piyadanın yolun sağ tərəfində dayandığını görmüş, piyadaya çatmağa təqribən 25- 30 metr qalmış piyadanın qəfildən yolun sağ tərəfindən sol tərəfinə qaçmağa başladığını görüb onu vurmamaq üçün sərt əyləci sıxmış, lakin buna baxmayaraq, avtomobilin qabaq sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Piyada bir qədər maşın sürüşdüyündən kapotunun üzərində getsə də avtomobil dayanarkən yerə düşmüşdür. Həmin zaman maşında dostu Şikar da yanında əyləşmişdir. O, dərhal avtomaşından düşüb yerdə uzanmış piyadaya köməklik göstərilməsindən ötrü ilk öncə təcili tibbi yardıma, daha sonra isə DİN “102” zəng xidmətinə məlumat vermişdir. Hazırda mərhumun hüquqi varisinin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Əvvəllər heç bir cinayət törətməmişdir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 göstərdi ki, 14 noyabr 2021-ci il tarixdə X15 qəsəbədən keçən Şüvəlan-Buzovna yolunda yerləşən “Əncirlik” maketin qarşısından piyada yolu keçərkən sürətlə gələn “Ford Tranzit” markalı **-TM-*** dövlət nömrə nişanlı avtomaşın onu vurmuşdur. Mərhum atası həmin zaman dərhal Bakı şəhəri 3 saylı Şəhər Kiliniki Xəstəxanasına aparılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Sonradan onlara məlum olmuşdur ki, atasını vuran sürücünün adı Təqsirləndirilən şəxsdur. X15 15 noyabr 2021-ci il tarixdə saat 01:35-də reanimasiya şöbəsində vəfat etmiş, sonra Xəzər rayon morquna aparılmış və tərəflərindən dəfn olunmuşdur. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, buna görə də o, Elxan ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 göstərdi ki, 14 noyabr 2021-ci il tarixdə saat 23 radələrində şəxsi işləri ilə bağlı Elxanın etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit FT 280 s yük” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şüvəlan-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edirmişlər. Həmin zaman Elxan maşını təxminən 60 km/saat sürətlə sürürmüş, hərəkətdə olarkən “Əncirlik” marketi keçdikdən sonra yolun geriyə dönmə hissənin yaxınlığında 100-150 metr məsafədən bir nəfər kişinin yolun sağ tərəfində dayandığını görmüş, piyadaya təxminən 25-30 metr qalmış onun qəfildən qaçaraq yolu sağdan sola keçdiyini görmüşdür. Elə həmin anda Elxan qabaqlayıcı tədbir görərək avtomaşında sərt əyləci basmışdır. Lakin bunu baxmayaraq, avtomobilin qabaq sağ hissəsi ilə həmin yolu sağdan sola keçən piyadanı Elxan idarə etdiyi avtomaşınla vurmuş və piyada bir qədər maşın sürüşdüyündən kapotunun üzərində getsə də, avtomobil dayandığından, yerə düşmüşdür. Avtomaşında onlardan başqa heç kim olmamışdır. Daha sonra isə onlar dərhal avtomaşından düşüb yerdə uzanmış piyadaya köməklik göstərilməsindən ötrü ilk öncə təcili tibbi yardıma, daha sonra isə DİN “102” zəng xidmətinə məlumat vermişlər. Həmin hadisə zamanı o, heç bir xəsarət almamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 14 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Buzovna şose yolunun “Əncirlik” marketin qarşısında baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2021-ci il tarixli 202 saylı rəyi ilə müəyyən edilmişdir ki,

1. X1 meyitində aşkar edilmiş xəsarətlər- təpə nahiyəsinin, alın nahiyəsinin, sol baldırın orta üçdə birinin ön səthinin əzilmiş yaraları; təpə nahiyəsinin, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol dirsək nahiyəsinin, sağ və sol əlin arxa səthinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin əzilməsi; sol İİİ, İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları; sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitə, yəni 14 noyabr 2021-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.

2. Mərhum A.M.Hüseynovun ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar və baş beynin əzilməsi olmuşdur. Mərhum A.M.Hüseynovun ölümü 14 noyabr 2021 -ci ildə, saat 23:55-də X14 X11 baş vermişdir (X14 X11 tərtib olunmuş C5576 saylı xəstəlik tarixinə əsasən).

3. Mərhum A.M.Hüseynovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,8%o etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur, Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 3702/K, xx.xx.2021). İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 07 yanvar 2022-ci il tarixli 8/3256 saylı ekspert rəyindən görünür ki, “Ford Tranzit markalı **-TM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. Cinayət işinin materiallarına əlavə olunmuş 15 noyabr 2021-ci il tarixli 1/2205 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş AD seriyalı 173545 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 18 dekabr 2021-ci il tarixli, 016-149437-1221 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 28 noyabr 2014-cü il tarixdə (28 noyabr 2024-cü il tarixədək müddətə etibarlı olan) AD 173545 nömrəli “BC” kateqoryalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 20 dekabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar