Məhkəmə qərarları › İş №1(003)-121/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-121/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-121/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 A ünvanında yaşamaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edərək yaşadığı ünvan 1 A ünvanında yerləşən həyətyanı sahəsində cəmi 9 ədəd, onlardan 8 ədədinin ümumi çəkisi 1160 qram olan əkib yetişdirilməsi qadağan olmuş tərkibində narkotik təbiətli maddələr olan çətənə (kannabis) bitkilərini xüsusi aqrotexniki qaydada qulluq göstərərək xeyli miqdarda qanunsuz kultivasiya etdikdən sonra, həmin çətənə (kannabis) bitkilərindən 1 ədəd təmiz çəkisi 3,250 qram olan quru vəziyyətdə bitki nümunələrini satış məqsədi olmadan əldə etmiş və xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı sözü gedən ünvandakı həyətyanı sahəsinə baxış keçirilən zaman, orada əkib yetişdirilməsi qanunla qadağan olmuş xeyli miqdarda kultivasiya olunmuş 08 (səkkiz) ədəd ümumi çəkisi 1160 qram yaş vəziyyətdə narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 1 ədəd təmiz çəkisi 3,250 qram olan quru vəziyyətdə çətənə (kannabis) nümunələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik vasitələrin alüdəçisidir, əsasəndə kakos kimi bildiyi narkotik vasitədəni istifadə edir. Bədənində ağrılar olduğundan o, kakos kimi bildiyi narkotik vasitəni inneksiya yolu ilə istifadə edir. Bundan başqa o, narkotik vasitə olan və nəşə kimi bildiyi marixuanadan da istifadə edir. O, xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 2 A ünvanında olan zaman evdə yatmışdır. Təxminən saat 14 radəsində o, evin həyətindən səs-küy eşitmiş və pəncərədən baxanda görmüş ki, polis əməkdaşları evin həyətindədirlər və onu soruşurlar. Bu zaman o, həyətdə özü istifadə etmək üçün əkdiyi marixuananın olmasına görə evin pəncərəsinin arxa tərəfə baxan hissəsindən çıxıb qaçmışdır. O, evdən çıxdıqdan sonra Bakı şəhərinə getmiş və günə muzdlu evlərdə qalmış, yerini heç kimə hətta ailəsinə belə deməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, həyətdə əkdiyi marixuanalar eləcədə quru vəziyyətdə olan marixuananın yarpaqları polis əməkdaşları tərəfindən baxış keçirilərək götürülmüşdür. O, əvvəllər məhkumluq həyatı yaşadığından bilmişdir ki, onun həyətindən aşkar edilərək götürülmüş narkotik vasitəyə görə cinayət işi başlanacaq. Sonradan isə o, bilmişdir ki, artıq polis əməkdaşları tərəfindən onun barədə axtarış elan edilmişdir. O, tutulmaqdan qorxduğundan bir qədər polis əməkdaşlarından gizlənmiş və sonra düşünmüşdür ki, onun gizlənməsi onun cəzasını dahada ağırlaşdıracaq və buna görədə özü xx xxxxxx 2020-ci il tarixdə Xəzər RPİ-yə gələrək könüllü təslim olmuşdur. Onun yaşadığı həyətdən aşkar edilmiş 8 ədəd yaş vəziyyətdə və 1 ədəd quru vəziyyətdə olan marixuana özünə məxsusdur. O, onları əkib qurudurmuş ki, özü istifadə etsin. O, kəskin şəkildə narkotik vasitə istifadə etdiyi üçün özü əkib özü istifadə edir ki, bədənində ağrılar olmasın. Onun evinin həyətindən aşkar edilmiş marixuanaları satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitələri həyətində əkib becərmiş və xüsusi qulluq etmişdir. 1 ədədi isə qurumuş vəziyyətdə olmuşdur. Həmin bitki mənşəli narkotik vasitələrin toxumlarını təxminən 1 il bundan öncə Biləsuvar rayonunda olan zaman tanımadığı şəxsdən 15 manata almışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radəsində evdə olan zaman onların evinə polis əməkdaşı gəlmişdir. Həmin zaman evin həyətə olan dəmir darvaza qapısını o, açmışdır. İki nəfər mülki geyimdə şəxs xidməti vəsiqələrini çıxardaraq ona təqdim etmiş və polis əməkdaşı olduqlarını ona demişlər. Sonra isə həmin polis əməkdaşları atası Təqsirləndirilən şəxs çağırmağını ona demişlər. O, isə polis əməkdaşlarını dəmir darvazadan evin həyətinə daxil olmalarını demiş və soruşmuş ki, nə səbəbə atasını axtarırlar. Polis əməkdaşları ona atası Təqsirləndirilən şəxs oğurluq hadisəsi etməsində şübhəli olduğunu demişlər. O, həmin zaman qorxduğundan polis əməkdaşlarına atasının evdə olmadığını demiş və gələndə xəbər edəcəyini bildirmişdir. Sonra isə polis əməkdaşları evin həyətinə nəzər yetirəndə atası Təqsirləndirilən şəxs əkib becərdiyi narkotik vasitəni görmüşlər. Sonra isə ora dəvət edilmiş digər polis əməkdaşları ilə birlikdə evin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yaranmasını demişlər. O və orada olan qardaşı Şahid4 heç bir etirazlarının olmadığını bildirmiş və ərizələri ilə evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə razılıq vermişlər. Sonra isə polis əməkdaşları evin həyətyanı sahəsinə baxış keçirtmişlər və həyətdən atasının əkib becərdiyi 9 ədəd narkotik vasitəni aşkar edilmişdir. Sonra isə polis əməkdaşları tərəfindən müəyyən sənədləşdimə aparılaraq aşkar edilmiş kollar götürülmüş və tərtib edilmiş sənədlər onun eləcədə iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Xəzər RPİ-nin 1-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi isə polis baş leytenantıdır. Bakı şəhər, Xəzər RPİnin 1-ci PŞ-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrinin açılması istiqamətində tərəflərindən müəyyən əməliyyat tədbirləri keçirilmiş və alınmış məlumat əsasında bilinmişdir ki, X3 məxsus əşyalar ünvan 3 A ünvanında yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə şübhələr var. O da, həmin məlumatın yoxlanılması məqsədi ilə iş yoldaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı və qeyd etdiyi ünvana getmişdir. Onlar həmin zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanın dəmir darvazasını döymüş bu zaman qapını cavan oğlan açmış və onlar xidməti vəsiqələrini çıxardaraq qapını açan şəxsə göstərib polis əməkdaşı olduqlarını deyib Təqsirləndirilən şəxs çağırmasını bildirmişlər. Həmin zaman qapını açan şəxs Təqsirləndirilən şəxs oğlu olmasını demiş və onları dəmir darvaza qapısından içəri dəvət etmişdir. Onlar darvazadan həyətə daxil olduqda Təqsirləndirilən şəxs oğlu atasının evdə olmadığını demiş və həmin zaman o, maddi sübutların əldə edilməsi üçün evin həyətyanı sahəsinə nəzər yetirmişdir. Bu zaman evin həyətyanı sahəsində narkotik vasitə marixuanaya bənzər ot və yaş şəkilli kolların əkilməsini aşkar etmişdir. Sonra isə o, bu barədə rəhbərliyə raportla məruzə edib araşdırma aparılmasını xahiş etmişdir. Bundan sonra həmin ünvana gələn şöbənin təhqiqatçısı tərəfindən aqranomun, onların eləcədə Təqsirləndirilən şəxs ailə üzvlərinin iştirakı ilə baxış keçirilməsi zərurəti yaranması bildirmişdir. Bu zaman evdə yaşayan şəxslərin ərizələri alınmış, hüquq və vəzifələri izah edilmiş sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən 1 ədəd quru və 8 ədəd yaş vəziyyətdə kollar aşkar edilmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs oğlanları Şahid3 və Şahid4 bildirmişlər ki, aşkar edilmiş kollar atası Təqsirləndirilən şəxs məxsusdur, atası narkotik vasitlərdən istifadə edən şəxsdir. Bundan sonra aşkar edilmiş kollar tərəflərindən qablaşdırılaraq götürülmüş və müvafiq sənədləşdirmə aparılaraq tərtib edilmiş sənədlər onun eləcədə orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmin zaman baxış keçirilərkən videoçəkilişi Xəzər RPİ-nin KTQ-nun əməkdaşı Aydın Eyvazov çəkmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, Xəzər RPİ-nin 1-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi isə polis baş leytenantıdır. Bakı şəhər, Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrinin açılması istiqamətində tərəflərindən müəyyən əməliyyat tədbirləri keçirilmiş və alınmış məlumat əsasında bilinmişdir ki, X3 məxsus əşyalar ünvan 3 A ünvanında yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə şübhələr var. O da, həmin məlumatın yoxlanılması məqsədi ilə iş yoldaşı əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xx.xx.2020-ci il tarixdə təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı və qeyd etdiyi ünvana getmişdir. Onlar həmin zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanın dəmir darvazasını döymüş bu zaman qapını cavan oğlan açmış və onlar xidməti vəsiqələrini çıxardaraq qapını açan şəxsə göstərib polis əməkdaşı olduqlarını deyib Təqsirləndirilən şəxs çağırmasını bildirmişlər. Həmin zaman qapını açan şəxs Təqsirləndirilən şəxs oğlu olmasını demiş və onları dəmir darvaza qapısından içəri dəvət etmişdir. Onlar darvazadan həyətə daxil olduqda Təqsirləndirilən şəxs oğlu atasının evdə olmadığını demiş və həmin zaman o, maddi sübutların əldə edilməsi üçün evin həyətyanı sahəsinə nəzər yetirmişdir. Bu zaman evin həyətyanı sahəsində narkotik vasitə marixuanaya bənzər ot və yaş şəkilli kolların əkilməsini aşkar etmişdir. Sonra isə o, bu barədə rəhbərliyə raportla məruzə edib araşdırma aparılmasını xahiş etmişdir. Bundan sonra həmin ünvana gələn şöbənin təhqiqatçısı tərəfindən aqranomun, onların eləcədə Təqsirləndirilən şəxs ailə üzvlərinin iştirakı ilə baxış keçirilməsi zərurəti yaranması bildirmişdir. Bu zaman evdə yaşayan şəxslərin ərizələri alınmış, hüquq və vəzifələri izah edilmiş sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən 1 ədəd quru və 8 ədəd yaş vəziyyətdə kollar aşkar edilmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs oğlanları Şahid3 və Şahid4 bildirmişlər ki, aşkar edilmiş kollar atası Təqsirləndirilən şəxs məxsusdur, atası narkotik vasitlərdən istifadə edən şəxsdir. Bundan sonra aşkar edilmiş kollar tərəflərindən qablaşdırılaraq götürülmüş və müvafiq sənədləşdirmə aparılaraq tərtib edilmiş sənədlər onun eləcədə orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmin zaman baxış keçirilərkən videoçəkilişi Xəzər RPİ-nin KTQ-nun əməkdaşı Aydın Eyvazov çəkmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizası, “Bitki mənşəli maddələrin tədqiqi” məhkəmə ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 7/610 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar olunmuş və tədqiqata təqdim olunmuş sintetik torbada 08 (səkkiz) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1160 qram, 01 (bir) ədəd quru vəziyyətdə təmiz çəkisi 3,250 qram olan bitki nümunələri əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Qeyd: Çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi - 1163,25qram, cəmi tədqiqata sərf edildi - 0,45 qram (hər birkidən 0,05 qram götürüldü), qalıq - 1162,8 qramdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 3459 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 93.1.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək barəsində 01 (bir) il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 2.4 və 2.5-ci bədlərinə əsasən azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir.Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir.Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəsində yeganə işləyən şəxs olmasını və ailəsini maddi təmin etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur. Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətə uyğun olaraq differensasiyası aparılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 93.1.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək barəsində 01 (bir) il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 2.4 və 2.5-ci bədlərinə əsasən azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinin tələblərində olan iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 8 ədəd yaş vəziyyətdə olan ümumi çəkisi 1160 qram və 1 ədəd quru vəziyyətdə ümumi çəkisi 3,250 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, iş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 A ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 8 ədəd yaş vəziyyətdə olan ümumi çəkisi 1160 qram və 1 ədəd quru vəziyyətdə ümumi çəkisi 3,250 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar