Məhkəmə qərarları › İş №1(003)-122/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-122/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-122/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,547 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinə gedən yola kimi daşımış, həmin gün saat 15:30-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən həmin yolda piyada hərəkətdə olarkən saxlanılaraq orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,547 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, bir neçə il olar ki, psixotrop maddə olan metamfetamin qəbul edir. xx.xx.2024-cü il tarixində günorta saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün metamfetamin alıb üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssəsinə gedən yolda piyada hərəkət etdiyi zaman 3 nəfər polis onu saxlamışdır. Polis əməkdaşları narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər. Onlardan biri mobil telefonla çəkiliş edib ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu və üzərində hər hansı bir qeyri qanuni maddə və əşya varsa onlara təqdim etməyini bildirmişlər. O, da əynində olan gödəkçənin cibində saxladığı, şəffaf sellofana bükülmüş metamfetamini onlara təqdim etmişdir. Polis əməkdaşları sonra onu Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına aparmışlar. Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirməzdən əvvəl üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olubolmadığını soruşmuşlar. O, üzərində olan metamfetamini polis əməkdaşları onu saxlayan zaman onlara təqdim etdiyini bildirmişdir. Ona qarşı fiziki və ya psixoloji təzyiq edilməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 qeyd etmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Mahmud adlı şəxsin narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Mahmud adlı şəxsin anket məlumatları öyrənilmiş və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə onun və Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və polis sahə rəisi Şahid3 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 29 oktyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində ƏN PX 2 saylı Cəzaçəkmə Müəssisəsinə gedən yolda saxlanılmışdır. Ona özlərini təqdim etdikdən sonra narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra həmin şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Şöbənin inzibati binasında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 və polis sahə rəisi Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilmiş ifadələrində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2024-cü il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/5046 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 0,547 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotorp maddələr”in siyahısına (Siyahı İ) daxildir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı N.Binnətov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 16:50-17:20 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl paltarında, əşyalarında və yə bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili zərf təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, zərfin içərisində psixotrop maddə olan “Metamfetamin”dir. Həmin maddə polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi Xəzər RPİ-dən məhkəməyə göndərilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-21-1/2-838/2025 nömrəli məktubundan məlum olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar olaraq o, xx.xx.20214-cü il tarixində qeydiyyata düşmüşdür. xx.xx.2024-cü il tarixinə cəzasının 26 gün hissəsini çəkmiş, 02 il 04 ay 28 gün hissəsini çəkməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «dövriyyəsi qadağan edilən “psixotrop maddələr”in siyahısına (İ siyahı) əsasən təmiz çəkisi 0,547 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onun analoji cinayət törətməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyini cəzanın məqsədlərini təmin edə bilməməsi kimi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı (CM-69.3), cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,497 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-705/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,497 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar